Şeir - Səbinə Namazova

Niyə yaşayıram, məramım nədi,

Nələr susayıbdı qanıma, Allah?

Mən hardan gəlmişəm, hara gedirəm?

Bəlkə Sən çatasan dadıma, Allah?

 

Görən, yuxuluyam, yoxsa oyağam

Bura mənə evdi, yoxsa qonağam?

Havayam, buludam, suyam, torpağam,

Heç kim çəkə bilmir nazımı, Allah!

 

Qurumur gözümdən tökülən yaşlar

Yerinə oturmur bu tanış daşlar,

Kim deyər bu alov haradan başlar?

Niyə sönmür odum, alovum Allah?

 

Özüm qarışqayam, nəfsimsə fildir

Mən nəfsimə qulam, mənə hakimdir.

De, görüm hansı söz mənə həkimdir?

Hansı ayə çatar dadıma Allah?

 

Əgər zərrəyəmsə bu yer üzündə

Mənəm bünövrəsi səhvin, düzün də...

Şeytanı, günahı, yalanı, pisi

Bəs niyə qoşmusan yanıma, Allah?

 

Tamaham, bir qarış kəfənə sığan,

Bir laxta qan ikən torpağa baxan.

Ölüykən yenidən ayağa qalxam,

Nədir bu nizamın məramı Allah?  

 

Əgər məqsəd Sənə qovuşmaq isə,

Bütün pisliklərdən sovuşmaq isə,

İstəklə, nəfslə boğuşmaq isə

Bəs niyə tapmıram məqamı, Allah?

 

Bilirəm zərrəyəm, bilirəm heçəm

Sənə qovuşmağı çox istəmişəm.

Düzə zaval gəlməz, düzə dərd dəyməz,

Bəs nədən asdılar İsanı, Allah?

 

Ruhuma soruram nədir diləyi?

Sənə qovuşmaqmış bütün istəyi.

Əgər gec deyilsə qorxu bilməyib

Üzüağ qoy gəlim hüzura, Allah.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!