Şeirlər - Nazim

Xaliqin alqışı...

 

Eloğlum Aqil Abbasın

doğum gününə -

70 yaşına ünvanlanır

 

Otuz il qəm yedin... Ötdü ömür də,

Yaşadın bir ömrü odlar içində.

Yetmiş il köç edib getdi ömürdən,

Adın ad qazandı adlar içində!

 

Həmişə bahardı həmişə yaşıl,

Millətinə sevgin, torpağa sevgin.

Qanın damarından fışqırıb daşır,

Sevgini əməllə təsdiq eylədin!

 

Haqdan doğulmusan, haqqın səsisən,

Otuz il hay saldın, vətənim dedin.

Sən yurdun od sevər pərvanəsisən,

Şəhidə, - ölməzim, - bitənim dedin!

 

Eşqini-sevgini xalqına verdin,

Vətən sənə övlad - balamsan dedi.

"Vətən sənə oğul dedi", - nə dərdin,

Ellərin arxasan, qalasan dedi!

 

Gözündən boylanar bir nur haləsi,

Üzeyir məşəlin əldə tutansan.

Boyatdan Turana yol gedir səsin,

Qələmi qılınctək əldə tutarsan!

 

Qarabağ deməkdən dilin qabardı,

Torpaq azad oldu - getdin, oynadın...

Sevinc vulkanıyla köksün qabardı,

Oynadığın rəqsin "vətəndi" adı!

 

Dilinin duası - allah qorusun,

Torpağın imanlı bir övladısan.

Sənə "qulp" qoyanın dili qurusun,

Tanrının sevdiyi ovliyasısan!

 

"Yüzümüz bir Sabir deyilik hələ",

Söylədi ustadım - Məmməd Arazım.

Min biri, bir Aqil olmayan belə,

Aqilə daş atar... Nədir murazı?!

 

Sərraflar gözündə bir zər-incisən,

Xoş niyyət, saf dilək qanında çağlar.

Haraya yetməkdə lap birincisən,

Dünyanın dərdləri - gözündə ağlar!

 

Bir vətən sevgisi düşüb püşkünə,

Sənət aləminin barlı bağısan.

Bağrının başından alov püskürər,

Yurdumun yeriyən, yanar dağısan!

 

...Bayatım hər zaman dahilər doğub,

Müdriklik simvolu - Baba Qorqudum!

Xaliqin alqışı bu yurda yağıb,

Aqildi, - elimin, - baba Qorqudu!!!

 

Salam deyin əsgərlərə...

 

Əsgər olmaq arzulu

övladlarımıza

 

Vətən üçün, torpaq üçün,

Çəmən üçün, irmaq üçün,

Qarabağı almaq üçün

Köksün oda verənlərə -

Salam verin əsgərlərə,

Əsgərlərə salam verin.

 

Yol üstündə nəfəs dərin,

Sinənizdən bir səs dərin,

Ovqat açan söz göndərin,

Cəsurlara, ərənlərə -

Salam verin əsgərlərə,

Əsgərlərə salam verin.

 

Xoş salamla şən dindirin,

Könül açın-əyləndirin,

Görən kimi sevindirin,

Döşün önə gərənlərə -

Salam verin əsgərlərə,

Əsgərlərə salam verin.

 

Bir salamdan heç qalmayın,

Azaltmayın salam payın,

Dönə-dönə salamlayın,

Sizi yolda görənlərə -

Salam verin əsgərlərə,

Əsgərlərə salam verin.

 

Nolar əsgər tanış deyil?

Ürək görüş, danış deyir!

Qayna deyir, qarış deyir!

Hay gözünə girənlərə -

Salam verin əsgərlərə,

Əsgərlərə salam verin.

 

Sizi duyan əsgər gülər,

Sizə əsgər olmaq dilər...

Torpağını canı bilər,

Səngər ömrü sürənlərə -

Salam verin əsgərlərə,

Əsgərlərə salam verin.

 

Əsgər gedər, keçər yeyin,

Əl qaldırın, əl eyləyin.

Əhsən deyin, alqış deyin,

Od-alovu görənlərə -

Salam verin əsgərlərə,

Əsgərlərə salam verin.

 

Yurd eşqinə yanar onlar,

Millətini anar onlar.

Torpağına donar onlar,

Od qoyarlar gəlmələrə -

Salam verin əsgərlərə,

Əsgərlərə salam verin.

 

Yurda oğul olar əsgər

Göyçəmizi alar əsgər,

Zəfər zəngin çalar əsgər.

Düşmən bağrı dələnlərə -

Salam verin əsgərlərə,

Əsgərlərə salam verin.

 

Dildə şirin ülfət olsun,

Ürəklərə sevinc dolsun,

Bu təzə bir adət olsun:

Qələbəni dərənlərə -

Salam verin əsgərlərə,

Əsgərlərə salam verin.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!