Sənsizlik bu ömrün bəlgəsi
Sözüm var, heç kəsə deməli deyil,
Sözüm əbədidi, əməli deyil.
Mənim şeirlərim yeməli deyil,
Mənim şeirlərim acı qəm dadır.
Canlı meyit kimi gəzirəm sənsiz,
Ruhumu tapşırdım boş məzarlara.
Sənə gətirmişəm bir ovuc eşqi,
Getməsin mənimlə daş məzarlara.
Mənim şeirlərim saralmış payız,
Dərdimi bükürəm şeirlərimə.
Çiçək əllərinin, dodaqlarının
Şəklini çəkirəm şeirlərimə.
Ölmədim, bağışla, yaşadım qəmlə,
Bu necə darıxmaq, bu necə həmlə?
Mən şeir yazmıram, qara qələmlə
İçimi tökürəm şeirlərimə.
Sən Allah olarsan, bəndən olaram,
Yenidən doğulsam, səndən olaram.
Yaz gələr, cücərib dən-dən olaram,
Fikrimi əkirəm şeirlərimə.
***
Sovurdum bir ömrü küləklər kimi,
Arzular, istəklər, diləklər kimi...
İllər yolkənarı dirəklər kimi,
Şütüyür yanımdan zamana doğru.
Yolların sonuna yetişəmmirəm,
Yollar qanadlanır dumana doğru,
Arzuya, istəyə, gümana doğru.
Hicranın, həsrətin kədər gəmisi
Üz tutub sahilsiz limana doğru.
Sənsizlik yayılıb səssiz odama,
Bu sənsiz sükuta göydən od dama...
Bu qədər çəkdirməz adam adama,
Gəlişin-gedişin bir anlıq oldu.
Çökdü qoca dünya, çökdü üstümə,
Hər tərəf zülmət bir qaranlıq oldu.
"Mən səni sevirəm" - adi ifadə,
Darıxmaq həsrətin öfkəsidirmi?
Bütün yaşantılar, bütün duyğular,
Eşqin yer üzündə kölgəsidirmi?
Həsrətin gecədən sabaha çıxsa,
Ölmərəm, ulduzum səmada axsa...
Ürəyim sevgilər şəhəri, yoxsa,
Arzular, istəklər bölgəsidirmi?
Lal oldu məhəbbət, bax, susdu sevda,
Casusdu gözlərin, məhbusdu sevda.
Deyirlər, Allaha məxsusdu sevda,
Sevda tək Allahın ölkəsidirmi?
Yollar bu həsrətin ardı, gəlmədin,
Könül lal sükuta yardı, gəlmədin.
Hər şeyin səbəbi vardı, gəlmədin,
Sənsizlik bu ömrün bəlgəsidirmi?
Günəş yuxusundan oyanıb, getdin,
Nur ilə paklanıb, yuyunub getdin.
Bəlkə də bu dünya dayanıb, getdin,
Bəlkələr bəlkənin bəlkəsidirmi?
Ötdü dekabrın son rəqəmləri,
Geydi tənhalıqdan don rəqəmləri,
Yağışlar ağladı, qar da yağmadı.
Bəlkə də sən məndən ayrılmamısan,
Bəlkə də həsrətin mənə doğmadı.
***
Verəsən bu səfil ömrü,
Yaşaya biri yerinə.
Çəkə ağrı-acıları,
Daşıya sirri yerinə.
Yaşaya səni bir adam,
Qışqırasan, "şükür, şadam".
Ruhun keçə qarğaşadan,
Yetişə duru yerinə.
Fikirləri atıb yana,
Adam qəmi satıb yana...
Yaşlar da od tutub yana,
Odlana quru yerinə.
Dolana dəlilər kimi,
"Xeyir"i "bəli"lər kimi,
Öldürə ölülər kimi,
Yaşada diri yerinə.
Suç Faiqin, yol sevginin -
Bu Nisə, Bilal sevginin...
Gəl, indi bu lal sevginin
Səssizcə kiri yerinə.
Verəsən bu səfil ömrü,
Yaşaya biri yerinə...
***
Sənin həyatını qurtarammadım,
Dağları, daşları yarsam, nə fayda?
Hər yerdə sən varsan, büsbütün sənəm,
Bütün yaraları sarsam, nə fayda?
Gec qalan ümidlər ölməsə, sağsa,
Keçib gözlərindən qəlbinə axsa...
Bu ömrü yarıda azad buraxsam,
Bu ömrü sonuna vursam, nə fayda?
Sevənlər dünyadan köçüb gedirdi,
Dirilik şərbətin içib gedirdi,
Hanı bəs, zamanla keçib gedirdi -
Bu könül kədərə yarsa, nə fayda?!
Qaldı bir həsrətin əlində Faiq,
Qovruldu bu eşqin külündə Faiq,
Dayanıb Qədir-Xum çölündə Faiq
Səni keçənlərdən sorsa, nə fayda?!
Qar kimi
Qar yağır dünyanın sevgi üzünə,
Qar yağır gecənin nakam izinə.
Qar yağır duyğunun məhrəm sözünə,
Soyuq nəfəsinə, odlu gözünə.
Üşüyür sətirlər, üşüyür sözlər,
Tənhadı gecələr, təkdi gündüzlər.
Çəkir bu ağappaq, pambıq yolları,
Ruhuna, canına çəkir bu gözlər.
Qarın istisindən sevincək olur
Qartopu oynayan məsumiyyətim.
Titrək əllərimdə xoş xatirələr,
Üşüyür könlümün sevgi tərəfi.
Sənin nəfəsinə ehtiyacım var,
Soyuq havalarda heç üşüməzdik.
Qar yağır gecəyə, gecə həvəssiz,
Qar yağır sükuta, sakit və səssiz...
Nə məktub yazırsan, nə zəng edirsən,
Nə sözə dönürsən, nə səs olursan.
Səni xatirətək sevirəm hər gün,
Hər gün yadlaşırsan, hər kəs olursan.
Sənlə aramızda ağarır yollar,
Qar yağır sevgimin həsrət üzünə,
Səhərə dizəcən ələnəcəkdir.
Səhər dirigözlü açılan kimi
Yollar addımlara bələnəcəkdir,
Yollar adamlara bələnəcəkdir,
Ləpirə, izlərə bölünəcəkdir.
Göyü göy izinə, quş qanadıynan,
Yeri yer üzünə, daş inadıynan,
Yollar öz taleyin bölüşəcəkdir.
Keçib yad kişidən, özgə qadınnan,
Çıxacaq yolların sevgi yadınnan.
Naxışa dönəcək yerin izləri,
Sirri açılmayan sərin izləri.
Getdiyin ocaqda tanış adamlar -
Sənin taleyində yanlış adamlar
İlməyə dönəcək qarın yolunda,
Övladın yolunda, ərin yolunda.
Bircə bu ağaran yollar qalacaq
Səni sənsiz sevən yarın yolunda...
Sənlə aramızda ağaran yollar,
Həsrəti köksündə bağıran yollar,
Bizi o gəncliyə çağıran yollar
Tükəndi axırda, son nəfəs kimi.
Dadını kim bilir xatirələrin? -
Şirinmi, acımı? - adi səs kimi...
Mən niyə unuda bilmirəm axı,
Bu ağıl yaşımda, bu qırx yaşımda
Səni düşünürəm hər gün, tərs kimi.
Qar yağır sevginin bəyaz rənginə,
Sənə səslənirəm bir şeir kimi.
Düşdüm təbiətin ağ ahənginə,
Mən ağac olmuşam bu qarın altda,
Quruyub göz yaşım budaqlarımdan,
Mən adam olmadım fani həyatda,
Ruzigar köç etdi bu dağlarımdan.
Qar sənin əllərin... əllərin yağır,
Yağır bu talesiz, qara baxtıma.
Mən qara daş kimi Cavid parkında,
Sən pambıq qar kimi uzaqlardasan,
Süzürsən səmanın ənginliyində.
Bax, elə çəkərdi sözüm vaxtına,
Sən idin, mən idim, bir də təbiət.
Ağaclar, çiçəklər, güllər sevirdi,
Mənim əllərimi riyazi əllər,
İnteqral, törəmə əllər sevirdi.
İndi zaman ötüb, hər tərəf bəyaz,
İndi kök altında yaşayır bu eşq.
Ayrılıb... ən kiçik vuruqlarını
Ağır yük altında daşıyır bu eşq.
Kəpənək əllərin bəyaz təbaşir,
Həllini tapırmı qara lövhənin?
Həyat tənlikləşir, inteqrallaşır,
Sonsuza bərabər eşq ilə yəni...
Qalmışıq həyatın məngənəsində,
Həsrətin uzanır, yol dəyişirsən.
Sən ki, riyaziyyat müəllimisən,
Niyə isim kimi hal dəyişirsən?
Mən səni unuda bilmirəm, amma
O vaxtdan kodlaşıb, rəqəmləşmişəm.
Sənin həsrətinə, sənin qəminə,
Yenidən vurulub eşqə düşmüşəm.
Qar yağır həyatın boz sifətinə...
Niyə yadlaşırsan bəs, hər kəs kimi?
Bu ahıl yaşımda, ağıl yaşımda,
Səni düşünürəm hər gün, tərs kimi,
Qar yağır dünyanın sevgi üzünə...
***
Bu qarlı havada, şaxtalı gündə,
Geyin əllərimi, qoruyar səni.
Əllərim ruhunun libası olsun,
Səni sevməyimin əsası olsun,
Bu soyuq havada kim duyar səni?
Götür əllərimi, bir kəsin olsun,
Sənin də sevgidə qəfəsin olsun.
Əllərim sözünün könül sirdaşı,
Əllərim səsinin ömür yoldaşı,
Dünyada yaşamaq həvəsin olsun.
Üşümək asandı yanvar ayında,
Fevralda soyuyub donmağa nə var?
Bacarsan, özünlə yaşat bu eşqi,
Yenidən kəşf elə, yarat bu eşqi,
Məhv olmağa nə var, sınmağa nə var?
Geyin əllərimi, soyuq dəyməsin,
Sərt üzü yamandır kiçik çilənin.
Yollar gedənindir, bilirsən bunu,
Şəfəqin əvvəli, üfüqün sonu,
Qayıt ki, bu yollar olsun gələnin.
Mənim əllərimin hərarətinnən,
İsinsin qoynunda mürgülü anlar.
Yiyəsiz itlərin baxışlarında,
Bu şəhərin yorğun yoxuşlarında
Üşüyür gecələr tinlər, dalanlar.
Götür əllərimi, halalın olsun,
Əllərim istəyin, xəyalın olsun.
Ovuca sığmayan bir məhəbbətin,
Qibləsi eşq olan pir məhəbbətin
Uğrunda yaşamaq amalın olsun.
Sənə əllərimi bağışlayıram,
Əllərim ən gözəl hədiyyən kimi...
Götür əllərimi, qoy sənin olsun,
İsti yuvan olsun, məskənin olsun,
Günahkar əllərim... sən deyən kimi...
Çıxart əllərimi sən öz qınından,
Yeni bir başlanğıc olar sonunda.
Dolansın belinə bir kəmər kimi,
Saxlasın Göyü Göy, Yeri Yer kimi,
Əllərim ötməsin səssiz yanından.
Sənsizlik qoy ölüm fərmanı olsun,
Yenidən dirilsin, min canı olsun,
Sevən ürəklərin dastanı olsun,
Kəsim əllərimi sənin yolunda,
Əllərim bu eşqin qurbanı olsun.
***
Bilirdim, bir daha gəlməyəcəksən,
Kəsəcək yolunu sən olmayanlar.
Eşqi duymayanlar, anlamayanlar,
Dərdinə-sərinə tən olmayanlar.
Dustaqsan bədəndə sən də, can kimi,
Ömür ötüb keçir həyəcan kimi.
Bilirəm, nə çəkir bir insan kimi,
Arzusu, istəyi çin olmayanlar.
İçində qırıldı nəğmələr, səslər...
Boğdu ehtirası doğma nəfəslər -
Çölü mömin kimi, ruhani kəslər,
İçində mərhəmət, din olmayanlar.
Bilməz ədaləti hakim adamlar,
Bu hikkə, bu məkr, bu kin adamlar.
Kəsdi yollarını bədbin adamlar -
Üzü gülməyənlər, şən olmayanlar.
Bilirdim, bir daha gəlməyəcəksən,
Dəyişdi qibləni yön olmayanlar.
***
Dünyanın kədərli sözündən iraq,
Həsrətin, hicranın üzündən iraq.
Atamın, anamın gözündən iraq,
Mənim qırx yaşım var, kimsə bilməsin.
Yol aldım dünyanın sol tərəfindən,
Günəşi, atəşi bol tərəfindən.
Ölümə gedirəm "ol" tərəfindən,
Mənim qırx yaşım var, anam bilməsin.
Bir koma bəsimdi... hədər verməyin -
Yalnız yaşamağa şəhər verməyin.
Atama-anama xəbər verməyin,
Mənim qırx yaşım var, atam bilməsin.
Daha üz verəsi qəhər qalmayıb,
Söz düşüb sözlükdən, kəsər qalmayıb.
Qara saçlarımdan əsər qalmayıb,
Mənim qırx yaşım var, dostum bilməsin.
Gəldim bu həyatın daş zamanına,
Kaş dönə bilsəydim, baş zamanına,
Qar yağır ömrümün qış zamanına,
Mənim qırx yaşım var, qardaş bilməsin.
Söz qəhət deyil ki, şair başıma,
Söz ilə nur tutdum kor yaddaşıma.
Təşrif buyurmuşam Davud yaşıma,
Mənim qırx yaşım var, o qız bilməsin.
***
İsinməz könlümüz üz tutsaq, hara,
Qatdı başımızı, qatdı pul-para.
Sabahlar naminə düşdük yollara,
Atamız tək qaldı ata yurdunda.
Bir insan rastlaşar daha nələrlə,
Ötürdük günləri xəbər-ətərlə...
Gah uzaq, gah yaxın xatirələrlə
Atamız tək qaldı ata yurdunda.
Bu baba yaşında, oğul yaşında,
Bu ahıl yaşında, ağıl yaşında.
Əfsanə, rəvayət, nağıl yaşında
Atamız tək qaldı ata yurdunda.
Bir ömrə sığmayan əsirdi adam,
Umduğu yerlərdən küsürdü adam...
Bayramdan-bayrama səs oldu adam,
Atamız tək qaldı ata yurdunda.
Ağacla, çiçəklə, güllə baş-başa,
Ömürdən geriyə illə baş-başa,
Külünglə, yabayla, bellə baş-başa,
Atamız tək qaldı ata yurdunda.
Elədi zəhmətə bənd uşaqların,
Noğul uşaqların, qənd uşaqların,
Şəhərə tapşırıb kənd uşaqların,
Atamız tək qaldı ata yurdunda.
***
Keçib üçdən, yeddidən,
Gəlib qırxa çatmışam.
Tanrı məni yaratdı,
Mən dünya yaratmışam -
Sözümlə...
Keçib üçdən, yeddidən,
Qırxa salam vermişəm.
O dünyadan gəlmişəm,
Bu dünyanı görmüşəm -
Gözümlə...
Keçib üçdən, yeddidən,
Qırx il ömür gətirdim.
Yollar məni götürdü,
Əlimə yol götürdüm -
İzimlə...
Son yoxluqdu, boşluqdu,
Bir az tez, bir az da gec.
Salam, qırx yaşım, salam,
Xoş gəlmisən, buyur, keç -
...özümlə...
***
Nəfəs alır, nəfəs verir
Hər adam bir dam içində.
Tanrı səsinə səs verir -
Boğulur adam içində.
Bu dünya boşdu, neynim...
Günləri beşdi, neynim...
Budayıb söz-söz ömrümü,
Sənə çələng bağlamışam.
Dedilər, kişi ağlamaz,
Ömrə-günə ağlamışam.
Gözlərim yaşdı, neynim...
Nə desən, xoşdu, neynim...
Ayrılmışam bədənimdən,
Gəlib canana yetmişəm.
Ərş ilə fərşə üz tutub,
Eşqə, irfana yetmişəm.
Arzular uçdu, neynim...
Hava naxoşdu, neynim...
Mərifətdən dərs almışam,
Təriqətim haqdır mənim.
Mən Allahın əsəriyəm,
Vicdanım Allahdır mənim...
Ayaqlar başdı, neynim...
Ürəklər daşdı, neynim...
***
Sənin ürəyindən keçib gəlmişəm,
Sənin gözlərinə yazılıb adım.
Yükün Tanrı yükü, məramın eşqdi,
Gəl, məndən bir yeni "mən" yarat, qadın.
Səni itirmişəm arzularımda,
Axtara-axtara uduzdum ömrü.
Bəs niyə gəlmişdin, uzaqlardasan,
Mən səndən alırdım İlahi əmri.
And olsun göylərə, inama, eşqə,
Gəl, məni yenidən yarat, bacarsan.
Yollar kəsişərmi haqq dərgahında?!
Mən yerə girərəm, sən də uçarsan.
Uşaqlıq illərim, məsum illərim
Bakıya boylanır Cəlilabaddan.
Al məni həyatın iztirabından,
Qurtar bu dünyamı dəli inaddan.
Sənin gözlərinin qəm yüküyəm mən,
Doğmalar içində biz yadıq, bəlkə?
Bəlkə də özümüz ola bilərdik,
Personaj rolları oynadıq, bəlkə?..
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!