İlqar Yusubovun şeirləri - Əsəd Cahangirin təqdimatında

 

Əslən Qarayazıdan olan İlqar Yusubov uzun illərdir ki, həkim-cərrah kimi tibb sahəsində çalışır, çoxsaylı beynəlxalq elmi konfransların iştirakçısı olmuş, tibb üzrə fəlsəfə doktoru, bir çox dərslik və onlarla elmi məqalələrin müəllifidir. O, Birinci Qarabağ müharibəsində bir həkim kimi iştirakına görə "General Şıxlinski" təqaüdünə layiq görülüb, İkinci Qarabağ müharibəsi zamanı isə könüllü surətdə "Füzuli Diaqnostika Mərkəzi"nə gedərək, neçə-neçə yaralıya ilkin tibbi yardım göstərib, cərrahi əməliyyatlar aparıb, neçə insanı həyata qaytarıb.

Qarayazı təbiətinin saflığı və həkimlik sənətindən gələn professional şəfqət duyğusu İlqarın şeirlərinə öz təsirini göstərir. Lakin təbiidir ki, onun doğma yurda, həyata və insana sevgiylə dolu şeirləri öz mənbəyini saz üstə köklənən xalq yaradıcılığı, bir də və ən vacibi, müəllifin öz qəlbindən götürür. Bu günlərdə şair ruhlu həkim, vətənpərvər insan İlqar Yusubovun 55 yaşı tamam olur. Yubiley yaşından dolayı, əziz qardaşımı bütün dostlar adından ürəkdən qutlayır, şeirlərindən bəzi örnəkləri sizlərə təqdim edirəm.

Əsəd Cahangir

 

 

İlqar YUSUBOV 

 

Mən kənddən çıxanda...

 

Mən kənddən çıxanda qatarla çıxdım,

Qatarlar yol aldı üfüqə sarı.

Bir az da təlaşla, qübarla çıxdım,

Başladı ömrümün dəmir yolları!

 

Uşaq arzuların qəmi, qayğısı,

İstəyi, sevgisi səfərdə qaldı.

Qatar-qatar olan gənclik duyğusu

Aşdığım hasarda, çəpərdə qaldı!

 

Fit səsi eşitdim, ruh avazıdan,

Qatarlar getdikcə uzağa döndü.

Bir uşaq apardı Qarayazıdan,

O uşaq ömürlük qaçağa döndü!

 

Məni qatar ilə apardı yollar,

Daha qatarlardan düşüb gəlirəm.

Nələr öyrənmişəm, nələr, yollarda,

Yolların odunda bişib gəlirəm!

 

Qatardan-qatara qaçaq olmuşam,

Qəhərdən kövrələn uşaq olmuşam,

Özümdən nə yaman uzaq olmuşam,

İndi öz izimə düşüb gəlirəm!

 

İllərdir bir qatar dərd düşüb cana,

İndi rüzgar əsir, bax, məndən yana!

Yadıma o köhnə yurd düşüb, ana,

Çağlayıb, məcramı daşıb gəlirəm!

 

Uzaq yollardan gəlirəm...

 

Mən uzaq yollardan gəlirəm, Dədə

Məkanım, mənzilim yaşımdan uzaq.

Məni oxlayıblar Gülüstançayda,

Mənim daşım düşüb daşımdan uzaq.

 

Mən uzaq yollardan gəlirəm, Dədə,

Neçə yol talanıb, yağmalanmışam.

Min calaq vurublar hər budağıma,

Yenə öz kökümdə doğmalanmışam.

 

Qatıb aralığı, eyləyib dəngi,

Ulaşıb hayları, farsı, firəngi.

Əzəldən bilirlər məndəki cəngi,

Gələndə sıyrılıb qından gəlirəm.

 

Mənəm haqq fəryadı ərşə calanan,

Həqiqət uğrunda oda qalanan.

Günəşin ardınca ərzi dolanan

Qorquddan, Oğuzdan, Hundan gəlirəm.

 

Silinməz xislətim, dəyişməz köküm,

Ölərəm, dönmərəm, tutanda bərkim!

Dünyaya barışam, cahana hakim,

Göy Türkün özüyəm, dandan gəlirəm!

 

Məni xatırlarsan...

 

Duyğularda əvvəlkitək yenə varsan,

Geçə-gündüz saçlarıma yağan qarsan.

Baxıb demə saç ağarıb, ixtiyarsan,

Məni elə gördüyüntək xatırlarsan!

 

Nədən deyim... itkin gözəl, nazlı pəri,

Yadındamı, yaz gününün xoş səhəri?

Utanaraq uzatdıgım çiçəkləri

Saçlarına hördüyüntək xatırlarsan!

 

Unutdunmu, bizdən ötən isti yayı?

Şam ağacı, pərli qovaq, eşq sarayı...

Öz əlinlə dəmlədiyin şirinçayı

İçib könül verdiyintək xatırlarsan!

 

Lal baxışda, eh, de, nələr gələr dilə,

Yaş artsa da, böyümür ki, eşqə kölə.

Qollarımı zülf üstündən incə belə

Kəmər bilib sardığıntək xatırlarsan!

 

Xatirə var hər ölçudə, hər biçimdə,

Gör, nələri aparmısan öz köçündə!

Ağ yaylığı ətir saçan gül içində

Yuyub ota sərdiyintək xatırlarsan!

 

Görüşərdik... istək təmiz, arzu təzə,

Uzanardı şirin söhbət, duzlu məzə.

Olanlara nə naxış vur, nə də bəzə,

Yıxdığını qurduğuntək xatırlarsan!

 

İllər ötər... bu ac dünya məni yeyər,

Qara daşa yağış yağar, dolu döyər.

Bir bənövşə boynun büküb sənə deyər:

Çiçəyimi dərdiyintək xatırlarsan,

Məni elə gördüyüntək xatırlarsan!

 

O yanda sən,

bu yanda mən

 

Yenə gəldik dərd yerinə,

O yanda sən, bu yanda mən!

Həsrət ilə dərdli qəlbi

Oyan da sən, oyan da mən!

 

Dindirmə carəsiz lalı,

Qəlb pərişan, sinə dolu.

Sonu bulunmaz bu yolu

Duyan da sən, duyan da mən!

 

Dərd çözülmür savaş ilə,

Nisgil, həsrət, təlaş ilə.

Qubar könlü göz yaşıyla

Yuyan da sən, yuyan da mən!

 

Xəyal şirin, arzu mələr,

Duyğulara gələr nələr…

Sevda dolu xatirələr

Sayan da sən, sayan da mən!

 

Türküm, heyy!!!

 

Tarixləri yaza-yaza görən - sən,

Qala-divar hördürən sən, hörən - sən.

Köklü-soylu cəngavərsən, ərənsən,

Dəmir donlum, polad qolu bərkim, heyy!!!

Qadan alım, özünə gəl,Türküm, heyy!!!

 

İç düşməni, çöl yağını kəsib keç,

Dağla, dağı sinəsinə basıb keç!

Bayrağını zirvələrdən asıb keç,

Qoy, kor olsun nankorların, görkün heyy!!!

Qadan alım, özünə gəl,Türküm, heyy!!!

 

Neçə şahın, sultanına qurbanam,

Məhmətciyin, divanına qurbanam!

Gəl, can verim, mən canına qurbanam,

Türk oğluyam, yoxdur qorxum-hürküm heyy!!!

Qadan alım, özünə gəl, Türküm, heyy!!!

 

Şəhid qanı torpağının boyağı,

Sənsiz dünya boş yuvadır, bayağı.

Qalx ayağa, ey Türk-İslam dayağı!

Od qılıncım, al günəşim, bürküm heyy!!!

Qadan alım, özünə gəl, Türküm, heyy!!!

 

Nədir bunca xəyanətlər, dərbələr?

Dar gününə sevinirlər, qərblilər.

Başlat Türküm, haqq uğruna hərbilər,

Qan qardaşım, güvənc yerim, ərkim heyy!!!

Qadan alım, özünə gəl, Türküm, heyy!!!

 

Gedəcəm

 

Gəlmişəm, əliboş getmərəm, dünya,

Ən gözəl gülünü dərib gedəcəm!

Neçə səməndini çapacam hələ,

Neçə köhlənini yorub gedəcəm!

 

Binələr köç edər yaylağı seçib,

Aşılmaz gədiklər, dolaylar kecib.

Dağlarda çeşmənin suyundan içib,

Bulağı arana verib gedəcəm!

 

Bölünüb arazlı, kürlü də olsan,

Dəyisib ikili, birli də olsan,

Nə qədər sehrli, sirli də olsan,

Bil, yeddi qatını görüb gedəcəm!

 

Yaşaram ömrümü alnımda tərlə,

Yazdım sözlərimi əldə neştərlə.

Gəl, çox da öyünmə qızılla, zərlə,

Sevdirib, könlünü qırıb gedəcəm!

 

Aldatma nə azla, nə çoxla, məni,

Nə bərkə-boşa sal, nə yoxla, məni.

Üç günlük qonağam, qılıqla, məni,

Qədrimi bilməsən, varıb gedəcəm!                     

 

Daha səndən

xəyalına gedirəm

 

Mənim dərdim ürəyimin içində,

Üzümdəki təbəssümə baxma, gəl.

Bulud oynar xəyalımın köçündə,

Leysan yağar, selə düşüb axma, gəl.

 

Demədimmi, sən zalıma, gedirəm?

Vurulmuşdum camalına, gedirəm.

Daha səndən xəyalına gedirəm,

Mənzil uzaq, yollarıma çıxma, gəl.

 

Xatirəmdə hər dəqiqə, an durur,

Kölgən məndən uzaq gəzir, yan durur,

Sən verdiyin su da məni yandırır,

Sönməz odum, göz yaşını sıxma, gəl.

 

Mənə sən yazdırdın

bu şeirləri

 

Əzəldən şad könlü qubar deyiləm,

Dəftərə, qələmə "azar" deyiləm.

Mən şair deyiləm, yazar deyiləm,

Mənə sən yazdırdın bu şeirləri.

 

Ulduzdan danışıb, yuxu yozmazdım,

Dastan oxuyardım, nağıl yazmazdım.

Vallah, xəyallarda belə azmazdım,

Mənə sən yazdırdın bu şeirləri.

 

Belə yıxılmazdım öz əməlimdən,

Belə sıxılmazdım söz təməlimdən.

Kövrək duyğularla tutub əlimdən

Mənə sən yazdırdın bu şeirləri.

 

Dedim, danışmaram daha adınla,

Şıltaq bir gözəllə, qərib qadınla,

Xatirə qoyduğun sönməz odunla,

Mənə sən yazdırdın bu şeirləri.

 

Xoş idi o anlar, toy-büsat kimi,

Qəlbimdə izin var, daşda çat kimi.

Məhbusun yazdığı izahat kimi,

Mənə sən yazdırdın bu şeirləri.

 

Ömür adlı varaqdasan

 

Gözlərimdən getməmisən,

Bir damla yaş, yanaqdasan.

Gah nəğməsən, gah bayatı,

Çat-çat olan dodaqdasan!

 

Məndən ayrı düşə-düşə,

Özündən də uzaqdasan.

Öyrəşdinmi bu gərdişə,

Yoxsa, yanan ocaqdasan?!

 

Köç salsa da, qəlbə qübar,

Döz olana, hər nəyin var.

Çox eyləmə giley-güzar,

Ürəyimdə qınaqdasan!

 

İlqarını pozmadığım,

Vüsalında azmadığım,

Mürəkkəblə yazmadığım

Ömür adlı varaqdasan!

 

Xətrinə dəyməyin

solmuş çiçəyin!

 

Hələ sinəsində coxdu sözləri,

Həsrətin şehindən dolmuş gözləri.

Çöküb sinəsinə payız izləri,

Küləklər saçını yolmuş çiçəyin,

Xətrinə dəyməyin solmuş çiçəyin!

 

Xəzəl yarpağına onu qatmayın,

Tağından üzməyin, dərib atmayın.

Tez-tez payızını xatırlatmayın,

Bahar duyğusuna dalmış çiçəyin,

Xətrinə dəyməyin solmuş çiçəyin!

 

Butada gizləyib ləçəklərini,

Çəmənlər bəzəyib ətəklərini,

Arı şirələyib pətəklərini,

Bir zaman sinəsi balmış çiçəyin!

Xətrinə dəyməyin solmuş çiçəyin!

 

Qönçəlik yaşayıb, xoş çağlar görüb,

Çətin ruzigarlar, sınaqlar görüb,

Tikanlı sinəsi qınaqlar görüb,

Ləçəkdə bəzəyi xalmış çiçəyin,

Xətrinə dəyməyin solmuş çiçəyin!

 

Yadında baharın avazı qalıb,

Çiçək görkəmindən bir nazı qalıb,

Qönçə çağlarına tamarzı qalıb,

Qəhərdən gözləri dolmuş çiçəyin,

Xətrinə dəyməyin solmuş çiçəyin!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!