Ata ocağını
axtarır gözüm
Atamın xatirəsinə
Məni soraqlayan dosta, tanışa
Bir vaxt deyərdilər:
- O, evdə yoxdu.
Ürəyim az qalır dərddən alışa,
İndi xarabadı,
o ev də yoxdu...
Ata ocağını axtarır gözüm,
Havalı başıma dünya dar olub.
Dönüb dəf üzünə elə Dəf düzü -
Hər yan cilalanıb, haphamar olub.
Vecimə də deyil qorxunc minalar,
İçimdə bir dəli fırtına qopub.
Burda cərgələnən uca binalar
Göyəmi çəkilib, yerəmi hopub?
Arzular, istəklər qaldı yarıda,
Köhnə yaramızı təzələdilər.
Ata evimizin divarını da
Üyüdüb, üyüdüb toz elədilər...
Dərd mənə dünyanı dar eləyibdir,
Didərgin insanlar gör, nələr çəkib?
O toz gözümüzü kor eləyibdir,
O toz ümidlərin üstünə çöküb...
Dörd yanı öpərək baxışlarımla
Ötən gəncliyimi tapmaq istərəm.
O tozu yoğurub göz yaşlarımla
Xəyali bir koma yapmaq istərəm.
Yad ocaq qəlbimi çətin isidə,
Ruhuma güc verən haqqın səsidi.
Ata evimizin xərabəsi də
Necə əziz idi, müqəddəs idi...
Çatmır doğmalara daha ünümüz,
Bülbüllər yerində yarasa ötdü.
Evimiz toz oldu, xoşbəxt günümüz
Onun qanadında harasa getdi...
Zamanın cəhrəsi ömrü əyirdi,
Bircə doğma daxma, bir oda yoxdu.
Bir vaxt xərabəmiz "gəl-gəl" deyirdi,
İndi göyə uçub, heç o da yoxdu...
Zamanın yanan körpüləri və həsrət selləri
İşi çalxanmaqdı qədim nehrənin,
Ürəkdən gələn yaş gözü göynədir,
Geriyə yol yoxdu, zaman nəhrinin
Yanan körpüləri bizi göynədir...
Könlüm viranədir, dağılıb huşum,
Nələr qazanmışam mən yetmiş ilə?
Şəkilə çevrilib əllim, altmışım,
Nəfəs-nəfəsəyəm mən yetmiş ilə...
Dadmışıq taleyin ömür payından,
Arzular beşiyi olub qəlbimiz.
Adlayıb zamanın neçə çayından
Üzü gələcəyə can atmışıq biz...
İçimdə bir körpə uşaq ağlayır,
İnsanın xoş günü keçmişindədi.
Zamanın çayları, coşur çağlayır,
Ömür dəyirmanı öz işindədi...
Həsrət ayazında bir sazaq idim,
Bu da son, indidən dərd məni alıb...
Əllidən, altmışdan yüz uzaq idi,
Yetmişdən üç addım məsafə qalıb...
Geriyə dönərmi ömrün axarı,
Meydan oxusaq da, biz dağa, daşa?
Onsuz da dünyanın yoxdu axırı,
İstər əlli yaşa, istər yüz yaşa!
Dərd abıra salıb neçə arsızı,
Xoşbəxt günlərimiz arxada qalıb.
Anamın gözündə qalan arzusu
Qəlbimi ağrıda-ağrıda qalıb...
Vətənsiz bir ömür ömür-gün deyil,
Zaman arzumuzu verdi yellərə...
Dönmək istəsək də, bu, mümkün deyil
Atalı, analı xoşbəxt illərə...
Özümtək qaçqındı könül dincliyim,
Hələ də ürəyim dərd közündədi...
Dəcəl uşaqlığım, qaynar gəncliyim
Yanan körpülərin o üzündədi...
Ağrı elə ağrı, dərd elə dərddi,
Onun qocamanı, körpəsi yoxdu.
Zamanın dəyişməz qanunu sərtdi,
Həsrət sellərinin körpüsü yoxdu...
Tanrı sınağı
Biz uyduq iblisin fitnə-felinə,
Ağrının, əzabın kökü dərində...
Nələr yükləmədik yerin belinə?
O yazıq qıvrılır hərdən yerində...
Görəcəkli günlər öndədir hələ,
Gərək, hazır olaq xeyirə, şərə...
Depremlə, tufanla, sunami ilə
Tanrı ibrət dərsi verir bəşərə...
Yaradan istəsə, solmaz çiçək də,
Kimsə göydən dolu yağdıra bilməz.
Hiddət qasırğası coşsa ürəkdə,
Onun qarşısında dağ dura bilməz.
Bizə zaval yoxdu heç bir yaradan,
Gülən xeyir tapmaz qəlbi sınığa.
Düşmən sevinməsin, ulu Yaradan
Hərəni bir cürə çəkir sınağa...
İbrət götürmürmü insan özünə
Oxuyub tarixin gündəliyini?
Fəlakət gəlməsə, bu yer üzünə
Bəndə dərk eləmir bəndəliyini.
Hansı qəlbdə sönsə iman çırağı,
Sağ ikən cəhənnəm oduna düşür...
Niyə adamların adam olmağı
Bircə dar məqamda yadına düşür?
Uçqunlar altından salim, sağ çıxan
Körpənin nələr var qara gözündə?
Tanrı sınağından üzüağ çıxan
Xalqa zaval yoxdu bu yer üzündə...
Bir ovuc torpaq
Ümidlə baxsam belə, hər açılan səhərə,
Ağrıların əlindən qurtara bilmədim mən.
Səni mən gətirmişdim, əziz ana, şəhərə,
Bağışla ki, geriyə qaytara bilmədim mən...
Qaçqınların ahından gələrdi Vətən ətri,
Səbirlər diləyərdik sizə,
hər gün səbirlər.
Hamı qəribsəmişdi doğma evindən ötrü,
Qərib adam görmüşdük, -
bu da qərib qəbirlər...
İllər görüb işini, qəlbimin odu sönüb,
Daha əlimdən gəlmir seltək coşub çağlamaq.
Qismətimdə var imiş yenidən geri dönüb,
Xarabazar yurdumda için-için ağlamaq.
Qaldım öz evimizə uzaqdan baxa-baxa,
Baxışlarımla öpdüm daşını, divarını...
Üz də sürtə bilmədim o müqəddəs torpağa,
Aşıb keçə bilmədim illərin hasarını...
Nə qədər baxasıyıq evimizə uzaqdan?
Daha insanların da güvə düşüb səbrinə.
Əlimdən nə gəlir ki, doğulduğun torpaqdan
Bircə ovuc gətirib səpdim sənin qəbrinə...
İndən belə çətin ki, tale sizə yar ola?
Ayrılıq ayazında başdaşın buz kimidi...
O bir ovuc torpaqla sağalarmı yaralar? -
O torpaq yox, yaraya səpilən duz kimidi...
***
Yer yoxdu el arasında
El üzünə ağ olana.
Tülkülük etmək yaraşmaz
İnsan kimi doğulana.
Boğdular çox istəyimi,
Bu sitəmlər bəs deyilmi?
Dünya bir məhbəs deyilmi
Ürəyi dustaq olana?
Bulanıq sular durular,
Nə vaxtsa, məhşər qurular,
Nə qədər balta vurular,
Aman Allah, yıxılana?
Köksümdə dərd adası var,
Hər işin bir qaydası var,
Sarayın nə faydası var
Könül mülkü dağılana?
Son kəlməni göy deyəcək,
Yaram çoxmu göynəyəcək?
Axı məlhəm neyləyəcək
Sinəsində dağ olana?
Bir çiçək varmı solmayan?
Halal bir eşqə ol maya!
Qəlbində iman olmayan
Adam çətin ağıllana...
Adamı olmayan adam
Deyirsən: - Adamım yoxdu,
Qapı dalında qalmışam...
Adamlığı olmayanın
Qulu, nökəri olmuşam.
Ev verdilər bəhmənkəsə,
Ad verdilər filankəsə.
Niyə mən qaldım kənarda? -
Oy, nə qədər uman, küsən...
Addımbaşı, qədəmbaşı
Namərd kül üfürür gözə.
Xoşbəxtliyə gedən yollar
Dolamadır, deyil kəsə....
Adamın olmasa əgər,
Bəxtin gülərmi üzünə? -
Haqsızlığa boyun əyib,
Toxtaqlıq vermə özünə...
Həyatın ah-ufla keçir,
Ağlayırsan, zarıyırsan.
Hərəkət olmayan yerdə
Bərəkətmi arayırsan?
Səni adam sayarlarmı
Namərd önündə əyilsən?
"Adamım yoxdu" söyləmə,
Bəs özün adam deyilsən?
Təzə nırxlamı işləsin
İndən belə köhnə bazar?
Sözümə məhəl qoymursan,
Tükənməyir giley-güzar;
Deyirsən: "Bu haqsızlığı
Göydə olan kişi görmür?" -
Adamı olmayan adam,
Allah bəndə işi görmür...
Aparır
Yol bizi kimin toyuna,
Kimin vayına aparır.
Dar ayaqda tənha qalan
Dostun hayına aparır...
Qərq eləsə, sellər bizi,
Qınamazmı ellər bizi?
Bu görünməz illər bizi
Axı hayana aparır?
Ötən günə salma meyil,
Geri dönmək mümkün deyil,
Gələn hər gün, hər ay, hər il
Bizi o yana aparır...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!