Qonub əllərimə hicranın tozu, Vüsalın şehiylə yuyasan gərək... - Fəxrəddin Teyyubun şeirləri

Gedirəm

 

Yarpağı solmayan söz ağacıdı,

Həsrətdən su içən naz ağacıdı.

Dərd mənim gözümdə qoz ağacıdı,

Payızdan-payıza çırpıb gedirəm.

 

Kədərli günlərim acıdı daha,

Yaşım dost deyil ki, yağıdı daha,

Ömrümün daşlaşan çağıdı daha,

Qaya parçasıyam, qopub gedirəm.

 

Durum köküm üstə, düşməyim heydən,

Tökülsün ovcuma bərəkət göydən.

Bəzən quş oluram dimdiyimdə dən,

Süfrəmə ruzumu tapıb gedirəm.

 

Gedən, axı necə geri gələcək?

Axır ki, sözümün yeri gələcək.

Mən köçsəm, yerimə biri gələcək,

Bir həsrət ürəyə hopub gedirəm.

 

04.04.2024

 

Nə yaman şirinmiş

bu həyat, Allah

 

Gözəldi səhərin gözündən öpmək,

Oxşayıb Günəşin saçın daramaq.

Bağda qızılgülün üzündən öpmək,

Qırılan budağı görüb sarımaq.

 

Hər kəsin əlləri yetişə vara,

Olmaya həyatda umub-küsənin.

Yol alıb gedəsən qışdan bahara,

Ehtiyac qapını döyməyə sənin.

 

Bəzən doludan çox boşu görmüşəm,

Kəsibdi yolumu duman da, çən də.

Suya təşnə qalan quşu görmüşəm

Yarpağın üstündə şehdən içəndə.

 

Ömrümə bir az da ömür qat, Allah,

Görə bilmədiyim yerləri görüm.

Nə yaman şirinmiş bu həyat, Allah,

Qoy, neçə günüzlü səhəri görüm.

 

22.01.2024

 

Ümidim körpədi

 

Sönməyib kül altda hələ köz, deyim,

Bilmirəm özümə necə "döz" deyim.

Yaşım qoymur axı sənə söz deyim,

Sevgimi gözümdən duyasan gərək.

 

Dərdi sinəm üstə sərmək istəsən,

Nisgilim ulduzdu, dərmək istəsən.

Həsrətin rəngini görmək istəsən,

Gecələr baxasan Aya sən gərək.

 

Qarşıma çıxanda yenə baş axdı,

Kövrəldim, gözümdən necə yaş axdı.

Ümidim körpədi, hələ uşaqdı,

Qolların üstünə qoyasan gərək.

 

Nə yaxşı varıymış bu yazı-pozu,

Sızlayan ürəyim bir mələr quzu.

Qonub əllərimə hicranın tozu,

Vüsalın şehiylə yuyasan gərək.

 

12.02.2024

 

Ürək itirməkdi ana itirmək

 

Faiq Balabəyliyə

 

Ürəyin təşnəydi elə bil dərdə,

Bəd xəbər gətirən səhərdən içdin.

Ağladı halına yerlər, göylər də,

Hamının içdiyi zəhərdən içdin.

 

Hicrandan qırılar qanad da, qol da,

Qəlbini dərd oxu dəlib keçəcək.

Ana məzarına gedən bir yol da

Ruhunun içindən gəlib keçəcək.

 

Ucadan-ucasan qüssə tacınla,

Daha indən belə quş olacaqsan.

Bilirdim, sızlayan ağrın-acınla

Bir gün gəlib mənə qoşulacaqsan.

 

Əl çəkmir ömürdən kədər axır ki,

Nə vaxt əriyəcək duman-çən, soruş.

Bu elə yara ki, elə ağrı ki,

Kəsilər, kəsilməz, həsrətdən soruş.

 

Ümid köhlənini çapa bilməzsən,

Çətindi bir dünya dərdi ötürmək.

Ha gəz, ömürboyu tapa bilməzsən,

Ürək itirməkdi ana itirmək.

 

20.03.2024

 

Dünyaya gəlməyin

sirrin biləsən

 

İstəmirəm işin dərinə düşə,

Hahaqdan alova, oda düşəsən.

Etdiyin yaxşılıq yerinə düşə,

Özgə süfrəsində yada düşəsən.

 

Duyğumu könlümə dirək bilirəm,

Bəxtimi güldürər zaman, görəsən?

Ümidin yuvası ürək, bilirəm,

Harda gecələyir güman, görəsən?

 

Ömrün üstündəki qaşıdı naxış,

Doğma bir veribsə, beşin yad verib.

Bəzən görürsən ki, bir isti baxış

Uçmağa adama qol-qanad verir.

 

Zəhmətin işığı düşsün hər paya,

Kimsədən gözləmə sənə bal verə.

Arzunu qoymağa yerin olmaya,

Qarşına çıxanın bir çuval verə.

 

Həyat kitab kimi oxunmaz asan,

Birin bilməyəndə, birin biləsən.

Gərək gecə-gündüz baş sındırasan,

Dünyaya gəlməyin sirrin biləsən.

 

23.03.2024

 

Hamı darıxır

 

Kimdi ürəyimi Günəşə sərən?

Üşüyən evimin damı darıxır.

Bu nədi, nə olub dünyaya, görən?

Kimi dindirirsən, hamı darıxır.

 

Ötən köhnə ildən gileylənirsən,

Deyirsən, təzə il gözəl olacaq.

Bir də görürsən ki, nə göy, nə yersən,

Arzun nə biləsən, xəzəl olacaq.

 

Babalar tikəni sökdük hərəmiz,

Aləmdi ayağın üstə durmağın.

Ümidin zəhləsin tökdük hərəmiz,

Ötüşdü vədəsi xəyal qurmağın.

 

Susuz bağ-bağçanın üzü ağ olmaz,

Suyu quruyanda çay darıxmasın.

Adam darıxanda dünya dağılmaz,

Günəş darıxmasın, Ay darıxmasın.

 

09.01.2024

 

Bəlkə Ay göndərib

yerə baharı?!

 

Hər kəsə əzizdi baharın xətri,

Daha yerin, göyün gülən çağıdı.

Məni məst eyləyir gül-çiçək ətri,

Ləçəklər qızaran qız yanağıdı.

 

Qış yığıb köçünü, gözdən itib ki,

Nə şaxtası, nə də sazağı gəlir.

Ağaclar yuxuya elə gedib ki,

Yazın oyatmağa yazığı gəlir.

 

Haqqı var, yamyaşıl çəmən öyünə,

Yoncanın, tərənin bir bax, dadına.

Qoşulub gedirsən yaz küləyinə,

Geriyə dönməyin düşmür yadına.

 

Yerin nə sirri var, sirr göydə olur,

Bəlkə Ay göndərib yerə baharı?!

Adamın qəlbinə min şübhə dolur,

Gecikən görəndə qaranquşları.

 

02.04.2024

 

Bu ümid hələ çox

yaşadar məni

 

Yaşım qılıncını çəksə üstümə,

Kədərim çən kimi çöksə üstümə,

Buludlar hirsini töksə üstümə,

Döysə yağış məni, boran, qar məni,

Bu ümid hələ çox yaşadar məni.

 

Haqqım yox, doğmadan, nə yaddan küsüm,

Uça bilməmişəm, qanaddan küsüm?

Qoymadı darıxım, həyatdan küsüm,

Bağçamda, bağımda bəhər, bar məni,

Bu ümid hələ çox yaşadar məni.

 

Çevirmə arxanı öz amalına,

Tanrı sevgisindən süz amalına.

Gözümü dikmədim dünya malına,

Desin, kimsə görüb könlü dar məni,

Bu ümid hələ çox yaşadar məni.

 

Toyda da, yasda da görünmüşəm mən,

Ruzum qaçaq düşüb, sürünmüşəm mən.

Utanıb abrıma bürünmüşəm mən,

Bəzən ac qoyubdu həya, ar məni,

Bu ümid hələ çox yaşadar məni.

 

Ürəyə məlhəmdi bir isti baxış,

Ömrü uzadandı hər dua, alqış.

Mənə, neyləyəcək axı qarlı qış?

Gətirib dünyaya ilk bahar məni,

Bu ümid hələ çox yaşadar məni.

 

04.02.2024

 

Məni özgə tapmaz,

özün tap, ana

 

Dalğası olmuşam dəniz anamın,

Ləpətək sahilə sürünmüşəm mən.

Bəlkə də son dəfə əziz anamın

Məzarı başında görünmüşəm mən.

 

Məni kim deyir ki, gündə görüblər?

Dərələr boyunca çən olmamışam.

Deyirlər, döngədə, tində görüblər,

Mənim kölgəm olub, mən olmamışam.

 

Qəbristan yolunda itən ümidlər,

Bir gün tapılacaq, zamana qaldı.

Çətin ki, bar verə bitən ümidlər,

Göyərər, göyərməz, gümana qaldı.

 

Soruşa bilmərəm gəlib-keçəndən,

Məni özgə tapmaz, özün tap, ana!

Mən yoxam, itmişəm anam köçəndən,

Muştuluq, mükafat düşür tapana.

 

27.01.2024

 

Məni barışdırın

 

Yer deyil, göy deyil əzən adamı,

Çay kimi axırsan düşüb axına.

Səhv, girov götürür bəzən adamı,

Qənim kəsilirsən azadlığına.

 

Hər ulduz Ay kimi sayrışa bilmir,

Yanır yad ocaqlar, hamı ayrıdı.

Özündən küsənlər barışa bilmir,

Özündən küsməyin tamı ayrıdı.

 

Gərək öz tərəzin, öz çəkin ola,

Fərqi yox, köhnədi səhvin, ya təzə.

Səhv etsən, içində bir hakim ola,

Gedəsən hökmüylə gedər-gəlməzə.

 

Həqiqət hardadı, yeri tapılmaz,

Mən kimə gərəyəm axı düzümlə?

Özümdən küsəndə biri tapılmaz,

Gələ barışdıra məni özümlə.

 

24.02.2024

 

Doğman deyiləm ki...

 

Lap elə min kərə könlünü alım,

Doğman deyiləm ki, ögeyəm yenə.

Uçur göy üzündə şair xəyalım,

Peşman olma, məni sevmədiyinə.

 

Bəlkə dərd gələrdi üstünə dərdin,

Qara gözlərindən doyub gedərdim.

Bəlkə də gözümdə adiləşərdin,

Səni gözüyaşlı qoyub gedərdim.

 

Qəlbinlə danışma daha gündə sən,

Qalan, qaladığın oddu, ocaqdı.

Ayrılıb gedərdik hansı tindəsə,

Kim bilir, sonra da nə olacaqdı.

 

Bu dünya, dünyanı sevən kəsindi,

Eşqi aşıb-daşsın gülən səhərin.

Bəxtindən istəmə heç nə, bəsindi,

İsinsən oduna xatirələrin.

 

20.02.2024

 

Günah

 

Bəzən bir arzunu duman aparır,

Bilmirsən, harasa güman aparır.

Haramın qazancın dərman aparır,

Çapıb taladığı varı da günah.

 

Ruzu cəm əlində, de, tək neyləsin?

Əlin öyrəşibsə, ətək neyləsin?

Balın tamı qaçıb, pətək neyləsin?

Arıda günah var, arıda günah.

 

Dünya görünməsin gözümə mələk,

Söz desəm, deməyin, sözümə mələk.

Heç vaxt deməmişəm özümə mələk,

Mən yarı savabam, yarı da günah.

 

Kaş rəssam olaydım

 

Bağçama, bağıma qar yağıb yenə,

Bəyaz təbəssümdü, bu, qar deyil ki.

Lopalar bənzəyir ağ göyərçinə,

Göydə uçuşurlar, bahar deyil ki.

 

Torpağa xeyirdi, yerə xeyirdi,

Baharda dil açar, ruzu, var altda.

Dünən nərgizgülü gülümsəyirdi,

Bu gün gözə dəymir, qalıb qar altda.

 

Göydən qayğı yağır, sevinən deyil,

Soruşmayın, qəlbim niyə gülmədi?

Ağappaq xalıdı torpaq elə bil,

Üstündə ağaclar ilmə-ilmədi.

 

Deyirəm, dünənki çal-çağır hanı?

Küçələr saxlamaz adam səsini.

Səhər ayrı cürə gördüm dünyanı,

Gördüm ki, dəyişib qiyafəsini.

 

Yerin bəyazlığı arzu ki, kam ki,

Əzəldən torpağa başımı əydim.

Kaş rəssam olaydım, elə rəssam ki,

Uşaq sevincinin rəngin çəkəydim.

 

14.01.2024

 

Anam göylərin də

anası imiş

 

28 ildir ki, anamın yolunu gözləyirəm.

Dünən gecə gözümə yuxu getmədi.

Ta bu şeir doğulanacan.

5 yanvar - ömrümün ən ağrılı günü.

 

Bu gecə Ay səni soruşdu, ana,

Gözümdə yaş görüb, Ay da ağladı.

Ulduz balaların yığıb başına,

Şivən də qopardı, yas da saxladı.

 

Görürəm, göyləri necə dərd alıb,

Göylər sola bilmir, çəmən deyil ki.

Ayın çöhrəsində nuru azalıb,

Daha işıq saçmır, həmən deyil ki.

 

Çən kimi hər yanı bürüyüb sükut,

Bu yorğun dünyanı yormaq istəyir.

Niyə fikirlidi, görəsən, bulud?

Yas üçün çadırmı qurmaq istəyir?

 

Nə gündüz, nə də ki, gecə mənimdi,

Ürəyim bir ömür yanası imiş.

Mən elə bilirdim, təkcə mənimdi,

Anam göylərin də anası imiş.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!