Açılıb göylərin qaşı-qabağı, Günəş ağır-ağır üfüqə enir... - Şeirlər. Elxan HÜRRİYYƏT

Dağlar

 

Zaman-zaman yol gəlib,

Yatırmı indi dağlar?!

Yorğunluğun daşını,

Atırmı indi dağlar?!

 

Ayrıla da bilmirəm,

İnanmazdım əfsuna.

Qartallar keşik çəkir,

Dağların yuxusuna.

 

Dağlara

 

Uşaqlıqdan sizə saldım mehrimi,

Həsrətiniz məni çəkir, sehirmi?

Görən gözlər sizdən doydum deyirmi,

Bir meh olub tələsirəm dağlara.

 

Mən gəlmişəm görüşünə yağışda,

Seyr etmədim sizi ani baxışla.

Əzizlərim, ay ilk eşqim, bağışla,

Məcnunuyam baş əyirəm dağlara.

 

Təşnə könül, həsrətindən çək ahı,

Hər kədərin bir sevinci var axı.

Keçmişimin, bu günümün, sabahın,

Vətəndaşı mən deyirəm dağlara...

 

Bahar

 

Açılıb göylərin qaşı-qabağı,

Günəş ağır-ağır üfüqə enir.

Vüqara bələnib Ziyarat dağı,

Mənim gözlərimdə həsəd gizlənir.

 

Qanını qaraltmır üfüqlər daha,

Yerin nəfəs alır dərin qatları.

Günəş boy göstərib söykənir dağa,

Əriyir gündüzün son saatları.

 

Qızılı şəfəqlər süzülüb gəlir,

Yer ilə günəşin uzaq qatından.

Gülümsər çöhrəli ana təbiət,

Nurlanır göylərin bu sovqatından.

 

Heyrətəm baharın bir vərdişinə,

Gələndə hər zaman vaxtında gəlir.

Boyalı rəng qatıb öz tişəsinə,

Hər zaman gözəllik taxtında gəlir.

 

Qorxuram

 

Dəymə mənim malıma, dövlətimə,

Əvəzində canımı al, - qorxmuram.

 

Qaydanı, qanunu əfi ilan tək,

İstəyirsən boynuma sal, - qorxmuram.

 

"Volqa", "Jiquli", nə bilim tay nəyi,

Evi, bağı adıma sal, - qorxmuram.

 

Nəzarəti, müfəttişi demirəm,

İllah gələ Rüstəmi Zal - qorxmuram.

 

Hər havaya oynamışam bilirsən,

Təzə hava çalsa da val - qorxmuram.

 

Yıxsa məni bu aşkarlıq yıxacaq,

Aman dayı qeydimə qal - qorxuram.

 

***

Bu qədər kövrəklik puç etdi məni,

Bir az sərt olmadım, bir az ağıllı.

"Səadət hər kəsin öz əlindədir",

Əllərim uçurtdu, onu dağıtdı.

 

Mənim arzularım dünya qədərdir,

Hamısı işıqlı, hamısı parlaq.

Yaxşılıq həmişə əlimdən tutub,

Pisliklər yolumda əngəldi ancaq.

 

Buna nə ad verək, necə çağıraq,

Düşünmək, daşınmaq məni yorubdur.

Günahın bir ucu mənim əlimdə,

Neştərli tərəfi səndə olubdu.

 

Bir də o günlərdən niyə danışdım,

Yazdığım misralar xətrinə dəyər.

Hələlik bəxtimin yuxusu şirin,

Hələ uğursuzluq qapımı döyür.

 

Bir də o günlərə qayıtmaq çətin,

40-a yaxınlaşır ömür gəmimiz.

Tufana düşmüşük kiçik qayıqla,

Qoşa avarlarıq bizim ikimiz.

 

***

Başım üstdə gəzdirərəm,

Ana yurdun şəkilini.

Ürəyimdə gəzdirmərəm,

İtin-qurdun şəkilini.

 

Çiçəkləyər nar ağacı,

Namus-qeyrət ar ağacı,

Harda gördüm dar ağacı,

Gördüm mərdin şəkilini.

 

Hər işini görübdür şər,

Artıq qanda zəhrimar şəkər,

Məni görən rəssam çəkər,

Dərdin-qəmin şəkilini.

 

Tanrı sevdi mən dəlini,

Verdi mənə öz əlini,

Qırıb bütün heykəlini,

Cırıb atdım şəkilini.

 

***

Arzuya çatdı kimlər?

Başımı qatdı kimlər?

Götürdü atdı kimlər?

Arzumuzdan o yana.

 

Dünyada kimlər varmış,

Dünyada giclər varmış,

Dünyada biclər varmış,

Özümüzdən o yana.

 

Gəlin, üstümə gəlin,

Dondum, istimə gəlin,

Yandım, tüstümə gəlin,

Közümüzdən o yana.

 

Anam əbəsdir səyin,

Günlər ömür ləçəyi,

Ürəyim qəm çiçəyi,

Əzizimdən o yana.

 

Turac şəlalə...

 

Usta Adil Həmidova

 

Təbiət dəyişir İnsan əlilə,

Hünər dilə gəlib gülür üzünə.

Əllərin gövrəkdi ürəyin kimi,

Adicə daşlarda baxır sözünə.

 

Yenədə özünü asıb qayadan,

Şəlalə gözüylə ağlayır sular.

Uzaqdan, yaxından gələn yolçunu,

Yolundan əyləyib, saxlayır sular.

 

Zəhmətin yaraşıq verdi bu elə,

Adını daşlara beləcə yazdın...

Xətrinə dəyməsin heç ay "insafsız",

Günahız suları qayadan asdın.

 

Qoca dost

 

Q.Şəhriyara

 

Kişilikdən danışırsan hər zaman,

Kəlmə başı köhnə vaxtlar deyirsən.

Sözü ilə əməli düz tapmazsan,

Bu dünyanı dolan axtar deyirsən.

 

Bir "sən ölə" qan bağlanıb əzəldən,

Duz-çörəyə düz çörək də deyiblər.

Dost süfrəsi boş olanda bilirsən,

Xəcaləti çörək kimi yeyiblər.

 

Yolda qalan ac qalmazdı heç vədə,

Çöldən, düzdən çörək ətri gələrdi.

Bir qonağım özündən tez süfrəyə,

Köhnə salam, əziz xətri gələrdi.

 

Göz işləməz dağları var bu yurdun,

Dağları tək adəti var qədimdi.

Hər məsəlin sərraf sözün duyurdum,

Çoxlarına yağı idi, qənimdi.

 

Hər sözünü bu qəlbimə həkk edib,

Səndən ancaq yaxşı vərdiş götürdüm.

Səbrin ilə, ağlın ilə qoca dost,

Susuz gedib, çaydan su da gətirdim.

 

Əyrinin yüz, düzlərin bir yolu var,

Aramızda yalana yer yoxdu, yox.

Yaxşı-pisi tanımaqda qoca dost,

Haqqın, sayın bu boynumda çoxdu, çox.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!