Anadan lal doğulubdu həqiqət, Dili yoxdu; kəsiləsi başı var!.. - Vaqif Bəhmənlinin şeirləri

İki rübai

 

Sazda pərdələri aşıq ayırır,

Nigarı əğyardan aşiq ayırır.

İşıq birləşdirir bizi dünyaya,

Bizi bu dünyadan işıq ayırır!

 

Olara-olmaza "ol" yazısı var,

Pöhrələn, çiçək aç, sol yazısı var.

Bekara söhbətdi alın yazısı,

Hərənin bir xırda yol yazısı var...

 

Ətək

 

Meyvə də ağacı unudur,

Gözlə yox, səslə uçur yarasa.

Daha ayağın yer tutur,

Öz əlin, öz ətəyin varsa,

burax Allah ətəyini.

 

Dərdlər yığıb, qəmlər dərib -

yanma halsız, nimdaş ələ.

Rəbb əlinin kölgəsində

bir sümük, bir dəri,

minlərcə qərib

ətək növbəsi tutub,

Çarəsiz uzanan ələ yer elə -

burax Allah ətəyini!

 

Göy üzündən gəlir öyüd,

Yoxmu ağlın düşünəsən -

namxuda, azman kişisən!

Burnundan piltə-piltə

gəlib tökülməmiş süd

ayrıl ana döşündən,

burax Allah ətəyini!

 

İki dünyanın şərtləri

 

Dəri çəkmələrim qarda batmırsa,

özünü asıbsa dolabda kürküm,

Bir qədəh şəraba əlim çatmırsa,

barmağım tutmursa nazik "Kent-4"ü:

demək, cəhənnəmin qırağındayam.

 

Ömür sərt qayadı, toqquş!.. durmadan -

bir qəlpə qoparmaq ehtimalı var.

Qədəhi qədəhə toqquşdurmadan

tərif yağdırırsa ruhuma dostlar,

sözsüz, gor evində vergi yığanam!

 

Meyvəmin sortunu dəyişibsə yad,

küt bağban söyüdə nar calayırsa,

Yüz ildən sonra da qaldırıb fəryad

Xan Araz yurdumu parçalayırsa,

mərmər sinə daşım çat verib demək!

 

Pay bölən,  fəqiri saymır hesaba,

manat qoparırsa ciyərdən həkim,

Yenə zülm edirsə harın kasıba,

haqsız çıxarırsa haqlını hakim,

demək, inkir-minkir dindiriri məni...

 

Mən ki, qoşa bürclü qala salmışdım

bəs nədən möhtacam tək bircə cana?

Onları cənnətə yola salmışdım -

çatmırsa hayıma atam, ya anam,

demək, adlayıram qıl körpüsündən!

 

Leylan sevgilərin sonu puçdursa,

Məcnunlar tutubsa çölün düzünü,

Yanıq könüllərin közü suçdusa,

tüstü acıtmırsa iblis gözünü,

demək, qaynayıram qır qazanında!

 

Fəlsəfi qoşma

 

Nə gərək faş sirri açaq təzədən? -

Gündüz insanla xoş... gecə cananla.

Mayamız yoğrulmuş kefdən, məzədən,

Gedəlim fanidən mey dolu camla.

 

Könüllər tikişi ilahi sapdı -

Bütövə ehtiram düzgün hesabdı!

Kimsənin qəlbinə dəymə, savabdı -

qarşıdan gələnə baş əy, salamla!

 

İrəli boşluqdu, yol yoxdu geri,

Harayın tutsa lap göyləri, yeri...

Yetməz imdadına özündən qeyri

Canda həvəs yoxsa, səs batar tamda!

 

Hikmət karvanını nərtək dartsan da,

Qafanı şişirtsə ağıl, artsan da!

Ən dərin laylara lağım atsan da

xəlitə zəngindi, qatqıdı tamlar!

 

Olsan əsarətdə nadanın qulu,

Namardlar sarısa sağı və solu,

Dövran qəsd eləsə, yumrulsa yolun

Haqqın qəzasına yol vermə amma...

 

Düşməsə sümüyə çalınan hava,

"Hava, hava," - deyib çıxartma dava!

Gözünü əməlli aç, a binəva -

Neçə ki, şam yanır, istidi şamdan!

 

Ruhla iynələyib saf suallı su,

Könüldən pas silir tasda fallı su!

Adamdı xilqətin ən insaflısı;

içində qəm nəhri,

                        gözündə damla...

 

Bəndəmi günahlı,

                        Tanrımı çaşıb -

Tutur köhnə suçu çağla yanaşı?

Çoxdan daşa dönüb, kristallaşıb

Həvva nənə dadan lənətli alma...

 

Dünya pərvazlanıb uçur huşumdan,

Boşluğa uzanır bir yol tuşumdan.

O kimdi gəzinir taxtabuşumda -

Bəlkə, Əzrayıldı göyərçin damda?

 

Bu da son... Yaradan bilirmi görən?

Axirət, yerində qalırmı görən?

Cənnətdə aqillər olurmu görən,

Qonşu düşəcəyəm hansı nadanla?

 

Müsəlman qardaş

 

Bir söz deyim incimə, sənə qurban can, qardaş,

Ən səbatsız şüardı: "Külli-müsəlman qardaş!"

Müsəlman od yağdırır müsəlmanın başına,

Kin-küdurət bişirir qaynayan qazan, qardaş!

 

Əcdad bərəkətinə kimlərdi haram qatan? -

Axı, ulular demiş: süd-bacıdı, qan-qardaş!

 

Belə çıxır ki, işin çətin yeri öndədi,

Mömin kəsi gözləyir ağır imtahan, qardaş?

 

Beldə Araz qurşağı, əmmaməsi Qaf dağı,

Bu haqda nə düşünür qardaşım İran, qardaş?

 

Boyuna qurban olum, varmı Mehdi deyilən

Varsa yetişsin dada Sahibi-Zaman, qardaş!

 

Dildəki ayə nədi, kafirə sərmayə nə? -

Qardaşlar haqqı tuta gərək goracan, qardaş!

 

Sürünüb ömür boyu pir kolunu öpməyə

Dizlərinin taqəti çatar haracan, qardaş?

 

İndi qərar sənindi, Vaqif nə desin artıq,

Üzülüb dərd əlindən, olub yarımcan, qardaş!

 

Dost haqqında

 

Dost nə gərək... demə, dostum,

Dosta can at, dostu tanı.

Qeyrilər kol-kosdu, dostum,

Tanrı sevir dost tutanı.

 

Düşünmə ayrı bir şərti,

Bir dost on min nəfərdi.

Birdi, ikidi; nə fərqi -

qoşunun var dostun sanı.

 

Üç dostun var,

beş qat çoxsan,

Xain gözü deşən oxsan!

Allah boynunu yerə soxsun

dost yerinə "boss" tutanı!

 

Dost yoxsa kimə gərəksən,

Dost Tanrıdı, sən ətəksən.

Bağban olub, nazın çəksən,

Ləl göyərdər dost bostanı...

 

Dil

 

Göy üzündə hər nə varsa, dili var,

Günəş qalxır, dili nədi? - İstidi.

Yer üzünü alov sarsa, dili var,

Ocaq sönür... dili nədi? - tüstüdü!

 

Aramızda ağıllı var, dəli var,

Hərəmizin dindirməli dili var.

Dil - köhləndi,

            qalxa bilsən beli var,

Dördəm çapar, ayağında nalı var!

 

Nə baş, nə qəlb,

            dildi sirrin saxlancı,

Ha tərpənsin,

            dil qıvraqdı çənədən.

Süleymandı quş dilinin dilmancı,

it dilini oğru bilir binədən!

 

Yaş qayalar çay diliylə danışır,

Dəli dalğa, dənizlərin dilidi.

Dil batırar xanım-xatın yerişi,

Müti duruş kənizlərin dilidi.

Nə sənlikdi quşun dili, nə mənlik,

Azğın külək yel diliylə cəngdədi.

anlaşılsa, paliqlotdu çəmənlik,

hər çiçəyin dili ayrı rəngdədi.

 

Hərarətdi evin dili - sirr deyil,

sobaların işçi dili bacadı.

Bir uşağın ağzındakı körpə dil

o uşaqdan neçə min il qocadı.

 

Nağaranın pota başı ağrıyır,

dil-dil ötür, qapaz tutur haranı.

Tarın dili mizrab-mizrab doğrayır,

Kaman dili tənzifləyir yaranı.

 

Lal olsa dil, yox olsa söz, batsa səs,

Allah bilir, nə günlərə qalmışdıq.

Qarğışını dildən kəsməz düşmən kəs,

dost dilinin dadı-duzu alqışdı.

 

Dilsiz başa dəyən zərbə daşdan sərt,

Kim deyir ki, dünyanın lal daşı var.

Anadan lal doğulubdu həqiqət,

Dili yoxdu; kəsiləsi başı var!

 

Şirin dilə kim çıxmaz ki, müştəri

Dosta pay var, demək, əldə-ətəkdə.

Gül köksünü sancan arı neştəri

Sarı baldı, şirin dildi pətəkdə.

 

Dil-dil ötüb dən daşıyır qarışqa,

Ağacdələn qart odunla danışır.

Ət dili var, ot dili var, bambaşqa,

İt ət ilə, at ot ilə danışır.

 

Yerin dibi qat-qat, gil-gil danışır,

Uca göyün dili kimə bəllidi?

Yel dindirir göldə bitən qamışı,

Durnaların qərib dili tellidi!

 

Uzanır dil kimi xırdaca çatlaq,

Sındımı, qan salır şüşənin dili.

Vətənin dilidi ucalan bayraq,

alçalan ağ bayraq -

            düşmənin dili!

 

Zaman susqun,

            məkan donuq; atlanmır,

İtkin dillər yaddaşıdır cütünün.

Haqq deyən dil ora-bura qatlanmır,

Ütüləyən yaxşı çəkib ütünü.

 

Ruhun dili bölüm-bölüm, bədən bir,

Cümlədi dil, bir də gördün hecadı.

Ayrılığın zəhər dili nədən bir,

ilan dili nə səbəbdən haçadı?

 

Vurğun qızın dili gizlin baxışdı,

Dərya gəzən suyun dili - axışdı,

Buludların islaq dili yağışdı,

Xalçaların dili buta, naxışdı.

 

Qalaların şərt dilidi daş divar,

Xeyirxahlıq əltutanın dilidi.

Baş ucunda əl qaldıran daş ki, var

Axirətin, "əlvida"nın dilidi.

 

Yumulu göz işıq dili anlamaz

Həqiqətdir dönməz dili düzgünün.

Güzgü söylər sözün düzün, qulaq as,

Dili sənsən əksin düşən güzgünün!

 

Siyasilər

 

Onları deyirəm - siyasiləri,

Basıblar dörd yanı göbələk kimi.

işıldaq gözləri üzüm giləsi,

Tutublar ekranı sıx tənək kimi -

boş laflar uçuşur kəpənək kimi!

 

Londonlu, Parisli, Vaşinqtonlu,

Berlinli, Tehranlı, Bakılı zatlar!

Bayquş avazları yarasa tonlu -

İtir civiltidə günlər, saatlar...

Uduşlu cıdırda çərləyir atlar!

 

Siyasi icmalçı, ekspert, vəkil -

Hoqqa çıxardırlar, iş qayırırlar.

Körpəcə çəpişlər çeynənsin təki,

Çaqqala poladdan diş qayırırlar -

Guya pay bölürlər, haqq ayırırlar!

 

Kürsünü zəbt edib bağıran alçaq

Bir bax ki, nə oyun çıxardır, kişi?!

Boşboğaz nə bilir fırtınadı xalq,

Siyasət yel qovan buxardı, kişi? -

Hava korlamaqdı bunların işi!

 

Baş qoşub məkrli, çirkin oyuna,

Qumar mətəsində salarlar köçü.

Dikib gözlərini tula payına,

Məsləkdən dönərlər pul-qara üçün -

Qan ilə yuyarlar ən ağır suçu!

 

Ey yüngül, ələngə siyasətçilər,

Sizə quş qoyuram qara qələmlə!

Yalanın sonu var, bilirəm əzbər

bitər şərdən gələn dərdlər, ələmlər,

qırılar haqqa xətt çəkən qələmlər!

 

Mərdanə xalqımın yeyim canını -

qurmuş oyunlardan kənar taxtını,

gözləyir sürünün döl zamanını,

inəyin sağına gələn vaxtını...

Qısırın başına taxır noxtanı!

 

Qabarlı əllərə dərgah ətəkdi,

Laf deyil, zəhmətdi ucaldan dağa!

Soğan sıralayır, sarımsaq əkir,

alnından arx çəkir dəmyə torpağa;

Nəsil düşmənidi millətim şərlə,

Alış-verişi yox siyasilərlə!..

 

Lövhə

 

Ya qış olsun, ya bahar -

zənn elə gülcə məni.

Mənlik deyil dər-divar,

gəzginən çölcə məni.

 

Mehin gülü özündən;

Əsir Leylan düzündən...

Sevda yeli üzümdən

öpür yüngülcə mənim!

 

Gen bərədən can keçir,

Baş tacım - sultan keçir:

arayır qurban, keçir,

çəkir ülgücə məni.

 

Yoxluğun şəkli

 

Səndən, məndən özgə, de, kim bilər, dost,

Nələri andırır şəkilin mənə?!

Guya, günahkardı qərinələr, dost;

Zaman müttəhimdi, vəkili mənəm?..

 

Can koğuş balıdı, arısı çoxdu,

Qismət gizlin şəkil, düyümlü dükçə.

Bəklə buna görə şəkilin yoxdu

mənimlə... kollektiv, nə də ki təkcə?

 

Əriyib dönmüşük suya səninlə,

Bəs nədən nəm şəkil bu həddə yanıb?

Şəkil çəkdirmədim heç vaxt səninlə

Onçun da böyrümdə... həsrət dayanıb!

 

Eşqin tənhalıqdan başqa adı yox,

Şəkiləm, əlimdə solmuş çiçəksən.

Qoca şəklimiz yox, tənha şəklin çox,

Necə ki dünyada sən özün təksən!

 

Dörd cəhət çərçivə, bizsə yersizik

Öndən baxmalıydıq sonumuz yoxdu.

Şəkildə düşməyə məkan gəzirik,

Dünya darmadağın... fonumuz yoxdu.

 

Firqət sərgisinə cüt gedək, təkmi? -

Bəlkə, sol qoluma girəsən orda,

Hansı salondadı yoxluğun şəkli,

Giriş sərbəstdirmi görəsən orda?

 

Küsəyən

 

Daha  əzəlki kimi

çağlamıram, axmıram.

Yığıb tamah ipimi

gözəllərə baxmıram...

Bilirsinizmi nədən? -

bu sayaq qocayam mən.

 

Otuz beş yaşım hanı? -

keçənə can sadağa.

Qırx beş yaşında xanım

oğlum yaşdadı daha,

qızım yaşdadı daha...

Bax elə bu səbəbdən

susağan qocayam mən.

 

Zili ötürəm bəmdə

boğazım güc gələndə.

Hələ bu nədi, həm də

süddaşım gec gələndə

yaş axır gözlərimdən -

susəpən qocayam mən!

 

Fələk qəddimi əyir...

Qalınsa da geyimim

dişim-dişimə dəyir,

Əsdirir ürəyimi

varlığıma çökən çən -

üşüyən qocayam mən.

 

Hara qoyum bu canı,

nədir ruhumu əzən?

Belə əbləh qocanı

aparmır deyə, bəzən

Allahdan da küsürəm -

küsəyən qocayam mən!

 

Nakam eşq hekayəti

 

Deyir, sirri-xudadan açmasız sual olmuş,

Eşqə tutulmuş nadan, qəfil halbahal olmuş!

 

Qaçmış kövşən boyunca, yemlər yesin doyunca,

Görmüş, qurumuş yonca, dil-ağızsız mal olmuş...

 

Duymuş halını dörd yan, gözdən axıtmış yaş-qan,

Tənə yağdırmış dövran, şahid el-mahal olmuş.

 

Dərd imiş çiynində yük, başında qalmamış tük,

Qara saqqalı tək-tük bəyazlaşıb çal olmuş!

 

Uymuş cüt nara nakam, əl uzatmış ala kam,

Məzhəkə qopmuş tamam, dəhşət qalmaqal olmuş!

 

Qalxmış göyə biyaban, xıxıb çökmüş asiman,

İç üzü yerlə-yeksan, çölü payimal olmuş!

 

Çəkilən cəfaların mükafatı ayrılıq

Sevdanın dərgahına yetişən xəyal olmuş!

 

Yar deyilən əzəldən yoxmuş, olan yuxuymuş,

Vaqif anlamış bunu, dili batmış, lal olmuş!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!