gözəl insanlar yer üzünün adam çiçəkləridi... - Əhməd Qəşəmoğlunun şeirləri

 

Mənim şəhid şəhərim

 

İrəvanım!

mənim müqəddəs məkanım!

dövranın ögey vədəsi

nahaqdan gedən qurbanım...

 

Allahım!

qadağan eylədin

insanı qurban verməyi!

bəs minlərin vətənini?

bəs bir eli, bir şəhəri?

 

Dünyanı

öz bağ-bostanı bilənlərin fitvasıyla,

onların gözlərinin önündə,

tarixin dar günündə

İrəvanı talan elədilər!

 

İrəvanın tarixini, torpağını, daşını,

gözlərinin yaşını

dağıtdılar, yandırdılar, güllələdilər...

qədim, gözəl bir şəhəri

yerlə-yeksan elədilər...

 

Mənim şəhid şəhərim!

 

Şəhidin naləsin yer-göy götürməz!

sənin nalən yerdə qalmaz!

düşmən heç vaxt bu şəhərdə

qan üstündə xoşbəxt olmaz!

 

Türk elləri durub baxmaz...

göylər də kömək eyləyər,

igid, məğrur övladların

bu tarixi, bu dövranı

ədalətin qüdrətiylə

məhvərindən silkələyər...

 

İnşallah ki, düşmənlərin

qarşında təzim eyləyər...

 

Gözəl insanlar

 

Allahın nurunu yer üzünə, həm də

gözəl insanlar yayır...

 

gözəl insanlar yer üzünün

adam çiçəkləridi...

badam çiçəkləri kimi, qızılgül kimi,

min-min çiçəklər kimi,

gözəl insanlar da

yaraşıq verir, işıq verir yer üzünə...

 

adam çiçəklər fərqlidi bir-birindən,

əlvan nurlar axır onların

baxışlarından, sözlərindən...

göy üzünün sehri nur verir,

belə insanların gözlərindən...

 

məlakələrə oxşayır belə insanlar,

özləri də bilmədən

nizam verirlər yer üzünün əhvalına,

məlhəm qoyurlar, ahəng verirlər

yer üzünün ağrılarına, qeylü-qalına...

 

belə insanlardı yer üzünü, insanları

min bəladan qoruyan, qurtaran...

Allahın nurunu yayan

belə insanlardı öz xalqını

uğurlara aparan.

 

Dua

 

Dua - İlahiyə təzim,

Ümidin güman yeridi,

Hər dua qəbul olunmaz -

İmtahanlardan biridi.

 

Dua eyləmək sözləri,

Sadəcə, oxumaq deyil,

Gözlərinə hüzn verib

Məlul-məlul baxmaq deyil.

 

Dua edənin qəlbi

Gərək köklənsin aliyə.

O alidir hökm eyləyən

Aləmlərə, yerə, göyə.

 

O alinin nur telləri

Hər teldən doğmadı bizə,

Bizdən də yaxşı bələddi

Sözümüzə, qəlbimizə.

 

Dua edənin qəlbi

Bulaq kimi çağlamasa,

Xeyri yoxdu, nur içində

Ali nura bağlanmasa.

 

Yer-göy hey çağırır...

 

Allah yaratdığı hər bir varlığın

Üstündə özünün dəsti-xətti var,

Hər bir yaranmışın öz vəzifəsi,

Ömrünə yaraşıq eşqi, əhdi var.

 

Kainat bir nurlu ahəng içində,

Yaranan hər varlıq bir rəng içində,

Hamısı bağlıdı bir-birlərinə,

Ya sevda, ya da ki bir cəng içində.

 

Lap bir qum dənəsi, ya zirvəli dağ,

Ya bir məşum səhra, ya da barlı bağ,

Çəmənlər, bulaqlar, çaylar, dəryalar,

Hamısın bağlayır bir sehrli bağ.

 

Yer üzü onların heyrət növrağı,

İbadət eyləyir hər gün sübh çağı,

Qəlbi təmiz insan bilir ki, necə

Olur hər varlığın səsi, sorağı.

 

Kainat da varlıq, hüdudu sonsuz,

Zəka anlayammaz, zəka imkansız.

Sonsuzluqda gəzir qəlbin telləri,

Qəlbdir hər əmələ hakim, amansız.

 

Qəlbi saf insandır ən gözəl insan,

Onlar çiçək insan, onlar gül insan,

Haqq yol o yoldur ki, saflğa doğru

Yer-göy hey cağırır: - Haqqa gəl, insan.

 

Dövrandan getmək

istəyirəm

 

Dünyadan yox,

dövrandan getmək istəyirəm,             

məni bu dövrandan bezdirənlərin

gözündən itmək istəyirəm...

 

özümü

dövranın əlindən almaq istəyirəm,

özümlə tənha qalmaq istəyirəm...

 

bir dərin meşədə

suları dumduru

bir bulaq olmaq istəyirəm...

uzaqdan, lap uzaqdan

məni məndən alan bu dövrana

baxmaq istəyirəm...

 

Göy üzü ilahi...

 

...Hansı aləmdəyəm, biləsən, indi...

Çiçəklərin ruhu dolaşır burda,

Zirvələr nur dolu sirrin içində,

Düzənlər görünür, itir arada...

 

Çəmənin, çiçəyin görkəmi ayrı,

Hərdən danışırlar, səsləri gəlir,

Ağlına gələr ki, təbəssümlərlə

Güllər hansı sayaq ilahi gülür?

 

Burda addım atmaq, uçmaq kimidi,

Həm də ki, xəyalın qaydası ilə,

Kimsə deyə biməz yorulmaq nədir,

Yalanı bir kimsə gətirməz dilə.

 

Burda hamı bilir, bir vaxt Adəmi

Həvvayla nə günə salıbdı tamah,

Burda bir varlığın qəlbinə dəymək

Ömrü sona verən qaçılmaz günah.

 

Göy üzü ilahi qırxlar aləmi -

Ahənglər yaranır sonsuzluqlardan,

İstərsən, gəl bura, nurlar içində

Baxaq o aləmə, səssiz, uzaqdan...

 

Harada qalmısan,

mənim gəncliyim...

 

Ömür boyu axtardığım, tapmadığım gözəl

necə də ilahidir indi,

Gəncliyində, bu yaşında!

 

aləmlər qarışdı başımda...

 

bəlkə də indi

o axtarır, tapa bilmir

qəlbindən boy verən

            həsrət qaldığı oğlanı?

ona doğma olanı.

 

bəlkə bilsə ki, o oğlan

ondan çox-cox əvvəl

gəlib keçib bu dünyadan,

indi pirani bir qocadı...

hönkür-hönkür ağlayar... 

 

harada qalmısan, mənim gəncliyim?

Gəl dindir, gəl ovut bu gözəli...

 

Mən səni o qədər

çox sevirəm ki...

 

mən səni o qədər,

o qədər çox sevirəm ki,

məni sevməyinə ürəyim gəlməz...

Əgər məni sevsən, sənin ürəyin

istədiyim kimi sevinib gülməz...

 

Mən istəyirəm ki, məlakələr hər gün

ən doğmaların kimi yuxuna gəlsinlər,

Sənə göy üzünün sevgi dolu, qayğı dolu 

köməyini  gətirsinlər...

 

Zərif çiçəklərin  ruhu var səndə,

Pərişan sevdanın ahı var səndə,

Müqəddəs kitabların işığı var, qüdrəti var

yerişində, duruşunda, gözlərində....

 

Ömrümün

ögeylik əlində çırpınan  bu çağında

istəmərəm qəlbin qalsın

qəlbimin sorağında,

Həyatımın  qayğılarında...

 

mən səni o qədər,

o qədər çox sevirəm ki,

Məni sevməyinə ürəyim gəlməz...

Sən göy üzü, mənsə dəniz...

 

Aman, aman qəlbi kövrək,

Aman, aman zərif çiçək,

Sənin nahaq umu-küsün

Məni qəfil öldürəcək...

 

Ürəyinlə məlakəsən,

Yer üzündə fərqli, təksən.

Hələ qədrimi bilmirsən,

Bəlkə, ölsəm, biləcəksən.

 

Sən mənə əzizdən-əziz,

Bilmirsən, qalmışam aciz.

Sən göy üzü, mənsə, həsrət

Tərk olunmuş, yetim dəniz.

 

Qəlbimə hamıdan doğma,

Məni belə sıxma, boğma,

Belə naşı dərd  ələmə

Dünyadan gedən çağıma.

 

Aman, aman, qəlbi kövrək,

Aman, aman, zərif çiçək,

Sənin nahaq umu-küsün

Məni qəfil öldürəcək...

 

Yan-yana dayanıb

iki göyərçin

 

Dənizdən boy verdi ağappaq bulud,

Bir yanı sularda, bir yanı süzgün,

Elə bil o dəniz qəlb aləmimdi...

Buludu dindirdim mən üzgün-üzgün...

 

Pəncərəm önündə iki göyərçin,

Biri naz-qəmzəli, biri qürurlu.

Amma hər ikisi eşq odundadı,

Qəlbləri tərtəmiz, gözləri nurlu.

 

Allahım, bu yer üzündə

bəs quşların işi nədi?

Kainat sirri içində

quşlar nəyə nişanədi?

 

qızılgülə bənzəyirdi

göyərçinlərin hər biri,

Hər tərəfə yayılırdı

sevda dolu nəğmələri.

 

dənizdən boy verən o gözəl bulud

qalxdı, gəlib durdu başımın üstə.

Gözü dənizdəydi, qəlbi pərişan,

Gördüm, əhvalımız düşür üst-üstə.

 

Biz qoşa seyr etdik göyərçinləri,

O eşqdən nur axdı qəlblərimizə.

Dənizdə dalğalar sevdalandılar,

Bizdən danışdılar, hey üzə-üzə...

 

Peşman şeirlərim

 

Niyə dolanırlar başıma belə,

Mən ki çağırmadım bu şeirləri?!

Axı görürlər ki, kölgəyəm, sanki,

Elə hey dindirir məni hər biri.

 

Onlar bir məlakə cilvəsindədi,

Sevimli bir gözəl işvəsindədi,

Görürlər bu aləm sevmir onları,

Hamısı kədərli, dərd içindədi.

 

Deyirlər, dövranı bürüyüb bəla,

Bizi dindir, bəlkə bir əlac ola.

Vallah, xeyri yoxdur deyirəm, onlar

Göz yaşı tökürlər baş yola-yola.

 

Elə dolanırlar mənim başıma,

Xəcalət çıxırlar lal tək qarşıma.

Görürəm hərəsi bir sətir yazır

Kədərlə ağlayan qəbir daşıma.

 

Niyə dolanırlar başıma axı,

Mən ki çağırmadım bu şeirləri?!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!