Və bir gün...
Və bir gün beləcə çıxıb gedəcəm...
Ürəyin sonuncu qan damlasını,
olub-qopanımı sıxıb gedəcəm
ağ kağızlara!
Və bir gün bir şerin son misraları
nöqtələr olacaq, uzun nöqtələr...
Uzana-uzana gedən yolların
son ucu bir qəbir başına gələr -
bir şair şəklinin çərçivəsinə
çəkilər qara!
Və bir gün bu torpaq açacaq ağzın
sərçə balasıtək yumub gözünü
Dən istəyəcək!
Bir qarabuğdayı, qaragöz gözəl
Yanıb-yaxılacaq bir itik üçün
kimisə dərdinə tən istəyəcək!
Pənah gətirəcək hər cümə günü
tənha məzara...
Və bir gün, beləcə çıxıb gedəcəm...
Mənim bu dünyada nəyim qalacaq?
Bir qarabuğdayı, qaragöz gözəl,
bir də son misrası nöqtələr olan
yarımçıq yazılmış şeirdən özgə?!
1988
Akvarium
Hüseyin Cavid əfəndinin ruhuna
Xırda balıqların vecinə deyil,
İstər dəniz olsun, istər göl olsun,
istər ovuc tutmuş qoşa əl olsun,
Başını sallayıb üzər beləcə.
Ürəyi bulanmaz, gözü yorulmaz,
Özü öz gününə dözər beləcə.
Xırda balıqların xəbəri olmaz
iri balıqların üzgəclərindən,
sualtı, suüstü istəklərindən.
Xəbəri olmaz ki, iri balıqlar
bilməz tor dadını, qarmaq dadını
kiçik akvariumda böyük səbrini,
uşaq şıltağını yormaq dadını.
Eh, xırda balıqlar, sizə nə var ki,
Hara istəsəniz yığışırsınız.
Hərdən akvariuma, hərdən ovuca,
hərdən... bir ləpirə sığışırsınız.
Hərdən akvariuma, hərdən ovuca,
hərdən bir ləpirə sığmaq gərəkmiş
ömrünü birtəhər yaşamaq üçün.
Quşlar balıqlara həsəd çəkərmiş,
Balıqlar ölərmiş quş olmaq üçün!
İri balıqların yurdu-yuvası
gərək dəniz ola, okean ola.
Okean ömrünü, dəniz ömrünü
Verməz akvarium bircə an ola!
Akvarium ömrünü yaşaya bilməz
Okean sevdalı iri balıqlar.
Ya akvarium iyinə ürəyi dözməz,
Ya da ki...
Ya da ki, akvarium sınar!
1989
Taleyimiz oxşar imiş...
Sayqı və sevgilərimlə
Allahverdi Təkləliyə
Bir vaxt mən də quzuçuyudum Keçəlqorada,
Taleyimiz oxşar imiş, lələ, o vaxtdan.
Quzğunların caynağında quzu baxtımı
itirmişəm ilim-ilim elə o vaxtdan!
Ha qorğandım quzğunlardan qoruyammadım,
Quzu baxtım itik düşdü - sərdənə çıxmır...
...Ömür zəmim həşəm oldu elə o vaxtdan,
Sovururam günlərimi, gəl, dənə çıxmır!
Səndən başqa kimsə qahmar çıxmaz dərdimə,
Bilirsənmi ömrümüzdə nələr təniymiş?!.
Qulağımda bir səda var illərdir, demə,
"Dağ mələdən" o səs sənin "mələrtiniymiş"!
Yada düşür xatirələr - içim hoylanır,
Gör bir neçə dağ götürməz dərdə tanığam!
O illərin arxasından kədər boylanır...
Dost, nə danım, uşaqlıqdan ağzıyanığam!
Dost, nə danım, çox sıyrılıb dizim-dirsəyim,
O dağların quzğun süzən çıngıllığında.
Nə vaxtdan ki, agah oldu mənə taleyim,
Yaşayıram ömrü elə söz qılığında.
Kaş ömür də aman verə bir az vaxtına,
Xəyallarım xoş illərin sorağındadır...
Yaxın durmur kimsə mənim təlik baxtıma -
Yazıq canım yenə elə qorağandadır!
Özümü tapdım Şuşada
Axır görüşdük, hər yerdə
izimi tapdım Şuşada!
Qanı daşlara dağılan
dizimi tapdım Şuşada!
Heç bilmədim yerdi, göydü
Sanki başım ərşə dəydi...
İlahi, nə möcüzəydi,
Dözümü tapdım Şuşada!?
Köhlən çapsam fələyilən,
Daha yenilən deyiləm! -
Adına "Cıdır" deyilən
Düzümü tapdım Şuşada!
Qıyya çəkib verdim salam,
Səsimi duydu Savalan...
Tüstüsünə həsrət qalan
közümü tapdım Şuşada!
Yurda car oldu şöhrətim,
Dünyanı sardı heyrətim...
Şəhidimin cəsarətin -
Əzmi tapdım Şuşada!
Xan qızına baş endirdim,
Dağıldı möhnətim, dərdim...
Ol qoca Vaqifi gördüm -
Sözümü tapdım Şuşada!
Gəldim-gördüm, qucaq açdım,
Bir qartala dönüb uçdum...
Şükür, vətənə qovuşdum -
Özümü tapdım Şuşada!
Şuşa, 22.04.2022
Məhşər günü
Tanrım, təpədən-dırnağa
Ağrıyam - Sözəm, bilirəm.
Məhşər Günü dərgahında
ağrıyan Sözəm! Bilirəm...
Ağrılarım Məhşər Günü
deşilib göz-göz olacaq...
Yenə hoyuma yetənim -
xilaskarım, Söz olacaq!
Məhşər Günü Səsə dönüb
şeir desəm öz ağzımnan,
məni Sözümə bağışla -
qurtar məni Söz ağzından!
Bilirəm, o Günün yadında
ya Söz, ya Dözüm qalacaq...
Qalsa, - məndə Dözümmü var? -
Yenə də Sözüm qalacaq!!!
Ömür keçdi -
fidanımız şaxlamaz
Şair qardaşım İbrahim İlyaslıya
Alar Haqq salamın şair qardaşım,
Dosta varan güzarını çağ eylər!
Heç qıyarmı üzülüşə əl, əldən
Yanmış körpüləri bəndi-bağ eylər!
Uca başlar uca olar binadan,
Uzaq olar xəyanətdən, zinadan,
Dərsin alar Ələsgərdən, Cumadan
Hər kəlməsi dost üzünü ağ eylər!
Ömür keçdi - fidanımız şaxlamaz,
Köhlənimiz kürənləri haxlamaz...
Dost dediyin bildiyini saxlamaz,
Peyvənd vurar dost bağında, tağ eylər!
Xaqani der: şəkk etməsin ozanlar,
"Arif olan mətləbimi tez anlar".
Könül verib Haqqa, şeir yazanlar
Sözü ömür piltəsinə yağ eylər!
Axır gəlib tapdın məni
Axır gəlib tapdın məni -
Könlüm sənə sirr deyilmiş.
Demək hələ yaşayıram,
Bu canım qəbir deyilmiş...
Gəldin, apar, çıxım gedim,
Neçə könül yıxım gedim...
Döşlərə gül taxim gedim -
Məni sevən bir deyilmiş!
Dost yox dik baxam gözünə,
Baxam, inanam sözünə...
Tfu, qürbətin üzünə -
Yaşanası yer deyilmiş!
***
...bu da sonbahar -
yenə
yenik düşəcək yaşılım yarpaqlar...
(iyul Günəşinin hənirtisi
barmaqlarımın ucunda)
içimdə duyğularım saralır...
canımı qoymağa yerim yox, babam!
təlaşdayam -
sanki köksüm altda payız var kimi!
...ömrümdən bir fəsil keçir
səhradan rüzgar kimi...
***
Yenə
az qala
unutmuşdum səni!
baxdım ki
ömrümün Danı çoxdan atıb
Günü də batabatdadır
və
xatırlanası bir şey yox bu dünyada...
Tanrım, nə ömürdü bu?!
Təsəlli olsun deyə
sənlə bağlı günlərin
xatirəsini yad etmək üçün
''bir dəqiqəlik sükut''
təklif etdim yaddaşıma
İçimdə fırtına qopdu!!!
***
Mən öləndə
mənə tabut yapmayın
məni
məndə aparın
qəbristanlığa
varınca
bir anlığa
ayaq saxlayın...
...oğlumdan və qardaşlarımdan başqa
kimsə olmasın yanımda
və məni
rahatca
əmin-arxayın
ustufca
məzara sallayın
anamın ölümündən sonra
mənə tabut olan canımda...
Qəm dəryanda
təknən olum
Ölsəm, qoynunda basdır,
Yerimi bilən olmasın!
Kefi istəyəndə durub,
Üstümə gələn olmasın!
Olmasın qəbrimi bilən,
Bir qərib qədrini bilən...
Təkcə sən dərdimə bələn,
Dərdini bölən olmasın!
Tapılmasın nə daşqıran,
Nə saçın yolub qışqıran,
Nə də hıçqıra-hıçqıra
Gözyaşın silən olmasın!
Keşkə dərdin tək mən olum,
Qəm dəryanda təknən olum...
Çəkə bilsən çək, mən olum
Heç ayrı çilən olmasın!
Qürbətdən vətənə
daşınan ömür
Bu qoca dünyada, qərib dünyada
Qəribə adamlar qərib yaşayar!
Qərib, ipə düzməz ağrılarını,
Dərdini günəşə sərib yaşayar!
Qəribə adamlar - qərib adamlar,
Ürəyi ağzında yaşayar ömrü!
Ürəyi ağzında... hər gün, hər gecə
Qürbətdən vətənə daşıyar ömrü!
Qəribə adamlar qərib ellərdə,
Dərdin hər üzünü görüb yaşayar!
Nə vaxtsa düşdüyü qürbət eşqinə
Ömrünü güdaza verib yaşayar!
Qəribə olurlar qərib adamlar -
Danışar lal, susqun baxışlarıyla,
Gülümsər alnının qırışlarıyla,
Soruşsan, vətənə gedən yolları -
Ölçər Göyüzünü qarışlarıyla...
Qəriblər qəribə yaşayar ömrü!
...Gedər, xəyallarda daşınıb gedər,
Ürəyi ağzında yaşanan ömür.
Daşınıb bir qəbir daşına dönər,
Qürbətdən vətənə daşınan ömür!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!