Bu şeiri 1954-cü ildə yazdım, yarımçıq qaldı. 2017-ci il 24 dekabrda vaxtı gəldi, tamamladım. Vaxtı gəlməmiş, tamamlanmamış olsa da, məni bağışlayın. Yaşım çoxdu, vaxtım azdı, vaxta güvənə bilmərəm.
Qüds -
Bütün dinlərin
Həqiqət paytaxtıdı.
Qüds
Fələstin xalqının
Açılmayan baxtıdı.
Qüds -
Vicdan şəhəridi,
Haqsızlıq səhnəsidi.
Qüds -
Dili kəsilmiş
Həqiqətin səsidi.
Həm var, həm yox həqiqət,
Tapılmayan həqiqət,
Hər şeydən çox həqiqət...
Həqiqəti axtaran
Axırda dəli olar,
Zəmanədə ucalmaz!
Qocalar gedər zaman,
Qocalar gedər dövran,
Həsrətini çəkdiyim
Həqiqətsə qocalmaz!
Başımın ağarmağı,
Mənim cavan çağımda,
Yaşamaq xatirinə
Yalan danışmağımda,
Deməyin ki, adətdir,
Bu da bir həqiqətdir!
Bir həqiqət axtaran
Daş zindanda olanda,
Üz-gözünə süzülmüş,
Laxtalanmış o qan da,
Onun qulaqlarına
Pıçıldadı xəlvəti:
- Budur, mənəm - həqiqət
Axtarma həqiqəti!
Bax, başın dəydi daşa...
Bundan sonra, əzizim,
Vicdanla ver baş-başa.
Həqiqəti axtarma!
Get həqiqəti yaşa!
1954-2017
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!