Xınasız daş idim -
qonmadı kəklik
Gənclik illərimdə Qaraçı bir qız
yolumun üstünə çıxdı və - baxdı,
(bəlkə də, şairəm, inanmazsınız)
qəlbimi ovcunda sıxdı və baxdı.
(Sonralar - o cürə baxış görmədim,
Tutmuşdu - o sayaq naxış görmədim,
yağmur olmasaydı - yana bilərdim!)
İndi də arabir yuxuma gəlir,
uzaqdan boylanır, yaxına gəlir,
dediyi - düz çıxıb - baxtıma gəlir;
siz Allah, bir görün - hələ nə vaxtdı!
Yadımda hələ də "o selim" qalır,
ovcunda sağ üzüm, sol əlim qalır,
Qaraçı deyənə - "Beş ilim" qalır!
Bu vaxt - həyatımın bitdiyi vaxtdı.
Bir daha görmədim o cür gözəllik,
xınasız daş idim, qonmadı kəklik,
insanın Dünyaya gəlməyi - şənlik,
getməyi - murada yetdiyi vaxtdı...
10.04.2024
Bərəkət...
Yaşa, firavan ol, vüqarlı Vətən,
hər ömür anında vardı Bərəkət,
payız bağlarında Fironluq edən
qışdakı çiskindi, qardı Bərəkət.
Sən, deyib-güləyən, düşmən vasvası,
qanla da yuyulmaz qəlbinin pası,
abırlı insanda - Şahlıq libası,
ismətsiz əyninə dardı Bərəkət,
İsmini duymuşdum Haqq aşığından,
hər an söz salardı yaraşığından,
başlayıb, adicə şam işığından
ocaqda alovdu, qordu Bərəkət,
O, elə varlıq ki, aşıb-daşandı,
sevincdi, qürurdu, şöhrətdi-şandı,
nur gəzən insana gözlər açandı,
qəlbiqaralara kordu Bərəkət,
Yurdum, illər boyu davalı oldun,
qaçqın-didərginli yuvalı oldun,
çox bağban sevincdən havalı oldu -
çünki budaqları qırdı Bərəkət,
Qürurlu millətim - çağlayan dəniz,
çoşan bir dalğası mən -
Vahid Əziz,
savaş meydanında - Vətən sevgimiz,
şənlikdə kamandı-tardı Bərəkət...
26.12.2023
Yaylaqda bir gün...
Ağzı qırılaydı kərəntilərin,
gül məni səsləyir, onu səsləmir,
yoluna daş yağsın düşmən gələnin,
çiçək yar gözləyir, onu gözləmir.
Nəfəsim qarışdı bəyaz buluda,
görən, yar tanıyıb, bilərmi sağam?
alaçıq üstündə yanan quruda
gözüm qamaşmaya - doyunca baxam.
Bir çoban tütəyi nə cür çalırsa,
nə göylə səmayam, nə yerlə yerəm,
yaylaqlar ağlımı necə alırsa,
qışadək özümə gələ bilmərəm.
Köynəyim şehlərə elə batıb ki,
hələ indiyədək nəm, əynimdədi!
Bir duman qayada elə yatıb ki,
boynu elə bil ki, yar çiynindədi.
Hər kəs bir cür tapır həyatın çəmin,
mən isə gəzəcəm ölənə kimi,
ağzı qırıq qalsın kərəntilərin
gələn yaz mən bura gələnə kimi...
12.05.2019
Öz aramızdı...
Səndən də gəlib-gündə
Süleymana deyirlər.
Süleyman Rüstəm
Gülüm, özbaşına sınmır havalar,
Onu biz soyutduq - (öz aramızdı).
Arada nə düşmən, nə yabançı var,
arada olan da - öz aramızdı!
Sevgimiz olubsa bu qədər cılız,
Könül dəftərindən lap adımı cız!
İki bədbəxt ürək yanır cızhacız,
tüstüsüz, dumansız köz - aramızdı.
Daha tuta bilmir ürəyi sinə,
düşdü dəli kimi eşq həvəsinə,
səndən mənə deyir, məndən də sənə;
arada dolaşan söz - aramızdı.
Tale eşqi verdi bizə əmanət,
ocağa əmanət, közə əmanət,
dedilər -"Göz dəyib, nəzərdi həlbət?"
Vallah, nəzərləyən göz - aramızdı!
Könlün, inanmıram, düşmür həvəsə,
Gecələr qəlbimlə verə səs-səsə,
Od tutar, yanarlar üz-üzə gəlsə?
Həyadan keçməyən üz aramızdı.
Səninlə olsaq da bir eşqə şərik,
düşüb, bir araya gələ bilmirik,
bir azı sənlikdir, bir azı mənlik;
azaldaq; ara ki - öz aramızdı...
06.03.2021
Mənə gül gətirmə
şad günlərimdə...
Bir insan ömrünü girov qoymuşam,
bir şair ömrünü yaşatmaq üçün...
Nəriman Həsənzadə
Mənə gül gətirmə şad günlərimdə,
bu sayaq eləmə göyçək ömrümü.
əzəli çəmənlik, sonluğu güldan -
yarımçıq bitirmə çiçək ömrünü.
Təkcə günahkarlar olmur müttəhim;
kim var ki, ömründə xəta etməsin?
İşdir, çiçək olsam, o yerdə bitim -
insan əl-ayağı ora yetməsin.
Mənə gül gətirmə xoşbəxt günümdə -
görkəmi solanda pisimə gəlir,
qucağı gül dolu insan görəndə
çaşıram - elə bil, yasıma gəlir!
Görürəm - oxuyub bu yazdığımı,
niyə dodaq büzür, niyə əsirsən?
Məyus eləyərək arı yazığı,
pətəyi boş qoyur, balı kəsirsən.
Hələ kəpənəkdən danışmıram mən -
birgünlük ömrünə qənim kəsilmə.
çiçəklər məkanı - yamaclar, çəmən,
ömürlər qırmağa buraya gəlmə.
Doğum günlərimdə gül gətirməyin,
yetər - açıq ürək, nurlu təbəssüm,
qıymaram, bir anlıq bəxtəvərliyim
başqa ömürlərə qənim kəsilsin...
08.01.2021
Böyük hünər...
Aranı-dağlara, dağı-arana
çəkmək ricasını mənə gül yazır.
əzmim can atdıqca baş çıxartmağa,
qısqanan zəmanəm başımdan basır.
Məkri qəribəymiş yana bilənin;
candan əl götürməz külə dönmədən.
nahaq ayağına qaçdım gələnin,
gəlməyin məğzini bilə-bilmədən!
Ayıran, bir yerə yığan da çomaq -
yatanı oyatmaq - böyük hünərdi!
Asan iş olsaydı bina ucaltmaq,
zəhmətkeş qarışqa Saray hörərdi.
Özüm də arabir dağda-aranda
istədim qoyunlu-quzulu olam,
cızılıb Qobustan qayalarında,
tarixə müəmma yazılı qalam.
İçimin qaranlıq "sandıqçası"ndan
bu gün oxunanlar boyun vurdurar,
Dünyaya qayıtsam başqa bir zaman -
duyan Yeni nəsil farağat durar...
13.04.2024
Kəlbəcərdə...
Yolunu bizlərdən yaxşı salmısan,
gecənin bu vaxtı qapımı döyən.
Bu eldə hər kimin qonağı olsan
ya dastan yazandı, ya şeir deyən.
Çox evdə işıqlar sönməz gecələr,
aşıqlar göylərdən enməz gecələr,
comərdlər diyarı - ulu Kəlbəcər -
hər sözü oynadıb yerində deyən.
Hələ indiyədək görünər yeri -
dağlar da unutmaz Dədə Şəmşiri,
Vurğunla Ustadın deyişmələrı,
dillər əzbəridir - Ellər söyləyən.
Hansı diyarda var bir belə sərvət;
Bəhmən Vətənoğlu, Qəmdər, Sücayət;
bu eldə - Baş tacı - namusla qeyrət,
(biri də mən özüm - bu şeiri deyən).
Dünya "Daş muzeyi" - qədim Kəlbəcər,
bura Tanrı özü hərdən baş çəkər,
torpaq özü oldu zirehli əsgər,
qanlı kəfənini əyninə geyən.
Fərq etməz, bizlərdə "qışdı", ya "yaydı",
hər ev səni bu cür qarşılayardı,
hesab et: bacındı, ya qardaşındı,
hər kəs - gecə vaxtı qapımı döyən...
14.04.2024
Balaban
Qardaş Türkiyədə məskunlaşmış ustad, balaban ifaçımız
Əlihan Səmədova
Duyub milyon-milyon səslər içində,
həmən tanıyram - hankı Balaban!
Sonuncu ümidi sönən içində -
ağlayan kişidir sanki Balaban.
Ürək tar kimidir, ciyərlər - Kaman,
Zurna - coşan seldir, Sazlar - asiman,
Tütək - sürüləri qoruyan duman,
Davul - Ordu zəhmi, cəngi - Balaban.
Nə əhval pozandır, nə qulaq yorar,
adamın içindən bədbinlik qovar,
kübardır - çəkilib kənarda durar,
Zurnalar çalanda "Cəngi" - Balaban.
O - uca göylərdə durna qatarı,
ağac gövdəsinə bal yığan arı,
Günəş işığının Yeddi çaları,
üstəlik, Yeddi min rəngi - Balaban!
Çoxdan görüşmürdün Vahid Əziznən,
ayrı düşənlərdən - Dərələyəzdən,
məni körpəlikdən bəyaz bələkdə
öpüb-oxşayardın, sən ki, Balaban,
dindirin - nəğmələr, səslər içində
həmən tanıyaram - hankı Balaban...
08.04.2024
Anamın boyu...
Adı həm dilimdə, həm ürəyimdə,
qəlbimdə - yaxdığı çıraqdır yanan,
boyu necəydisə mən ilk görəndə,
elə o boyda da köçdü Dünyadan.
Qızlar saç buraxır, söyüdlər kimi,
"Koroğlu" oğlanlar bığ saxlayırdı,
artmaqda olsa da saçımın dəni,
Onu öpdüyümtək körpəliyimdə,
(Anam da lap elə-qocalığında)
məni eyni cürə qucaqlayırdı.
Dolaşıb nəyinsə axtarışında,
hər şeyi yerinə vaxt qaytarırmış.
İndi anlayıram, ahıl yaşımda,
insan qocaldıqca - uşaqlaşırmış.
Ömür dərə-təpə, sıldırım, yarğan,
keçərik taleyin körpüləriylə,
qızlar boy atmazlar Ana olandan,
boyu paylaşarlar körpələriylə.
Qalar keçmişimlə gələcəyimdə;
ürəyim - yaxdığı çıraqdır yanan,
O nə boydaydısa mən ilk görəndə,
Anam o boyda da köçdü Dünyadan...
21.03.2024
İnanmasan...
Doğula bilməzdim niyyəti çirkin -
açım ürəyimə bax, inanmasan,
qonmuş eyvanıma bəyaz göyərçin,
bu da ki, şəklidir - "ağ!" - inanmasan,
Küləklər çox oldu - ömrümə əsən,
elə güman etmə, tək elə - sənsən!
Çaşma, min il sonra tapıb-görüşsən;
bu da ki, o şəklim, "sağ" - inanmasan.
Mən - sevgi yolunda həm dağ, həm aran,
üstümdə havalar, hey, xarab olan,
sənsiz ömür soyuq, can perik-pərən,
buyur, ətəyinə yığ, inanmasan.
Mənimlə tən gəlməz - sevsən hər kimi,
qəlbim "ağılarda" sətirlər kimi,
duyub sənə olan məğrur eşqimi,
gələr ayağıma dağ, inanmasan...
19.02.2024
Gözəllikpərəst
Giley eləməyə yoxdur adətim -
(sadəcə, özümlə dərdimi böldüm)
həm Şair, həm Rəssam ola bilərdim;
amma inanmıram gözəlliyini
vəsf edə bilməkçün bir boya yetsin,
Sən - mavi göylərdə süzən qağayı,
tapılmaz, üzünün-gözünün tayı,
Üfüqsən; "Lacivərd", "Yaşıl", "Çəhrayı"-
qatsam bir-birinə Min ili-ayı,
yatsam, inanmaram, səndən doymağa
bütün yuxularım bəs edə bilsin!
Səttar da "Fırçadan" əlini cəkdi,
(üzünə Cənnətdən örtük çəkildi),
Mən də Müşfiq kimi "Gözəllikpərəst";
mənə də səmalar hönkürəcəkdi,
çətin, ağlamağa El yası yetsin!
Söykə ürəyini qəlbdəki səsə,
eşqinlə ayrılıb-dönən nəfəsə,
yaşamaq, sadəcə, ömür etməkdirsə,
fərq etməz, hansı bir anında bitsin...
03.04.2024
O yolnan...
Bir gün kor olarsan, gözəl, tüstümə -
sən məni yandırma gülüm, o yolnan,
kölgəm də kölgənin düşməz üstünə,
qol-qola getməsə bu qol o qolnan.
Çiçək, təkəbbürlü baxışdan əl çək,
səndə şəklim varsa, yanında gül çək,
könlündən-könlümə telindən tel çək,
səsləşə bilsinlər bir yol bu yolnan!
Arada, bilirsən, nə qədər il var?
Baxma duruluğa - çeşmədə lil var!
Bu kol - bülbüllüdür, o kolda gül var -
nələr pıçıldaşar bu kol o kolnan?
Yel əsdi - bağlarda çox yuva uçdu,
pərvanə şamdakı alova uçdu,
bəlkə, sonaları bivəfa quşdu,
nədən yola getmir bu göl o gölnən?
Axşamı - qaraqaş, səhəri göygöz,
Bakinin işvəli Xəzəri göygöz,
özünü yandırar dağıtdığın köz,
sən mənə qıymışdın bir yol o yolnan!
Üz-üzə gələnə kormu olursan?
Donuram - saçlarda qarmı olursan?
Mən də öz qəlbimi korluğa vursam,
nə cürə anlaşar bu "kor" o "kornan"?
Qırıldı qəlblərin çox arzuları,
Davalar - şavalar, el qırğınları.
Analar Sülh üçün doğur onları;
savaşa qalxmasın oğul-oğulnan;
dağılar Dünyamız, Tanrım, o yolnan...
25.03.2024
Sənə yanan mən olacam...
Çoxmu qalır gəlməyinə?
qarşılayan mən olacam!
Göz yumaraq hər işinə,
qarışmayan mən olacam,
Ömrün bir son baharında,
köçsəm durna qatarında,
vəfasızlar Divanında
qınanmayan mən olacam,
Qıyma; həyat qəfil sına,
ürəyimin vəfasına,
xəcalətlər boyasına
boyanmayan mən olacam,
Ürəkli ol, vaxta dirəş,
tacsız saman - adi küləş,
nə Ay olsa, nə də Günəş,
sənə yanan mən olacam,
Duymazsan qəlbin ahını?
Adam danmaz Allahını!
Özgə etməz - günahını
bağışlayan mən olacam,
Qurban olum gözlərinə,
rəhm elə bu sərsərinə,
hər dərdinə, hər şərinə
yenə şayan mən olacam,
Çoxmu tutum səni dilə,
yaşlar töküm gilə-gilə?
Üzün məndən dönsə belə,
xatırlayan mən olacam,
Yolların düşdü haradan?
yerimi bilir Yaradan!
Bəxş etdiyin yaralardan
sağalmayan mən olacam,
Satmaqdayam günü-günə,
güman qalmır gəlməyinə,
el desə də, ölməyinə
inanmayan mən olacam...
03.02.2024
Dünya bizimdi...
"Dünya sənin, dünya mənim,
dünya heç kimin".
Məmməd Araz
Eşələdim bu cahanı mən hər üzünə;
düşünmə ki: "Ömrün mehi bircə əsimdi",
Tanrı özü şərik qoşub bizi - Özünə,
əgər bura gəlmişiksə, Dünya bizimdi!
Biri - aydın, biri - zülmət; Doğu - Batı var,
yer üzünün bizim üçün üstü, altı var,
əl çatmayan səmaların yeddi qatı var -
bilmişiksə, kainatla - Dünya bizimdi!
Bezdirsək də, bir kənara çəkməz özünü,
pıçıltıyla danışsan da - tutar sözünü,
dünyamıza basqın etmiş düşmən izini
qanımızla silmişiksə, Dünya bizimdi!
Saniyəsi, dəqiqəsi, ayı, ili var,
ixtiyarı bizdə olan dağı, çölü var,
gözlərimiz tox olarsa - hamı tox olar,
zəmilərdə bitmişiksə - Dünya bizimdi!
Ayırd etmək dadı, duzu - dilə bağlıdı,
hətta duru çeşmələr də lilə bağlıdı,
ögey bilsə, cismimizi saxlayarmıdı?
Qucağında ölürüksə - Dünya bizimdi...
12.12.2021
Gəlin axtarardı
toyda analar...
Unuda bilmərəm həyatım boyu,
hardasız, sinəsi kövrək sazlılar?
Tozlu-tozanaqlı "Palatqa toyu"
bəxtəvər edənlər - boşanmazdılar!
Şənliyə axardı bütün el, mahal,
Günəştək yanardı bəylər, gəlinlər,
qoçlar - buynuzunda qırmızı dəsmal;
izdivac yolunda qurban gedənlər.
Gəlin axtarardı toyda analar,
bəxtləri gülərdi subay qızların,
şəninə uyardı köçən durnalar
toylar fəsli olan son baharların.
Yaxşı ki, hələ də toylar çalınır -
qəmlər unudulur, dərdlər sovrulur,
"Saray" toylarında hər şey tapılır,
bir azca doğmalıq qıtlığı olur.
Bir azdan dönəcək payız toyları,
görək - kim "bəy" olur, kim "gəlin" gedir?
"Üzərlik" yandırın, "Toy Sarayları",
dəbdəbə toyları gözə gətirir...
27.05.2017
Paho, qatarımız
çoxdan gedib ki...
Sən o perrondasan, mən bu perronda,
arada relslərin saldığı uçrum,
çiçəyim, deginən: - "boranda-qarda,
inciyən sonamı hara uçurdum?"
Uzat əllərini, bəlkə qovuşdu
saçına həsrətli bu əllərimlə,
indidən göz yaşım ovuc-ovucdu,
ayrılma, sel olub gedər səninlə!
Elə bil ilk dəfə qarşılaşırıq;
sən o perrondaydın, mən bu perronda,
elə bil sıramı salıb qarışıq,
gözucu süzərək durdum yanında.
Gəl, vurnux dövrəmdə, elə bilək ki:
"Guya, düymən qopub, sırğan itibdi,"
başımız qarışsın, gileylənək ki:
"Paho, qatarımız çoxdan gedib ki..."
Arada heç bir şey olmayıb kimi,
öpərək, çantanı əlinnən alım,
yenə də köksümə sıxaraq səni,
isti pencəyimi çiyninə salım.
Göz-gözə gah coşaq, gah pıçıldayaq:
"Bir gör, nəyə görə davalıymışıq?"
Sən məni, mən səni günahkar sayaq:
"Həlbət, ikimiz də havalıymışıq!"
Sən o perrondasan, mən bu perronda,
arada relslərin saldığı uçrum,
çiçəyim, bir dayan, bu son baharda
ömrümü-günümü hara uçurdum?..
01.02.2007
"Yüzdən" sonra...
Mənə "Yüz il" arzulayan,
nə olacaq "Yüzdən" sonra,
xatırlayıb yada salan -
nə salacaq "Yüzdən" sonra?
Daha mənə dost, o zaman,
fərq eləməz, dağla aran,
qurudunsa - canlar alan
nə alacaq "Yüzdən" sonra?
Lap yerində qalsın huşun,
yaşıdı ol kor bayquşun,
həmsöhbətin, ya tay-tuşun
kim olacaq "Yüzdən" sonra?
Çəkil, get üzü yumuşaq,
inan mənə; oğul-uşaq
səndən canın qurtarmağa
çalışacaq "Yüzdən" sonra!
Cana hər cür azar gələr,
son bahartək yazlar gələr,
tiftiklənmiş astar gələr
didiklənmiş üzdən sonra!
Nə minməli belin qalar,
nə pul verən əlin olar,
adın eldə bəd hallanar,
(kül atılar közdən sonra)
Get...yansınlar boş yerinə,
çəkil, uzaqlaş Yerinə,
ağlayanda - yaş yerinə
nə gələcək gözdən sonra;
Yüzdən sonra
yaşananlar - qismətimiz,
qorunmalı hörmətimiz,
gedək, abır-ismətimiz
gedə bilər üzdən sonra.
Alovlar dil-dil danışar,
xatirələr kül danışar?
Gerçəyini El danışar
barəmizdə bizdən sonra.
Basa-basa səbrimizi,
qələm qazar qəbrimizi,
Vahid Əziz,
yaşamağın nə ləzzəti
"Yüzdən" sonra?
16.04.2022
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!