Qarabağa gəldi bahar
Səmada günəş göründü,
Dağlarında əridi qar.
Hər yer yaşıla büründü,
Qarabağa gəldi bahar.
Gəldi, bəzədi hər yeri,
Güllərdən xalı toxudu.
Gəldi, unutduq dərdləri,
Bülbüllər nəğmə oxudu.
Sevindirdi yeri, göyü,
Belə təbiət harda var?
Görmədik bu gözəlliyi,
Qarabağa gəldi bahar.
Bu yaz günü
Qarabağda çiçək açan ağaclar
Bu yaz günü necə gözəl görünür?!
Çiçəkləri ətir saçan ağaclar
Gəlin kimi ağ libasa bürünür.
Sizin üçün bağlarımız darıxıb,
Meyvənizi neçə illər dərmədik.
Sizsiz keçən çağlarımız darıxıb,
Barınızı, bəhrənizi görmədik.
Dəyməyəcək sizə düşmən əlləri,
Başımıza gəlməyənlər qalmadı.
Yaşamışıq sizsiz neçə illəri,
Qarı düşmən yenə də dost olmadı.
Yenə gül açdı
Şükür, bu gününə, Allah,
Yenə ocağımız yandı.
Doğdu günəş, gəldi sabah,
Şuşada tonqal qalandı.
Şükürlər olsun bu günə,
Yurdumuza Novruz gəldi.
Bayram gördü Şuşa yenə,
Yenə gül açdı, yaz gəldi.
Gördü baharı, Novruzu,
Xarı bülbül açdı çiçək.
Çox sevindi Cıdır düzü,
Həmişə bahar gələcək...
Xarı bülbül
Əsir düşən xarı bülbül,
Biz Şuşada dərdik səni.
Şuşa qürbətə dönəndən
Şəkillərdə gördük səni.
Dərdlər gəldi dərd üstünə,
Biz səndən doya bilmədik.
Əlimiz çatmadı sənə,
Dərdini duya bilmədik.
Şəninə nəğmə yazıldı -
Təsəllini tapdıq səndə.
Bu illərdə necə dözdün
Əsir düşən o vətəndə?
Düşmən solunda, sağında,
Zaman ötür, vaxt tələsir...
Bitmədin "Vətən bağı"nda,
Öz yurdunda düşdün əsir.
Yadımızdan çıxmadın sən,
Gəldik gecədən gündüzə.
Şükür, azad oldu vətən,
Zəfəri gətirdin bizə!
Xilas oldun əsirlikdən,
Düşmən əlində qalmadın.
Azad oldu əsir vətən,
Xarı bülbül, xar olmadın!
Lalələr
Örtün şəhid qanlarının üstünü,
Dağ-dərələr lalələrə bürünsün.
Biz çox gördük bu fələyin qəsdini,
Üzümüzdə bir az sevinc görünsün.
Bu illərdə nə çəkmədi başımız?
Neçə igid oğulları itirdik.
Qurumadı gözümüzdə yaşımız,
Məzar üçün qərənfillər bitirdik.
Qarabağ da lalələrə bürünür -
Bu gözəllik el-aləmə səs salır.
Hər tərəfdə al lalələr görünür,
Qələbədən təbiət də zövq alır.
Yenə günəş doğdu
Səni əlimizdən almışdı düşmən,
İgid oğulların dözmədi daha.
Sarılıb silaha aldılar səni,
Ümid etmədilər zülmət sabaha.
Kəlbəcər, Qubadlı qərq oldu qəmə
Şuşanı, Ağdamı biz itirən gün.
Qaldıq Xocalısız, qaldıq Laçınsız,
Ümid də ölmüşdü xalqımız üçün.
İgid oğulların qəhrəmanlığı
Ölən ümidlərə can verir indi.
Yenə günəş doğdu göylərimizdə,
Ümidsiz yaşamaq yaman çətindi...
Bilirik, darıxırdın
Səni işğal etdilər,
aldılar əlimizdən,
bizsiz qaldın Qarabağımız...
Bilirik, darıxırdın
bizdən ötrü.
Ayaq izlərimizdən ötrü
daş küçələrin, dağların, dərələrin,
meşələrin, yaylaqların
darıxırdı.
Əl izlərimizdən ötrü otların, çiçəklərin,
xarı bülbülün...
Topxana meşəsindən
Cıdır düzünə çəkilən asma körpüdən
asa bilmədilər ümidlərimizi...
Yenə bizim oldun,
yenə ayaq izlərimiz qalacaq sinəndə,
ümidimiz igid oğullara,
Ali Baş Komandana idi,
onlar xilas etdi səni,
azad oldun, Qarabağ!
Suqovuşan yüksəkliyi
Suqovuşan yüksəkliyi,
Səni də aldı igidlər.
Qovuşmuşuq artıq sənə,
Qələbə çaldı igidlər.
Yüksəkliklər alındıqca
İgid oğullar yüksəldi.
Qələbəni bayram edən
Xalq sənə salama gəldi.
Daha ağlamayacağıq,
Dərdimiz qaldı dünəndə.
Gözümüzdə yaşa dönən
Sular qovuşacaq səndə.
Torpaq unudularmı?
Əsirlikdən xilas oldu torpaqlarımız,
danışardılar dilləri olsaydı,
bizim üçün necə darıxdıqlarını
deyərdilər,
gördükləri haqsızlıqlardan
söz açardılar.
Yenə bizə dönməyin
sevincini bölüşərdilər...
Onları unutmadığımızı deyərdik biz də
torpaq unudularmı,
Vətən yaddan çıxarmı?
O günlər də geridə qaldı,
yenə o yerlər bizə doğma oldu...
Şəhid ruhları
Baxın, işğaldan azad olunan torpaqlara,
baxın, yurd-yuvasından didərgin düşənlərin
göz yaşlarına,
şad olun, şəhid ruhları!
Sizə görə kədərlənirik,
torpaqlarımıza baxıb sevinirik, şəhid ruhları...
Bu sevinci bizə siz bəxş etdiniz!..
Dünya durduqca yaşayacaqsınız,
yeriniz cənnətdir, bilirik,
Qarabağ da cənnətdir,
bizə bu dünyada o cənnəti bəxş etdiniz,
əziz şəhidlərimizin ruhları...
Gözləriniz aydın olsun
Yurd-yuvasından didərgin düşənlər,
doğma yurdunuza,
evinizə, isti ocağınıza döndünüz,
gözləriniz aydın olsun!
İşıqlar yandı evinizdə,
daha sönməyəcək ocağınız.
Qaldığı yerdən davam edəcək həyat
bəlkə də daha maraqlı,
daha gözəl...
Bu da bir ömür idi, yaşadınız,
həyat çətinlikləri ilə
sizi çəkdi sınağa.
Siz bu sınaqdan
alnıaçıq, üzüağ çıxdınız,
doğma yurdunuz da sizi gözləyirdi...
Bayrağımız da sevinir
Yurdu işğal olunanlar üçün
qələbə xəbəri eşitməkdən gözəl nə var?
İgid oğullar yaşatdı
xalqa o sevinci.
Sevin, ey Azərbaycan!
Sevin, ey xalq!
Bu günlərin həsrətini
çox çəkmisən.
Azad olunan yerlərdə
dalğalandıqca
bayrağımız da sevinir.
Sevin, ey üçrəngli bayrağımız!
Sənə dalğalanmaq çox yaraşır,
bizə sevinc yaraşan kimi...
"Xudayar təsnifi"
Gülümsər çöhrəylə, şirin səs ilə
"Vətən nəğməsi"ni oxudu, getdi.
İgidlik göstərdi o, həvəs ilə,
Nəğmədən bir çələng toxudu, getdi.
Getdi qorxmayaraq düşmən üstünə,
Getdi Vətənini geri almağa.
Xalqı çıxsın deyə günəşli günə
Getdi Vətən üçün şəhid olmağa.
Nə qədər çıraqlar yanarkən söndü,
Aldılar düşməndən əsir diyarı.
"Xudayar təsnifi" tarixə döndü,
Yaşatdı o igid, mərd Xudayarı.
Yorulmayan göylər
Qar yağdı, yağdı, yoruldu,
yorğun qardan bezən göylər
günəşi gətirdi
və
qarı uzaqlara ötürdü.
Sonra
yağışları yağdırdı.
Beləcə yaz gəldi,
heç vaxt yorulmayan göylər
çiçəkləri bitirdi...
Çiçəklər bürüdü
əsirlikdən azad olunmuş torpaqları
və
şəhid məzarlarını...
Qırx dörd gün
Otuz ilə yaxın vaxt keçdi,
bələnib göz yaşımıza,
bürünüb kədərimizə
dözdük...
Qırx dörd günlük müharibə
tarixi qələbə bəxş etdi bizə
birləşdik,
bir olduq
Vətən müharibəsi ilə
aldıq Qarabağı.
İllərdir kükrəyən vətən sevgimiz,
daşan səbrimiz
Qırx dörd günə azad etdi
o yurdu.
Tarixə yazıldı
şəhidlərin qanı,
qazilərin yaralı canı ilə
Qarabağı
düşməndən azad edən
Vətən müharibəsi.
Otuz ilə yaxın
gözlədik səni,
Qarabağ.
Kədərdə boğulduq,
dərddə batdıq büsbütün,
Şükür ki, sən gəldin,
möhtəşəm
Qırx dörd gün...
Qönçə ümidimiz
Yaman zülm çəkdik o illərdə biz,
Çadır şəhər oldu, vaqon ev oldu.
Yenə düşmən çıxdı dost bildiyimiz,
Qönçə ümidimiz saraldı, soldu.
Yanan çıraq idik, yanmadıq, söndük.
Darıxdı hər çəmən, hər dağ, hər dərə.
Vətəndə qaçqına, köçkünə döndük,
Şükür, gəlib çıxdıq bu xoş günlərə.
Qalmadı heç yerdə düşməndən bir iz,
Bəlkə bundan sonra ağ günlər görək.
Gülsün gözlərimiz, bitsin dərdimiz,
Qönçələr həmişə gül açsın gərək!
Unut bu vətəni...
Nə qədər igidlər canından keçib,
Olub bu vətənə, bu yurda dayaq.
İgid oğulların qanını içib
Sənin taladığın bu gözəl torpaq.
O qan "unut" deyir, unut bu yurdu,
Unut bu vətəni, ey yağı düşmən!
Bu yurdu qoruyur güclü bir ordu,
Sən məğlub olandan bunu bilirsən.
Bu vətən qayıdıb öz yiyəsinə,
Bu yurd xilas olub sənin əlindən.
Zülmət gecələrdən çıxıb ağ günə,
Hələ də yuxudan ayılmadın sən?
"Dəmir Yumruq"
Neçə ildir xalqın nələr çəkmədi?
Gözün aydın olsun sənin, ey Vətən!
Heç kimsəyə gözlərini dikmədi,
Azərbaycan, mübarəkdir qələbən!
Birləşdilər bu xalq ilə bu ordu,
"Dəmir Yumruq" dedi öz son sözünü.
Ər oğullar xilas etdi bu yurdu,
Qoymadı heç düşmən açsın gözünü.
Vətən dərdi qaldı daha keçmişdə,
Vətən, ordu-indi hamı bir eldir.
Yumruq kimi bir olduq bu döyüşdə,
Birləşib bir olmaq necə gözəldir?!
8 maydan 8 noyabra...
28 il əvvəl işğal olundu Şuşa
mayın 8-də,
noyabrın 8-də isə
azad edildi...
O 8 maydan sonra nələr dəyişdi həyatında,
əziz Şuşa?
Nə günlərə qoydu səni
mənfur düşmən?
Daha bizimsən,
Qayıtdın öz sahiblərinə,
əziz Şuşa!
Daha xarı bülbüllərin sevinə-sevinə
açacaq çiçək,
daha Cıdır düzü düşmənlərin
yallı getməsinə şahidlik etməyəcək.
Sevin, əziz Şuşa, sevin,
Hər 8 may günü yaşadığımız
ağrı-acını bizə
8 noyabr günü unutduracaq:
Sən dirçələcək,
gözəlləşəcəksən,
qələbə həmişə bizimlə,
gözəl günlər səninlə olacaq.
Ağlımıza gəlməyənlər gəldi başımıza,
daha heç nə olmayacaq bizim gözəl
Şuşamıza...
Bülbüllər gələndə
Bülbüllər də gəldi Şuşaya,
Cıdır düzündə
onlar da oxuyur indi...
Nəğmə
nəğməyə qarışacaq
musiqimizin beşiyində.
Ən gözəl günləri
bundan sonra görəcək Şuşa,
xarı bülbülləri,
sarı bülbülləri ilə dönəcək cənnətə...
Nə qədər ki dünya var,
gözəlliklər var,
sən varsan.
Səninlə görəcəyik cənnəti, gözəl Şuşa,
xarı bülbülləri, sarı bülbülləri ilə
Vətənin bağları yenə al-əlvandır...
Gözəl cənnətimiz,
xoş gəlib xarı bülbüllərin...
Qartallar sevinən gün
Şuşada
bayram bayrama qarışdı
həmin gün
müqəddəs Ramazan bayramı
və
"Xarıbülbül" festivalı
Cıdır düzünü silkələdi,
yenidən oyatdı,
"Oyan, ey gözəl diyar,
Sənin sahiblərin gəlib", - dedi.
Özünə qayıtdı həmin gün Şuşa,
yenə muğamlar, mahnılar oxundu,
gözəl sözlər deyildi,
hamı sevindi...
Bundan gözəl gün olardımı
düşmən əsarətindən azad olan
yurd üçün -
Şuşamız üçün?
Qartallar da qanad çaldı
Şuşanın bu sevincinə,
Cıdır düzündəki bayramlara
onlar da sevindi...
Gözəl Şuşa,
başımızın tacı,
xarı bülbülün vətəni Şuşa,
mədəniyyət paytaxtımızsan artıq...
Hamı məftun olacaq sənə,
bütün dünya
danışacaq
gözəlliyindən.
Şükür, bu günə, İlahi,
çox şükür!
Özümüzə qayıtdı Şuşamız...
Qan yerdə qalmayanda...
Əlin Xocalıda qana batdı,
qırdın Meşəlidə
Xan çinarları, körpə fidanları.
Həyatını şam kimi söndürdün
günahsız insanların.
Qan örtmüş gözlərin
cənnət Laçında açıldı
cəhənnəm qapısı kimi.
Yerdə qalmadı
günahsızın qanı...
Gördünmü Laçının
uca dağlarını, ey iblis?
Bu yurdun o dağlar kimi
oğulları var.
Onlar sənin kimi təpələrin tozunu
göyə sovuracaqlar.
Qırdığınız günahsız insanların
ruhları qarşısında
cavab verəcəksiniz.
Gözlərinizdəki qorxunu
örtə bilməyəcəksiniz
Haqq, ədalət yurdunun qapısını
örtə bilmədiyiniz kimi.
Hilal da, günəş də
Siz heç vaxt
qurd ürəyi yeyə bilməzdiniz
qorxaq namərdlər.
İndi
ay-ulduzlu bayrağımız
dalğalanır
boylana-boylana qaldığınız
Cənnət Qarabağda.
Hilal da, günəş də
zülmətə dönən həyatımızı
nura qərq edərək
bərq vurur göylərimizdə.
Baxa bilməyəcəksiniz
onlara,
gözləriniz qamaşacaq.
Tapdanan haqqımızın
hesabını verəcəyiniz
bağlı qapılar arxasında
həsrət qalacaqsınız
işığa, nura.
Tarix yaşadacaq sizi
Yurdumuz əsir düşəndə
uşaq idiniz,
Vətənin nə demək olduğunu
tək şeirlərdə, nağıllarda, cizgi filmlərində yox,
çadır şəhərciklərində, vaqonlarda böyüyərkən
öyrənənləriniz də oldu...
"Qaçqın" dedilər, "didərgin" dedilər sizə,
Vətən dərdi böyüdü qəlbinizdə
və sizi də böyütdü
öz ağrısı, acısı ilə...
Böyüdünüz və Vətəni aldınız düşməndən
"Vətən müharibəsi" dedik o savaşınıza,
inqilabınıza,
"Zəfər günü" dedik o qələbənizə.
Şəhidlər də oldu,
qazilər də aranızda,
qanınızla aldınız əsir düşən yurdumuzu,
o qan ilə çiçəklənəcək o torpaqlar...
Adınız yazıldı tarixə,
tarix yaşadacaq sizi,
nəsillər qeyd edəcək
o möhtəşəm qələbənizi!..
Sualdan nidaya
İgid oğulların vətən sevgisi
yağış kimi yağdı,
təmizlədi yurdumuzu
düşmən izindən.
Döndü bulaq suyuna,
yudu Qarabağı,
tərtəmiz etdi Xankəndini.
Beli bükülmüş, ümid dolu suallar
illərdir, yormuşdu bizi:
Görəsən, bu həsrət bitəcəkmi?
"Qarabağ Azərbaycandır!"
sözlərindən sonra
nida işarəsi ox kimi sancıldı
düşmənin bağrına.
Zəfərimiz tarixə döndü,
Zülmət düşüncəli hər kəsə
həyatı başa saldı,
onların da sonunun
belə olacağını dedi.
Xankəndiyə
üçrəngli bayrağımız
sancılan gün
düşmənin qara fikirləri
göy üzündəki
qara buludlara döndü.
İndi günəş
nura qərq edir
gözəl Xankəndini...
Ağ bayraq
Həyatın qara iynəsinin
gözündən keçirdiniz bizi,
zülmətə döndərdiniz günlərimizi,
məğlub olub
ağ bayraq qaldırdınız axırda.
Gələcək ağ günlərimiz
rəngdə olan
bayrağınız
təslim olduğunuzu göstərdi.
Məğlub olacağınızı bilmirdinizmi,
ey namərdlər?
O ağ bayrağınız
qara niyyətinizin əksidir.
Gedin,
bürünün ağ bayrağa,
Qara düşüncələrinizin,
qapqara günlərinizin
üstünü örtün
kim olduğunuzu göstərən
o ağ bayraqla.
Bəd niyyət, xam xəyal
Qarabağı bizdən ala bilmədi
xain düşmən.
Sevindik, şükr etdik,
heç kim gözüyaşlı qalmayacaq, - dedik.
Yırtıcı düşmən bəd niyyətini, xam xəyalını
minalarla örtüb basdırdı torpaqlarımızda.
Nə qədər ağırdır
vətənin düşmən tapdağından
xilasından sonra da
igid oğulların
şəhid olması xəbərini eşitmək.
O da sona çatacaq,
torpaqlarımız təmizlənəcək
düşmənin ayaq izindən.
Bəd niyyətlərini, xam xəyallarını
örtüb-basdırdıqları minalar
təmizlənən kimi.
O izləri yağış yuyacaq,
yaşıl otlar, al-əlvan çiçəklər
örtəcək.
Cıdır düzü
Cıdır düzü, yenə gəlirik
səninlə görüşə!
İndi şəhid məzarlarındakı
qərənfillərin nisgilini
xarı bülbül sevgisi əvəz edir,
görürsənmi?
Hər görüşümüzün sevinci
bayrağımızla qol-boyun olub
düşmənin bağrına sancılır.
Sənin qoynunda
çəkdirdiyimiz şəkillərdə
sevgimiz, sevincimiz
alın yazımız kimi
oxunur gözlərimizdən.
Cıdır düzü,
ayrılıq əbədi olmadı,
sən qayıtdın!
Biz qovuşduq sənə.
Belimiz bükülmür,
üzümüz qırışmır artıq.
Kədərin üzümüzə çəkdiyi
sərhəd xətlərini
igid oğullar uçurdu!
Cıdır düzü,
indi abad şəhərlərin, kəndlərin
gözəllikləri ilə sevinir
gözlərimiz, ürəyimiz.
Sən də həmişə sevinəcəksən
gördükcə bizim sevincimizi
düşmən qəfəsindən xilas olan
ürəyin açılacaq
zülmətdən sonra açılan səhərlər kimi.
Cıdır düzü,
yenə gəlirik səninlə görüşə.
Məğlub düşmən baxıb sevincimizə
dərdli gözlərinin
leysana dönən yaşını siləcək həmişə.
Nağılın sonu
Namərd dost, xain qonşu, mələk cildində şeytan,
Uzaq dur, bizdən uzaq, düşməsin bura yolun.
Ey vəhşi, ey yırtıcı, necə olmusan insan?
Özünü yazıq kimi göstərən buqələmun.
Əridi qar, getdi qış, vaxtı çatdı baharın,
Dedik, ey yağı düşmən, əl çək bu yurddan, əl çək!
"İti qovan"la qovduq, kəsildi ayaqların
Qalib vətənimizə uzanan əllərintək.
Bürünüb ağ bayrağa, cəhənnəmə gedirsən,
Gözüyaşlı, bağrıqan, məğlub düşmən donunda.
Dövran dəyişib artıq, özünə zülm edirsən,
Göydən alma düşmədi bu nağılın sonunda?
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!