***
Adam, sənin gözün yaşdı,
içindəki bulud hanı?
Bulud yoxsa, gözlərinə
kim göndərdi bu dumanı?
Girmə dumanın qoynuna,
duman səni azdıracaq.
Buludların gurhaguru
qəm nəğməsi yazdıracaq.
Adam, sənin gözün yaşdı,
sil gözündən sən bu yaşı...
Bil ki, ömür-gün savaşdı,
zəfərlə çıx bu savaşı.
***
Bu eşqin sultanı mənəm,
səltənətim xarabazar.
Qələm könlüm, dəftər sinəm
gecə-gündüz səni yazar.
Elə möhkəm tutmuşam ki,
ayrılığın əllərindən -
Ayrılıqla qaça-qaça,
eşqim gedib əllərimdən.
Neçə vaxtıymış sən demə,
ayrılıq sultanıymışam.
Ayrılıq cəhənnəmində
mən, eşqə sultanıymışam.
Gəl, bu uçmuş səltənəti
xarabazar etmə, könül.
Ayrılığın ağrısında
eşqi qoyub, getmə, könül.
***
Əvvəlcə üzümə baxdın...
Sonra başını əyib, dizimə baxdın...
Sonra başını qaldırıb, gözümə baxdın...
Baxdın... baxdın... baxdın...
Baxışlarına cəm olmuş
üzümdəki ruhumun əzabları,
dizlərimin taqətsizliyi,
bir də, sənə olan sevgim
baxışlarından ildırım kimi gözlərimə,
gözlərimdən də içimə doldu...
bu sevgi içimdə yaşadı -
elə içimdə də soldu...
Bütün ömrüm boyu
bilə-bilmirdim ki,
əcəba, vardığım bu yol hansı yoldu?..
Hardan başlanmışdı bu yol, necoldu?!..
***
Ağlamağım gəlir, ağlamağım...
Bu yaşımda,
balalarımın arasında...
Bir də,
Atamı, anamı qucaqlamağım...
Mən də balayam,
Bir az da bəlayam, balalarım kimi...
***
Hardan keçdim, hara getdim -
həmişə düşdüm yağışa.
Nə qədər yaxşılıq etdim,
tuş gəldim yalnız qarğışa.
Sözümü hey balla dedim...
Hər an, xoş əhvalla dedim...
Elə qarşıladılar ki,
Sanki qeylü-qalla dedim.
Haşa, bu dünyadan, haşa...
Ümidlərim dəydi daşa.
Həqiqəti gəzə-gəzə
ömür gəlib, yetdi başa.
***
Açıb pəncərələri
soyutmayın bu yeri...
Onsuz da ömür soyuq,
onsuz da ölüm soyuq,
onsuz da bu yer soyuq,
bu kainat soyuqdur...
Örtün pəncərələri
soyuq bitənə qədər...
Başqa kainatlara
əlim yetənə qədər...
***
Eşq əlindən dərdə düşüb,
divanə olan İftixar.
Gecə-gündüz əzab çəkib,
viranə olan İftixar.
Yaranı közlə oydular,
dərini dərin soydular...
Səni ümidsiz qoydular,
dərd ilə dolan İftixar.
Qan qoxudu ağ köynəklər...
Daşa döndü mum ürəklər.
Boz səhrada boz küləklər
saçını yolan İftixar.
Səni sevdilər, atdılar...
Bir ucuz eşqə satdılar.
Ağ dünyanı qaraltdılar,
Saralıb-solan İftixar.
Birbaşa yol daş-kəsəkdi...
Gəlmə, səni kəsəcəkdi...
Gəlməsən, yar küsəcəkdi,
dolan gəl, dolan, İftixar.
***
Niyə solub görəsən,
bu çöllərin çöhrəsi?
Nədən sınıb görəsən,
bu palıdın pöhrəsi?
Niyə yağır görəsən,
qar üstünə bu yağış?
Niyə tutub görəsən,
taleyimi bu qarğış?
Harda çönüb görəsən,
bu taleyin təkəri?
Harda sönüb görəsən,
bu Günəşin şəfəqi?
Niyə solub görəsən,
bu dağların çiçəyi?
Niyə ölüb görəsən,
bu çiçəyin ləçəyi?
Kim deyəcək görəsən,
həqiqəti, gerçəyi?..
***
Quzu qurban gedirdi
qurban kəsən bir kəsə.
Boynunda zınqırovu,
yeriyirdi həvəslə.
Quzu fərəhlə gedir,
yırğalanır quyruğu.
Amma xəbəri yox ki,
bəd verilib buyruğu.
Quzu özü bilmədən
ölümə tələsirdi...
Bir ana öz qızına
onu qurban kəsirdi...
Quzunu gətirdilər,
zınqırovu açdılar.
Boğazından kəsdilər,
ayağından asdılar...
Bayaq yaman yemişdi,
onun qarnı tox idi.
İndi mələr qalmışdı,
ancaq imdad yox idi.
Mələmə, qurban - quzu,
bəsdi, daha mələmə.
Allah belə yazıbmış,
Dinmə, aman diləmə.
Hələ də titrəyirdi
quzunun qanlı əti.
Heç kəsi ağrıtmırdı
quzunun hərəkəti.
Quzunun qızıl qanı
tökülüb yerə axır.
Qızına qurban kəsən
həzzlə qurbana baxır...
Barmağını batırır
o, quzunun qanına.
Bir yaşında qızının
qanı çəkir alnına.
"Qurbanın quzu olsun! -
demişdim" deyir - qızım.
Budur, kəsdim quzunu,
bu da bu qurban quzun...
Uzaqda mələdirdi
bu dərd ana qoyunu.
Burda oynayırdılar
"Qurban kəsdi" oyunu.
Ana fərəhlə baxır
öz sevimli qızına.
Qurban əti doğranır,
yığılır bir qazana...
Qazan oda qoyulur,
ət qovrulur, yeyilir.
Elə o gün, ordaca
yeni qurban deyilir.
***
"Elifin doqquz yaşı var. Bağda gecə yuxusuna hazırlaşırıq...
Elif: - Ata, üzünü mənə tərəf çevir...
Mən: - Niyə, qızım?
Elif: - Qucaqlaşaq... Ata qucağı...
Qucaqlayıram, gözlərini yumur..."
Mən onda anladım, onda qandım ki,
Ən şirin yuvaymış ata qucağı.
Demə, övlad üçün ən müqəddəs yer
Ata ocağıymış, ata ocağı.
Atamın çiynində gəzdiyim günlər
Gəldi gözlərimin önündə durdu.
Ata sevgisiylə yaşamaq üçün,
Yəqin ki, Elif də min xəyal qurdu.
Məni qəhər boğdu, gözlərim doldu,
Körpə Elifimi qoynuma aldım.
O, şirin yuxuya yatdığı zaman,
Mən ötən günlərçün xəyala daldım.
Ötən günlərimdə xoşbəxt anlarım,
Atalı, analı şirin çağlarım...
İndi öz atamı yaşatmaq üçün
Balamı qoynuma alıb, çağladım.
Çağladm, ağladım, sonra kiridim...
Beynimdən qəhəri, qəmi kürüdüm...
Elifin o şirin mışıltısına,
Mən yenə özümü qəmə bürüdüm...
Ata olmağımı Elif öyrətdi
Elə bil, dörd uşaq böyütsəm belə...
Allah, bu nə kədər, bu necə dərddi?
Demə, vermişəmmiş mən ömrü yelə...
Mən onda anladım, onda qandım ki,
Atanın varlığı laylalı beşik.
Atalar yatanda yuxusunda da
Övladın ömrünə çəkirmiş keşik.
Elifin dediyi "Ata qucağı"
Mənə həyat dərsi öyrətdi o gün...
Hələ də özümə gələ bilmirəm,
Sanki yuxudayam mən, o gün-bu gün!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!