Tanrım, məni əfv elə
Hər şey uzaqlar kimi,
hər şey bir az qəribdi;
yarpaqların ölüsün
payız yerə səribdi;
göy üzündə ulduzlar,
sayrışır, altın-altın;
əqrəbləri tələsir,
içimdəki saatın;
qulağıma səs gəlir,
bir uzaq, qərib köydən;
buludlar kölgəsini
sərib üstümə, göydən;
bir günah qazanınca,
yüzünü unutmuşam;
min illər ötüb keçib,
üzümü unutmuşam;
hər şey bir az qəribdi,
göy üzü, dağlar, su, yer;
tanrım, məni əfv elə,
bir azca da səbr ver;
17.02.2023. Bakı
Hələ ağdı, bir üzüm
İşıq düşdü üzümə,
gözüm bir az səyridi;
səhərin dan üzündə,
qaranlıqlar əridi;
sinəmdə nə sirr qalıb,
həsrətim əsir qalıb;
buludlar qısır qalıb,
göy üzündə çürüdü;
yoxa çıxıb bəlkələr,
dil tutular, kəkələr;
gün əyildi, kölgələr,
dağa sarı süründü;
səbr yoxdu bir çəngə,
həsrət ağrı işgəncə;
anamın ruhu gecə,
gözlərimə göründü;
hələ ağdı bir üzüm,
bir az solub, kür üzüm;
yuxumdakı dənizin
suları çox dərindi.
18.03.2018. Bakı
Unutdum o kür nağılı
Dərdin qara yuxusuna,
işıq çiliyə-çiliyə;
gəldim eşqin buxtasına,
şərab süzün, piyaləyə;
hardan görüm, ayın üzün,
yazın üzün, yayın üzün;
bulud tutur, göyün üzün,
kəkəliyə-kəkəliyə;
içim-çölüm sancı-sancı,
qələm götür, yaz dastançı;
külək əlində bir qamçı,
səkir, ləliyə-ləliyə;
ötən günlər yarpaq-yarpaq,
əlimdəki xəlbirə bax;
kimdi sözü bulaq bulaq,
ürəyimə səpələyən;
harda itirdim, özümü,
itirdim göm-göy üzümü;
sığallayır göy üzünü,
ruhum yelləyə-yelləyə;
kim dəlidi, kim ağıllı,
unutdum, o kür nağılı;
ürəyim qalıb sıxılı,
içimdəki təsəlliyə.
18.06.2023. Bakı
Ayrılığın buxtası
Adsız günlər boyunca,
ağrı çəkdi buludlar;
kölgə kimi çəkildi,
içimdəki umudlar;
adımı unutmuşam,
bir yarpaq boyda yerdə;
kimin qapısın döyüm,
bu ünvansız şəhərdə;
yaxındakı dağların,
çiynindən qar əriyir;
kölgələri üzümdə,
gözlərimdə səyriyir;
mən ana uşağıydım,
indi o da yoxuymuş;
bəlkə də indiyədək,
gördüklərim yuxuymuş;
daha çəkə bilmirəm,
həsrətin noxtasını;
gəmilərlə doludu,
ayrılığın buxtası.
12.07.2023. Almanya,
Vesterştedt şəhəri
Hansı tərəfə gedim
Hansı tərəfə gedim,
bu yolda dörd çıxış var;
birində günəşli gün,
birində də yağış var;
payız çən güdür məni,
həsrət təngidir məni;
bir az ləngidir məni,
qarşıdakı yoxuşlar;
bulud şələ-şələdi,
meh saçımı yellədi;
məni yoldan elədi,
o mehriban baxışlar;
ağ yoldan, ağ cığırdan,
saçlarıma axır dan;
çəhrayı yuxulardan,
yağır dəli yağışlar;
çox üzüldüm bir ahdan,
nə istədim sabahdan;
yolum ötsə günahdan,
Tanrı məni bağışlar.
14.07.2023. Almanya,
Vesterştede şəhəri
Hardan uçur
qu quşları
Hanı eşqin aşiqləri,
həsrətin yar aşiqləri;
bu şəhərin işıqları,
ulduzları uddu, deyən;
ağ buludlar əsmər-əsmər,
göy üzünü kimdən gizlər;
qulağıma gələn səslər,
yer üzünə yaddı, deyən;
hardan uçur qu quşları,
qanadları naxışlanıb;
göy üzünün yağışları,
yeri-yurdu yudu, deyən;
içimdə boğulur hədəm,
gözümdə oynayır didəm;
ömür buxarlanıb gedən,
bir gölməçə sudu, deyən.
18.11.2023. Bakı
Könül, tələsmə bir az
Daha məndən danışma,
yadımdan çıxıb adım;
min illərdi uçuram,
sızıldayır qanadım;
harda itim, azım mən,
ağlıma nə yazım, mən;
ötən ilin yazından,
ulduzları sanadım;
indi harda umud var,
yuxumda bir ağ at var;
gecə sındı buludlar,
göyün üzü qanadı;
mən də boyatam, amma,
həsrət qonub odama;
anam çatdı atama,
məzarlar yan yanadı;
yağmur çoxaldı bu yaz,
saçım-saqqalım bəyaz;
könül, tələsmə bir az,
düzü-dünya dumandı.
16.07.2023. Almanya.
Bremen şəhəri
Əlimdə bir
şam tutum
Başımın üstündəki,
buludlar qucaq-qucaq;
əllərimi uzatsam,
göy üzünə çatacaq;
gizlən, yumum gözümü,
yüzə qədər sayacam;
bir ovuc bulud gətir,
əl-üzümü yuyacam;
bir şam tutum əlimdə,
göydən bir uldüz dərim;
sənin o ay üzünü
göy üzünə göstərim;
illərin o tayından,
xatirələr dillənir;
dəcəl uşaqlığımız,
yelləncəkdə yellənir;
bu dünya da yellənir,
yellənir, göy üzündə;
şip-şirin bir sevginin,
şəkli qalıb gözümdə.
14.07.2023. Almanya,
Vesterştede şəhəri
Əllərimin dili var
Çəhrayı yuxulardan,
dönüb qayıtdım, daha;
əllərim toxunmadı,
bir yalançı günaha;
yollarımın üstünə,
qar toxuyur küləklər;
ağ yağışdan islanır,
çiynimdəki lələklər;
qalxıb bir ev quracam,
buludun yaxasında;
bir gümüş gün çıxacaq,
göylərin arxasından;
gümüş işıq axacaq,
hər səhər dan üzündən;
göy tanrılar baxacaq,
göyün o yan üzündən;
əllərimim dili var,
barmaqlarım danışır;
göy üzündə ulduzlar,
ocaq-ocaq alışır.
22.10.2023. Bakı
Sən eşqi məndən istə
Qara-qara buludlar,
uddu göyün üzünü;
üzümə kölgə qondu,
gedim, yuyum üzümü;
hanı dərdin naxışı,
saçımda qar yağışı;
yolların yor-yoxuşu,
cırmaqlayır dizimi;
sən eşqi məndən istə,
dumanı çəndən istə;
sərdim yolların üstə,
gecənun gündüzünü;
kimin kimlə nə işi,
fələk mənlə əyişib;
həsrət bir az dəyişib,
bətimi-bənizimi;
alnım qırış-qırışdı,
ömür bircə qarışdı;
üfür, yenə alışdır,
bu ocağın közünü.
21.10.2023. Bakı
Sevə bilmədim,
bu yayı
Uzaqda göy sular axır,
dərələrin içi ilə;
soyuq küləklər tələsir,
buludların köçü ilə;
yerə də payız döşənib,
bəs qayıdıb gedim hara;
yarpaqlara xal düşübdü,
sarı-sarı, qara-qara;
əynimdəki yaşıl köynək,
solub, payız yarpağıtək;
bax bir az da soluxubdu,
qanadlarım lələk-lələk;
gözlərimin kökündəki,
həsrət göyərib, bir az da;
bir yaşıl köynək alacam,
bu qarşıdan gələn yazda;
qönçələr də qısır qalıb,
şirmayı dərələr boyu;
bu payıza bağışladım,
unutduğum ötən yayı.
18.07.2023. Bakı
Uçaq başqa
göy üzünə
Oyanıb görəm ki, sənsən,
deyəsən dur, çıxıb gedək;
gedək, bir az uzaqlara,
mən bal olum, sən də pətək;
orda Günəş də batmasın,
elə qalsın göy üzündə;
bilək ki, bir yurdumuz var,
göy üzünün o üzündə;
bir ev quraq özümüzə,
otdan, çiçəkdən, yarpaqdan;
evimizə su da çəkək,
buluddakı bir bulaqdan;
Ay da, ulduz da, Günəş də,
Göy üzü də yaşıl olsun;
yaz-yay yaşıl, payız yaşıl,
bir yaşıl da qışı olsun;
göy üzünə şeir yazaq,
bir mahnı da bəstələyək;
ulduzları çiçək kimi,
topa-topa dəstələyək;
əllərini qoy sinəmə,
saçlarını yay üzümə;
sonra da ordan yol tutaq,
uçaq başqa göy üzünə.
28.06.2023. Almanya,
Vesterştede şəhəri
Yağış
Burda nə var dərd adına,
onu məndən uzaq elə;
buludda bir quş şəkli çək,
qanadlarını ağ elə;
daha yağışlar qurumur,
sel-su basır buraları;
ötən dərdlər unudulmur,
qaysaq tutmur yaraları;
ulduzlar da bir-bir düşüb,
göyün üzündən yağacaq;
elə Günəşin özü də,
Ay da su olub axacaq;
əllərim asılı qalıb,
göy üzünün yaxasından;
biz də yağışıq, deyəsən,
yer üzünün yuxusunda;
indi dərd də yağış olub,
qəm də yağır yağış kimi;
fələk vurub alnımıza,
möhürü də naxış kimi;
bir az dərddən uzaq olaq,
nə yay, nə qış sərt gəlməsin;
yağış da, qar da çox yağsın;
göy üzündən dərd gəlməsin.
16.07.2023. Almanya,
Vesterştede şəhəri
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!