"Taleyin yolları döyüş yoludur" - Adil Cəmil

Şeirlər

Bədbin tanışıma nikbin məktub

Ölən arzuların dərdini çəkmə,

Bir daha acıma talesizliyə.

Ürək qübarını gözündən tökmə,

Polad da güc gəlməz poladdizliyə.

 

Elə bu dizlərlə can at zirvəyə,

Qalib dedikləri o ad belədir.

Əzizim, and olsun bu yerə, göyə

İnsan doğulandan həyat belədir.

 

Taleyin yolları döyüş yoludur,

Əriyən qaranlıq işığa qənşər.

Dünya dedikləri hələ də budur:

Barışa bilməyir xeyir ilə şər.

 

Yazılan yazıdır çəkilən ağrı,

Gərək naxış düşə öz məqamına.

Ucaltmaq istəsə bir kəsi Tanrı

Onu ucaldırmış söz məqamına.

 

Yoluna atılan daş-kəsəkləri

Əzm ilə əzməsə əzilər insan.

Məzarçün düşünsə gül-çiçəkləri

Ölüm havasında üzülər insan.

 

Belədir dünyanın gəldi-gedəri,

Biz kimik gələndən, gedəndən ayrı.

Canımız yanmasın candan ötəri -

Ruh olub gəzərik bədəndən ayrı.

 

Payızla üz-üzə

Ayağım altına sərilib payız,

Yarpaqlar yaşayır xəzan ömrünü.

Meşə çeviribdir əlvan rənglərə

Günəşdən nur alıb qızan ömrünü.

 

Çöl-çəmən qızarır dan yeri kimi,

Qızılı payızın gəlişidir bu.

Gözəllik bu qədər göz oxşamazdı -

Ana təbiətin əl işidir bu.

 

İlk bahar, son bahar fərqli biçimdə,

Fəslin önəmi yox bu həyat üçün.

Yaman səbirsizdir sevənlər indi -

Payızı gözləmir toy-büsat üçün.

 

Ömrün fəsilləri ürəkdən keçir -

Ürəkdə bahar var, ürəkdə payız.

İnsanın ruhuna qatıla bilə

Bu rəngdə son bahar, bu rəngdə payız….


Yarı bahar, yarı qışam
Yurd yanğımı heç soyutmaz

Dağların qarı olsa da.

Solmuş güldən şirə çəkməz

Xəyalım arı olsa da.

 

Çox şeyi vaxtsız deyirik,

Bəlkə də haqsız deyirik.

Biz hələ də "qız" deyirik

O qızlar qarı olsa da.

 

Yalqızın bölgəsi yoxdur,

Qəribin ölkəsi yoxdur.

Ağac var kölgəsi yoxdur,

Bəhrəsi, barı olsa da.

 

Tikan bitsə gül yerinə,

Ağlayanın gül yerinə.

Sarmaşıq sünbul yerinə

Qoyulmaz - sarı olsa da.

 

Yarı bahar, yarı qışam -

Göyərmişəm, qurumuşam.

Necə deyim yarımışam

Bu ömür yarı olsa da…

 

Bu karvanda
Başıma yüz bəla gəlir

Ürəyimə daman yerdən…

Çox kəsibdir qabağımı

Bulud göydən, duman yerdən.

 

Bu karvanda köç elədim,

Həyatımı heç elədim.

Ürəyimdə gecələdim -

Yara aldım yaman yerdən.

 

Hər çınqıya alışmadım,

Hər qatqıya qarışmadım.

Taleyimlə barışmadım -

Adam küsər uman yerdən…

 

Sənin şəhərin

Şəhər dəyişibdir öz görkəmini,

Elə adamlar da tanınmaz olub.

İllər bu şəhərdən ayırıb məni

Neçə qış keçibdir, neçə yaz olub.

 

Köhnə küçənizin dəyişib dəbi,

Nə qədər göydələn evlər tikilmiş…

Sən demə qaldığım bu qonaq evi

Ata evinizin yerində imiş.

 

Bu bağça nə bilir bu gələn kimdi,

Qızılgül közərir mən yanan yerdə.

Az qalır ürəyim dayana indi

O zaman ikimiz dayanan yerdə.

 

Gəlib qapınıza sevginə təşnə,

Doğma səkinin də daşı dəyişib.

Sənsiz dəyişməyib əslində heç nə,

Səni sevən kəsin yaşı dəyişib.

 

O eşqin sarayı uçmayıb, gülüm

Könlüm açılmayıb, üzüm gülməyib

Mən sənə könlümü açandan bəri.

O eşqin sarayı uçmayıb, gülüm,

Xəyalım keçmişə uçandan bəri.

 

…Üzünə çıxmışdı sevginin rəngi,

Sükutla deyərdin sözünü sən ki…

Bir ömür boyunca nə biləsən ki,

Bu cana nə gəldi o candan bəri.

 

Vaxt keçib - varımla yoxum dəyişib,

Elə düşünmə ki, ruhum dəyişib.

And olsun Allaha yuxum dəyişib

Sən mənim yuxumdan qaçandan bəri.

 

Adiləm, heyim yox coşub-daşmağa,

Razıyam - mənimlə gəl "dalaşmağa".

Səni gözləyirəm vidalaşmağa,

Gözlərim yol çəkir haçandan bəri.

 

Sirri açılmayan sabahdı onlar

Nəvələrim Fidana, Aytaca,

Toğrula, Nihada

Mənim nəvələrim mənim sərvətim,

Tanrı vergisidir oğul-qız payım.

Deyirəm bəsimdir bu səadətim,

Mən bəxti, taleyi niyə qınayım?!

 

Mələk nəvələrim alır havamı -

Hərdən acıqlıyam, hərdən kürəm mən.

Gözümün önündə ömür davamı -

Gözümün önündə böyüyürəm mən.

 

Övlad məhəbbəti bir ayrı sevgi,

Nəvəli günlərim başqa həyatdır.

Nəvə dedikləri mən görürəm ki,

Kainat içində bir kainatdır.

 

Çiçəyim çırtlayır "baba" sözündən,

Bu yaşa gəlməyin özü bir şərəf.

Öpüb nəvələrin nurlu gözündən

Baxmaq istəmirəm qüruba tərəf.

 

Hələ bilinməyir o səs, o səda,

Sirri açılmayan sabahdı onlar.

Dünyaya gəliblər məndən arxada,

Məndən irəlidə, qabaqdı onlar.

 

Belədir bu həyat,  olsam da harda,

İstərəm onları sevim doyunca.

Köhnəlir ən təzə oyuncaqlar da

Həmişə təzədir baba-oyuncaq.

 

Qayıt

Zirvəyə çıxardım bircənəfəsə,

Hardasan, ey mənim o yaşım, qayıt.

Yaşamaq xətrinə yaşa doluram,

Yaylağım, oylağım, dağ-daşım, qayıt.

 

Daşan səbrimizə dözən can deyil,

Hələ də arzumuz "qana qan" deyil.

Yaylağım, oylağım qayıdan deyil,

Özün öz yuvana, yurddaşım, qayıt.

 

Kəlbəcər deməkdən dilimiz qabar,

Nəyi dəyişir ki, bu qəm, bu qübar?

Yolumu gözləyən bir səltənət var -

Yurda qayıtmağa, yaddaşım, qayıt.

 

Onun yolu - haqqın yolu

Türk xalqlarının dəyərli folklor araşdırıcısı professor Fikrət Türkmənə

O bir canda neçə candı -

Millət üçün şamtək yandı.

Türkiyədi, Türküstandı

Fikrət Türkmən.

 

Tükənmir arzu-muradı,

Ruhumuzda gəzir adı.

Hara getdi türk aradı -

Fikrət Türkmən.

 

Tanrıdağın zivrəsində,

Altayların çevrəsində

Boy göstərdi öz səsində

Fikrət Türkmən.

 

Qırğızlara sirdaş oldu,

Oğuzlara qardaş oldu,

Türkmənlərə adaş oldu

Fikrət Türkmən.

 

Anasıdır Anadolu,

Onun yolu - haqqın yolu.

Türk oğludur dəli-dolu -

Fikrət Türkmən!

 

Ürəyinlə əritmisən daşı sən

Dağlar oğlu, tədqiqatçı alim, səriştəli pedaqoq Müseyib Yunisovun altmış yaşında oxunan şeir

Qədim Oğuz obasından gəlmisən,

Harda olsan bu biçimdə oban yox.

Çox bağlısan dədə-baba yurduna,

Bu şəhərin havasında havan yox.

 

Ömür yolu gah günəşdir, gah duman,

Açılmayan sabahlara nə güman?

Taleyinlə barışmısan hər zaman

Heç kəs ilə döyüşün yox, davan yox.

 

Gizlətmisən gözündəki yaşı sən,

Ürəyinlə əritmisən daşı sən.

Yaz bilmisən dost yolunda qışı sən,

Səndən ötrü belə yolda tufan yox.

 

"Budağında" bara dönüb nəvələr,

Sərvət olub, vara dönüb nəvələr.

Üz-gözündə nura dönüb nəvələr -

Nəvə kimi dərdi, qəmi sovan yox.

 

Mərd olana kömək olub alxışın,

Bəs eləyib namərdə bir baxışın…

Bığ altından baxıb gülür altmışın:

Belə yaşda belə gümrah cavan yox!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!