Şeirlər
***
...Keç ağ xəyallarınla gecənin ortasından
Göm-göy suları yatır gölün
Yuxusundakı adamları unudub...
Tozsuz cığırlarında nə bir ayaq izi var
Nə bir yolçu həniri
Ən uzaq məbədlərin qapısını kol tutub....
Bomboz bozarıb çölün çiçəksiz torpaqları.
O bəlkə canlanacaq,
Canlanacaq
Yenə də...
Göy ovcunun içində göz kimi, qapaqları qapanmadan, o üzdə
Bir ulduz uçub gedir
Bir ulduz
Eh...
Kimə nə...
Çay yatağı ən gözəl sularını dəfn edib
Baxır qarşı sahilə.
Baxır, susur quanqlar...
Boşluğun bu üzündən o üzünə səslənib
Gözləməkdə nə məna
Çağırışı kim anlar...
Quş uçuşu ağırdır,
Kəpənək olmaq yetir.
Zamanı saxlayanda eşidilir ən kiçik
Çırpıntı
Aram-aram...
Çaxılmağa yeri yox,
Uçub getməyə göyü...
İndi ölüm gərəkdir
Qırılmış qanadların sahibinə,
Vəssalam...
***
Bir quş uçdu budağından
Ağacın
Gözləri yuvaya dikildi...
Axşam oldu, quş qayıtmadı,
Səhər oldu, quş qayıtmadı,
Qış gəldi, quş qayıtmadı,
Yaz gəldi, quş qayıtmadı...
Ağacın
Yuva olan tərəfi qurudu...
***
...Mən sənin əlindən alınmış bətnindən gəldim, kişi,
Bunun üçün bu qədər sənəm,
Bunun üçün bu qədər axtarırsan özünü qadın bədənində-
Bədən üzdür...
Sən üzdə deyilsən...
Dərinləri duy....
Qoy
Kim nə deyir-desin,
Bu dönüklük deyil, sənin haqqındır...
Özünü dağıldığın hər yerdən
Yığ....
Yaşa...
Hamı bir gün başa
Düşəcək ki...
Sənin
Yeganə özünü yaratmaq cəhdinəm - sev məni...
Yəni
Yeganə bağınam belinlə,
Əlinlə,
Ruhunla...
Qorxunla
Heç nə edə bilməyəcəksən...
Unut onu...
Çıx,
Çıx bu çənbərin içindən,
Kim səni günahlandıra bilər, kişi?
Axtar...
Dolaşdığın
Bütün qadınların bətnində özünü...
Bir gün ona qayıdacaqsan...
...Bunu qadından xəbər al,
Kişi...
Xəbər al, de ki:
-Səni mənmi doğdum?..
Hardaydın?..
Yoxdun...
***
...Bir daş qopar divarından
Bir pəncərə şüşəsi sınar
Bir ağac kəsilər bağçasında ömrün.
Olsun...
Daş qopub düşmək üçündür
Şüşələr sınmaq...
Amma
Ağacları kəsməsinlər,
Ağaclar özü qurusun vaxtı çatanda...
***
Sən indi öldürməyə hazırlaşırsan,
Mən
Son sözümü söyləməyə...
Söyləmək istəyirəm, əllərin necə titrəyirdi, gördüm,
Gözlərin necə yaşarmışdı,
Ürəyin necə kiçilib bir damcı qalmışdı, gördüm...
Bunlar
Üzünə gülümsəməyimə yetir...
Mən mərhəmətə inanıram,
İnanıram baxışlarındakı gizli işığa.
Qəlbinin dərinliyindəki adama,
O adamın içindəki uşağa...
Bəlkə sən də
Gül bəsləyirsən pəncərəndə,
Axşamlar nəzərlərini üfüqə dikirsən...
Çörək dilimləyirsən, su içirsən
Bəlkə ağlayırsan da acı şeylər yada düşəndə?..
Bəzən hamıdan, hər şeydən qurtulasan deyə
baş götürüb gedirsən...
Sənin də
Hardasa qoxusunu içinə çəkdiyin bir uşaq,
Çörək qırıqladığın quşlar,
Sevdiyin bir qadın var...
Sən də hamı kimi...
İnsansan yəni...
Səni sevməyə haqqım var...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!