Hansı quşların uçuşu qaldı səsində?.. - Gülay Tahirlinin şeirləri

***

Yenə ən kədərli günlərdən biri idi bu gün,

Daradım saçımı bircə-bircə, incə-incə,

Topladım arxadan,

Xoşum gəlmədi, açıb bir də topladım.

Geyindim ən gözəl paltarımı, oturdum evdə.

 

Yenə ən kədərli günlərdən biri idi bu gün,

Dəmlədim qəhvəmi, bol köpüklü, şəkərsiz.

Hərkəsləşmək keçdi könlümdən,

Çevirdim fincanı, falıma baxım,

Unutdum, qaldı eləcə.

 

Yenə ən kədərli günlərdən biri idi bu gün,

"Playlist"imdə olmayan mahnılardan tapdım,

Rəqs etdim doyunca.

Yana-yana qaldı kədərim,

Hiss etdirmədim, mən də yandım.

Yandım, amma dayandım!

 

Yenə ən kədərli günlərdən biri idi bu gün,

Savaşdım gözlərimlə,

Onlar qaçdı, mən tutub çəkdim yollardan.

Savaşdım sözlərimlə,

Boğa-boğa öldürdüm.

Savaşdım əllərimlə,

Yazılmadı o mesaj, çalınmadı o zəng.

 

Yenə ən kədərli günlərdən biri idi bu gün,

Gətirdim kitabımı,

Tutdum keçmişin qabağına, oxudum.

Səsli oxudum

Eşidilmək üçün özünü didən

Bütün səslərin acığına.

 

Yenə ən kədərli günlərdən biri idi bu gün,

Qucaqladım yastığımı,

Üzdü içindəki qaz lələkləri,

İnandılar nə vaxtsa

Təzədən quş olacaqlarına.

Onlar inandı, mən də inandım.

 

Yenə ən kədərli günlərdən biri idi bu gün.

 

 

***

Bir gün onsuz da, yaşayacaqdıq bu ayrılığı,

Amma deyirəm ki,

Kaş daha çox öpəydim səni,

Dodaqlarım su içəydi

Çiyinlərinin quyusundan,

Bəlkə, bu qədər yanmazdı canım.

İndi quruyub dünyanın bütün bulaqları

Və bulaq başındakı ağacları aparıb

Səhrada əkdiklərini düşün.

 

Bir gün, onsuz da, yaşayacaqdıq bu ayrılığı,

Kaş əzbərləyə biləydim əllərini.

Ovuclarından xətlər necə keçir, məsələn?

Bizim kimi ikiyə bölünüb keçir,

Yoxsa, yanaşı dayanıblar

Onuncu planetin küçəsində?

 

Hansı quşların uçuşu qaldı səsində?

Heç olmasa, sonuncu baxışının

Şəklini çıxar, göndər mənə,

Görüm, necəyəm?

Bəlkə, sənin üçün sonuncu gündüz,

Bəlkə, aysız gecəyəm...

Bir gün, onsuz da, yaşayacaqdıq bu ayrılığı,

Adamların toplama qanununda

Tək olur sonda cəmimiz,

Toplanan, toplanan, tək...

 

Kaş dənizdə bataydı,

Yandı.

Sahildə yandı bizim gəmimiz.

 

 

***

Getdin,

On oyuncağım vardı,

Onunu da apardın.

Mənim sağdakı beşim

Soldakı beşimə yetmir.

 

Nə var ki addım atmağa?

Bilirsən də, mən yıxılan deyiləm.

Amma hansı qüvvə qaçırar ayaqlarımı?

Hər sığalda çırpınardı ürəyim,

İndi yüz çəkic gətir, səsi çıxmaz.

 

Getdin,

Gözlərimin yaşı axmaz.

Deyirlər, böyüklər ağlamaz,

Ruhuma baxma, oyuncağım yoxdur.

 

Dənizə getdim, islanmamış qayıtdım.

Otların da üstündə ayaqyalın gəzmirəm,

Qabağına qaçmıram itlərin, pişiklərin,

Ciyərlərimə çəkməyi unuduram

Yağışda torpaq qoxusunu.

 

Sən heç bilirsən, baharın xəzan qorxusunu?

Sevgilərin qəfil çökən duman qorxusunu?

Yaxşı ki, balıqlar dənizə danışmır yuxusunu.

 

Nə zamansa yadına düşsəm,

Bil ki, yaxşıyam.

Yaxşıyam, sən yaxşı ol.

 

 

***

Yorma özünü, cənab,

Doğuşdan özgür olan heç nəyi

Həbs edə bilməzsən.

Hava kimi...

Su kimi...

Mənim kimi...

 

***

İndi onun adı dünyadakı milyon addan biridir,

İndi onun odu dünyadakı milyon oddan biridir,

İndi o, dünyadakı milyon "O"dan biridir.

 

İndi küçələri bir-birindən heç nə ayırmır.

İzini də, tozunu da süpürmüşəm -

Bu mənim saçımın son süpürgə halı idi.

 

İndi çayın, qəhvənin danışmağa hekayəsi yox,

Bircə onu bilirəm ki,

Hər masada içilməz,

Hər masadakı ilə içilməz,

Hər masala içilməz.

 

İndi heç bir mahnının,

Heç bir şeirin qarşısında

            "o" işarə əvəzliyi dayanmır.

İndi mənim "o mahnı"m, "o şeir"im yoxdur.

 

İndi ürəyin közərən hər ocağını,

Bu dünyanın hər künc-bucağını,

Hətta ana qucağını

Buz tutub, buz.

İndi bu bədəndə ən çox ruhum üşüyür.

 

Divarların o tayını görmək ürək işidir.

Təklik məmləkətindən baxanda

Kor ürəkli adamlar məmləkəti

Necə görünür, görəsən?

Necə duyulur?!

Görünürmü? Duyulurmu?!

 

 

Özay üçün

 

Damarlarından balmı axır qan yerinə?

Barmaqların bütün günü dodaqlarında gəzir.

 

Ay əlləri pambığım!

O əllər meşəyə döndərər toxunduğu çölləri.

Tutub saxlayar mücərrəd isimləri,

Didərgin edər küləkləri, yelləri,

Yerinə günəş qoyar, yağış qoyar.

 

Ay mənim qaraqaş, qaragöz balam,

Ay kirpikləri uzunum!

Xəbərin varmı, kirpiklərini qalxan edirəm

Həyat üstümə gələndə.

Bütün divarlar önümdə pəncərədir indi,

Çərçivəsiz, şüşəsiz...

 

Ay mənim saçı ipəyim,

Ay Tanrı sığallım.

Saçını sərsən ürəyimə, bitişər bütün çatları.

Mənim ata bilmədiyim köhnələri, bayatları

Atar ürəyimin qapısından,

Atar gedər-gəlməzə.

 

Ay mənim təkrarsızım!

Bütün günü təkrar edirəm səni,

Təkrar edirəm ki,

Əzbərləyim hər anını, hər halını:

Sənin ilk sözün...

Sənin ilk cümlən...

Sənin ilk addımın...

Hələ belə kitabım,

Hələ belə dərsim olmamışdı.

 

Ay qanadlarını sevdiyim!

Qorxma, sevgim yük olmaz sənə.

Üstünə arzu qalağı ilə gəlmərəm, gəlmərəm.

Səndəki özgürlük dünyadan böyük!

 

Ay mənim qaraqaş, qaragöz balam!

Ay kirpikləri uzunum!

 

 

***

Anam köksündən bibər acısıyla ayırmışdı məni.

Yuvam yıxılmışdı bir anda.

Özü də yerə-yurda yox, ürəyimə...

Yaşamağı öyrəndiyim,

Güvənməyi öyrəndiyim yuvam yıxılmışdı.

Mənim körpə duam yıxılmışdı,

Ağzımdan çıxdı ki, göylərə çatsın?!

Ağzımı açdığım anda yanıb-yaxılmışdı.

 

Sonra nə illah elədim,

Yada sala bilmədim ana südünün şirinliyini,

Neyləsəm də, getmir

Damağımda elə o kökü kəsilmiş bibərin acısı.

 

Ayrılmağı ilk dəfə anam öyrətmişdi mənə,

Anam öyrətmişdi bütün başlanğıcların şirin,

Bütün ayrılıqların acı olduğunu.

 

Yandıran nə varsa, pərvanəsiyik, divanəsiyik.

 

Anam öyrətmişdi müqəddəsləşdirməyi də!

Acını!

Ayrılığı!

Sevgini!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!