Məni Günəşə gömərsiniz... - Qulu Ağsəsin şeiri

Mötərizə açılanda ağlayan,

bağlananda gülən...

bəşər -

heç vaxt indiki qədər

sadəlövh olmayıb, mən bilən...

Hələ tezdi,

vaxta var yəni:

əlli yaşdan sonra xəbər tutacaq qadın

əslində onu kimin sevdiyini...

Cin atında gəzmişəm dörd yanı,

ən təmiz yeri 

zibil qablarıdı dünyanın...

Xanımlar və cənablar,

baxın,

diqqətlə baxın:

nökərin göz yaşı üzündən yox,

kürəyinin arasından axır...

Qorxudan rəngi ağappaqdı

yuxarıdan özünü atan hər nə var:

istər adam olsun,

istər yağış, qar...

Bir də bu kadrlar -

zəlzələdə

Allahın altından

Allahın üstünə qaçanların nidası,

ovucda partlayan

fişəngin əl vidası,

göy boyda yorğanın

yer boyda mitili,

vayfayla əkilən insan şitili...

Və bir də:

məni Günəşə gömərsiniz,

gözümə yuxu getmir

soyuq yerdə...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!