Əynimdən soyunub
pencək baharı...
Vətənin yovşanlı yaylaqlarında
Meh gəzir, şeh başmaq ayaqlarında...
Ana təbiətin yanaqlarında
Görüb lalələrdən həya, gedirəm!
Kişnər ilxı bulud dağlara sarı,
Əzməz, ayaqlamaz məxmər otları,
Əynimdən soyunub pencək baharı,
İlğım köynəyimdə yaya gedirəm!
Arı hər çiçəkdən bir öpüş yığır,
Yağış əvəzinə kəpənək yağır,
Alnım qırışına bənzəyir cığır,
Çənin çəhlimiylə suya gedirəm!
Nənni çiçəklərdə yellənir duyğum,
Yamacda mələyən quzudu qorxum,
Çarpayı daşlarda xınadı yuxum,
Mən sükut haraya, haya gedirəm!
Qartallı zirvələr Aydına həyan,
Alaçıq dumandan səs gəlir, dayan!
Yolumu gözləyir mənə oxşayan
Bir şair duruşlu qaya, gedirəm!
Gəncədən Bakıya
gedən qatarda...
Gedirsən, ömrümdən tərpənir qatar,
Gözümün yaşına təpinir qatar,
Salır bu gecəyə səs-səmir qatar,
Sən varsan gözümdən itən qatarda -
Gəncədən Bakıya gedən qatarda!
Ürəyim sinəmdən çıxıb yol gedir,
Sənin qatarında səssiz, lal gedir...
Elə bil səninlə təzə il gedir,
Təkəri "əlvida" ötən qatarda!
Gəncədən Bakıya gedən qatarda!
Soyuqdu, üşüyür yanvar gecəsi,
Gözümdür qatarın bir pəncərəsi...
Yatır ulduzların göydə neçəsi,
Elə bil kimsə var Göydən qatarda!
Gəncədən Bakıya gedən qatarda!
Ay oyaq, mən oyaq, dünya mürgülü,
Bakıya çatanda zəng elə, gülüm!
Elə bil qolumda saatım gülür, -
Deyir: - "Şair, yoxsan nədən, qatarda?!"
Gəncədən Bakıya gedən qatarda!
Sən əziz, yol əziz, bu Vətən əziz,
Olmayan evimiz darıxdı sənsiz...
Heç fikir eləmə, ay anambəniz,
Qatardan qəlbə en bu yol bitəndə,
Di gəl ki, deyilik yurdsuz Vətəndə -
Qatar Vətəndədi, Vətən qatarda!
Gəncədən Bakıya gedən qatarda!
On doqquz il
kirayədə yaşayan şair...
Dəyirman vaxt gecə-gündüz ömür üyüdür,
Arpa unu ömrü ilə ümid böyüdür...
Hücrəsində sevinc qorxaq, dərd ərköyündü,
Bu dünyada bir kimsəni tanıya bilmir
Ürəyinin ağrısına oxşayan şair,
On doqquz il kirayədə yaşayan şair.
Daxma qardaş, cənab villa, xanım imarət,
Kölgənizdə məzar yeri tapılar, əlbət...
Kitablardan bir kağız ev tikibdi xəlvət,
Küləkləri, tufanları daşlayan şair,
On doqquz il kirayədə yaşayan şair!
Ev tikməyə daş qopardır səbrindən gedib,
Pul axtarır ciblərinin dibindən gedib,
Ev istəyir Nizaminin qəbrindən gedib,
Evsizliyi şələ kimi daşıyan şair,
On doqquz il kirayədə yaşayan şair
Göz yaşıyla yad evlərdə ağac bitirib,
Ağaclar da evəbənzər meyvə gətirib...
Ürəyinin ağrısıyla şəkil çəkdirib,
Ürəyinin ağrısında qışlayan şair,
On doqquz il kirayədə yaşayan şair.
Göyün, yerin bu adamdan xəbəri yoxdu,
Qəbullarda qapı döymək təhəri yoxdu,
Bu Vətənin bir daşına orderi yoxdu,
Haradadır, susmağı çox xoşlayan şair?!
On doqquz il kirayədə yaşayan şair.
Alnındakı qırışlara gəmi bağlayıb,
Ürəyinin şişlərinə xəmir bağlayıb,
Xəyalına tökdüyü daş mamır bağlayıb,
Xəyalında taleyini xışdayan şair,
On doqquz il kirayədə yaşayan şair.
Dəvə buludların
karvan yükündə...
Daha sona dönmüş əvvəl daşınır,
Bir ayaq altına təməl daşınır,
İlahi, bu gecə əməl daşınır
Dəvə buludların karvan yükündə.
Çəkir ovsarını karvanın ahım,
Bəlkə o karvanda gedir günahım...
Geri dönəcəkmi görən sabahım,
Dəvə buludların karvan yükündə?!
Mən işıq ilinə nərdivan qoydum,
Lalə ulduzların ətrini duydum...
Gedir cənnət suyum, cəhənnəm odum
Dəvə buludların karvan yükündə.
Bir səhra hönkürür bir damla üçün,
Yoxmu əyləyəni, bu ağır köçün?!
Yığıb saçlarını, yuxulayıb gün
Dəvə buludların karvan yükündə.
Aparıb şəklimi Aydan asıb dərd,
Şəklim görə bilsin varsa, həqiqət.
Allaha ibadət daşınır əlbət,
Dəvə buludların karvan yükündə.
Söykənmişəm dünyanın...
Hardan gəlir, hara gedir, bilmirəm,
Bütöv gedir, yarı gedir, bilmirəm,
Yoxluğamı sarı gedir, bilmirəm,
Məhvərinə söykənmişəm dünyanın!
Qurd dişiymiş taleyimə irişən,
Bu varlığın göyü qəmli, yeri şən...
Ürəyimin ağrısına ilişən
Təkərinə söykənmişəm dünyanın!
Bazarında pula getməz ləlmişəm,
Öz ömrümdən gün aparan selmişəm,
O başından bu başına gəlmişəm,
Məşhərinə söykənmişəm dünyanın!
Öz başımı nağaratək çalmışam,
Qisasımı idrakımdan almışam,
Qələminə dirsəklənib qalmışam,
Dəftərinə söykənmişəm dünyanın!
Ha düşündüm, dünya məndən uşaqmış,
Başımdakı Nuhdan qalma papaqmış,
Qəhqəsi min il məndən uzaqmış,
Kədərinə söykənmişəm dünyanın!
Hikmətinin nidaları laxlayan,
Nöqtəsində, vergülündə ağlayan,
Gah gülündə, gah külündə ağlayan,
Xəbərinə söykənmişəm dünyanın!
Yaxasına yaz boyda gül tikilmiş,
Asimanı bulud-bulud əkilmiş,
Məftil-məftil yağışlardan çəkilmiş
Çəpərinə söykənmişəm dünyanın!
Ömür dəndi, quş dənləyən dənində,
Dənlənirəm uzununda, enində...
Görə bildi bəlkə bir gün məni də,
Nəzərinə söykənmişəm dünyanın!!!
Sözə su qatma...
Tanrının görkündən eşq içib enib,
Buluddan adlayıb ahdan keçib söz.
Yetmiş min mələkdən təlim öyrənib,
Ruhun köynəyindən, ruhdan keçib söz.
Gəl, sözə su qatma, su qatma, adam!
Sən kimsən?!
Zamanın bir filankəsi,
Şimşək kəsə bilməz söz kəsən kəsi,
Pulun sikkəsi var, sözün qibləsi,
Gəl, sözə su qatma, su qatma, adam!
Göz yaşı gözləyər üzün torpağı,
Kirpik bitirəndi gözün torpağı,
Dərdlə suvarılır sözün torpağı,
Gəl, sözə su qatma, su qatma, adam!
Söz arxı başqadı, su arxı başqa,
Biri qan işlədir, biri dəyirman!
Mininci məğlubsan sözlə savaşda,
Sözün qulluğunda durub asiman!
Gəl, sözə su qatma, su qatma, adam!
Dayan qələm kimi söz xidmətində,
Sözün əmrindədir sirli kainat.
Südə su qatanlar məmləkətində
Tikan göyərdəcək sözündən həyat,
Gəl, sözə su qatma, su qatma, adam!
Əgər uca ərşin qərarı olsa,
Hikmət dəryaları başına çəkər.
Sözün də üz kimi astarı olsa,
Hər addım özünü yalana bükər.
Gəl, sözə su qatma, su qatma, adam!
Sözə su qatanda siyasət özü
Yalana həqiqət qalayı çəkir.
Sözə su qatanda bütün yer üzü
Göylərə etiraz harayı çəkir.
Gəl, sözə su qatma, su qatma, adam!!!
Azərbaycan, Türkiyə,
Pakistan bayraqları...
Danışmaq istəyirəm mən üç bayraq dilində,
Bayraqlarda titrəyən məşəl, çıraq dilində...
Bir hərf də öyrənmərəm mən təmtəraq dilində,
Buna razı da olmaz asiman yaraqları!
Azərbaycan, Türkiyə, Pakistan bayraqları!
Yoxluğuna yol gəlir Yaradanın yer üzü,
Xeyir üzünə gülür bu dünyanın şər üzü,
Cihada hazırlaşır əsrin peyğəmbər üzü,
Ona görə var olsun, sülhün göy qurşaqları!
Azərbaycan, Türkiyə, Pakistan bayraqları!
Əbədiyyət nəfəsli, haqq-ədalət rənglidir,
İnsanlığa etiqad, ulu xilqət rənglidir,
Niyyəti korlar bilsin, ali niyyət rənglidir,
Allah, Vətən eşqiylə doludu qucaqları!
Azərbaycan, Türkiyə, Pakistan bayraqları!
Batı, Doğu arası nurlandırır zülməti,
Üç dövlətin şəklidir üç qardaşın surəti,
Bir-birinə arxadır üçünün də hikməti,
Ucalıqdan seyr edir müqəddəs torpaqları!
Azərbaycan, Türkiyə, Pakistan bayraqları!
Ürək döyüntüsünə yaraşıb dalğalanır,
Üçü də zirvələşib,dağlaşıb dalğalanır,
Üçlərin ehtişamı yanaşı dalğalanır,
Dərdləşir yurd eşqinin vətəndaş ortaqları!
Azərbaycan, Türkiyə, Pakistan bayraqları!
Bil ki, Mütləq Atanın üç oğlunun ruhudu,
İnad mərtəbəsində öc oğlunun ruhudur,
Dış oğlunun ruhudu, iç oğlunun ruhudu,
Əmr edirlər: "Dağılsın zalımın tifaqları!"
Azərbaycan, Türkiyə, Pakistan bayraqları!
Yapışıb arzuların ətəyindən deyirəm,
Bu yazın arı qonan çiçəyindən deyirəm,
Mən Turanın paytaxtı ürəyimdən deyirəm,
Sinəm altdadı sizə eşqin ləl yataqları!
Azərbaycan, Türkiyə, Pakistan bayraqları!!!
Allahın açılmaz sirriyəm, adam...
Neçə qılınc, nizə, ox qabaqdasan,
Neçə zirvə, aşırım, dağ qabaqdasan,
Sən elə yalansan, çox qabaqdasan,
Mən səndən milyon il geriyəm, adam!
Qədim arabayam, kəlam daşıyan,
Fikrin qara gözü, qara qaşıyam,
Mən şair Tanrının qələm daşıyam,
Mən şeirin alnının təriyəm, adam!
Qala görünsən də, qalaçasan sən,
Açması pul olan tapmacasan sən,
Vallah, pul boydasan, balacasan sən,
Mən də sözüm boyda iriyəm, adam!
Məni dağ ağlayıb, Araz qalmışam,
Arazı biçməyə dəryaz qalmışam,
Adəmin ruhundan miras qalmışam,
Nə qədər öldürsən, diriyəm, adam!
Tale hey qədləyib qələm boyumu,
Məndə məndən yazıb, budu, oyunu...
Sən elə anlama səntək qoyunun
Otlağı, göy örüş yeriyəm, adam!
Könül şahı olmaz mədə şahından,
Zatın ki əskikdi qara şahıdan,
Adın yazılmayan bir siyahıda
On milyard bəndənin biriyəm, adam!
Sənin dərsin nədi, dərsliyin nədi?!
Bazarın, tərəzin, ətliyin nədi?!
De, məndəki məndə gəzdiyin nədi?!
Allahın açılmaz sirriyəm, adam!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!