Laçının tərifi
Laçına tərifi bir-bir sayaram,
Kim desə, çox oldu, sən denən azdı!
Sayaram, hamını heyran qoyaram,
Kim desə, çox oldu, sən denən azdı!
Çayları durudu, meşəsi yaşıl,
Qayası dibində suyu qaynaşır,
Uşaqtək göyündə bulud oynaşır...
Kim desə, çox oldu, sən denən azdı!
Ucadı dağları, dərəsi gendi,
Təzə büsat alır şəhəri, kəndi.
Hüsnü, gözəlliyi Tanrıdan endi...
Kim desə, çox oldu, sən denən azdı!
Qoşa çaylarıynan, Qara gölüynən,
Qazları qatarnan, sona bölüynən,
Payızda dağları bəyaz tülüynən...
Kim desə, çox oldu, sən denən azdı!
Dizini çirmələ, gəl, çaydan keçək,
Turşsu bulağından əyilib içək.
Dərman əvəzidi hər gül, hər çiçək...
Kim desə, çox oldu, sən denən azdı!
Sən öyrənən elm
Gözəl elm öyrənmisən -
səninlə mən mən olur,
Necə ki, Günə baxıb
sünbüldə dən dən olur.
Əlim əl işi görür
əlinə toxunanda,
Gözüm göz işi görür
camalına baxanda.
Canım da cana gəlir
odunu çəkən yerdə,
Ağzımda dil dil olur
adını çəkən yerdə.
Sevgi Tanrı lütfüdür,
ikilikdə bir olur,
Qəbrimin üstə gəlsən,
qəbrim də qəbir olur!
Nəğmə
Tellərin məcnun söyüd,
ya hör, ya çalmalıqdı.
Al yanaqları gördüm,
elə bil almalıqdı.
Ayrılığın həsrəti
canıma daraşdırır.
Əllərinə bir iş tap,
yuxumu qarışdırır?!
Xəstə təbibdən umar -
haçan dərmanı verir.
Gözlərindən, ay haray,
ölüm fərmanı verir.
Çəkdiyim
Qurduğu yuva dağılan
Quş ağrısıdı çəkdiyim,
Qurunun oduna yanan
Yaş ağrısıdı çəkdiyim.
Bezdim xəyala dalmaqdan,
Qəmləri üzdən salmaqdan.
Başsızlara baş olmaqdan,
Baş ağrısıdı çəkdiyim.
Tanrı çırağıdır hilal,
Gəl, İlhamı bu qəmdən al.
Hər şeyə şahid - dili lal,
Daş ağrısıdı çəkdiyim.
Şükür
Mən də bu dünyadan keçdim,
Tanrının püşkünə şükür!
Uzun yolların sonunda
Xurt düşən düşkünə şükür!
Hoy de, gör, varmı hoy verən,
Yoxdu sayılan - say verən.
Mənim eşqimdən boy verən
Bu qəmin eşqinə şükür!
Kimsə pis demir adına,
Könül küskün muradına,
Yazılan ömür adına,
Ay İlham, beş günə şükür!
Ədəbiyyatın
Azərbaycan tərifi
Ədəbiyyatı necə gördüm? -
şairinki gördüyünü deməkdir...
Ədəbiyyat xırmanında olmayıb,
təknəsindən yeməkdir.
Biz elə doğma qardaşıq
Ərk yerindən yıxılanlar,
Biz elə doğma qardaşıq.
Taxtı çökən bəylər, xanlar,
Biz elə doğma qardaşıq.
Quş ilə quşlanan quşlar,
Güllələr tuşlanan quşlar,
Hər yerdə daşlanan quşlar,
Biz elə doğma qardaşıq.
Od üstündə qara saclar,
Şərlə oxlanan Buğaclar...
Səhrada yaşıl ağaclar,
Biz elə doğma qardaşıq.
Güllədən qalıb gilizi,
Bağlıdı bəxtin yol, izi.
Hündür divarın çöl üzü,
Biz elə doğma qardaşıq.
İlhama kimsə gülməsin,
Gülənə asan gəlməsin.
Bizim anamız ölməsin!
Biz elə doğma qardaşıq.
Həyat fəlsəfəsi
1. Şeirin üzü
Həyat belədir -
balaca olanda dünyada
yaşca səndən balacalar az,
böyüklər çox olur.
Böyüdükcə geri ucdan
balacalar çoxalır,
irəli ucdan böyüklər azalır.
Ömür artdıqca çıxılır -
çoxdan aza gedir,
Səndən aşağıda sıxlıq,
yuxarıda seyrəklik olur.
Seyrələndə çəni çəkilmiş
dağ zirvəsi kimi
Allah daha aydın görünür.
Allah ümidin özüdür!
2. və astarı
İnsan ümidlə bir doğulur,
əlin hər şeydən üzülə bilər,
bircə ümid üzülməz.
Ümid canda maya kimidir,
heç vaxt səni tərk etməz.
Ümid Allahın özüdür!
Sözü ağlar günə
qoyan şairlər
Toy toğlusu kimi çıxmır ortadan
Sözü ağlar günə qoyan şairlər.
Yağtək ərit - şeir azdı tortadan,
Sözü ağlar günə qoyan şairlər.
Qırdılar sözlərin qol-qanadını,
Lağ yeri etdilər şair adını,
Tanrıdan almasın heç muradını,
Sözü ağlar günə qoyan şairlər!
Bir zəhmət çəkməyib, tər qoymayıblar,
Bostan suvarmayıb, vər qoymayıblar,
Sözdə bir salamat yer qoymayıblar
Sözü ağlar günə qoyan şairlər.
Araznan deyillər, Kürnən deyillər,
Ucuza qaçırlar, dürnən deyillər,
Doqquzu cəm ola, "bir mən" deyillər,
Sözü ağlar günə qoyan şairlər.
Bıçağın ağzını daşa çəkirlər,
Zövqlülər əlindən haşa çəkirlər.
Adamı var deyə, başa çəkirlər,
Sözü ağlar günə qoyan şairlər.
Yazmağa ilhamdan dənizin ola,
Bir güləş simalı bənizin ola.
Həm şair olasan, həm üzün ola?
Sözü ağlar günə qoyan şairlər.
Çiynimdən düşürün şələmi, qoyum,
Dirini ağlayım, öləni qoyum,
Bir təmiz yer varmı qələmi qoyum?!
Sözü ağlar günə qoyan şairlər!
Başı bəzəkli şairlərə
Bir Allah bilir ki, bu məmləkətdə
Söz yurdu, söz evi - mədən şairəm.
Başında bəzək var, şeiri yoxdu,
Sinirmək çətindi, nədən? - şairəm.
Şeir yonqar kimi can çıxarıdı,
Yaxşısı şairin iftixarıdı...
İlhamım cavandı, yaş yuxarıdı,
Sevgidə iməyə gedən şairəm.
İlhamam, ustadlar qibləm, lələmdi,
Quşlara qoşulan ahım, naləmdi.
Ovçuda tüfəngdi, məndə qələmdi,
Ov kimi sözləri güdən şairəm.
Alqış
Rəşid Süleymanovun 60 yaşına
Rəşidin könlü bağçadır,
İlboyu gülü açıqdı.
Şəninə sözlər acizdi,
Tərifi müşkülə çıxdı.
Zalım fələkdən öc ala,
Elə bu kefdə qocala!
Heç görmədim topuq çala -
Haqq deyən dili açıqdı.
İlham, şəklini çək onun,
Hər işdə ağır yük onun,
Allah, başından tök onun,
Comərddi, əliaçıqdı.
Döyüşçü nəğməsi
Göydə bulud qaçır, torpaq üstdə biz,
Buludun yükü su, bizimki silah.
Suda aydınlıq var, biz gedən yolun
Sonunu xeyirə calasın Allah!
Əlimizin duzun daddı yağılar,
Döyüşdə düşmənə güc gəldik, vətən!
Biz səni çox gözü yolda qoymuşuq.
Bağışla, hayına gec gəldik, vətən!
Gəldik görüşünə gülün, çiçəyin,
Bu gündən gözləri yoldan yığılsın.
Açılsın köksümüz dağlar başında
Yel vursun, sevgimiz yurda dağılsın.
Salam, ay meşəmiz, biz də səndənik -
Palıdıq, göyrüşük, vənik, ulasıq...
Salam əvəz, yerə bir yarpaq atdı,
Qara çinar - üstdə qora dolaşıq.
Hələ bir belə bax, burum-butaxdı,
Yellənir budaqda alça nazlıdı.
Muncuqlu quzuya bənzədi zoğal,
Sallanır budaqdan cüt qotazlıdı.
İlahi, gör, bizi nə tez tanıdı,
Meh əsir, şiş qaya fışdırıq çalır.
Süleyman peyğəmbər dəqiq deyərdi -
Quşlar sevincindən qışqırıq salır.
Necə qarşıladı, kaş görəydiniz,
Talalar, ormanlar, vadilər bizi.
Bir gün Həkəridə körpə balalar
Üzüb şellənəndə yad elər bizi.
Düşmən gülləsinə sipər sinəmiz -
Necə ki, sındırar qayalar oxu.
Ağzı dualısan, ey ana vətən,
Əgər şəhid olsaq, dualar oxu!
Yazılsın tarixə, gələn nəsillər
Bilsin ki, biz qovduq əhrimənləri.
Düzün şəklimizi yol qırağına,
Uşaqlar çox sevir qəhrəmanları.
Deyək, dilimizə gələn nidanı -
Sən də ey göydəki, Haqsan, haqqı yaz,
Açsın qulağını, eşitsin dünya,
Bizim haqqımız var, bizimdi Qafqaz!
Vətən, ağ libasla çıx ortalığa,
Ağ gün qazanmışıq al qanımızdan!
Bizi qəbirdə də tənha bilməyin,
Gülləri cüt qoyun güldanımızda.
Dərdə təsəlli
Dərdim, dərd eləmə,
səni də böyüdəcəyəm...
Mən dərdə yeriməyin qoçağı,
dərddən qaçmağın astasıyam,
İstəsən, bir biləndən soruş -
dərdi böyütməyin ustasıyam.
Darıxma, sən də böyüyəcəksən,
Gecə gözümdən töküləni
qaranlıqlar yığa bilmir.
Açar yerindən keçən dərd
elə böyüyür, qapıdan çıxa bilmir.
Zər olmaz
Cinas
Udmaq desəm, əlim deyən
Nə aşıq var, nə zər olmaz.
Görən, kimdi nəzər edən?!
Heç belə bədnəzər olmaz.
Hesabda hardadı gör, kəm,
Bu nə baxış, bu nə görkəm?!
Acı taleyimlə görkəm,
Nə bəxt tutar, nə zər olmaz.
Atlan, üstünə çıx, daşdı,
Çaydan qırağa çıx, daşdı!
Xeyir İlhamdan çıxdaşdı,
Üstündə xoş nəzər olmaz.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!