Məni öldürən şeirlər - Rəfail İncəyurd

Ərəfə

 

Deyirsən, bu yaşın nədi marağı?

Deyimmi?

- Özünün öz ilməyi var.

Həyatdan dördəlli bərk yapışmağı,

Yapışıb qopanda kövrəlməyi var.

 

Hələ də dan üzü şirin görünür,

Hələ də nəyəsə isinişirsən.

Hələ də yol üstə işıq sürünür,

Hardansa, harasa yola düşürsən.

 

Gülürsən qaçanda can ağrısından,

Ta nə var yetmişin ərəfəsində?

Ağıl bir şey kəsmir heç anrısından,

Çaşırsan gümanın qərib səsində.

 

Həkimlər hökmündən gələn qədəri

Təpərin yandırmaq-yaxmaq istəyir.

Ayağı yer alan zalım kədəri

On-on böyrü üstə yıxmaq istəyir.

 

Axırda adama nə qalır, axı?

- Rəhmətə tuş gələn saf ad gözəldi.

...Deyirsən, necədi ahıllıq çağı?

Deyimmi?

- Hər zaman həyat gözəldi!

 

Şeir əvvəlkitək

oxunmur daha

 

Vaxtın yedəyində zövqün fərzidi,

Olub-keçənlərə əsrin ərzidi,

Hər nədi xilqətin həyat tərzidi -

Şeir duyğulara toxunmur daha,

Şeir əvvəlkitək oxunmur daha.

 

O köhnə hay-haray, şənlik necoldu?

Cavabı düz çıxan tənlik necoldu?

Hanı mənəviyyat, mənlik necoldu,

Getdi şeirləşən o qürur daha, -

Şeir əvvəlkitək oxunmur daha.

 

Biz görən şairlər azalıb getdi,

Gedənlər taledən köz alıb getdi.

Həvəs ürəklərdə sozalıb getdi -

Gəlmir göy üzündən qəlbə nur daha,

Şeir əvvəlkitək oxunmur daha.

 

Hardadı Piranlar, hanı Ozanlar?

Dünyanı bürüdü yolu azanlar.

Qardaş, çoxalsa da şeir yazanlar -

Coşmur ilham seli, axmır gur daha,

Şeir əvvəlkitək oxunmur daha.

 

Dost, siyah şaçlara nə tez dən düşür?

Bu, zaman hökmüdü, ya qəsdən düşür?

Həvəskar yazanlar həvəsdən düşür -

Qocalar ümiddən gen durur daha,

Şeir əvvəlkitək oxunmur daha.

 

Hanı əski tamlar, yox olub niyə?

Bini-bərəkəti çəkilib göyə.

Yaxşılar yaxşıya yön olmur deyə -

İrəli yerimir köhnə sur daha,

Şeir əvvəlkitək oxunmur daha.

 

Nəyinə gərəkdi şeir acların?

Nəyinə gərəkdi hər söz tacların?

Ünvanı dəyişir ehtiyacların -

Ətalət dil açıb, deyir: - dur daha,

Şeir əvvəlkitək oxunmur daha.

 

Tamarzı halını bolda dəyişdi,

Yolçu neyləsin ki, yol da dəyişdi.

Çöl o çöl deyil ki?! - kol da dəyişdi, -

Bənövşə bükülmür, qoxunmur daha,

Şeir əvvəlkitək oxunmur daha.

 

Hərə at oynadır öz yığnağında,

Oğulsan, yalanın döz yığnağında.

İzdiham olardı söz yığnağında -

Söz sözün köksünə sığınmır daha,

Şeir əvvəlkitək oxunmur daha.

 

Sözü əldən alır əl şairləri,

Gülləni gül bilir gül şairləri.

Elindən olduqca el şairləri,

Haqqın saatını dala qur daha,

Şeir əvvəlkitək oxunmur daha.

 

Qardaşım, ömrünü şeir eləmə,

Kədəri sovurub, dərdi ələmə.

Boşuna taledən uğur diləmə -

Haqqı olan şair ad ummur daha,

Şeir əvvəlkitək oxunmur daha.

 

Əhvallar pərişan, ürəklər qırıq,

Yoxdu o təmanna, o ərk, o qılıq.

Qorxulu deyilsən sən də, ayrılıq,

Daha bizimləsən, yaxın dur daha,

Şeir əvvəlkitək oxunmur daha.

 

Düşmür əvvəlkitək söz dildən-dilə,

Özünü az incit, az- bilə-bilə.

Yazırsan- özünçün yaz, elə-belə,

Sonra için-için yalvar Allaha,

Şeir əvvəlkitək oxunmur daha.

 

Yazağzı

 

Bu vaxtlar ilk bahar gözəlliyinin

Vətən torpağına sərilməyi var.

Yatan duyğuların, ölən həvəsin

Yazağzı yenidən dirilməyi var.

 

Urvatı olacaq tökülən tərin,

Hesabı mütləqdi çəkilənlərin.

Eşq ilə torpağa əkilənlərin

Axırda eşq ilə dərilməyi var.

 

Alası dərsim var irfanlarımdan,

Xurafat xofunu qovanlarımdan.

Hərəsi bir qaya cavanlarımdan

Basılmaz qalamın hörülməyi var.

 

Var oldum bir haqqın inadı üstə,

Uymadım xəyalın qanadı üstə.

Azad Qarabağın son adı üstə

Mübarək işlərin görülməyi var.

 

Bura məskənidi eşqi ucanın,

Yenilməz sərkərin, müdrik xocanın.

Qadasın aldığım Azərbaycanın

Hələ "Turan!" - deyib gərilməyi var.

 

Mənəm

 

Gələn, heyy, varmı xəbərin? -

Yolum uzun, dərdi-dərin.

Köhnə-kürüş gəmilərin

Yan aldığı ada mənəm.

Hələ bunun anrısı var,

O yanın da Tanrısı var.

Harda Yurdun ağrısı var -

"Of" yanında nida mənəm.

 

Nə qəşəngdi hisin, adam,

Nə titrəkdi səsin, adam!

Buyur, gəl-keç, isin, adam -

Sən axtaran oda mənəm.

 

Yoxam - sözümdən çıxdımsa,

Dözmə, dözümdən çıxdımsa,

Əgər özümdən çıxdımsa,

Aralı dur, qada mənəm.

 

...Adamlardı köküm-tağım,

Adamlardı solum-sağım.

Ancaq yaxşı tanıdığım

bir adam var: O da mənəm.

 

Bizim bizdən ayrı

kimimiz var ki?!

 

Adamlar sərsəri, adamlar sərxoş,

Canımız ağrılı, ruhumuz naxoş.

Dünya izdihamlı, dünya boramboş -

Bizim bizdən ayrı kimimiz var ki?!

 

Zalım bizimkilər haqqa vardılar,

İndi rahatdılar, bəxtiyardılar.

Hamının könlündə sınıq taxtı var,

Bizim bizdən ayrı kimimiz var ki?!

 

Arifsən, aqilsən, gəlmə bilməzdən,

Bu incə bağları kim salar gözdən?

Çıxıb hara gedək bir-birimizdən,

Bizim bizdən ayrı kimimiz var ki?!

 

O qədər dolaq ki, boşalıb, barı,

İsladaq yaddaşı saran qubarı.

Qoy görək, bu yığval hara aparır, -

Bizim bizdən ayrı kimimiz var ki?!

 

Qorxuram hər şeyin yolu kəsilər,

Qorxuram Allaha pənah üzülər.

Nifrətə dönməsin umu-küsülər,

Bizim bizdən ayrı kimimiz var ki?!

 

Onsuz da uçuxdu könlün qalası,

Kimdi bizə layiq haqqı bulası?

Qayıt, təzələnək, zalım balası,

Bizim bizdən ayrı kimimiz var ki?!

 

Öldürəcək

 

İtirmişəm əzəlimi,

İgidimi, gözəlimi.

Öz əlimlə öz əlimi

özüm kəsdim, bulanıbdı -

Qanam, məni öldürəcək.

 

Doğrunu danmaqmı olar?

Düzgahı yonmaqmı olar?

Belə də yanmaqmı olar?-

Ya Rəbb! Tüstüm bulanıbdı -

İnam məni öldürəcək.

 

"Olmaz"ın odunu gördüm,

"Olar"ın badını gördüm...

Dünyanın dadını gördüm,

Gördüm-küsdüm: bulanıbdı

O tam məni öldürəcək.

 

Saldılar tora, yıxıldım,

Dözmədim dara, yıxıldım.

Gör, gedib hara yıxıldım? -

Yenə üstüm bulanıbdı -

Anam məni öldürəcək.

...Qaraca daşdan boylanan,

Ruhu göylərdə hoylanan

Adam məni öldürəcək!..

 

***

Umacaqlar bizdən qaçır,

Çatammırıq, ha gedirik.

Könlümüzdən savab keçir,

Niyə günaha gedirik?

 

Özün nur saç, Rəbbim, önə,

Varmalıya varaq yenə.

Ayrı səmtə, ayrı yönə -

Amana-aha gedirik.

 

Ölmürük ha, ölmək üçün,

Gedəsiyik, gəlmək üçün.

Bilməlini bilmək üçün

Bəlli sabaha gedirik.

 

Yar olduq Onnan ötəri,

Var olduq SONnan ötəri...

Allahdan yol gəlib bəri -

Üzü Allaha gedirik.

 

Allahın kölgəsi

 

Nizamında nə tərif var, nə şər var,

Düşüncəyə hər nə gəlib düşər - var.

İnam varsa, iman varsa, bəşər var, -

Allah haqdı, bəndə onun kölgəsi.

 

Düz əməldə qazanc da var, pay da var,

Gerçək olan ibadətdə fayda var.

Tövrat, İncil, Quran nədi? - Qaydalar, -

Allah haqdı, din də onun kölgəsi.

 

Haqqın sirri göy üzündə yeddi qat,

Yalnız Odu vaqif olan adbaad.

Əgər MƏNdən başlayırsa bu həyat, -

Allah haqdı, mən də onun kölgəsi.

 

Məni öldürən şeirlər

 

Gecələr bivaxt durub yazı yazanda uşaqların anası hər dəfə canıyananlıqla "şeir yazmaq səni öldürəcək" - deyir...

 

Onsuz da hər şey fanidi,

Hər şey ötəri, anidi.

Dəymə, sevdiyim canidi

Məni öldürən şeirlər.

 

O tərəflər ün öldürür,

Bu tərəflər ön öldürür.

Hər gecə bir gün öldürür

Məni öldürən şeirlər.

 

Gərginliklər məndən doymur,

Sən deyəni onlar duymur.

Hələ ki, yatmağa qoymur

Məni öldürən şeirlər.

 

Gah dağ çəkir, gah dağılır,

Gah da bir sözdə boğulur.

Neynim ki, belə doğulur

Məni öldürən şeirlər.

 

Zamanımı bölüb gedir,

Ağrısını bilib gedir.

Yatan kimi ölüb gedir

Məni öldürən şeirlər.

 

Şimşək kimi çaxmayıblar,

Leysan kimi axmayıblar!..

Hələ gəlib çıxmayıblar

Məni öldürən şeirlər.

 

...Yaddaşlarda qalacaqlar,

Haqqı varsa, alacaqlar.

Özləri sağ qalacaqlar

Məni öldürən şeirlər.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!