Yarpağını tökmüş ağaca dediklərim... - Hədiyyə Şəfaqətin şeirləri

Qara-qara adamların

            arasından keçib getməyə çalışıram.

Qara-qara gödəkçələrin,

Qara-qara ayaqqabıların,

Qara-qara çantaların

Qara-qara əlcəklərin...

 

Çətin...

 

Qara-qara adamların arasında

Ürəyimdə qalır ağ-ağ fikirlər,

Boğazıma tıxanır

Ağ-ağ sözlər...

 

Küçədə satılan nar qalağında

Qırmızı-qırmızı umid axtarır

Gözüm..

 

Üzüm

Hər axşam söykəli şüşələrin

            bu üzündən küləkli şəhərə

Lampalarının sarı işığında

Qar dənəsi axtara-axtara

Anqappaq çıxa bilərik, deyirəm,

Anqappaq çıxa bilərik səhərə...

 

***

Ağ qağayılara hopur

            səhra karvanlarının qoxusu

Dəniz sahillərində

Əllərim qoynumda üşüyə - üşüyə

Üzümü soyuq dalaya dalaya

Bir səhra yuxusu görürəm...

 

Görürəm ki, səslənir zınqrovlar

Görürəm ki  xırçıldayır qum

Dum -

duru günəş üfüqə əyilib,

            gözlərimi qamaşdırır

Görürəm ki üzü qüruba ölürəm...

 

Oyatmır məni qağayı qanadlarının səsi

Böyük əzablardan sonra toz kimidir bədənim

Uzaqlarda,

Çox uzaqlarda

Qumun istiliyini dərimdə hiss edə-edə

Günəşlə səhranın arasında əriyir bədənim...

 

 

***

Gözlərimin yaşı

Yarpaq-yarpaq qopub düşmür

Çiçək-çiçək çiçəkləmir

Mən göz yaşı - göz yaşı təklənirəm...

 

Göy göyərçinlərə bənzədirəm göz yaşlarını,

Hər axşam onlara qoşulub uçuram

Hər səhər qonşu evinin artırmasının damına

Göy göyərçinlər üçün dən səpirəm...

 

 

***

Hər gecə

Qollarımı yana açıb

Özümü buraxmaq istəyirəm boşluğa

Beşinci mərtəbədən...

 

Nə cır şabalıd ağacının budağına

            qonmaq qorxudur məni

Nə nəm asfalta çaxılmaq,

Nə elektrik xəttinə toxunmaq qorxudur məni

Aşağıda

Bir birinə qısılıb yatan pişikləri

Qorxutmaq qorxudur məni...

***

harda intizar var,

harda səma var

harda buludların boz dərinliyi

harda bir qadının çiyinlərində

ən gizli sirlərin öz dərinliyi...

 

əllərin uzana bilmədiyi yer,

gözlərin boylana bilmədiyi yer,

kişi ürəyinin döyüntüsündən

sözlərin boylana bilmədiyi yer...

 

məhəbbət xəyaldır,

həqiqət boğuq

dənizin sinəsi ölüm daşıyır

bizə elə gəlir şəhərlər evdir,

şəhərlər qapıdır, karvan qapısı

qocalar köç edir, Allah yaşıyır...

 

dayanır, baxmayır kim keçib gedir,

dayanır, eşitmir duaları da

özü hər yerdədir

ruhu bax burda,

bax burda: çiçəklər içən sularda...

 

kiçik bir yarpağın saplağındakı

qopmaq qorxusudur Allahın ruhu

böyük bir qayanın çatlağındakı

qarmaq qorxusudur Allahın ruhu...

 

mən onu tutmuşam ovuclarımda

dünyadan keçmişəm övuclarımda

Allahın quşların uçuşundakı

ruhunu içmişəm ovuclarımdan...

 

harda intizar var,

harda səma var

bir vərəq yazı var, bir qara qələm

qadın çiynindəki sirr nöqtəsində

unut şəhərləri,

mən o nöqtəyəm...

 

 

Atama

 

Baxıram uzun-uzun

Baxıram sonsuzluğa.

Səs yox,

yol yox,

kölgə yox.

Ayağıma toxunur ləpələri dənizin

Özü susuz, yatağı boşluğun dərinliyi...

 

Nə deməkdir var olmaq

Nə deməkdir, bilmirəm.

Bəlkə mən unutmuşam,

            bəlkə o heç olmayıb.

Elə gedib, əlinin istisi də qalmayıb

Elə yoxdur, elə bil heç zaman doğulmayıb...

 

Bir tərəfim, bir yanım yoxdur..

Çox uzaqlara

Məktub yollaya bilsəm,

            gedib yerinə çatmaz

Kim deyir uçurumlar ayaq altında olur

Mən bir boşluq duyuram,

            hamı keçib o yerdən

Getdiyi yerə gedər,

Bir də geri qayıtmaz...

 

Nədir məni dindirən,

Kimdir dilimi açan?

Mən ki

Elə baxıram, baxıram bu boşluğa

Dəli kimi susmuşam, dəli kimi ölmüşəm,

Kimsə dirilə bilməz qarışıb sonsuzluğa...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!