Gənclik
Nə vaxt gəncliyimiz tərk edər bizi?
Bəlkə saçlarımız ağaranda?
Yox.
Bəlkə də ağlımız ürəyimizi
Dəli sevdalardan çağıranda?
Yox.
Onda ki, məhəbbət məktublarımız
Sənədlər qovluğu altında qalar,
Yarımcan arzular, yarımçıq yollar
Taleyin tapdağı altında qalar, -
Onda gəncliyimiz tərk edər bizi.
Haçan ki, "ev bizim, sirr bizim" olar,
Baharın yolunu qışla bağlarıq.
Dostlarla qırılan əlaqəmizi
Bəhanə gətirib işlə bağlarıq, -
Onda gəncliyimiz tərk edər bizi.
Nə vaxt stolüstü kitablarımız
Stollar altına yıxılıb qalar,
Leylinin, Məcnunun, Çalıquşunun
Sevgisi bir küncə sıxılıb qalar, -
Günəşli, gurşadlı yaz səmasıtək
Boşala bilmərik, dola bilmərik,
Əbədi yamyaşıl qalan Müşfiqə
Daha qardaş olub qala bilmərik.
"Çahargah" çarparaq divardan-divara
Yolçunu yolundan eyləməz avara",
Onda gəncliyimiz tərk edər bizi.
Nə vaxt süfrəmizə şeirdən əvvəl
Yeməkdən, içməkdən, kefdən danışan
Qeybətlər, söhbətlər yığını gələr,
Şeirsə, üçüncü qədəhdən sonra
Sağlıq kölgəsinə sığınıb gələr, -
Onda gəncliyimiz tərk edər bizi.
Nə vaxt zərli-zorlu ayı görəndə
İşimiz xətrinə "dayı" deyərik.
Gözümüz öyrəşər qaranlıqlara,
Zülmətə "günəşin tayı" deyərik, -
Satıb gilə-gilə saflığımızı
Bunu özümüzə ləkə bilmərik.
Gərəkli məsləkin, gərəkli eşqin
Gərəkli dərdini çəkə bilmərik, -
Onda gəncliyimiz tərk edər bizi.
Onda ki, hardasa boğulan haqqın
Sonuncu fəryadı əriyər, batar.
Guya eşitmərik, guya görmərik,
Amma əl uzatsaq, əlimiz çatar.
Palaza bürünüb sürünənlərin
Ürəyi kəfənə bürünüb yatar, -
Onda gəncliyimiz tərk edər bizi.
Ardıyca nə gələr?
Ölüm yuxusu.
Bəs hanı həyatın şəhdi, şərbəti -
Bülbülün naləsi, gülün yuxusu?!
Bir gözəl şairin sözü, söhbəti...
Biz onun sərrafı sayılmadıqsa,
Onun nəfəsilə, onun səsilə,
Haqqın nəfəsilə, haqqın səsilə
Ölüm yuxusundan ayılmadıqsa,
Onda gəncliyimiz tərk edər bizi,
Onda itirərik Zabil Pərvizi...
Yollar
Sən "açaq" deyirsən bağlı yolları,
Açaq açılmayan qapıları biz.
Aranlı yolların, dağlı yolların
Qırsın sükutunu şərqilərimiz.
Arzular sel kimi keçir qəlbindən,
Keçir ikiləşən, ayrılan yollar.
Yolçusu qeyb olan, gözü yol çəkən,
Araz sahilində qırılan yollar.
Gözündə, könlündə sevda yolları,
Dənizə aparan məcra yolları.
Fəqət, unutmusan yolun üstədir
Fəlakət yolları, qovğa yolları.
Ölümdən, hədədən, qorxudan uzaq
"Barışıq" yolları, "sevgi" yolları.
Hər cür məhkəmədən, sorğudan uzaq
"Dahi" bir cahilin zövqü, yolları...
Sahili sıldırım məhəbbət yolu,
Sökülüb-tökülmüş həqiqət yolu...
Babək ölüb getmiş...
Ancaq hardasa
Yaşayır Babəkə xəyanət yolu.
Çoxdan bağlansa da, yığışılsa da,
Uzaq Məkkə yolu, Kərbəla yolu,
Ancaq min ildir ki, açıq qalıbdır
Ərəb atlarının dırnaqlarında
Bu torpağa gələn hər bəla yolu.
Daha əsər yoxdur qaçaq-quldurdan,
Nə Ərəb Reyhanı, nə Həsəni var.
Bugünkü yolların "riya" adlanan,
"Satqınlıq" adlanan yolkəsəni var.
Uddu Koroğlunu dövran birtəhər,
Məzarı bu yurdun qucağındadır.
Əsrlər keçibdir...
Bu gün də hələ
Çənlibel yolunda yeni Həmzələr
Yeni Qıratların sorağındadır.
Sən bağlı yolları "açaq" deyirsən,
Sözüm yox.
Amma gəl, fikirləş bir an:
Bilmirəm, yan keçə biləcəkmisən
Rüşvət yolundakı gömrükxanadan?!
Sən bağlı yolları "açaq" deyirsən,
Tutubdur gözünü yerüstü yollar.
Tufandan qorxulu, seldən qorxulu
Hələ saman altdan su yolları var.
Açıqdır dar gündə mərdi çaşdıran,
Dəvəni "görməyən" yalan yolları.
İnsanı axırda ilanlaşdıran
Mənsəbin, şöhrətin ilan yolları.
Bu gündür gələcək günlərə təməl,
Bugünkü yollarda ayıq ol, ayıq.
Unutma:
Bir yolu açmazdan əvvəl
Nə qədər yolları bağlamalıyıq!
Sonuncu mühazirə
Qızlar yaman kövrəlib,
oğlanlar mütəəssir,
Müəllimin səsitək
hamının qəlbi əsir.
Ürəklərdə söz gəzir:
sonuncu mühazirə,
Otaq günəşlə dolu,
otaq qərq olub zərə.
Pəncərədə baharın
şüa-şüa saçağı,
Güllə, çiçəklə dolu
neçə qızın qucağı.
Hələ parta altında,
hələ dizlər üstündə
seyr elə qom-qom gülü,
Sevinc qəmə bükülü,
qəm sevincə bükülü...
Müəllim danışdıqca
sinəsindən elə bil,
şəlalələr tökülür.
Dilində qədim Gəncə,
zəka, qüdrət günəşi...
O danışır, gözündə
oğlanlar Fərhadlaşır,
qızlar Nüşabələşir.
Ürək çırpıntısında
boğulur zəngin səsi,
Neçə çaşqın təbəssüm -
bağlı gülüş qönçəsi.
Hamı heyrət içində,
otaq heyrət salonu,
Müəllim unutmuşdur
zəngin vurulduğunu:
- Siz Vətən övladları,
Nizami övladları...
Sözü yarımçıq kəsib
şüşələri titrədir
qopan alqış axarı.
Elə bil əsrləri
keçib gəlir Nizami, -
Onu dinləmək üçün
ayağa qalxır hamı!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!