Bu gün əziz dostum, gözəl şair
İnqilab İsaqın ölüm xəbəri gəldi.
Niyə tutulmuşdu hava, bilmədim,
Buludu göylərdən qova bilmədim.
Nolacaq bu gecə, tova, bilmədim,
Bir ürək dayandı, bir dodaq susdu.
Axşamdan göy üzü dolmuşdu yaman,
Dammışdı qəlbimə nəsə, ay aman.
Bir qəbri öpməyə gəlmişdi duman,
Küləklər kiridi, bu torpaq susdu.
Ay da doluxsundu əməlli-başlı,
Saç yoldu, üz cırdı bir başı daşlı.
Sökdü dan yerini gözləri yaşlı,
Bir ağac ağladı, bir budaq susdu.
Söndü ürəyində közü, bilmədi,
Qırıldı dodaqda sözü, bilmədi.
Düşdü barmağından, özü bilmədi,
Bir qələm hönkürdü, bir varaq susdu.
18 may 2024
Novxanı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!