Otuz üç yaş - Ümid İsasının çarmıxa çəkilməsidir... - Tural Cəfərlinin şeirləri

33 yaşın şeiri

 

Otuz üç yaş -

Ömrün qərinəsi,

Tale Günəşinin eyni nöqtəyə gəlməsidir...

Şeytanın üsyan etməsi,

Günah ağaclarının əkilməsidir.

Otuz üç yaş -

Ümid İsasının

çarmıxa çəkilməsidir...

 

Otuz üç yaş -

Bir az da düşünmək üçün

nəfəs dərmək vaxtıdır...

Arzular süfrəsini

Göydə sərmək vaxtıdır...

 

 

Qələm satan qadın...

 

Metronun qabağında

Qələm satan qadının

Elə bil yorğunluğu

Üzünə yazılmışdı...

 

Üçünü bir manata

Satdığın bu qələmlə

Taleyini yenidən

Yazmaq olarmı görən?!

 

Baxışların üşüdür,

Hava bir yandan sazaq.

Gəl, satma qələmləri,

Bəlkə bir şeir yazaq?

 

Yazaq ömrün özündən,

Ağacların gözündən,

Buludların sözündən,

Sonra bu qələmləri

Verək bir qaranquşa,

Aparsın yuvasına,

Nə tutmusan əlində?

Bəlkə bəxti açıla,

Qələmin də, sənin də...

 

Bu şəhərdə qələmin,

Adam kimi qədri yox.

Axı nəsə yazmağa,

Adamların səbri yox...

Hamı bir az tələsir,

Hamı qaçhaqaçdadı.

 

Satıb bu qələmləri,

Çörək alırsan yəqin.

Demək qələmdən çıxır,

Sənin də çörək dərdin.

Tanış mənzərədi bu,

Fərqimiz yoxdu bizim...

Sənə çox oxşayıram,

Mən də öz çörəyimi

həmin qələmdən doğan

Sözlərdən çıxarıram...

 

 

Düşərsən...

 

Gedəndə adam bir xəbər eyləyər,

Demirsən yağışa, qara düşərsən?!

Duamı arxanca yollayım barı,

Bəlkə ondan sonra xara düşərsən...

 

Nəfəsim içimdən çıxan tüstüdü,

Yerdə məni tutan göyün üstüdü.

Bu qərib baxışlar məzar büstüdü,

Çox baxma, qorxuram gora düşərsən.

 

Gizlədə bilmərəm, aşkar olanı,

Saxlamaq olarmı qəlbə dolanı?!

Gəl dəymə, incitmə vaxtsız solanı,

Bəlkə yoxluğumdan vara düşərsən.

 

Məcnun deyiləm ki, dərdindən öləm,

Nə Yusif deyiləm, quyuda güləm.

Mən Musa deyiləm, dəryanı böləm,

Gözləmə, gözləsən zara düşərsən.

 

Çoxdan atılıbdır, göyərməz daşım,

Dəmlənib, dən olub, kədərdən aşım.

Zəifdir son vaxtlar mənim yaddaşım,

Unutsam, bilmirəm hara düşərsən...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!