Payız notları - Əlizadə NURİ

1. Ən gözəl qəmləri geyir -

Ürək də dəb xəstəsidi...

2. İçinə bir gül budağı düşmüşdü -

Bahar gəlmişdi suya.

3. Hərdən oxuyuram məktublarını -

Yolunu tapmışam diri qalmağın.

4. Ürəyini qalın geyin -

Çöldə ayrılıq əsir.

5. Həyat, nə yaxşı varsan

Lap mənim olmasan da.

6. Gül əkmişəm əllərinin ətrinə...

7. Ay girib dənizə ləpələnirdi...

8. Hardasa, uzaqda kaman ağlayır -

Bəlkə bir nəğməni güllələyirlər?..

9. Quşlar göy üzünə uçmaq öyrədir -

Bir azdan göylər də qanadlanacaq...

10. Çox adam itirdim bu təklik üçün...

11. Diksinər yanağın göz yaşlarından - ağlama ana.

12. Kimin günahıdı görən bu dünya?

13. Yuxusunda azadlığını görürdü

Çərçivəyə salınmış şəkil.

14. Dodaqlarının izi qalmışdı

Su içdiyin bulaqda.

Öpdüm suyu -

Öpdüm dodaqlarının

Suda qalan izini...

15. Bənövşə boynunu elə büküb ki,

Elə bil onun da atası yoxdu.

16. Sənin ad gününə baharı dərdim...

17. Bir gül yarpağından boylanar mənə,

Məni yoldan edər alagöz şeir.

18. Bəlkə də bir qızın təbəssümüymüş,

Sonradan böyüdüb günəş ediblər?!

19. Ömür hesab dərsi imiş -

İndi çıxma fəslindəyəm...

20. Hər qönçə bir gülün uşaqlığıdı.

21. Mən elə təşbehəm, elə təşbehəm,

Hər şeirin içinə girən deyiləm.

22. Yüz il yaşasan belə

Ömür yarımçıq qalır.

23. Yer - göyün altında bir zirzəmidi.

24. Nə qədər ki, qara rəng var,

Sənin gözlərini unutmayacam.

25. İnsan qızıl tozu kimidi -

Əyarı gec bilinər.

26. Ölümdən qorunmaq üçün

Hamı öz həyatında gizlənib...

27. Elə istəyirəm gün işığından

O yetim uşağa bir libas tikim.

28. Adını dilimin ucunda tutub...

Sonra da ömürlük susub qalardım.

29. Asta-asta yeriyirdi -

Qorxurdu ki, yer kürəsi qurtara.

30. Hərdən yada sal məni -

Məni unutmaq üçün.

31. Qaranlıq otaqda şam da günəşdi.

32. Nə gözəl əyləncə olar:

Bütün günü oturub,

Bir gülün açmasına tamaşa etmək...

33. Daş atdım, suların xətrinə dəydi -

Daha daş atmağın daşını atdım.

34. Tanrı bu dünyanı sənə həsr edib...

35. Sənin şəklini çəkəcəm, Vətən -

Başını dik tutarsan!

36. Adını gülə qoydular -

Gülü bəxtəvər etdilər.

37. Sən mənim sevgi sonbeşiyimsən.

38. Mən səni bu axan çaydan

Bir damla sutək götürdüm...

39. Kədər, gündüz gəl bizə

Gecə yolu azarsan.

40. Ürəyimi açdım sənə,

elə yüngülləşdim ki,

sən demə, bütün gücüm

deyəcəyim söz imiş...

41. Şəkildə ağlayan o uşağın

göz yaşını silə bilsəm...

42. Bir azdan bir payız öldürəcəklər.

43. Nəsimi asıldı dar ağacından -

Tarix Nəsimidən asıldı qaldı...

44. Sənə bir sirr açım, Allah

Ancaq aramızda qalsın.

45. Payızı kim qorxudub -

Heyva-heyva saralıb?

46. Yağış nə biləydi ki,

Çölün çətiri yoxdu...

47. Korun gözündə də açılır səhər.

48. Günəş - göy üzünün çəkdiyi ahdı...

49. Üzündə ay doğan qız

o ayın neçəsidi?

50. Şeir olmaq istəyirdim,

Şair oldum.

51. Elə böləsən ki, dəni quşlara,

Quşlar da danışa ədalətindən.

52. Hər gün bir əsgər kimidi -

"Vurulub" qoşundan çıxır...

53. Hamı qonaqdı dünyada,

Hamı qonaqlıqda deyil.

54. Dünya, eşidirsənmi

O yetimin göz yaşının səsini?!

55. Uşaq say öyrənmək istəmirdi -

Deyirdi ki,

Allah birsə, bir sayılmaz!

56. Allah danışmasa belə

Ən yaxşı həmsöhbətdi.

57. İstəyin bu ola tək: 

Səhər günəşi görmək üçün

Axşam yuxuya getmək...

58. Qanadlarında

göy üzü gətirmişdi o quş.

59. Nə olsun ki, karam? -

milyon səsin içindən də

Sənin səsini tanıyıram...

60. Odu söndürəndə su özü yandı.

61. Sənin pəncərəndən baxdım dünyaya -

İlahi, bu dünya nə gözəl imiş!

62. Dünyanın siyasi xəritəsində

Sizin evi küçə-küçə gəzirəm...

63. Gülün üstündə şeh

o qədər gözəl idi,

gülü qoyub şehi dərmək istədim.

64. Məzar üstə gül kimisən -

Qoxlaya bilmirəm səni.

65. Balası sularda batan ana

qəbir kimi qucaqlamışdı dənizi.

66. Mənimlə yol getdin, yola getmədin...

67. Ah, bu qədər güzgülərin

Birində əksin qalmayıb.

68. Şəhid məzarıyla bərkitmişik ki,

bu torpaq yıxılmasın.

69. Bir damla götürsən, azalar dəniz.

70. Xoşbəxtlik də göy üzütək

Uzaqdan baxmaq üçünmüş...

71. Həyat - müvəqqəti çətinlikdi

Bir azdan çıxıb gedəcək.

72. Qumru quşu elə oxuyurdu

elə bil ağlayırdı.

Qumru nənəm elə ağlayırdı ki,

elə bil oxuyurdu...

73. Ayrı-ayrı söz olsaq da,

Biz eyni cinasdayıq.

74. Bir qədəh xatirədən

Sərxoş olmaq olurmuş.

75. Bu kədər - kol dibidi

Ürəyim bənövşədi.

76. Bəlkə elə göy üzü də

nə vaxtsa, dəniz imiş -

çəkilib sonradan göy üzü olub?!

77. Günəş sən tərəfdən doğduğu üçün

Adını qoymuşam: "gündoğar qadın".

78. Suyu elə çoxalıb ki,

boğulur dəniz.

79. Məni barı bir dəfə də

Həqiqətlə aldadın.

80. Bir ağ göl kimidi göy üzündə ay.

81. Baxdıq uca dağlara

Boyumuz da böyüdü.

82. Belə bölgü apardım:

Dünyanı sənə verdim,

Səni də mən götürdüm...

83. Ölüm, heç insafdan deyil ha,

bütün ömür boyu oturub

səni gözləmək.

84. Dəlixananın divarında

səliqəsiz yazı:

"ağlın varsa, bura düşmə".

85. Bəlkə biz nağılları da

göydən düşən üç almaya görə sevdik?

86. Bir adamlıq yeri boşdu ömrümün...

87. On beşindən sonra

bütün qızlar oddu,

on beşindən sonra

bütün oğlanlar oda həssas.

88. Hər il - elə bil bir ata evidi,

İçində on iki övlad oturub.

89. Quşa atılan güllə

həm də göy üzünə dəyir.

90. Başın üstə göy üzü var -

Başından arxayın ol.

91. Bu tərəflərdə ağıllı adamları

sevmirlər -

mən də dəli deyiləm ki, ağıllı olum?!

92. Durub haqq gəzirəm mən bu dünyada,

Heç ayın günləri bərabər deyil.

93. Sənsiz dünya nədir ki? -

təkadamlıq çarpayı.

94. Əgər qoxlamasan, solar o çiçək...

95. Sənsiz ömür keçirmək,

güldana qoyulmuş gül ilə

bahar yaşamaq kimidi.

96. Əlifbadakı "A" hərfi kimisən -

hər şey səndən sonra gəlir.

97. Göyqurşağı Tanrının

həm də rəssam olmağına

bir işarədir.

98. Elə yaşayasan: - üzr istəmədən...

99. Mən bir "kənar şəxs" imişəm -

sənin qapından içəri girmək

qadağanmış mənə, sevinc.

100. Həyat mane olur həyat sürməyə...

101. Bircə çiçək qalıbsa,

demək, hələ bahar var.

102. Bir misra yağışda neçə heca var?

103. Dünya adlı qatardan

Sərnişinlərə xəbərdarlıq:

"İtən ömürlərə görə,

dünya cavabdeh deyil".

104. Gözünün üstündə yeri olana

"gözaltı" demə.

105. Bu gün də məni ötüb keçdin -

bu gün də mənə çata bilmədin.

106. Qızmar günəşin istisindən

tez əridi yay...

107. Özünü qarış-qarış,

Üzünü qırış-qırış gəzdim, Vətən.

108. İş budur, bax -

Günəş kimi təmənnasız olmaq!

109. Qılınc doğuldum ki,

batım bir yana.

110. Sən yaşayan küçəni

Oğurladım şəhərdən...

111. Ağac dincəlirdi öz kölgəsində...

112. Axşam ulduzları yığar başına -

Ay da ürək etməz çölə tək çıxa...

113. Tək sudakı çiçəyin yox,

Suyun da öz qoxusu var...

114. Mən səni o qədər böyütdüm, Vətən

Gördüm ki, dünya da sığışar sənə...

115. O ay işığından bir şüşə salın -

Şüşəsi qırılmış bir bacayam mən...

116. Zər oldun ki, bilim zərin qədrini?!

117. Əlim aşağıdı, olsun, nə olsun,

Başımı yuxarı tutub gəzirəm...

118. Milyon il əvvəl də doğulsaydım

Oturub mən səni gözləyəcəkdim...

119. Gördüm ki, yanımda kağız tapılmır,

Bir gül ləçəyinə yazdım şeirimi.

120. Bu yağan yağışdı, ya göy üzündən

Yerə damla-damla payız tökülür?!

121. ...İlahi, at yoluma

Bir parça ay işığı...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!