Böyük şəxsiyyət
Ulu öndər Heydər Əliyevin
əziz xatirəsinə ithaf olunur
Səsində bir əzəmət,
Adında vardı xeyir.
Bu doğma Azərbaycan,
Ulumuz - Heydər deyir!
O, hökmüylə, əqliylə
Xarüqələr yaratdı,
Azərbaycan adını
Yer üzünə tanıtdı!
Tarix təkrarlanacaq,
Tarix varaqlanacaq,
Heydər tarixə dönüb
Yenidən doğulacaq!
Tükənməyən, çağlayan,
Bir çeşmədi, bulaqdı.
O, xalqın varlığına
İşıq selitək axdı.
Olum-ölüm anında,
Dayaq durdu xalq ona.
O da verdi ömrünü,
Əbədilik xalqına.
Adında var bir qürur,
Zəhmətində var hünər,
Bu millət fəxr eləyir
Adınla, ulu Heydər!
Ali Baş Komandanım
Dildə əzbər dastan oldun,
Xalqın sənə, sən xalqına.
Güvən oldun, dayaq oldun,
Ali Baş Komandanım!
Kitablara sığmayacaq
Ər-igidlik dastanısan!
Tarixlərə tarix yazan
Ulu Öndər imzasısan!
Zəfər sənə çox yaraşır,
Sən zəfəri yaratmısan!
Yadda qalır hər addımın,
Ali Baş Komandanım!
Mümkünsüzü mümkün edən,
Möcüzələr yaratdın sən!
Şuşa, Ağdam, Laçın deyib,
Zəngəzura yol aldın sən...
Xalqının sən güvən yeri,
İnancısan, inamısan,
Ali Baş Komandanım!
Təsəlli
Oturub özümlə üz-üzə hərdən,
İttiham edirəm, söhbət edirəm...
Günahkar çıxarıb özümü hərdən,
Özümə ən ağır cəza verirəm....
Qeyb olan ayların, ötən illərin
Ağrısı gözümün yaşından çıxır.
Köksümdən ucalıb, dağa çevrilən
Qəm-kədər qəlbimin başından çıxır.
Soyuqlu-şaxtalı xəzan ömrümü
Qızdıran qəlbimin oduymuş, demə.
Aldandım, sınandım hər addımbaşı,
Təsəllim vicdanın adıymış, demə...
Bu sevgi nəğmətək alıb könlümü,
Oxşayır ruhumu hər axşam-səhər.
Məni yaşadacaq sevgi xəyalım,
Mən səni gizlicə sevdiyim qədər...
Xoşbəxt yaşamağa öyrəşməmişəm,
Mənim gözlərimdə yaş olsun gərək.
Ağrıya-acıya güc gəlim deyə,
Ürəyin yerində daş olsun gərək.
Darıxıram
Anama ithaf
Sakit, zülmət gecədir...
xəyalınla dayanmışam
üz-üzə -
yoxluğunun həsrətiylə
göz-gözə...
Qulağıma
aram-aram səsin gəlir,
Gözlərimin sükut adlı
göz yaşları dağıldıqca yanağıma
Barmaqların sığal çəkir saçlarıma.
Susum deyə,
Toxunursan dodağıma...
Sığınıram xəyalına,
unuduram yoxluğunu...
Həsrətinə dözəcəyəm, ay ana,
Yollarına baxa-baxa
ürəyimi üzəcəyəm, ay ana!
Ürəyimin düz başına
Göz yaşımdan
mirvarilər düzəcəyəm, ay ana!..
Anama...
Həsrətini çəkdiyim,
heç vaxt unudulmadın...
O illərin, günlərin
acısına alışdım!
"Xala" çağrılanda da,
"Ana" adlananda da
Yenə səni aradım
Həsrətini çəkdiyim,
heç vaxt unudulmadın,
heç vaxt unudulmadın...
Unutdun
Sənə şeir yazıram,
sevgidən yox,
şikayətdən yazıram...
Baxışımla alışan,
gözlərində danışan
məhəbbəti unutdun...
Nə sevgini unutdun,
nə nifrəti unutdun.
Ürəyim dəlmə-deşik,
sanki savaşdan keçib.
Xəyalın fikir kimi
dolanıb başdan keçir...
Azərbaycan,
elim mənim!..
Yaşayırsan qəlbimizdə
Ürəklərdə, dilimizdə,
Sən Heydərin ölkəsisən,
Azərbaycan, elim mənim!
Dalğalanan bayrağında
Xəzərlə hey qucaqlaşır.
Yadda qalır, hər əməlin
Azərbaycan, elim mənim!
Candan əziz bir nemətsən
Millətinə çox gərəksən!
Heydərinlə öyünmüsən.
Azərbaycan, elim mənim!
Zirvələrdə gəzir adın,
Səni qoruyan xalqın var!
Mehribanın, İlhamın var,
Azərbaycan, elim mənim!
Vətən, millət qeyrətini
Öz qəlbində çəkən oldun.
Ümidsiz qalan xalqına.
Bir məşəltək yanan oldun!
Candan əziz bir nemətsən,
Millətinə çox gərəksən!
Heydərinlə öyünmüsən,
Azərbaycan, elim mənim!
Payız depressiyası...
Zamansız bahar kimi
qışa-borana düşdüm.
Ömrüm nağıla döndü
dilə-ağıza düşdüm.
Həyat mənə dərs verdi...
Sınaqlarla yaşadım.
Xəyallarda uyudum
gerçəklikdə alışdım.
Ömrün baharı gedib
payızında qalmışam...
yaşamaq olmayıb ki,
elə çabalamışam!
Dürüstlük amalımla,
əqidə saflığımla,
neçə-neçə adama,
gizli düşman olmuşam.
Təəssüf dolu dünəndən
özümə dərs almadım
imanımdan, dinimdəm
çox unutqan olmuşam....
***
Ayağa qalx, Türk dünyası,
Birləşək bir yumruq olaq!
Türklük özü şərəf-şandır,
Adımızı uca tutaq!
Yıxılan ağlamaz...
"Yıxılan ağlamaz" deyib atalar,
ürək çat veribdi, ağlamıram ki.
Hamar yollarıma daşlar düzənlər,
toza çevrildilər, anlamadım ki...
Ağrılar-acılar hədiyyəm olub,
hər kəsə beləsi qismət olmaz ki.
Nifrətim, Sevgim də sonsuz olubdu,
Hər kəsdə iradə, məqsəd olmaz ki.
Yuxusuz gecələr şahidim olub,
Tanrima etdyim dualarımla.
Dil nəyə vərdiş edibsə odur,
sonradan dediyi vərdiş olmaz ki...
Şuşa
30 illik həsrəti
bitibdi Qarabağın.
Tarix yazdı əsgərim,
Ali Baş Komandanım!
Taxılıbdı Şuşaya
üçrəngli al bayrağım!
Dastana çevrilibdi
yenə də Qarabağım!
Səslənir Şuşamızda
Şerimiz, muğamımız...
Dünyaya səs salıbdı
Azərbaycan adımız!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!