Hələ Bakı Dövlət Universitetinin Filologiya fakültəsində oxuyanda Mir Kamilin gözlərindəki istedad işığını sezmişdim. Bu yaxınlarda yazdığı poetik nümunələrlə tanış olanda başa düşdüm ki, zənnim məni aldatmayıb. Mir Kamil qələmə bürünüb və ilhamı qaynar bulağa çevrilən yeni nəfəsdir.
Əruz vəzni onun ifadə tərzinə yaxındır, daha doğrusu, o, öz bədii düşüncələrini bu tərzdə izhar etmək istəyir. Arzu edirəm ki, gələcək vaxtlarda Mir Kamilin hecada şeirlərini də oxuyaq, oxutduraq. Maraqlı bənzətmələr, romantiklərin əruz üslubuna xas ifadələr, ibarələr onun mətninin sehrini artırır.
Mir Kamilin qəzəllərində Füyuzatçıların, ələlxüsus, Cavid əfəndinin təsiri hiss olunur.
Mən Mir Kamilə uğurlar arzulayır və bu şeirləri doğma ünvanımız "Ədəbiyyat qəzeti"nə təqdim edirəm.
Hörmətlə...
Nadir Yalçın
Mir KAMİL
***
Nə uzun çəkdi, İlahi, nə yamandır bu gecə?
Görəsən, fikrimə son mənzil hayandır bu gecə?
Nə qərib hissdi, damıb qəlbimə, yarım gələcək,
Aman Allah, bu nə səsdir, nə gümandır bu gecə?!
Sən ki döydün, gülərüzlüm, sənə həsrət qapımı,
Kədər əfsanədi, qəm-qüssə yalandır bu gecə.
Yanağında o çökək ki, gülüşündən yaranır,
Dilbərim, könlümə ən doğma məkandır bu gecə.
Sənə elan edirəm eşqimi, tut qəlbində,
Hələ bir kimsəyə bildirmə, amandır, bu gecə.
Dizin üstündə başım, başımın üstündə hilal,
Bizə sevmək və sevilmək nə asandır bu gecə.
Ey Siraci, neçə il keçsə də, çıxmaz yaddan,
Yarının hüsnü kimi yadda qalandır bu gecə.
***
Mərifət yelləri əsdikcə bahar yurdundan,
Ramazan ətrini duyduqca könüllər doluxar.
Gül açar qəm bürüyən çöhrədə, göz yaşı ilə
Sulanar ay boyu, hər fəsildə rəhmani qoxar.
Üzü nur, qəddi hilal, əldə əsa, gözdə fərəh
Qocalar seyr eləməkçün ayı, eyvanə çıxar.
Dillərində salavatla bu gözəl mənzərəyə
İki əsrin qocaman dağları birlikdə baxar.
Ucalar ərşə azan gülləri açdıqda gözün,
Ruzinin şükrü, dua, isti yeməkdən də buxar.
İftar olduqda, gözün kimsəni görməz küçədə,
Boş küçə bir qədər əvvəlki halıyçun darıxar.
Özgənin halına hamı yanar öz halı kimi,
Bir kəsin halı bu ay hamını birlikdə yaxar.
Ey Siraci, bu ayın son günü bayramsa belə,
Ayrılıq sübhü gözüm hey baxar, ardınca, baxar.
***
Yenə göydən yerə enməkdədi ağ donlu mələklər,
Nə mələk? Yox, yox! İşıq rəqsi edir ağ kəpənəklər.
Yenə gəlmişdi gülüstanə ki, gül ətrini duysun,
Çox təəssüf, daha qışdır, solub artıq bu çiçəklər.
Dəyməyir bir-birinə göydə, nə xoşdur bu nəzakət,
Keçir asudə həyat dərsi bizə ağ dənəciklər.
Göyə yüksəldi, şükür, isti dualar dodağımdan,
İsinir indi də ruhumda gəzən ülvi diləklər.
Dolaşır şad-firavan qarın üstündə uşaqlar,
Və yanaqlar qızarır, möhkəm əsir cinli küləklər.
Bu gözəl səhnəni sevdalı könül seyr elədikcə
Dayanıb yol kənarında, gələcək yarını bəklər.
Gələcək, canə hərarət salacaq pak nəfəsiylə,
Bu soyuqda isinib ruh, güləcək gözdə bəbəklər.
Xatirimdən o günün şəkli, Siraci, necə çıxsın?!
Qış günü, incə yeriş, isti gülüş, incə biləklər.
***
Könlündə vətən eşqi dənizlər kimi coşdu,
Bir nər özünü şanlı mücahidlərə qoşdu.
Amalı böyük kəslərə neylərdi ki, mərmi?!
Bizdən ölən olmurdu - mücahid də ölərmi?!
Sübh uyquya dalmış gözükor mərmi ayıldı,
Bir nər qanı mərcan kimi torpağa yayıldı.
Can çıxdı, fəqət, yoxluğa qərq olmadı - aləm,
Mat qaldı, "Şəhadət" sözü dildən ucalan dəm.
Bir yanda ölüm qorxusu, bir yanda şəhidlər,
Bir yanda təlaş atəşi, bir yanda ümidlər.
Düşdükdə o nər torpağa, torpaq dilə gəldi,
"Düşdün, ey igid, torpağa, yurdunsa, dikəldi".
Bir gün də döyüş səngidi, dağlar yasa batdı,
Evlərdə hamı pəncərədən bayraq uzatdı.
Göz yaşına qərq oldu bu matəmdə fələklər,
Məmur idi tabutun aparmaqda mələklər.
Çatmışdı öz amalına səngərdə bir aqil,
Olmuşdu Xuda lütfü o gün Şamilə şamil.
Bir kəndə şəhadət kimi bir fənni gətirdi,
Gün gəldi onun məktəbi Səyyadı yetirdi.
***
Ey nigaran baxışından duyulan kövrəklik,
Nazənin gözlərinə çox yaraşır ürkəklik.
Könül aram eləyən hər nəyi gördümsə, onun
Bir adı sənsən, əzizim, bir adı göyçəklik.
Gecələr əl-ələ gəzsək belə, şirin yuxuda,
Acıdır, ey səhərüzlüm, acıdır gerçəklik.
Bəxtəvərlik xınasın mən isidən əllərinə
Özgəsi yaxmasın, ey ağ donu narın kəklik.
Sən kimi gözləri yerlərdə olan bir gözəli
Sadəlik zirvəsidir ali edən yüksəklik.
Xatirə yelləri əsdikcə könül tültək əsir,
Bu vəfapərvərə xasiyyət olub titrəklik.
Rəngbərəng idi, Siraci, sənin ömrün bir vaxt,
Getdi yarın, yenə üz tutdu sənə boz təklik.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!