...Özü ilə bircə dəfə üzbəsurət görüşmüşəm, şeirləri ilə hər gün... Kəlbəcər həsrətli şeirlərini elə şeirlərin özü kimi göynərtisiz oxumaq olmur. İstedadlı şair Valeh Qocanı deyirəm... Təsəvvür edin ki, adam cəmisi səkkiz il Kəlbəcər rayonunun Məmmədsəfi kəndində yaşayıb, 27 il düşmənin soyuq nəzərləri altında sıxılan elinə, obasına hər gün xəyallarında gedib-gəlib:
Mən baharı bahar kimi duymadım,
Sənsiz gələn hər baharın qışı var.
Apar məni ayağına, ey Vətən,
Ayağında ürəyimin başı var.
Ürəyinin başında saxladığı Kəlbəcərə ancaq 44 günlük Zəfər savaşından sonra gedə bildi. İllərin yanğısını öldürmək üçün nə qədər vaxt lazım olacaq - bu, Allahın işidir. Valehin işi Kəlbəcərdən aralı qaldığı illərdə onu təkcə yaddaşında, yaşantılarında yaşatmaq olmayıb. Şeirlərində elə bir ayağı Kəlbəcərdə olub:
Valeh Qoca ha yazsa da, sətrini,
Verə bilməz bircə anlıq ətrini.
Hardan bilsin bu körpələr qədrini?!
Sənsizliyin iyirmi beş yaşı var.
Valeh Qocanın əksər şeirlərində həsrətin çaları bu və ya digər formada özünü göstərir. Çalın-çarpaz yolların çəkib apardığı ömür Valeh Qocanın təbirincə desək, eyni zamanın daşıyıcılarıdır. Elə həmin yollardır ki, bitəndə taleyimizə yazılan ömrün daha getməyə zamanı qalmır:
Ömrümüz qədərdi getdiyimiz yol,
Boyumuz qədərdi girdiyimiz kol.
Biri az qazanır, birisi bol-bol,
Hamının günahı varı boydadı.
Hamının taleyindən nə vaxtsa unutmaq, unudulmaq keçir. Bunu taleyin qisməti kimi qəbul edirik həmişə, unuduruq ki, bu qismətin formalaşmasına bəzən özümüz yardımçı oluruq. Valeh Qocanın lirik qəhrəmanı da taleyinə düşəcək ayrılığı özü yazmaq istəyir. Bəlkə Valehin özünəməxsusluğunun bir tərəfi də bundadır:
Bilirəm, sən də məni
Unutmaq istəyirsən.
Unutmağa dörd divar,
Bir otaq istəyirsən.
...Əslində Valeh Qocanın mənim təqdimatıma o qədər də ehtiyacı yoxdur. Çünki onun şeirləri özü-özünü ictimaiyyətə, oxucuya təqdim edə bilir. Şeirlərindəki həsrətqarışıq doğmalıq artıq çoxdandır ki, özünün oxucuları ilə ürək-ürəyə, baş-başadır:
Həsrətlə boylanır, baxır gül sənə,
Min nəğmə desə də, azdı dil sənə.
Sən elə şirinsən, elə bil sənə,
Nə vaxtsa anamın əlləri dəyib.
Elə bilirəm ki, Valeh Qocanın təqdim etdiyim şeirləri oxucu zövqünün parametrlərinə, "Ədəbiyyat qəzeti"nin adına yaraşan olacaq...
Vasif SÜLEYMAN
Valeh QOCA
Sənin ayağınla
Vətən yeriyir
İki ayağını da itirmiş qazimiz üçün
Bizim ürəyimiz düşüb, qalıbdır
Sənin ayaqların düşdüyü yerdə.
Bir az da qan verdin, torpaq böyüdü
Güllə damarını deşdiyi yerdə.
O yer müqəddəsdir, o yerdə anan
Gözünün nə qədər yaşın itirib.
Sənin ayaqların itdiyi yerdə,
Bəlkə də min düşmən başın itirib.
Gözünü şipşirin yuxu bürüyüb,
Beləcə, mürgünü oyaq almısan.
Sənin ayaqların olmayanda da,
Yağının üstünə ayaq almısan.
Eh! özün yeriyə bilmirsən, amma
İzində boy atıb, bitən yeriyir.
Vətən ayaq üstə, o gündən bəri
Sənin ayağınla Vətən yeriyir.
Hər qarış torpaqda nəfəs kimisən,
Hər doğma damarda ilik əvəzi.
Dağ kimi adamı ağac saxlamaz,
Götür o dağları çəlik əvəzi.
Bizim kəndimizdə
nə yoxdur, qızım?!
Qızımın "Kəlbəcərdəki (Məmmədsəfi kəndi) kəndimizdə nə var, ata?"
sualına cavab
Bizim kəndimizdə oyuncaq yeri,
Bizim kəndimizdə səngər yeri var.
Bizim kəndimizdə uşaq beşiyi,
Bizim kəndimizdə əsgər yeri var,
Bizim kəndimizdə nə yoxdur, qızım?!
Bizim kəndimizdə Günəş də çıxıb,
Bizim kəndimizdə qar da var indi.
Hələ əkilməmiş ağaclar bitib,
Səni yelləməyə yelləncək yeri,
Düşməni asmağa dar da var indi.
Orda qönçələr var, dırnağın kimi,
Orda güllər açır əllərin boyda.
Orda damcılar var səndən böyükdür,
Orda şəlalə var tellərin boyda.
Orda zirvəylə çay yanbayandılar,
Dumanın bir ucu buxarındadır.
Bizim kəndimizin düzü, çəməni
Kəndin dağından da yuxarıdadır.
Orda balıqlar da qızıl gəzdirir,
Orda bəzəyi var quşun üstündə,
Orda dərya çıxır daşın altından.
Orda xına bitir daşın üstündə.
Bizim kəndimizdə nə yoxdur, qızım?!
Orda nənələrin yarımçıq nağlı,
Orda babaların qəbri var, bala.
Dayanıb, otuz il bizi gözləyib,
Orda qəbirlərin səbri var, bala.
Bizim kəndimizdə şəhid ruhu var,
Qoruyur tufanda, yağışda kəndi.
Mən ordan çıxanda atam mən yaşda,
Mən ordan çıxanda sən yaşda idim,
Sən ora dönürsən mən yaşda indi.
Bizim kəndimizdə nə yoxdur, qızım?!
Deyimmi nə yoxdur, deyim, sən də bil.
Bizim kəndimizdə ev yerləri var,
Evlərdə nə divar, nə damlar yoxdur.
Bizim kəndimizdə hər şey var, amma
Bizim kəndimizdə adamlar yoxdu.
Gedirəm
Mən yurduma uzaq yerdən,
Uzaq olmağa gedirəm.
Gedirəm, deyəm, gəlirik,
Soraq olmağa gedirəm.
Yol gözləyir talan evim,
Aynası daş olan evim.
Üşüyür lüt qalan evim,
Ocaq olmağa gedirəm.
Gedirəm, o daş qalama,
Baş əyməyə bir salama.
Öz yurdumda öz balama
Qucaq olmağa gedirəm.
Ömrüm keçdi baş daşımda,
Uşaq qaldım yaddaşımda.
İlahi, ata yaşımda
Uşaq olmağa gedirəm.
Su bardağı
30 ildən sonra evimizdən tapdığımız anamın su bardağı
məni çox duyğulandırdı
Bu boyda məhlədən, bu boyda evdən,
Bir səni tapmışam, ay su bardağı.
İndi ciyərim yox, ürəyim yanır,
Yoxmu sahibinə pay, su bardağı?!
Yox idin, ovcumu yerinə qoyub,
Əyilib dağların çayın içmişəm.
Nə xoş halıma ki, ilk dəfə səndən
Mən də bu yerlərin suyun içmişəm.
Bu evin gülləri solubdur, amma
Hələ də üstündə gül yeri qalıb.
Ağzında atamın dodaq izləri,
Qulpunda anamın əl yeri qalıb.
Nə yaxşı, sakini oldum yolların,
Nə yaxşı, çatıbdır qatarım sənə.
O qədər əlindən su vermisən ki,
Gəl, indi gözümdən qaytarım sənə.
Çiçəkdən də balacasan
Çiçəkdən də balacasan,
Ləçək bilir çiçək səni.
Daş et məni ürəyində,
Aparmasın külək səni.
Səni qoxur yerim, göyüm,
Bir iz sal, izini döyüm.
Qoy, gedim anama deyim
Tez yığsın bir ətək səni.
Baxmısanmı öz dadına,
Bir güzgüdə göz dadına?!
Qon kəpənək qanadına,
Gəzdirsin kəpənək səni.
Hər telində bir qara sirr,
Gəl, sayım telini, bir-bir.
Ürəyimə beləcə gir,
Böyütsün bu ürək səni.
Kəsmə saçını
Ömrümdən qoparıb qara günləri,
Saçının üstünə atıb gəlmişəm.
Gözüm gözlərinə ilişib, amma
Özüm saçlarından tutub, gəlmişəm,
Kəsmə saçını.
Onsuz da, səbirsiz olmuşam bir az,
Bir az da telində səbrim kəsilər.
Ömür yollarımdı sənin saçların,
Saçını kəsərsən, ömrüm kəsilər,
Kəsmə saçını.
"Ay uzun hörüklüm, ay qara saçlım"
Deməyə dodağım, dilim öyrəşib.
Qısa saçlarında ac qalar əlim,
Uzun saçlarına əlim öyrəşib.
Kəsmə saçını.
Günəş gözlərinə düşəndə birdən,
Saçın kölgə salır, gözünü örtür.
Sən mənlə barışsan, alnını açır,
Sən məndən küsəndə üzünü örtür,
Kəsmə saçını.
Nə olsun tacın var, saçın kəsilər,
O uca başına tacın bəs etməz.
Birdən ürəyindən atarsan məni,
Özümü asmağa saçın bəs etməz.
Kəsmə saçını.
Şəkillərin
Xatirənə meh dağılıb,
Toz dəyib şəkillərinə.
Onda yazıydı, bəs niyə
Buz dəyib şəkillərinə?!
Qalıb şəkildə yoxluğun,
Bu ağ fəsildə yoxluğun,
Hələ sənin soyuqluğun
Az dəyib şəkillərinə.
Şəkildəki gül əvvəlki,
Göz əvvəlki, əl əvvəlki,
Bu axşam on il əvvəlki
Qız dəyib şəkillərinə.
Sən yoxsan, qəribəm yurda,
Donur xəyallarım qarda.
Orda yaxşısanmı, burda?!
Göz dəyib şəkillərinə.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!