Ümummilli lider, müasir Azərbaycanın memarı Heydər Əliyev cənablarının 100 illik yubileyinə həsr edirəm
"Doğma, canım-varlığım qədər sevdiyim
Azərbaycanım mənim qibləgahımdır"
***
"Mən həmişə fəxr etmişəm, bu gün də
fəxr edirəm ki, mən azərbaycanlıyam"
Ümummilli lider Heydər Əliyev
Proloq
Tanrının adı ilə başlayıb bu dastanı
Vəsf etmək istəyirəm mən elə bir insanı
Adı-sanı, şöhərti bürüyübdür dünyanı.
Bir insan ki xalqına həsr edib həyatını,
Bir insan ki çapanda meydanlarda atını,
Elə bil titrədirdi göyün yeddi qatını.
Bir insan ki, zülmətdə sökülən dan olubdur,
Bir insan ki, yenilməz bir qəhrəman olubdur,
Bizə son vəsiyyəti Azərbaycan olubdur.
Vətən adı gələndə ayağa duran insan,
Görüb də öz yurdunu dağılmış, viran - insan,
Bu viranda möhtəşəm bir dövlət quran insan!
Onu zaman yetirib, onu tale seçmişdi,
O, hünərlər göstərib od-alovdan keçmişdi,
O, bu gündür, sabahdır, o, silinməz keçmişdi.
Rəhbərlər sırasında birincidir, o, başdır,
Əlimiz üstə əldir, gözümüz üstə qaşdır,
Analara oğuldur, oğullara qardaşdır.
Bir məşəldir - alovu heç zaman sönməyəcək,
Bir atlıdır - atından heç zaman enməyəcək,
Onu heç kəs yenməyib, heç zaman yenməyəcək!
Qadirəmmi elə bir insanı vəsf etməyə,
Dahilər dahisinin məqamına yetməyə,
Başladığım bu işi axıracan getməyə!
Tanrım, köməyim ol gəl bu işdə mənə özün,
Kəsilməsin üstümdən lütf ilə baxan gözün,
Əvvəli də, sonu da çünki sənsən hər sözün!
Baba Heydərin ruhuna xitab
Heydər baba, izn ver xalqa səndən söz açım,
Sözlərin işığında mən də işıq, nur saçım!
Bilirəm ki, hər sözüm indi sənə əyandır,
Ürəyimdəki təbi cana gətir, oyandır!
Bu yolda mənə rəhbər, yolgöstərən, yoldaş ol!
Sirlərini açaraq, mənə munis, sirdaş ol!
Aç üzümə çox gizli, çox mübhəm həqiqəti,
Alovlandır qəlbimdə haqq sözə məhəbbəti!
Qoy dağılsın gözümdə dünyanın dərd, ələmi,
Boşuna gəzdirməyim kağız üstə qələmi!
Görsən harda səhvim var, sözümə düzəliş ver,
Yaxşı gələn gəliş ver, yaxşı gedən gediş ver!
Öz siyasi zəkanla dəstək ol bu şairə,
Qoy dönməsin yazdığı ilaxır və sairə!
İndi sənin haqqında çoxları şeir yazır,
Hərə bir təmənnada, hamı dayanıb hazır!
Sən yaxşı bilrsən ki, hansı arzu, kamım var,
Şairəm, qələm-kağız, bir də ki ilhamım var!
Təmənnam öz yurduma layiq şair olmaqdır,
Sözün düzün söyləmək, xalqa dair olmaqdır!
Xalqın məhəbbətindən özgə umacağım yox,
Yurdun dağından özgə sinəm üstə dağım yox!
Ey böyük ruh, yurduma yenə hami, dayaq ol!
Vətənin göylərində bir ədəbi bayraq ol!
İlham Əliyev və Mehriban
xanıma dua
Cənablar və xanımlar deyərək başlayıram,
Bir cənab, bir xanımı çünki alqışlayıram.
Bir cənab ki, layiqdir atasının adına,
Bir xanım ki, bu məqam
Müyəssər olmayıbdır,
Hər qıza, hər qadına!
Cənab İlham Əliyev, əziz Mehriban xanım!
Xalqın ümidi cənab, ürək xanım, can xanım!
Tanrım sizi qorusun hər bəla, hər qadadan,
Daima arxanızda dursun böyük Yaradan!
Daima üstünüzə qanadlarını gərsin,
Lütfünü kölgə kimi qoy üstünüzə sərsin!
Yalnız xeyir tapasız, qol qoysaz hansı işə,
Paxıllar salammasın sizləri dilə-dişə!
Millətim hər bir işdə sizlərə dayaq olsun,
Qaraçuxanız gecə və gündüz oyaq olsun!
Yola salasız hələ neçə belə illəri,
Sizlər yönləndirəsiz millətləri, elləri!
Biriniz xalqa ata, biriniz anasınız!
Biriniz bir igidsiz, biriniz sonasız!
Nə gözəldir sizin tək xalqın yolunda yanmaq,
Bir elin, bir ölkənin keşiyində dayanmaq!
Sizi dünya tanıyır, qürur yerimizsiniz,
Ürəyimiz, sözümüz, bizim şeirimizsiniz!
İlhamımı daima mən sizlərdən alıram,
Hər sözdə, hər misrada sizi yada salıram!
Sizləri yetiribdir Heydər baba ocağı,
Zərifə xanım olub sizə ana qucağı!
Odur ki, belə müdrik, odur belə kübarsız,
Harda ədalət varsa sizlər də orda varsız!
Siz millət üçün yanan məşəlsizniz əbədi,
Ürəyiniz çevrilib olub işıq məbədi!
Bilin ki, bu gün sizə dikib gözünü vətən,
Ölkəyə başçı olmaz çünki hər yoldan ötən!
Siz daim bacarıqlı, siz daim düz oldunuz!
Qaranlığın bağrını yaran gündüz oldunuz!
Qaytardınız millətə müqəddəs Qarabağı,
Düşmənin sinəsinə çəkdiz dağ üstə dağı!
Güldü vətən torpağı!
Onun əsl rəhbəri, başçısı kim olduğun,
Bir daha əmin oldu,
Bildi vətən torpağı!
Otuz illik həsrətə
Son qoyuldu, gözündən
Axan acı yaşları
Sildi vətən toprpağı!
O gün ellər, obalar sevindi, çox şad oldu!
Tarixə düşdü o gün, şöhrət oldu, ad oldu!
Qırx dörd günə qazandıq elə qələbə, zəfər,
Dünyada eşitməyən qalmadı bircə nəfər!
Bizi məğlub millətdən
Qalib gələn, yenilməz
Millətə çevirdiniz!
Bakını çiçəklənən
cənnətə çevirdiniz!
Bu gün gələn qonaqlar
Yurduma qalır heyran!
Sizlərin sayəsində
Gündən-günə boy atır,
Ucalır Azərbaycan!
Tarixdən qisas, vaxtdan
Bac alır Azərbaycan!
Siz ucaltdız bu yurdda
Tolerantlıq bayrağı,
Bir qardaşlıq məbədi!
Müstəqillik yolumuz
Əbədidir, əbədi!
Neçə zəfər gözləyir
Bizləri gələcəkdə!
İnanıram ki sizin
Başçılığınız altda
O günlər uzaq deyil,
O günlər gələcək də!
Tanrım, bizə çox görmə
Bu parlaq zəfərləri,
Dərd-qadadan sovuşaq!
İlhamla, Mehribanla
Bizi daim var elə,
Gələcəyə qovuşaq!
Baba Heydərim
Gözlərin mavidir, sanki bir dəniz,
Bir sonsuz ümmansan, Baba Heydərim!
Sənsən millətimə əzizdən əziz,
Doğma, mehribansan, Baba Heydərim!
Qorqud ölkəsinin baharısan sən,
Babəklər, nəbilər diyarısan sən!
Cavanşir yurdunun vüqarısan sən!
İgid, qəhrəmansan, Baba Heydərim!
Hər şah gedişinə mat qaldı fələk!
Kəsmədi önünü min fitnə, kələk!
Sinəmdə döyünən ürəksən, ürək!
Damarımda qansan, Baba Heydərim!
Sevdin doğmasını, sevdin yadını,
Verdin millətinə könül odunu!
Yazdın tarixlərə xalqın adını,
Tarxisən, zamansan Baba Heydərim!
Haqqın, ədalətin tərəfisən sən,
İlhamtək oğulun sələfisən sən!
Bilgə xaqanların xələfisən sən,
Bilgəsən, xaqansan, Baba Heydərim!
Heykəlin ucalır bu gün hər yanda,
Cismin torpaqdadır, sən asimanda!
Çox şahlar, xaqanlar görən cahanda,
Özün bir cahansan, Baba Heydərim!
Göylərə baş vuran bir qoca dağsan,
Əbədi gül açan bağçasan, bağsan!
Naxçıvan, Qazaxsan, sən Qarabağsan,
Sən Azərbaycansan, Baba Heydərim!
Dahilərin xeyir-duası
Həm yorğun, həm mutluyam,
Bitirmişəm dastanı!
Təkrar yazb pozaraq,
Hər sözü, hər misranı!
Yazı masasındaca
Məni xəyal aparır,
Gördüklərim könlümdə
Sanki tufan qoparır!
Görürəm ki, çəməndə
Ucalır bir ağ saray!
Ayağı torpaqdadır,
Qübbəsini öpür ay!
Daxil olub saraya
Bir çox qoca görürəm,
Hamısın alicənab,
Həm də uca görürəm!
Nizami, Nəsimidir,
Vaqif, Cavid, Vurğundu,
Bir də ki Muğannayla
Əziz doktor Nəriman!
Nağıllardakı kimi
Yeddi müdrik filosof,
Yeddi igid, qəhrəman!
Bağdaş qurub dəyirmi
Bir məclis qurub onlar!
Dərdin, qüssənin, qəmin
Boynunu vurub onlar!
Məclisdən bir səs gəlir,
Bilməm kimin səsidir!
Bəlkə də, ilahinin
Özünün nəfəsidir!
Deyir, qızım, yazmısan,
Dastan Baba Heydərə!
Oxuyub da qalırsan,
Heyran Baba Heydərə!
Amma bəzi mətləblər
Niyə çıxıb yadından?
Gərək bu mətləbləri
Yada salsın hər insan!
"Nəsimi", "Nizami"ni
Və "Doktor Nəriman"ı
Muğannaya yazdıran
Baba Heydər olubdur!
Bu flmlər o zaman
Özü hünər olubdur!
Erməni, rus maneə
Olmaq istəyib ona!
Amma o qətiyyətlə
Mübarizə aparıb
Bu işi vurub sona!
Şuşada ucaldıbdır
Vaqifin məqbərəsin!
Bununla da kəsibdir
Ermənilərin səsin!
Deyibdir bizim olub
Əzəl gündən Qarabağ!
Bununla erməninin
Ürəyinə çəkibdir
Sağalmayan yara, dağ!
Erməni dağıtsa da,
Vaqifin məzarını
İlham Əliyev yenə
Sağaltdı şairimin
Sonsuz yaralarını!
İndi Vaqifin qəbri
Eynən əvvəlki kimi
Öz yerində ucalır,
Şair cavanlaşıbdır,
Qoca tarix qocalır!
Şairlər, yazıçılar
Üz tuturlar Şuşaya
Vaqif şeir gününə!
Bu çevrilir xalqımın
Toyuna, düyününə!
Bütün dünya görür ki -
Qarabağ Azərbaycan!
Bunu dərk etməlidir
Biryolluq qoca cahan!
Cavidin nəşini də
Baba Heydər olubdur
Qarlı, soyuq Sibirdən
Naxçıvana gətirən,
Ana yurda yetirən!
Qızım, gəl, qəbul elə,
Bizim xeyir-duanı!
Sağ ol ki, sən yazmısan
Baba Heydər dastanı!
Bu dastanı oxuyub
Bizlər də çox şad olduq!
Qəm-qüssəyə yad olduq!
Sağ ol, yad eləmisən
Bizləri də dastanda!
Belə qədrşünaslıq
Bu vəfasız zamanda
Bizi duyğulandırdı!
Bizləri ruhlandırdı!
Qoy, bu işdə yaradan
Özü sənə yar olsun,
Haqq işə qol qoyanlar
Daim bəxtiyar olsun!
Xəyaldan ayrılaraq
Sanki cana gəlirəm!
İmtahandan çıxıram
İmatahana gəlirəm!
İlahi, dahilərin
Ruhlarını şad elə!
Dastanımın bu fəslin,
Onlara yaz, ad elə!
Epiloq
İlahi, sən Babanın ruhuna səadət ver,
Cənnətlərə layiqdir, ona sonsuz cənnət ver!
Bağışla, səndən sonra qələm aldım əlimə,
Şairəm kəlməsini gətirərərk dilimə!
Udduğumz hava və içdiyimiz su üçün,
Ürəyimi titrədən ən gözəl duyğu üçün,
Ayağımız altında bu qara torpaq üçün,
Başımızın üstündə üçrəngli bayraq üçün,
Hamımnız bu dünyada yalnız sənə borcluyuq!
Borcumuzu ödəsək, yenə, yenə borcluyuq!
Hər nə yazsaq səndəndir, hər nə yazsaq sənədir!
Söz qədimdən qədimdir, söz yenidən yenidir!
İlahi, sən xalqıma bəlalardan nicat ver,
Babaların xətrinə nəvələrə həyat ver!
Gündən-günə qoy daha gözəl olsun növrağım!
Əbədi dalğalansın qoy üçrəngli bayrağım!
Sevinc bizə dost olsun, qüssə bizə yad olsun,
Baba Heydərin ruhu görüb bunu şad olsun!
Babanın yüz yaşına bağladım bu dastanı,
Vəsf eləmək istədim anam Azərbaycanı!
Nizami, Nəsiminin, Cavid, Vurğun, Vaqifin,
Nəriman, Muğannanın, hər gizlinə vaqifin.
Ruhları xatirinə günahımı bağışla,
Sözüm başlayır, bitir pak adına alqışla!
Gedən Babanın cismi, ruhu Azərbaycandır!
Bu dastan ölməzliyə həsr olunan dastandır!
Yüz illər gəlib keçsin, Baba yenə var olsun,
Azərbaycan adlanan yurdum bəxtiyar olsun!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!