Biz də sözün alplarıyıq!.. - Barat Vüsalın şeirləri

Alplar

 

Köhnə alp babalar həngi

Nə olsun, qılınc qurşamır,

Nə olsun, at çapmayırıq.

Biz də qələm götürmüşük,

Biz də sözün alplarıyıq!

 

Elə qüvvə varmı, yaxşı,

Çıxa alplarıma qarşı?

Balta saplarına qarşı

Baltamızı saplayırıq!

 

Soyumuzu ucaldırıq,

Hayımızı ucaldırıq.

Boyumuzu ucaldırıq,

Kökümüzdən qopmayırıq!

 

Söz deyir, söz ağardırıq,

Deyilik söz dağarcığı.

Ölümə göz ağardırıq,

Gözümüzü qırpmayırıq!

 

Yollar çoxdur, bax, doludur,

Mərdlik bizə baxt yoludur.

Yolumuz Allah yoludur,

Yolumuzdan sapmayırıq!

 

Qarşımızda yol körpütək,

Yol ol, könül, yol ol, ürək!

Yaranmışıq əl öpdürək,

Ölsək də, əl öpməyirik!

 

Gəldi

 

Əsl şair olan bax, belə olar,

Açdı qartal kimi qanad da, gəldi.

Döyüş meydanıdı bildi sənət də,

Gəldi, qərar tutsun ön xəttdə, gəldi!

 

Şair Nərimanın baratı oldu,

Barat hamımızın Baratı oldu.

Min adı var idi - bir adı oldu,

Bir adı var idi - min adda gəldi.

 

Boylandı, o "sarı sim" kimdi, gördü,

Günəş kimdi, gördü, gün kimdi, gördü,

Yaşamaq daş altda mümkündü, gördü,

Gəldi, yaşamağa daş altda...gəldi!

 

Hər kəsin haqqı yox qələm tutmağa,

Təkcə tutmağa yox, elnən tutmağa.

Səsləndi Zəlimxan: "Hüseyn qağa,

Gəldi, sıramıza Barat da gəldi!"

 

Kişi heykəli

 

İsmayıl Şıxlının Qazaxdakı

heykəli önündə düşüncələr

 

Önüm də möhkəmdir, arxam da bərkdir,

Kişi heykəlinin qabağındayam.

Millətə bax, belə kişi gərəkdir,

Kişi heykəlinin qabağındayam!

 

Əzizdir o namus, o ar, bilirəm,

Nə qədər dünya var, o var, bilirəm.

Düşmən gözlərini ovar, bilirəm,

Kişi heykəlinin qabağındayam!

 

Bacardı ayağa darda durmağı,

Boranda durmağı, qarda durmağı.

Mən yaxşı bilirəm harda durmağı,

Kişi heykəlinin qabağındayam!

 

Belə sevməz idim mən ki, heykəli,

O Koroğlu, bu da Cəngi heykəli!

Heykəlim ucalır, sanki heykəlim,

Kişi heykəlinin qabağındayam!

 

Ən uca yerinə varmışam Ərzin,

Ən son nöqtəsini görmüşəm Ərzin,

Ən görkək yerində durmuşam Ərzin,

Kişi heykəlinin qabağındayam!

 

Boş söz ha, demirəm, söz deyirəm, gəl,

Nakişi, nə desəm, düz deyirəm, gəl!

Bəlkə kişiləşdin, gözləyirəm, gəl,

Kişi heykəlinin qabağındayam!

 

Elə sanmasınlar bir nəfər deyir,

Barat, Ər olanlar Ərə Ər deyir!

Deyəndə sənintək kişilər deyir:

Kişi heykəlinin qabağındayam!

 

Bethoven

 

1804-cü ildə Napoleon özünü imperator elan edən Kimi,

Bethoven ona həsr etdiyi "Qəhrəmanlıq simfoniyası"ndan

rəsmi şəkildə imtina etmişdi.

 

Adamın könlündən keçir arabir,

Bethoven olmağı bacara, adam.

Deyə Bethoveni dirildib gətir,

Yalvara-yaxara Əcələ, adam.

 

Özündən müştəbeh olanlar üçün,

Bethoven amalı ola, şah ola!

Çox-çox Napoleonlar nüfuzdan düşə,

Çox-çox Napoleonlar adından ola!

 

Kaş mən də onuntək əsəbiləşəm,

Onuntək üsyankar əsəbim ola!

Qəzəbim kükrəşə, qəzəbim daşa,

Qəzəbim Bethoven qəzəbi ola!

 

Bizdə də müştəbeh adamlar çoxdu,

Sözü, iddiası işindən yekə.

Bizdə də Napoleon olanlar çoxdu,

Yekəlik fikiri başından yekə!

 

Adam var, canımda yer eylədikcə,

Girib ürəyimə, gözümdən çıxır.

Kişi söyləyirsən, gəda imiş ki,

Qəhrəman deyirsən, özündən çıxır!

 

Vaxtımı gör, Tanrım, zail olmağın,

Ölərəm, üzünə baxa bilmərəm,

İmperator adı

olsa titulum.

Atıb imperator şair olmağı

Mən də istəyirəm Bethoven olum!

 

İnsan öz qurduğu tor kimi tor yox,

Tanrım, belə işlər bizdən gen olsun!

Adam Napoleontək imperator yox,

Adam gərək olsa, Bethoven olsun!

 

İşlədi yekəlik qanına bir gün,

Başına iş açdı, gör, bir neylədi?

Qalib Napoleonu sanıram bir gün

İmperator adı məğlub eylədi?!

Əməyi zay olur bəşərin, hayıf,

İştahlar çoxalır... niyə son olmur?!

Çoxları olanda Napoleon olur,

Çoxları olanda Bethoven olmur!

 

Mənim öz baxtım var, istəmirəm baxt,

Qulu, ağasıyam

Mən öz yolumun.

Mən də Bethovenəm, istədiyim vaxt

Əzəcəm başını Napoleonumun!

 

Azərbaycan davası

 

Tarixdə Türklər kişi, fransızlar qadın cinsli xalqlar hesab olunurlar.

 

Min illərdir Azərbaycan davası gedir,

Dava namus-qeyrət üstə, bayraq üstədir!

Azərbaycan ayaq üstə bu gün qalxmayıb,

Azərbaycan yaranandan ayaq üstədir!

 

Vaxt olub ki, bəsləyibdi yad danasını,

Balasını yatırmağa vaxtı olmayıb.

O səngərə, bu səngərə yatıb həmişə,

Bircə an da oturmağa vaxtı olmayıb!

 

Başı üstə əjdahaya dönən quşlara

Məcbur olub, minib uçub, yeri düşəndə.

Kəsib verib öz ətindən "qa" söyləyəndə,

Sıxıb verib öz qanından "qu" eşidəndə!

 

Dərd fışqırıb fışqıranda öz yarasından,

Bayram edib dərdi nədən, əngəli, nədən?

2 milyon 800 minlik ərazisindən

Ərazisi qalıb, sanki səngəri qədər?!

 

Hamı bilir, eyni yerdir o tay, bu tay da,

Hamı bilir, Bakı Təbriz, Təbrizsə Bakı!

Bir halda ki, bu taydakı özünəm sənin,

Birdəfəlik qovuşaq gəl, ey o taydakı!

 

İstəyirlər Vətənimdə dağılsın hər şey,

Ölənəcən ayaq altda

qalsın qalan da.

Elə bil ki, dərdi budur bütün dünyanın,

Azərbaycan istəyəndə oturammasın,

Azərbaycan ayaq üstə qalsın qalanda!

 

Min illərdir ayaq üstə qalan Vətənim,

Bir az dincəl, o Allaha xatir, nə olar!

Oturmağa yer tapmasan, buyurub əyləş,

Bircə hovur gözüm üstə otur, nə olar,

Bircə hovur başım üstə otur, nə olar!

 

Ayaq üstə olasıyıq hələ, nə qədər,

Ayaq üstə olmaqmı bu?

Harasıdır bu?!

Yer üzündə hər davaya son qoya bilən

Bir dava var - Azərbaycan davasıdır bu!

 

Belə olur kişilərin Vətəni, belə,

Belə yazır yazan oğul Vətən şeirini.

Nə yaxşı ki, yıxılmayıb, ayaq üstədir,

Ehtiyac yox, qaldırmağa

yerdən yerimi!

 

Gözdən yuxun həmişəlik çəkilmiş kimi,

Şam yandırır, qalayırsan

ocaq, istəsən!

İnsanlığa, haqqa keşik çəkirmiş kimi,

Ey Vətənim, nə yaxşı ki, oturmamısan,

Nə yaxşı ki, min illərdir ayaq üstəsən!

 

Şirin sular

 

Məni suyuşirin bir ana doğdu,

Yatdım suyu şirin

beşikdə yatdım!

Üzümün, sözümün şirin suyuyla

Beşik də... dayandım

keşikdə, yatdı?!

 

Məni suyuşirin bir ata əkib,

Olub onçün mənim əkinim şirin.

Gözümü açandan dəlisi oldum

Özü, suyu şirin əkinçilərin!

 

Tapdım küllüklərdən tapırmış kimi,

Gözümə təpəndə şirin suları.

Toxumluq buğdanı səpirmiş kimi,

Səpdim mən səpəndə şirin suları!

 

Badam qışda açan ağacdı, sanma,

Badam nəymiş, suyu şirin badamlar!

Adamdı gördüyün adam, inanma,

Adam kimmiş? Suyu şirin adamlar!

 

Mən nəyi söz sayım, bizi özünə

Yurdun şirin suyu kimi çəkməsə?!

Saz deyə bilmərəm vallah, sazıma,

Əgər şirin suyu məni çəkməsə!

 

Çoxdan vurğunuyam sözü halalın,

Boyu, suyu şirin gözəl şirindi.

Məni dəfn edəndə nəzərə alın,

Mənə suyu şirin məzar şirindi!

 

Olub suyu şirin olub, gəlirəm.

Bağrıma mən şirin suyu basıram.

Niyə hər döyüşdə qalib gəlirəm?

Qazsam, suyu şirin səngər qazıram!

 

Güllər var, nə üçün solmaz olurmuş?!

Çiçək var, çıxanda solub çıxıbdı.

Nə gözəl çıxıbdı gör, o gül- çiçək,

Olub, suyu şirin, olub çıxıbdı!

 

Hər quyu sən deyən şirin sulumu?

Hər quyumu quyu...

Şirini varmış!

Hər su dadlı olmur, ləzzətli olmur,

Suların da suyu şirini varmış!

 

Bulanıq olmasın, olsa da qara,

Duru, suyu şirin bir qıza vurul!

Baxma tərəflidi, ya tərəfsizdi,

Vurul, suyu şirin bir qıza vurul!

 

Şair, sən də yazsan, hər sözü yazma,

Sözün suyu şirin olanını yaz!

Basanda hər sözü bağrına basma,

Sözün suyu şirin olanını bas!

 

Adam da ölmürmüş, ona elə ki,

Ölüm suyu şirin baxışla baxır.

Buludlar da suyu şirin olanda

Yağır, suyu şirin yağışlar yağır!

 

Şirin suyu ilə döşümə yatıb,

Suyu şirin vətən müqəddəs, ulu!

Nə vaxtdı mən suyu şirinəm artıq,

Kiməm? Suyu şirin Vətənin oğlu!

 

Azan

 

Bir zaman qıyıldım, danıldım, Allah,

Çox yaman uyudum, yanıldım Allah!

Səni bir də sevdim, tanıdım, Allah,

Şuşada oyandım Azan səsinə!

 

Yolumu itirib azanda tapdım,

Günahım üzündən cəzamı tapdım.

Şuşanın yolunu Azanla tapdım,

Şuşada oyandım Azan səsinə!

 

...Boğmur, boğmaz qəhər daha məscidi,

Qucdu yenə səhər doğma məscidi,

Dan yeriymiş Gövhər Ağa məscidi,

Şuşada oyandım Azan səsinə!

 

Qıranları qıran səsi eşitdim,

"Bəsdi, yatdın, oyan!" səsi eşitdim.

Quran hayı - Quran səsi eşitdim,

Şuşada oyandım Azan səsinə!

 

Pənah xanla Vaqif döndü geriyə,

Rəqiblərə rəqib döndü geriyə.

Haqq Karvanın çəkib döndü geriyə…

Şuşada oyandım Azan səsinə!

 

Şükür, yenə addım səsim yüksəldi,

Haqqa yetən adam səsim yüksəldi,

Şirin-şirin yatdım, səsim yüksəldi,

Şuşada oyandım Azan səsinə!

 

Bulanda beləcə yar bulaq, yarım,

Bulaq yarım işim, yar-bulaq, yarım!

Axır ki, açıldı kar qulaqlarım,

Şuşada oyandım Azan səsinə!

 

Gəldi, zamanların zamanı, gəldi,

Gəldi, nizamların nizamı, gəldi!

Gəldi, Azanların Azanı gəldi,

Şuşada oyandım Azan səsinə!

 

Barat kimi xoşbəxt oyanan, varmı,

Azadlıq rənginə boyanan varmı?

Varmı, mənim kimi oyanan, varmı?

Şuşada oyandım Azan səsinə!

 

Türk marşı

 

Türk marşı səslənir, Allaha şükür,

Bütün türk dünyası ayağa qalxır!

Gəlir, qoca Turan, gəlir, nə gəlir,

Ürək də az qala, ay şahə qalxır!?

 

Salam vermək üçün "Qızıl Alma"ya,

El-elə, sel-selə qoşulub gəlir.

Gəlir Əfrasiyab - o Alp Ər Tonqa

Arxasınca Turan qoşunu gəlir!

 

Düşmən eşitdikcə boynunu büküb,

Yasa batmalıdır, yaslanmalıdır,

Çükot dənizindən son dənizəcən,

"Türk marşı" səslənir… səslənməlidir!

 

Mən Oğuz türküyəm, Salur türküyəm,

Bir adım da qıpçaq-qazax türküdür,

Türkmən, yakut, özbək, qırğız türküdür.

Mənim bir adım da çalağan, qartal,

Şahin - şonqar türkü, qırğı türküdür.

Savalan türküdür, Ağrı türküdür!

 

Yağı, gözünü aç, gözümdən əl çək!

Harda var belə bir ruhu bir cahan?

Südüm kimi süd yox,

kökum kimi kök,

Anam Qaba Ağac, atam Şir Kağan!

 

Türklərin bayramı, ehtişamına,

Görürəm, gələnlər tələsir, gəlir…

Bir də görərsiniz Dərd əsri bitdi,

Bir də görərsiniz Qərb əsri bitdi,

Bir də görərsiniz Şərq əsri gəlib,

Turan əsri gəlib - Türk əsri gəlib!

 

Əkin

 

Anlayan anlayır məni,

Əkdiyimi nədən əkdim?

Nə əkdimsə, özümü də

Elə bil, əkmədən əkdim.

 

Elə ay, il, gün olduğumu,

Sevindirməsin xalqımı.

Bir çiçək, bir gül oldumu,

Fikrini çəkmədən əkdim?!

 

Nadan, ömrün çıxdı puça,

Gör ki, əlin olmur necə?

Sən əkəndə qapı-baca,

Mən əkəndə Vətən əkim!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!