Səsi və rəngi itmiş ömrün ömrü az olur… - Şeirlər. Əkbər Əkbərzadə

 

Sual

 

Bəsit bir ehtirasdan

Yaranmayıbdır axı!

Bu sevdam bir sevgidir -

Duyğuların ilahı.

 

Göz yaşlarımı çoxdur,

Dənizlərin suyumu?

Duyğularmı dərindir,

Kainatın göyümü?

 

Ağaran saçlarmı çox,

Saralan yarpaqlarmı?

Çürümüş canlarmı çox,

Yoxsa ki, torpaqlarmı?

 

Göylərin sonu Tanrı,

Yolların sonu məzar.

Ölümdən və sevgidən

Dünyada başqa nə var?!

 

 

İdil və Xəzər

 

Xəzər ürəkdir,

İdil onun damarı.

Xəzər gözdür,

İdil onun göz yaşları.

Xəzər bir günəşdir,

İdil onun şüaları.

Xəzər bir yuxudur,

İdil onun röyaları.

Xəzər qucaq açmış ana,

İdil qəribsəmiş bala.

Xəzər dodaqdır,

İdil öpüş.

Xəzər həsrətdir,

İdil görüş.

 

 

Zülüm

 

Gözün muğam kimidir,

Elə özün də.

Bütün rənglər və səslər

Gizlənibdir gözündə.

Səsi və rəngi itmiş

Ömrün ömrü az olur.

Ömür yaşamaqdan utanıram,

neçə ki, sağam.

Neçə ki, sağam,

Muğam yaşamaq istəyirəm,

muğam.

Muğam da bir zülümdür -

zülüm yaşamaq istəyirəm, gülüm,

zülüm.

Günəş gözüm önündə

Dənizə atdı özün.

Söndürdü milyon illik

yanğısın, zülmün, közün.

O sevgidən yarandı,

o yanğıdan doğuldu,

o yanaraq yaşadı,

doya-doya boğuldu.

Və o qaynar vüsaldan

Dəniz dəli dalğalar, fırtınalar yoğurdu.

Sən mənim dənizimsən.

Dənizim, mən də

səndə boğulmaq istəyirəm.

Dəli-dolu dalğalar yoğurtmaq istəyirəm.

Günəşin zülmü kimi

Zülüm yaşamaq istəyirəm gülüm,

                                                Zülüm.

 

 

Xatirə

 

Səhrada vahədir, dənizdə ada.

Şaxtada, sazaqda çiçəkli bahar.

Yaxşı ki, yaddaşsız yaranmamışıq,

Yaxşı ki, yaxşı ki, xatirələr var.

 

Keçmiş gələcəyin körpəliyidir,

Gələcək keçmişin pirani çağı.

Xatirə - qəribin el-obasıdır,

Anasız qalanın ana qucağı.

 

Hardasa mələşir quzular yenə,

Hardasa yaylağa köç edir ellər.

Hardasa kişnəyir buludlar yenə,

Hardasa Saranı aparır sellər.

 

Bir soyuq baxışdan donanda ürək

İlk sevgi, ilk sevda qovurar bizi.

Övladdan küsəndə - xatirələrdən

Atamız boylanıb ovudar bizi.

 

Keçmiş xatirədir, gələcək xəyal,

Bu iki xülyadan yaranıb zaman.

Xəyalla xatirə arasındakı

Çəkilmiş nazik bir pərdədir insan.

 

Bir səhər bizimçün açılmayacaq,

Bir sabah, dünəndə qalacağıq biz.

Bir gün gələcək ki, kimlər üçünsə,

Çevrilib xatirə olacağıq biz.

 

Səhrada vahədir, dənizdə ada,

Şaxtada, sazaqda çiçəkli bahar.

Yaxşı ki, yaddaşsız yaranmamışıq,

Yaxşı ki, yaxşı ki, xatirələr var.

 

 

***

Çox vaxt zülüm çəkir şeir dillərdə,

Coşmayan bəmlərdə susan zillərdə.

Sevdasız sinədə, naşı əllərdə

Simin bir dərdi var,

                        tarın min dərdi.

 

Dərya yaranmayır öz istəyiylə,

Göz yaşı axarmı göz istəyiylə?!

Dərdlər azalırmış "az" istəyiylə -

"Yox"un bir dərdi var,

                        "var ın min dərdi.

 

İnsan yaxınından görür hər şeyi,

Eşqi, xəyanəti, dərdi, gileyi.

Güney axdaranda qəlbin quzeyi -

Yadın bir dərdi var,

                        yarın min dərdi.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!