"Vətəndən uzağa düşəndən bəri Açmır ürəyimi qürbət gülləri..." - Simax Şeydanın şeirləri

Qürbət gülləri

 

Sevirəm gülləri, tər çiçəkləri,

Vardır ürəyimdə onların yeri.

Hər dəfə yurduma gələndə bahar

Nərgizlər, reyhanlar ruhumu oxşar.

Laləli çöllərə yolum düşəndə

Dərib gətirmişəm güllərdən mən də.

Kövrək bənövşələr

Heç vaxt, heç zaman

Çıxmaz xatirimdə, çıxmaz

yadımdan.

Vətəndən uzağa düşəndən bəri

Açmır ürəyimi qürbət gülləri.

Qürbətdə rəngbərəng gözəl güllər var

Laləli çəmənlər, yaşıl çöllər var

Açıb qırmızı gül, ağ gül, sarı gül

Oxuyur eşq ilə bağçada bülbül.

Yenə bənövşənin əyridir boynu

Bu halı pərişan eyləyir onu

Səfərə çıxıbdır qışı dağların,

Gül-çiçək doludur döşü dağların.

Bu halı pərişan eyləyir onu

Səfərə çıxıbdır qışı dağların,

Gül-çiçək doludur döşü dağların.

Vətəndən uzağa düşəndən bəri

Açmır ürəyimi qürbət gülləri.

Sevincim, fərəhim qalıb vətəndə

Salıb itirmişəm bura gələndə.

Şirin gülüşlərim fikrə dalıbdır

Xəzər sahilində lövbər salıbdır

Yerişim, duruşum əvvəlki deyil,

Bir özgə adamam indi elə bil.

Gəncədə, Oğuzda bitən güllərtək

Qürbətdə ətirli deyil gül-çiçək.

Ürəyim qalıbdır Azərbaycanda

Hər gün gözəlləşən güllü məkanda

Onunçün könlümün gülmür telləri

Oxşamır ruhumu qürbət gülləri.

 

Şüarım mənim

 

Vətəndən uzaqlara düşüb güzarım mənim,

Çıxmır bir an yadımdan Bakım, Ucarım mənim.

 

Qəlbimdə yuva salmış Oğuz, Quba, Qəbələ,

Qazaxdır, Lənkərandır əhdim, ilqarım mənim.

 

Səsli-küylü Gəncədən könlüm ayrı düşəli,

Daim gəlir yadıma Göygöl, Qoşqarım mənim.

 

Gül-çiçəkli Ağdamı röyalarda görürəm,

Görən səndən harda var Şəkim, Qusarım mənim?

 

Füzuli, Şuşa üçün qəlbin göynəyir, Simax,

Laçındır, Kəlbəcərdir dildə şüarım mənim.

 

 

Qocaldım

 

Eşq sazını çala-çala qocaldım

Yar qadasın ala-ala qocaldım.

 

Yola saldım gəlib keçən illəri,

Saç ağardı, bala-bala qocaldım.

 

Tale məni ayrı saldı vətəndən,

Xəyallara dala-dala qocaldım.

 

İlk eşqimi - o nazənin dilbəri,

Hər gün yada sala-sala qocaldım.

 

Simax Şeyda, hər qışın bir yazı var,

Qürbət eldə qala-qala qocaldım.

 

 

Nə olar

 

Bilirəm ki, sevirsən, sev məni aşkar, nə olar,

Çıxginən aşiqinə ürəkdən qəmxar, nə olar.

 

Mən ki, sənin yolunda bülbülü şeyda kimiyəm,

Qoyma ki, eşqimizə əl qatsın əğyar, nə olar.

 

İzin ver pərvanətək dönüm-dolanım başına,

Yanım-yanım dağ olum, ay qoynu bahar, nə olar.

 

El bilir, oba bilir, yanarlar yaşar həyatda,

Bizim də ulduzumuz qoy yansın par-par, nə olar.

 

Simaxa, dəryalarda çox üzdü Nuhun gəmisi,

Sənin də qoy yaşasın yazdığın əşar, nə olar.

 

 

Çal aşıq

 

Telli sazı gəl əlinə al aşıq,

Səsinə qat bir az şəkər, bal aşıq.

 

Oxu aşıq Ələsgərdən, Abbasdan,

Dörd bir yana xoş bir hava sal aşıq.

 

Bu gün yarla çıxacağam gəzməyə,

Görəcəyəm al yanaqda xal, aşıq.

 

Atacağam subaylığın daşını,

Verəcəyəm sənə tirmə, şal aşıq.

 

Yol verəcək bizə meşə, dağ, dərə,

Neçə-neçə gül-çiçəkli yal, aşıq.

 

Simax Şeyda, məhəbbətdə gücə bax,

Çal başına dönüm sənin, çal aşıq.

 

 

Düşmüşəm

 

Ana vətən, əfv et məni, bağışla,

Baxma mənə başqa gözlə, baxışla.

Yola düşüb bir gün qarla, yağışla

Gəlib səndən uzaqlara düşmüşəm,

Görmədiyim torpaqlara düşmüşəm.

 

Yoxdur sözüm havasına qürbətin,

Cana olan cəfasına qürbətin

Oğuzumun hey çəkirəm xiffətin.

Gəlib səndən uzaqlara düşmüşəm,

Görmədiyim torpaqlara düşmüşəm.

 

Azərbaycan! Qəlbimdəsən hər zaman,

Əziz adın çıxmaz heç vaxt yadımdan.

Od götürüb isinirəm odundan

Gəlib səndən uzaqlara düşmüşəm,

Görmədiyim torpaqlara düşmüşəm.

 

Bu yerlərin qışı qışda, yayı yay

Gül-çiçəkli bağlarına olmaz tay.

Gündüz günəş oxşar məni, gecə ay.

Gəlib səndən uzaqlara düşmüşəm,

Görmədiyim torpaqlara düşmüşəm.

 

Gözüm seçir daim pisdən yaxşını,

Qəlbim sevməz hər nadanı, nəşini.

Atmaq üçün xəstəliyin daşını

Gəlib səndən uzaqlara düşmüşəm,

Görmədiyim torpaqlara düşmüşəm.

 

Simax Şeyda, vətən eşqi müqəddəs,

Qürbət eldə Bakı, Gəncə deyib gəz,

Ay Şahdağı, gözəl Göygöl, Xan Kəpəz

Gəlib səndən uzaqlara düşmüşəm,

Görmədiyim torpaqlara düşmüşəm.

 

 

Qürbətdəyəm, qürbətdə

 

Düşdüm vətəndən uzaq qürbətdəyəm, qürbətdə,

Çəkirəm qüssə, fəraq, qürbətdəyəm, qürbətdə.

 

Daim düşür yadıma Azərbaycan torpağı,

Neçə yurd, neçə ocaq, qürbətdəyəm, qürbətdə.

 

Hacıkəndin, Göygölün havasına həsrətəm,

Hardasan, ay Xoşbulaq, qürbətdəyəm, qürbətdə.

 

Lənkərandan, Göyçaydan, Oğuzdan yox xəbərim,

Çıraq qala, Dəli dağ qürbətdəyəm, qürbətdə.

 

Səfalı Qubadandır ismi pünhanım mənim,

Canımdır o gülyanaq, qürbətdəyəm, qürbətdə.

 

Simax vətən həsrəti çəkə-çəkə qocalır,

Yazmaqdan qalmır ancaq qürbətdəyəm, qürbətdə.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!