Al məni qoynuna, dəniz
Dəniz lövhələri silsilə şeirlərimdən
Bir aynadır sinən sənin,
Eşqin uca, sevgin dərin.
Acısın yuyaq illərin,
Al məni qoynuna, dəniz!
Apar burdan uzaqlara,
Göy suları yara-yara.
Son qoyaq bu intizara,
Al məni qoynuna, dəniz!
Sahilə dön, gəl barışaq,
Qanad açaq, qucaqlaşaq.
Bir olaq ümmanlar aşaq,
Al məni qoynuna, dəniz!
Axı ögey-yad deyiləm,
Gəmim də yox, üzəm, gələm.
Səninlə sevinən, gülən,
Al məni qoynuna, dəniz!
Ta yol gözləyən olmuşam,
Yaman kövrəlib-dolmuşam.
Tənhalıqdan yorulmuşam,
Al məni qoynuna, dəniz!
Saf suların göz yaşımdı,
Ləpələrin sirdaşımdı.
Mənim də ahıl yaşımdı,
Al məni qoynuna, dəniz!
Yağış yağır
Səndən yaman nigaranam,
Yağış da yağır bayaqdan.
Kaş yağışın arasından
Mənə baxaydın uzaqdan.
Sən qədd-qamətli bir cavan,
Mən də şıltaq qız olaydım.
Ürəyimdə niyyət tutub,
Bəxtimə ləçək sayaydım.
Dağlar gendən əl eləyə,
Ovsunlaya zirvə yenə,
Mən bir islaq quşcuğaztək
Uçub sığınaydım sənə.
Yağış nələr xatırladır,
Yağış nələr deyir mənə?
Ondakı kimi doqqazda
Düşəydik yağış selinə.
Gur şəlalə saçlarımı
Sərəydim gün qurudaydı.
Məst edəydi yağış səsi,
Ruhuma sevgi dolaydı.
Yağışın ucundan tutub
Göyün üzünə qalxaydıq.
Yeddi rəngin işığında
Tanrıya yaxın olaydıq.
Yağış yağır narın-narın,
Bürüyüb duman-çən məni.
Sən hardasan - orda varam,
Gendə arama sən məni.
Gəlmərəm bir də
Yolumu kəsmə, dünya,
Peşmanam gəldiyimə.
Döyüb təklədin məni,
Gedirəm cəmliyimə.
Sevincimin nəşəsin
Gözümdən saldın nədən?
Dərdin hasarın aşım,
Özüm olum yenidən.
Mən bir qəm eviyəm ki,
Qapılarım qıfıllı.
İçimdən necə çıxsın,
Ruhumun yolu bağlı?
Dünya, qapımı döymə,
Səndəndi çox gileyim.
Atlı vaxtı-zamanı
Necə tutum, əyləyim?
Yol yorğunu olmuşam,
Yükümü tək çəkirəm.
Özümə yadlaşmışam,
Heç bilmirəm mən kiməm.
Yamyaşıl arzularım
Soldu ötən illərdə.
Yolumu kəsmə, dünya,
Sənə gəlmərəm bir də.
Strasburq 2016
Uzaq dur, adam
İçimdəki boşluğu
Təsəllilər doldurmaz.
Tutduğum qəm şələsin
Heç fələk də qaldırmaz.
Dözümü ümidimə
Hər an həmdəm bilmirəm.
Qəmimin bolluğundan
Özümə çəkilmişəm.
İndiki durumumda
Heç kəs tanımaz məni.
Fikri dumanlığında
Gəzirəm kölgə kimi.
Dünya nağıllarını
Sağa-sola çözürəm.
Məndən küsən özümü
Əldə çıraq gəzirəm.
Gözlərimdən nəm çəkən
Qoynu dolu buludam.
Yağışımda azarsan
Məndən uzaq dur, adam!
Ölmür analar
Qızıma
Ana, qocalmısan, söyləmə belə,
Qar tutan saçlarım titrəyər, əsər.
Asta yerişimi tənə eyləmə,
Qızım, ayaqlarım səndən inciyər.
Dizlərim bükülür yapış qolumdan,
Qoy sənə söykənim, mənə dayaq ol.
Ovunub yatardın sinəmin üstdə,
İndi də sən mənə əl ol, ayaq ol!
Soyuq baxışlardan üşüyər qəlbim,
Gecə yuxularım ərşə çəkilər.
Buludlar nəm çəkər göz yağışımdan,
Qoynuma gecənin qoru tökülər.
Dünya köçündəyəm, karvanım gedir,
Sahil də yaxındı, azalıb yolum.
İllər də baş alıb sözümə baxmır,
Məni çox qınama, qurbanın olum.
Gəlimli-gedimli bu qoca dünya,
Əbədi qaydadır yenə fırlanar.
"Ayağının altı cənnət yeridir",
Yaşayır, qocalır, ölmür analar!
Bilmirəm
Bir səhər yuxudan qəfil oyanıb
Görəsən atan da, anan da sağdı.
Qohum qonşular da öz evindədi,
Sən də ki, uşaqsan, əzəlki çağdı.
Ocağının odu - közü sönməyib,
Üç qara daş üstdə qazan qaynayır.
Həyətdəki qoca tut ağacının -
Altında uşaqlar "beşdaş" oynayır.
Görəsən fırlanıb zamanın çarxı,
Kəndin başındakı məktəb də durur.
Növbətçi də elə gözdən yayınıb,
Zəngi öz vaxtından bir az tez vurur.
Görəsən çantalı poçtalyon əmi,
Məhlə-məhlə gəzib məktub paylayır.
Oğlundan şad xəbər gətirdim - deyə,
Nübar arvaddan bir muştuluq alır.
Yan-yana qurulub toy çadırları,
Musiqi götürüb kəndi başına.
Mağar boyu süzür elin qızları.
Subaylar giriblər "bəxt yarışına".
Havadan nə barıt qoxusu gəlir,
Nə ürək dağlayır şəhid anası.
Nə torpağın üzü cadar-cadardı,
Nə sinəsində var güllə yarası.
Başımı bəlkələr, gümanlar qatır,
Mən də belə bir cür xəyalpərvərəm.
Xəyallar ovudur ümidlərimi,
Xəyalda gerçəklik olur, bilmirəm.
2016
Yağış dilində
Yenə ürəyimin qübar vaxtıdır,
Yenə gözlərimdən payız tökülür.
Payız duyğularım kövrəlib deyə
Köhnə həsrətimdən qəlbim sökülür.
Göylərin qəmini çəkən yağışın,
Elə bil mənimlə söz-söhbəti var.
Tələsmə, yağışım bu yolun neçə,
Qatı açılmamış hekayəti var.
Dünyanı gəzirsən qəmsiz-kədərsiz,
Hardan biləsən ki nələr çəkmişəm.
Həsrəti kiridib ovutmaq üçün,
Şeirimə bürünüb gecələmişəm.
Gəl köhnə dost kimi qol-boyun olub,
Yaddaş boxçamızı açaq, danışaq.
Nə vaxtdan kələfi dolaşan yolun -
Könlünü şeirlə alaq, barışaq.
Bir şeir oxuyaq yağış dilinlə,
Bizdən küsən o kənd bəlkə tanıdı...
Asta keçib gedək, orda hər daşın
Üstündə gül açan şəhid qanıdı.
Hər ağacın, kolun qan yaddaşı var,
Barıt qoxuludu gül də, çiçək də.
Dindirsən insantək sənlə danışar
Burda yağan qar da, əsən külək də.
Yenə ürəyimin qübar vaxtıdır,
Yenə gözlərimdən payız tökülür.
Payız duyğularım kövrəlib deyə,
Köhnə həsrətimdən qəlbim sökülür.
Noyabr 2021
Şeir olur hər gecə
Payızların qucağında ayrılıq,
Buludların ətəyində nəm olur.
Qələm tutan barmağıma nə yazıq,
Nə yazırsa, sonu yenə qəm olur.
O qız yenə pəncərəmə söykənib,
Kirpiyindən şüşə boyu iz düşür.
Bəlkə elə xatirəmdi, kövrəlib,
Baxışından ürəyimə köz düşür.
Əsmə, külək səndən küsgün olar var,
Saçlarını darayardın, hörərdin.
Sevdalıydı o qız səni, görməzdi.
Gizli gəlib pəncərəsin döyərdin.
Yerə-göyə sığmazdı ədası,
Ha qaçardı kəklik-turac izinə.
Eheyyy... Deyə dərə boyu şən səsi,
Dağa çatıb qayıdardı özünə.
Çöhrəsində ayın-ilin həsrəti -
Ağ kağızda misra-misra alışdı.
O kimdirsə gələ-gələ mən olur,
Aman Allah, üzü mənə tanışdı.
Gecə keçir, nəm çilənir gözümə,
Kövrək-kövrək boylanıram gizlicə.
Gəncliyimdə gələn o qız beləcə,
Ağ vərəqdə şeir olur hər gecə.
2023
Şeiri özümə yazıram
Pəncərəni açıq saxla
Mehtək əsim, gəlim sənə,
Bir çəkimli nəfəs kimi
Gizlicə dolum sinənə.
Zalım təkliyi əynimə
Axı, geyməkdən yoruldum,
Gözlərimlə pəncərəni
Hər gün döyməkdən yoruldum.
Könül rübabımın simi
Hələ də bəmdə inləyir.
Bir günahın kəndirində
Bir sevgi edam gözləyir.
Fırça götür, bu sevginin
Şəklini çək, rəssam qardaş.
Boş ümidə güvənmişəm
Xırman açıb yaxamda yaş.
Dünyanın öz qanunu var
Onu yalan, ya boş bilmə.
Dərd əhli şair babayam
Məni ruhu sərxoş bilmə.
Bulud-bulud kövrəldikcə
Duyğu selində azıram.
Ürəyimdə səni tutub
Şeiri özümə yazıram.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!