Şeirlər - Mustafa RASİMOĞLU

Döyüşən ruhlar

 

Qapıbir qonşudur ölümlə həyat,

Gəlişi-gedişi yerli-yerində.

O buna möhtacdır, bu ona - heyhat,

Canı birindədir, ruhu birində.

 

Nə verib ölümə, sevildiz belə

Şəhidlik dadını odamı bildi?!

Sizin əlinizdən tutanda hələ -

Görəydiz, diz çöküb necə əyildi.

 

Mənzili tükənməz siz gedən yolun,

Sıldırım qayalar, meşələr durur.

Daha torpaqlardan arxayın olun,

Kişinin yurdunda kişilər durur.

 

İllər boyu ayrılığı, həsrəti

Qoymadılar qala qışa, oğullar.

Sizdən aldı cəsarəti, qeyrəti,

Ölməz ruhunuzla qoşa oğullar.

 

Vətən torpağında səfərbərdilər,

Səmada qartaltək yaşadı ruhlar.

Qırıb yağıları yerə sərdilər,

Bu gün Xankəndidi, Şuşadı ruhlar.

 

Ölümü cismiylə yarı bölənin

Ürəyi döyüşən biləyindədi.

Döyüş meydanında qalib gələnin

Ruhu beşiyində, bələyindədi!

 

Dan üzünə

 

Üzü dan üzünə açılan eşqin

Üzünün abırı tökülüb daha.

Sən orda, mən burda baş girləyirik,

Deyəsən, bizimki qalıb Allaha.

 

Sən orda olubsan eşqin dəlisi,

Başının altında ağıl duası.

Mənim xəyalımda eyniləşibdi

Güllənin mənası, gülün mənası.

 

Qocaman arzular ömrə tuş gəlir,

Qəbir evciyimiz bizə tanışdı.

Bu gecə səngərdə Əzrayıl babam

Bilmədim nə dedi, nədən danışdı?!

 

Getdi baharımız, qışa nə qaldı?!

Yamyaşıl sevgimiz payıza döndü.

Torpaq həsrətiylə yanan ürəyim

Səninlə yaşadı, sənlə döyündü.

 

Qəlbimdə güllələr yuva qursa da,

Xəyalın yoluma işıq salacaq.

Qələbə sevinci sənin olsa da,

Xatirən ömürlük mənim olacaq.

 

Ata kölgəsi

 

Taybatay açılsın dərd qapıları,

Gözümdə ərisin dağların qarı.

Kürüyün dibindən bu çəmənzarı,

Nə bülbül ağlasın, nə çiçək solsun.

 

Fələk məni, mən fələyi neynirəm?

Aramızda bu kələyi neynirəm?

Ağrımırsa, bəs ürəyi neynirəm?!

İstərəm, ağrısı sinəmə dolsun.

 

Gördüyüm yuxunu xeyirə yozun,

Atamın adını ömrümə yazın,

Qəbrimi ayağı altında qazın,

Kölgəsi yenə də üstümdə olsun.

 

Yağış yağacaq...

 

Ay batır İlahi eşq sevgisində,

Kim qalacaq batanlar ölkəsində?!

Bir səs qalıb ildırımın səsində,

Şimşəklər deyir ki, yağış yağacaq.

 

Bu damcı su üçün çatlayacağam,

Əzabın dizini qatlayacağam,

Gecə də, gündüz də yatmayacağam,

Şimşəklər deyir ki, yağış yağacaq.

 

Nə yaxşı ki, torpaq məni götürsə,

Nə yaxşı ki, şam ağacı bitirsə,

Başım üstə anadil quş ötürsə,

Şimşəklər deyir ki, yağış yağacaq.

 

Bilirəm ki, məndən küsməyəcəklər,

Ömrümü-günümü üzməyəcəklər,

Hər zaman yolumu gözləyəcəklər,

Şimşəklər deyir ki, yağış yağacaq.

 

Üst-başımda tor quracaq hörümçək,

Dost-tanışlar bizə qonaq gələcək,

Kələ-kötür yöndəmim düzələcək,

Şimşəklər deyir ki, yağış yağacaq.

 

Yağılar yurdumda yağmalanacaq,

Mələklər gözümdə sığallanacaq,

Süni çiçəklər də ağıllanacaq,

Şimşəklər deyir ki, yağış yağacaq.

 

Hər işim olacaq öz qaydasında,

Daha ölməyəcəm yar sevdasında,

Duracam bir eşqin daş libasında,

Şimşəklər deyir ki, yağış yağacaq...

 

Salam verib...

 

Qərib durna qatarına baxıb mən

Bir qəriblik gətirmişəm ömrümə.

Dərdi, qəmi gözlərimə yığıb mən,

Duz basmışam bu yaralı səbrimə.

 

Vətənimin qara daşı olmuşam,

Mən ölümlə yol yoldaşı olmuşam,

Ömrüm boyu başı daşlı olmuşam,

Boyun əyib taleyimin əmrinə.

 

Ovsunlayıb göz yaşımı gülmüşəm,

Ürəyimi ay-ulduza bölmüşəm,

Öz ömrümü yaşamamış ölmüşəm

Salam verib şəhidlərin qəbrinə.

           

Zəfər yaraşır...

 

Qayasında gül bitirən

Sərvətə Zəfər yaraşır.

Səmadan ulduz götürən

Qüvvətə Zəfər yaraşır.

 

Tarixi ilə öyünən...

Adına qaçqın deyilən,

Otuz il haqqı yeyilən

Möhnətə Zəfər yaraşır.

 

Yurdu-yuvası dağılan,

Ürəyinə qan sağılan,

İllərdən bəri yığılan

Zillətə Zəfər yaraşır.

 

Haqqı görüb, haqq danışan,

Qəzəb hissiylə alışan,

Gecə-gündüz aşıb-daşan

Nifrətə Zəfər yaraşır.

 

Güllənin üstünə qaçan,

Baxışıyla ölüm saçan,

Al qanıyla cığır açan

Qeyrətə Zəfər yaraşır.

 

İgidinə yol göstərən,

Namərdin başın əzdirən,

Çiynində qəbir gəzdirən

İsmətə Zəfər yaraşır.

 

Xalqla yatıb, xalqla duran,

Sözlə dəmir yumruq vuran,

Belə Komandanı olan

Millətə Zəfər yaraşır.

 

Bir şair yaşayırdı...

 

Şair dostum Tabil Qasımlının

əziz xatirəsinə

 

Üzündə nur vardı, gözlərində qəm,

Otruşu-duruşu, özü bir aləm.

Dövləti bir kağız, bir də ki qələm,

Bir şair yaşayırdı...

 

Düşmən mərmisini yağdıran vaxtı,

Vətən haray çəkib bağıran vaxtı,

Onu köməyinə çağıran vaxtı

Bir şair yaşayırdı...

 

Yükünü çiynində mərd daşıyırdı,

Şəhər daşıyırdı, kənd daşıyırdı,

Şeir ha yazmırdı, dərd daşıyırdı,

Bir şair yaşayırdı...

Çox yanmışdı keçmişlərin qoruna,

Üz tutmuşdu sevgisinə, yarına,

And içmişdi kişilərin goruna,

Bir şair yaşayırdı...

 

Səbiri-dözümü tanımayırdı,

Səngərdə özünü tanımayırdı,

Yorğanın üzünü tanımayırdı,

Bir şair yaşayırdı...

 

Ruhu bədənində diriydi onun,

Məqsədi, amalı biriydi onun,

Əlində qələmi sirriydi onun,

Bir şair yaşayırdı...

 

Bir adam deyildi adi, sıradan,

Şair yaratmışdı onu Yaradan,

Peyğəmbər yaşında köçdü dünyadan,

Bir şair yaşayırdı...

 

Ölmədi, Tanrının qaldı yadında,

Mələklər apardı öz qanadında,

Soyadı Qasımlı, Tabil adında

Bir şair yaşayırdı...

 

Şairlər

 

Tapıb yarpaq altdan göbələk kimi,

Bir misra üstündə əsir şairlər.

Altını üstünə çevirib gedir,

Daha şeir yazmır əsl şairlər.

 

Daha şeir yazmaq istəmirəm mən,

Yazdığım şeirlər qəbrimi qazır.

Daha şeir yazmaq gəlmir əlimdən,

Ən böyük şeirimi Allahım yazır.

 

Şairlər Allahın bəlası imiş,

Sözləri cütləyib yaza bilirlər.

Kim deyir, şairlik Allah vergisi,

Alın yazısını poza bilirlər?!

 

O qədər özünə yıxılacaq ki,

Dərdi olmayacaq şair millətin.

Şairlər o qədər çoxalacaq ki,

Evini yıxacaq şeir millətin.

 

Dilini lal eylə, haqqın sözünü

Ölümün üstünə göndər də deyir.

Daha şeir yazmır əsl şairlər,

Şairlər sözünü səngərdə deyir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!