Bütün müharibələrə körpələrin yatdığı yerdə şəklini göstərin... - Şeirlər. Vasif ƏLİHÜSEYN

Sinəsinə mina basdırılmış

torpaqdı ömür

 

Sinəsinə mina basdırılmış

Torpaqdı ömür,

Yaşayırıq, Allaha təvəkkül.

 

Gəl, istehkamçı çağır,

irəlidə getsin,

biz də arxasınca,

qarşıdakı günləri qarşılamaq üçün.

 

Bax, ayağını itirən o adam

Hələ də peşmandı

Cızından çıxdığı üçün.

 

Körpələrin şəkli

 

Bütün müharibələrə

körpələrin yatdığı yerdə

şəklini göstərin,

onda anlayacaqlar

dünyanın nə qədər mənasız olduğunu.

 

Anaların qolları

saat kəfkiri kimi

yelləyir bu ağlağan uşağın beşiyini.

 

Yellədikcə, zaman ötür,

körpələr böyüyür,

əsgər olur.

 

 

Sənsizlik

 

Sənsizlik azadlıqdı,

hava kimi.

 

Sənsizlik təklikdi,

Allah kimi.

 

Sənsizlik ayrılıqdı,

yara kimi.

 

Sənsizlik, oğlumun arxamca:

"ata, getmə" deməsidir.

 

 

Test...

 

Aramızda qoşa xətt var,

baxdıqca məyus oluram,

qaçıram qırıq-qırıq yerin tapmağa ki,

sənə qovuşum...

 

Sən isə hamiləlik testindəki

qoşa xəttə baxıb sevinirsən,

baxıram ki, mən yenə gecikdim.

 

 

Kino çəkirsən

 

Eh! İndi bələnmiş xına əllərin

Əsirdi kiminsə baş hərfinə.

Özün öz könlünlə çıxıb gedirsən,

Mənim hisslərimin bircə səhvinə.

 

Hələ sızıldamır o daş ürəyin,

Qoy, hava qaralsın, bir gecə olsun.

Ən yaxşı günümüz toy günündüsə,

Bəs, ən pis günümüz, de, necə olsun?

 

Bəlkə də oturub ötən günündən,

Yanıb dəqiqəsinə külün əkirsən.

Səndən yeddi oğul, qız istədilər,

Olmaya-olmaya, kino çəkirsən.

 

 

Sanki ürəyimdə

kirayə qaldın

 

Əlin niyə qalıb üzündə sənin,

Bəlkə, həsrətimdən heç doymamısan.

Sanki ürəyimdə kirayə qaldın,

Divarda yazmamış yer qoymamısan.

 

Qayıdıb görərsən həmin qapıdı,

Aldadar, yanarsan fikirlərində.

Bəlkə də üzündən bilinməz heç nə,

Ən ağır yaralar qalar dərində.

 

Səni bağışladım, ya bağışlamadım,

Neynirəm qınayım axı baxtımı?!

Mənə bu yaşında nahaq qayıtdın,

Mən axı sevirdim o qız vaxtını.

 

Hər şeyin bitdiyi bir gün var idi,

Çox şey yada düşür sən tək qalanda.

Deyək, ürəyimin başına dəydi

Sənin dabanında o qab sınanda.

 

 

Dərd eləmə, əzizim

 

Küçədə yağış yağır,

sel götürüb hər yanı.

Yuyur günahlarını,

təmizləyir dünyanı.

 

Sənin də günahın var,

düzün deyim, bağışla.

İndi fürsətdi sənə,

çıx küçəyə yağışda.

 

Qoy saçların islansın,

gözlərinə yaş dolsun.

Ürəyinə "heyif"lər,

ürəyinə "kaş" dolsun.

 

Dərd eləmə, əzizim,

günahsız insan yoxdu.

İndi nə çıxdın-çıxdın,

sabaha leysan yoxdu.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!