Dəniz heykəlidi
ayrılıqların
Ləpələr xatirə yelləncəkləri,
Üstümə gəldilər hey axın - axın.
Pünhan yer qalmadı boylanam Sənə,
Gəldim ki bir az da dənizdən baxım.
Dəniz yuxusudu xatirələrin,
Qoynu ağ libaslı gəlin kimidi.
Dalğalar inadla məni yenidən
Dünənə səsləyən əlin kimidi.
Dəniz heykəlidi ayrılıqların,
Hər dalğa dipdiri xatirələrdi.
Gəldim sahilinə, mavi dalğalar
Önümə xatirə süfrəsi sərdi.
Qəlbimtək yanırdı qızılı sahil,
Yetmirdi su səpə dalğa əllərin.
Qayalar inadla kəsmişdi yolu,
Yadıma salırdı xatirələri...
Aça bilmədiyim dərdin dilini
Açmağı vaxt, zaman, il öyrədirdi.
Dilsiz bir heykələ dönmüşdüm, mənə
Dalğalar yeni bir dil öyrədirdi...
Mən keçən yollar
Bax, oğlum, əziz tut, halallıq istə,
Hər cığır bir sevda nişanəsidi.
Dəniz bu şəhərin yolları üstə
"Gözlə, boğularsan" işarəsidi.
Gözlə, boğularsan işarəsidi
İşvəli baxışlar, nazlı gülüşlər.
Vitrin kuklaları sirli tələdi; -
Bu şəhər yerində belədi işlər.
Keçdiyim cığırda, açdığım izdə
Elə zənn eyləmə səndən qoçağam.
Sənə tuş olmasın, mən keçən yollar
O yerə çıxır ki, ordan qaçağam.
Xoşbəxt eləməyə
nə var adamı
Bir özgə planet yarat, İlahi,
Yarat, nə qapısı, bacası olsun.
Gecəsi, gündüzü bilinməsin heç,
Nə də yollarının haçası olsun.
Bir özgə planet yetir, nə olar,
Yoxdusa, yox yerdən bitir, nə olar?
Sevgiylə qıfılla, Eşq ilə bağla,
Salıb açarını itir, nə olar?
Bir özgə planet var et, İlahi,
Bizi dərgahına yar et, İlahi.
İthürən tərəfi, işıqgələni
Olmasın, aləmə car et, İlahi!
Xoşbəxt eləməyə nə var adamı? -
Bir dodaqqaçımı təbəssüm yetər.
Bir baxış bəs edər bir ömür boyu,
Bir əl yelləməsi gül kimi bitər.
Burnuma bir bələk qoxusu gəlir,
Sonra da bir mələk qoxusu gəlir.
Sonra da adamın yuxusu gəlir,
Xoşbəxt eləməyə nə var adamı?
Necə əsiriyəm o təbəssümün,
Bircə xoş baxışın, əl sallamağın,
Sonra da kövrəlib bir qərib kimi
Çəkilib xəlvətə, xatırlamağın...
Necə əsiriyəm, necə, İlahi,
Nə olar, bir özgə planet yarat.
Yarat, nə qapısı, bacası olsun,
Nə də insan əli açası olsun.
Bir özgə planet yarat, nə olar? -
Sədaqət əbədi din olsun orda.
Qalsın aramızda əbədi bir sirr;
Bir mən, bir Sən bilək kim olsun orda.
Pünhan arzularım çin olsun orda,
Məhəbbət əbədi din olsun orda.
Götürüb yazım ki, ölürəm sənsiz,
Yalansa, ölümüm min olsun orda...
***
Qop gəl nağıllardan, əfsanələrdən,
Mənim ismi pünhan Göy üzüm, hərdən.
Buludu yelkən et, göyü yol eylə,
Qop gəl unudulmaz xatirələrdən.
Necə istəyirsən, denən, olmasam,
Nə ki, sərhədlər var, yenən olmasam,
Bu dəfə, bu dəfə mən mən olmasam
Bil ki yanılmısan, həmin namərdəm...
Eşqin əyilməyən uca qəddi var,
Kim deyə bilər ki axır həddi var?
Sənin hər yaşının öz sərhəddi var,
Mənimsə səbrimi basmaq təcrübəm.
***
Yordummu o kövrək barmaqlarını?
Haram eylədimmi yuxunu Sənə?
Sən zərif qəlblisən, bağışlayansan,
Nolar, bu dəfə də məni əhf elə.
Nolar, bu dəfə də Sən halal eylə
Hər gün xəyalınla ovunmağımı.
Tədavü eyləyim güzəştlərinlə
İllərlə qövr edən könül dağımı.
Hissimə, duyğuma sərhəddəm, səddəm,
Kimsəsiz cəhənnəm çölü kimiyəm.
Nəfəsi arabir özünə dönən,
Gahdan nəbzi atan ölü kimiyəm.
Rəngini itirir gözümdə dünya,
Xəyallar dumana - çənə bənzəyir.
Hissim mənə çəkib, mənə oxşayıb,
Ağlım vaxt ötdükcə Sənə bənzəyir.
Yönü payızadı ömrün illəri,
Başa varmaq üçün dözüm verərsən.
Varammı, yoxammı, yaşayırammı? -
Bilmirəm, cavabı özün verərsən...
Sənə döndüm...
Bəlkə elə mən sən idim, sən sənə gəldin,
İllər boyu sənsizliyə mən sinə gərdim.
Mən bu yolda qadağalar əksinə gəldim,
Mən bu yolda sənə döndüm, sənə bənzədim.
Arayıram, yoxdu sözün ağla batanı,
Tapammıram söz içində qəlbə yatanı.
Bəlkə səni bir zamanlar Adəm atanı
Cənnətindən perik salan dənə bənzədim?
Necə deyim, ərz edim ki, kim oldun mənə?
Ürəyimdə sızıldayan sim oldun mənə.
Yaranışdan iman oldun, din oldun mənə,
İbadətdə mən yenə də mənə bənzədim.
Qibləm bildim, Məkkəm bildim bil ki, mən səni,
Qəlb evimə çıraq etdim Günəş, Ay təni.
Adın ilə qoşa tutdum mən bu Vətəni,
Özgə daha kimim var ki, kimə bənzədim?
Gəl desə, gəlmərəmmi
Qəlbində daşıdığı eşqi dünyadan böyük,
Xətri gül ləçəyidi, toxunmağa qorxuram.
Yaşadıq bu ömürü o vəfalı, mən dönük,
Bir hicran nəğməsidi, oxunmağa qorxuram.
Qəlbinin səksəkəsin, gözünün məlalını
Bayraq kimi dünyanın hansı səmtinə asaq?
Gör neçə illərdi ki, bağlı qalıb bu qıfıl,
Açarına əl vurmaq olub min yerdən yasaq.
Günahkardı önündə bu Yer, bu Göy, kainat,
Önümüzdə bir yasaq, "olmaz" nidası əkib.
Susmaqla yola verib qəmini, məlalını,
Şükür olsun, İlahi, dözümdə Sənə çəkib.
"Gəl" desə yetmərəmmi,
can fəda etmərəmmi?
Onda gərək mən daha əzəlki namərd olam.
Qorxuram qadağalar yenə kəsə yolları,
Bu gələ bilməmək də ona yeni dərd ola...
Soruşma
Niyə görüşmədik o görüş günü? -
Oğrunca, ürəyi yaralı durduq.
Soruşma, ay qızım, o gün biz niyə
Biri-birimizdən aralı durduq?
Mələklər əlçatmaz olur, ay qızım,
Hər yaşda bir özgə qadağası var.
Uzaq dayansam da gərək biləydin
Canımın canına sadağası var.
Belədi həyatın qanunu, qızım,
Ürək çəkən yerə ayaq getməyir.
Dirənib qalırsan lay divar kimi,
Könüldə kök atan dildə bitməyir.
Ehtiyat bağlayır sevən qolunu,
Nə desin bəxtini yazana, bilmir.
Səyriyən dodağı kəsir yolunu,
Əli istəyinə uzana bilmir.
Bilməzsən o görüş anına qədər
Hansı duyğulardan keçib yaşadım.
Sən onun döşündən süd əmdin, qızım,
Mən onun qəmini çəkib yaşadım.
Bircə təsəllim var...
Yanaşı şəklimiz olmayıb bizim,
Arada özgələr divara dönüb.
Elə bil taledən olmayıb izn,
Elə bil dünyanın işığı sönüb.
Könüldən könülə gedən yolları
Fotoya almayıb şəkilçəkənlər.
Bəlkə yaranışdan bu yer üzündə
Nə belə sədd olub, nə belə səngər.
İllərin arzusu qalıb başında,
İstəyim dirənib daşa, görürəm.
Bircə təsəllim var, baxışlarında
Mən səni özümlə qoşa görürəm.
Vaxtım olmayır
Xəyal eyləyirsən o gün ki, məni
Bir özgə ənamım, taxtım olmayır.
Yuxuma girirsən, qatışır başım,
Yuxuna girməyə vaxtım olmayır.
Oyun
Çoxdan oynamağı yadırğamışdım,
Yenə də köyrəltdi məni bu hava.
Bu çalğı çalanlar qəsdimə durdu,
Oynağan öyrətdi məni bu hava.
Səni də duyuram, birdi qanımız,
Axıb göz yaşımız üzə, oynayır.
Oyun havasıyıq mən, sən, hamımız,
Tale əl götürüb bizə oynayır.
İllərin hökmünə dirənib ömür,
Çatmaz mənzilinə eyləsəm giley.
Çalanlar havanı çoxdan dəyişib,
Mənsə o havaya oynayıram hey.
Günüm gün deyil ki...
Xəbərlər bəd gəlir bəklənən yerdən,
Müsəlman dünyası təklənən yerdən.
Üzgünəm ürəyim şəklənən yerdən,
Üzgünəm, çatmayan nəfəsim Sənsən.
Əl açam, yalvaram, kimsə gülməyə
Dilimdən qopası bu son kəlməyə.
Dönüb bu dünyaya bir də gəlməyə
Ümidim, istəyim, həvəsim Sənsən.
Günüm gün deyil ki... De, niyə danım,
Sənsiz olmayıbdı tək bircə anım.
Təslim eləyərdim canımı, canım,
Bilsəm ki, əbədi qəfəsim Sənsən.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!