Dolu
Tamaşadı,
Baxanların gözü doymayır,
Dəcəl dolu özü çalıb,
Özü oynayır.
Elə bil ki...
Düşüb ələ-ayağa
Arı elə qaynaşır -
Orxan deyir, ay ata,
Deyən axı bal daşır...
Nə gözəl olar
Qalxan günəşdən
Qalxmaq öyrənək.
Enən günəşdən
Enmək öyrənək.
Gün qalxır, yenə
Gülür dağ-dərə.
Gün enir, baxın,
Gözəldir yenə.
Nə gözəl olar
Gülə-gülə sən
Günəştək qalxıb,
Enə biləsən.
Tənha ağac
Yuyub bəndi-bərəni,
Su basıb arxı gecə.
O üzdə qalan ağac
Elə bil çırmanıb ki,
Atlanıb arxı keçə.
Şaftalı bağında
Alı baxdı Vəliyə,
Vəli baxdı Alıya.
Bir-birinə him edib,
Cumdular şaftalıya.
Bir də baxıb gördülər
Sənəm xala yetişib.
And içdilər, yemirdik,
Baxırdıq ki yetişib?
Bağda
Bir daş atdı, şaftalı,
Bir daş atdı, nar gəldi.
Heyif, çox yığacaqdı,
Doldu cibi, dar gəldi.
Analar bir günəşdi
Ana adı, ünvanı
Deyildir yaddan çıxan.
Analar bir günəşdi,
Övladlar günəbaxan.
Pinti qız
Verib kol-kosa,
Cırıb donunu.
Anası yenə
Danlayıb onu.
İşə qarışıb
Tikiş maşını.
İncik bulayır
O da başını.
Dağ çayı
Yenə dağ çayı
Dağlardan qaçır.
Qorxmur azmağa -
Çünki yolunu
O özü açır.
Qızbəsin güllü donu
Qızbəsin güllü donu
Gül-çiçəkli, qarmonu.
Küləklər yırğalayıb
Necə çalır gör onu...
Yelləncək
Mələk yelləncək asıb
Ağacdan, oynayırdı.
Ağac da yırğalanıb,
Onunla oynayırdı.
Dibçək
Aşdı-daşdı
gül-çiçək.
İçində itdi
dibçək.
Dava
Kağızdan quş düzəldib,
Adil atdı havaya.
Məstan pişik sıçradı
Əlbəyaxa davaya.
Qoruqçu çay
O üzünə
keçmək olmur.
Biçənəyi
biçmək olmur.
Bizim bu çay
dəli-dolu.
Daşıb yenə,
kəsib yolu.
Dolu gəlir
o tay-bu tay.
Təbrik edin, işə çıxıb
yaz gələndən qoruqçu çay...
Arıçı
Arıçı, balmış dilin,
Taladı varın məni.
Ürəyimi gül bilib,
Çalmadı arın məni...
Arzunun hədəsi
Yatıbsan, tənbəl saat,
qoy, yuxudan duracam.
Tənbeh edib o ki var,
qulağını buracam.
Gözlərindən
doyurdular
Rauf,
Zaur şamamanın
qabığını soymurdular.
Yeməmişdən baxıb-baxıb,
gözlərindən doyurdular.
Küsəyən bağ
Yaxşı qorumayıbdı
heyvasını, narını.
Bağ da Adildən küsüb,
quşlara yem eləyir
əl altından barını.
Ulduzları sayan qız
İşə salıb özünü,
ulduzları sanadı.
Ha sayırsa, qurtarmır,
indi Lalə bir yana,
Ulduzlar bir yanadı...
Bağda
Bu bağın axşam-səhər
çəkildikcə hər nazı -
Sulanır yavaş-yavaş
Budaqda alma-armud,
yerdə Dilqəmin ağzı...
Böyüyən qız
- Böyümüşəm, - söyləyib
əllərini açmışdı.
Qonşu qızı Gültəkin
atasının boynundan
az qala ki, aşmışdı...
Arı pətəyi
Kol-kos diddi, süzüldü
Qətibənin ətəyi.
Arılar daraşacaq
bilib arı pətəyi...
Vüqarın hiyləsi
Arı şəkli çəksə də,
çəkmədi iynəsini.
Sonra baxıb bəyəndi
Vüqar öz hiyləsini...
Vüqarın çəkməsi
Çəkmənin səsi
onu satmışdı.
Qoruqçuyacan
gedib çatmışdı.
O da çəkməni
qoyub qaçmışdı.
Yenə başına
oyun açmışdı.
İndi qoruqçu
haray salıb ki,
- Alma yeyəcək
tapsa çəkmənin
sahibini kim...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!