Qələm surəsinə verdim könlümü... - Əli Nəcəfxanlının şeirləri

 

Yollar

 

Yollar yoldaşımdır, yollar sirdaşım,

Ömrümü yollara qurban etmişəm. 

Bəzi adamlarla dil tapmasam da,

Yollarla lap yaxşı yola getmişəm.

 

Yerimək öyrədib mənə səbirlə,

Bələdçilik edib ilk cığır, ilk yol.

Büdrəyib üzüstə yerə dəyəndə

titrək dizlərimə deyib: möhkəm ol!

 

Dərəyə enmişəm, dağa qalxmışam,

Çətin sınaqlardan çıxarıb məni. 

Yollar qalibiyyət bayrağı kimi

Qaldırıb başından yuxarı məni.  

 

Bəzən də yollanıb qaranlıqlara,

Muştuluq hayqıran səslə qayıdıb.

Sevdiyim gözəlin qapısına da

qorxa-qorxa gedib, şəstlə qayıdıb.

 

Yollar ömrün-günün yellənçəyidir,

Sağım - yol, solum - yol, önüm, gerim - yol.

Yol da var, bayrağım açıb yolunu, 

Deyib ki, əvvəlcə ona verim yol.

 

Şuşaya, Laçına aparıb məni,

Qırıb Xankəndinin tilsimlərini.

Əhədini kəsib yolkəsənlərin,

Əzik-əzik edib əzmlərini. 

 

Sevinc də duymuşam, qəm də dadmışam,

Düyün salmamışam yolları heç vaxt.

Öpüb sevə-sevə ayaqlarımı -

Ayağa vermərəm onları heç vaxt.

 

Bayrağım

 

Ey ulu sancağım - Ayım, Günəşim,

Sənsən əbədilik odum, atəşim!

Arazım, Həkərim, Kürüm, Viləşim

sənə dalğa-dalğa nəğmələr deyər!

 

Ruhumun aynası, başımın tacı,

Varmış qismətində zirvə meracı!

Uğrunda bir ömür çəkməyə acı,

Can qurban eyləyib ölməyə dəyər!

 

Kölgən boy verdiyin torpağa düşüb,

Yellər səni deyib, sorağa düşüb! 

Bayraqsız olanlar ayağa düşüb

elə hey başına-gözünə döyər...

 

Sən son libasımsan, son istinadım,

Sən qaynar təbimsən, sən istim, odum!

Razıyam, adında qoy itsin adım,

Təki cəlalına verilsin dəyər!

 

Xoş gördük

 

Qarabağım, açılan qaş-qabağım,

Ay dan üzüm, ay gündüzüm, xoş gördük!

Doymuram ki, cəlalına ha baxım,

Gülə-gülə dolan gözüm, xoş gördük!

 

Qurtarmısan otuz illik həbsdən,

Nələr gördün nanəcibdən, xəbisdən.

Nə bəxtindən yarımışdın, nə bizdən,

Axırı ki, tapdıq çözüm, xoş gördük!

 

Müxənnətlər özlərini öyərdi,

Anam qəmli bayatılar deyərdi...

Arzularım birər-birər göyərdi,

Qaralmayan odum-közüm, xoş gördük!

 

Natəvanın yaraları sağaldı, 

Molla Pənah baxıb-güldü bığaltı.

Üzeyirin qəm karvanı yoxaldı,

Çiçək açdı sazım-sözüm, xoş gördük!

 

Dağlarını sinə dağım bilmişəm,

Mən xırmanda həsrət döyən vəlmişəm...

Dizin-dizin sürünmüşəm, gəlmişəm,

Qurban ollam sənə özüm, xoş gördük!

 

Laçın

 

Görüşünə imrənmişdim,

İzim düşdü yoxuşuna.

Diklərinə dirənmişdim,

Aldı məni ağuşuna.

 

Ləlik-şehid olmuşdum lap,

Gülümsədi Hoçaz dağı:

Cığırı seç, çəhlimi tap,

Qarışdırma solu, sağı.

 

Laçında yer göyə yaxın,

Mələklər göydəndüşmədi.

Gözüm öpdü bu növrağı,

Sözə yad ilmə düşmədi.

 

Həkəriçay dəcəl-xata...

Yüyənsiz at kimi çapır.

Elə bil ki, adam burda

əziz itiyini tapır...

 

Qələm surəsinə

verdim könlümü

 

Əməl dəftərimdi şeir dəftərim,

Məhşərdə dadıma çatar bəlkə də.

Yazdığım nəğmələr sur çalınanda

Hesaba-kitaba yatar, bəlkə də.

 

İfrata varmadım, urvata vardım,

Sözü kəsə dedim, çölləmə dedim.

Qələm surəsinə verdim könlümü,

Ürəkdən "And olsun qələmə" dedim.

 

Bəlkə də az oldu savab işlərim,

Amma duyğum təmiz, ruhum pak oldu.

Güvəndim Allahın kəramətinə,

Məni yaşadan da bu idrak oldu.

 

Məsciddə ibadət eyləməsəm də,

Yazdığım beş-altı şeir duamdı.

Mənim bulaq kimi çağlayan təbim

Ulu Yaradandan xeyir-duamdı.

 

Bir parça vətən

 

Şair Baloğlan Cəlilə

 

"Uf" demə, Ufada yaşayan şair,

Yolüstü duracaq Ufadı sənə.

Lənkəran, Sumqayıt, Bakı uzaqdı,

Ufa ev-eşikdi, yuvadı sənə.

 

Sən bizim ən əziz "başqırd"ımızsan,

Başqırd ellərində baş qurdumuzsan,

Uca harayımız, hayqırtımızsan,

Fələk yaraşdırıb bu adı sənə.

 

Ömrünlə, gününlə qoşadır ilham,

Hissinin, duyğunun gurşadı - ilham.

Səni misra-misra yaşadır ilham,    

Şeiriyyət dərmandı, davadı sənə.

 

Yanmısan atəşdə, qorda sən elə,

Cəngavər olmusan zorda sən elə,

Bir parça vətənsən orda sən elə,

Ayrılıq qənimət cəfadı sənə.

 

Kənddə yaz günü

 

Adlayıb arxlardan, aşır çəpərdən

həyan istəyənlər, həmdəm gəzənlər.

Sərçələr çimişir gölməçələrdə,

Ləçəkdə xallanır parabüzənlər.

 

Günəşlə baxışıb xətirlənir hey

parıltılı şehlər, mirvari zərlər.

Güllərlə bəhsəbəhs ətirlənir hey   

vəsməli xanımlar, əsmər gözəllər.

 

Şanapipik telli oğlanlar gündə 

cəh-cəh vurub deyir təzə qəzəllər.

Qırğına çıxmırlar növbə üstündə

bulaqlar başında ürək üzənlər.

 

Cilvəli bir qızın bir baxışıyla

dönüb gerçək olur ötəri zənnlər.

Sərgi düzənləyib min naxışıyla

Gülür nəğmə-nəğmə çöllər, düzənlər...

 

Yolda

 

Görəsən, bu hansı dayanacaqdı,

Axırdan əvvəlki, ya axırıncı?

Ruhum söndüyünü duyan ocaqdı,

Qocalıq başıma çaxır qılıncı.

 

Cavanlıq başıma qaxır ağ günü,

İndi də ağ bayraq qaldırıb gedir.

Ömür dedikləri dartıb özünü,

Canıma nə otlar yoldurub gedir...

 

Yarıda bilmədim arzularımı,

Görün, yol xurcunum yüngüldü, necə!

Heç vaxt çin olmayan yuxularımın

dərd-səri üstümə töküldü necə!

 

Bəlkə bu bəduğur sürət qatarı

qəfil yerə salıb itirə məni?!

Gedə Kəlbəcərə, Laçına sarı,  

Bir də o dağlara yetirə məni?    

 

Həsrətdə qovrulur bağrımın içi,

Həzin duyğulara oluram əsir.

Bir də baxıram ki, zaman-bələdçi

"Bileti ver" deyib, sözümü kəsir...

 

Görəsən, bu hansı dayanacaqdı?

Gözlərim qırpıla-qırpıla qalıb.

Barsız budaqsa da taleyim, baxtım, 

Tut kimi çırpıla-çırpıla qalıb,     

Ürəyim çırpına-çırpına qalıb...

 

Yol az, gəl

 

Daş oldum gözləməkdən, ay ürəyi daş, səni,

İnsan idim, yerimdə qəm qalası ucaldı.

Ha boylandım yollara, bir yol görüm, kaş səni,

Gözlərim qaralınca, ümidim də qocaldı.

 

Yadına düşmədim ki, yadından çıxdım sənin,

Bir an məni anmadın əziz itiyin kimi.

Hələ də gözləyirəm qəfil geri dönməni,

Qəfil acıq eləyib, çıxıb-getdiyin kimi.

 

Eşqimiz yazılmayan şeir oldu bir kitab,

Bir misra da düşmədi varağın ağ yerinə.

Yol az, gəl, heç olmasa, məni təsadüfən tap,

Bir günlük özümüzü qoyaq uşaq yerinə.

 

Qoca şagird

 

Məni də sinfinə burax, nə olar,

Qırx beş dəqiqəlik bəxtəvər eylə.

Baxım gül üzünə, dalım xəyala,

Zəngi eşitməsəm, sən xəbər eylə.

 

Ən arxa partada qoy olsun yerim,

Mənə fikir vermə, dərsini keç sən.

Yanımdan ötəndə bir məktub verim,

Karıxıb özünü itirmə heç sən.

 

Uşaqlar qanrılıb arxaya baxsa,

Gözünü ağartma heç birisinə.

Nəbadə, məni də dindirmə, yoxsa,

Vəlvələ düşəcək sənin dərsinə.

 

Lövhəyə çağırma, dərsi soruşma,

Allah xatirinə, birtəhər eylə.

Qoca şagirdinə qəti baş qoşma, 

Qırx beş dəqiqəlik bəxtəvər eylə.

 

Sevgim bir xalçadı...

 

Bu sevgi yadına düşməsin deyə,

Gözündən yayınıb sənsizləmişəm.

Qəmlər ürəyimi deşməsin deyə,

Bir-bir dilə tutub əzizləmişəm.

 

Dərdini yadigar saxlamışam mən

Atdığın güllənin gilizi kimi.

Sənli xatirələr getmir gözümdən  

Toz üstə çəkilmiş əl izi kimi...

 

Bəlkə də qarğıyıb Allahın səni,

Eşqə düş, cəfa çək, döz deməyibdi.

Bəlkə də heç yoxdu günahın sənin,

Allahın bəxtinlə düz deməyibdi. 

 

Sənin yanağına qoşa xal düzüb,   

Mənim ürəyimə xal salıb ancaq.    

Gün kimi, Ay kimi nur saçır üzün,

Sevgin, məhəbbətin sozalıb ancaq.

 

Sən mənim yaxınım, sən mənim yadım,

Ünvana yetməyən məktubdu sevgim.

Adınla yanaşı çəkilməz adım,

Məni qarğış kimi tutubdu sevgim.

 

Dərdim saçın kimi qulac-qulacmış,

Qaşlarım nə vaxtdı çatılı qalıb.

Sevgim bir xalçadı - ilməsi qaçmış,

Ömrün bir küncünə atılıb qalıb.

 

Var

 

Gözümün yağmuru, könlümün neyi,

Səndən insaf ummaq insafdan deyil,

Yolunda can verib demərəm heyif,

Çünki səni sevmək imtiyazım var.

 

Uzunömürlüdü dərdi-sərim də,

Möhürdü, damğadı dərd üzərimdə.

Hüsnün cilvələnir sətirlərimdə,

Nə olsun pis xəttim, pinti yazım var.

 

Gözlərinin qəsdi "qan-qan" olsa da,

Verdiyim qarşılıq "can-can" olsa da,

Sənə qurbanlığım an-an olsa da,

Hələ çox nəzirim, çox niyazım var.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!