Sənsiz keçən günlərimi sel yuyur, Mənsiz keçən qeylü-qalın necədi?.. - Şeirlər. Nəcibə İLKİN

 

Dərdim sənsizliyin

dərdini çəkir

 

Bir səhər üz tutdum dənizə sarı,

Görüş yerimizdə ayaq saxladım.

Öpdü həsrət məni sən əvəzinə,

Töküldü gözümdən leysan, ağladım.

 

Mənə elə gəldi dəniz bu saat

coşaraq tez məni qucaqlayacaq.

Köksümə sığmayan hicran qəmini

sənin əllərinlə sığallayacaq.

 

Açıb gözlərimi nəmli baxışla,

Boylandım dənizə xəyala dönüb,

Sahili qucan o ləpələr kimi,

Sənə sarılmışdım suala dönüb.

 

Görmək istəməzdim sənsizliyimi,

Ağlar gözlərimi yumdum yenidən.

Hönkürtü səsimi batırmaq üçün

asılı qalmışdım bircə zəngindən.

 

Bu necə səadət, bu necə zülüm?!

Birisi inləyir, biri kef çəkir,

Nə yaxşı, yenə də sən varsan, gülüm,

Dərdim sənsizliyin dərdini çəkir.

 

Mənə küsməyi öyrət

 

Mənə küsməyi öyrət,

Darıxım səndən bir az.

Baş qoyum həsrətinə,

Oyanım, gələndə yaz.

 

Çiçəklərin rəngindən

rəng qataq sevgimizə.

Çəmənlər də boylanıb,

Həsəd aparsın bizə.

 

Mənə küsməyi öyrət,

Bir az çıxım yadından.

Sənə məktub göndərim

"Küsəyən qız" adından.

 

Bürün sətirlərimin

üşüyən qanadına.

Axı "qibləm" yazmışam,

Orda sənin adına.

 

Küsüb-barışan zaman

mənə gəlməyi öyrət.

Qalıb qolların üstdə,

Mənə ölməyi öyrət...

 

Bu gün...

 

Bu gün gözlərim şehli,

Bu gün könlüm lilamar.

Səni bu gün görməsəm,

Ürəyimə qan damar.

 

Gəl, keç arzularımın

qırılmış körpüsündən.

Yıxılsan, xəbər eylə,

Tanıyacam səsindən.

 

Xəyalın kölgə tutub,

Dolanır başım üstə.

Sənə demişdim axı,

Məni az sev, az istə.

 

Qısılmışam qoynuma,

Ürəyim ipdən keçir.

Yollar "ayrılıq" deyir,

Gözlərim şərbət içir.

 

Həsrətimin göz yaşı

üzümdə buzlaşıbdı.

Dərdimin qolu üstdə

ümidim yazlaşıbdı.

 

Bu gün yazdığım şeir

sevdamın qara yazı.

Gəl, məni oxşa bir az,

Köhnə dostuq, ən azı...

 

Dərdimin yorğanı qalın

 

Dərdimin yorğanı qalın,

Çək üstümə, üşüyürəm.

Arzularım ayaqyalın,

Daşımaqdan tövşüyürəm.

 

Xırda-xırda səpələdim

içimə haqqın qanını.

Üzümə tutub gedirəm

düzüb-qoşduğum yalanı.

 

Fikirlərim qalıb çılpaq,

İçimdə sözüm talanır.

Düşüncələrim od tutur,

Qəlbimdə dözüm talanır.

 

Ömür sayım yarpaq-yarpaq

xəzəl olub can üşüdür.

Ruhum gəzir sınıq-salxaq,

Harayımı kim eşidir?!

 

Qara kağızda ağ yalan

Vətən-vətən dilək açır.

Haqsızlığa qalxan əllər

hər yetənə bələk açır.

 

Bir günahlı günahsızam

 

Yaman dolmuşam bu gecə,

Gözlərimdən qan verirəm.

Əllərimi açıb göyə,

Həsrətimə can verirəm.

 

Bir günahlı günahsızam,

İpə-sapa yatammıram.

Özümə necə qansızam,

Günahıma batammıram.

 

Bu eşqin əlindən tutub,

Uşaqlığa qayıdıram.

Şirin-şirin xəyalları

misra-misra oyadıram.

 

Yaza bilmədiklərimi

unudulmuş hiss edirəm.

Qu quşutək son nəğməmi

sənə oxuyub gedirəm.

 

Əllərimdə ümid yeri,

Qəlbimdə güman azalır.

Bilmirəm, bu həsrət niyə

yollarını məndən salır?!

 

Bəlkə arada gözlərin

dola, dolmaya, nə bilim.

Həsrətim yuxuya gedib,

İcazə ver, indi gəlim.

 

Ölümlü gecəm

 

İslatdı dərdimi göz yaşlarımda,

Qucağında ölüm gətirən gecə.

Hönkürtü səsində açılan səhər

kəsdi kələyimi dan yerinəcən.

 

Donmuş nəfəsimdə şehə bələndi

ruhumun can adlı sızıltıları.

Sən demə, dərd elə üzəgüləndi,

Açıldı ömrümün ölüm qatları.

 

Susdu kabus kimi, susdu o gecə,

Ölüm küləyinin əsdi yelləri.

Asdı ürəyimdən kəfənliyimi,

Açıldı qəbrimin qərib dilləri.

 

Bir ölüm gətirdi mənə o gecə,

Bir ölüm oxudu ömür payıma.

Mən can diləmədim, heyif, bu ömür -

Can verə bilmədi vətən hayına.

 

Qaçmaq istəyirəm

 

Məni gözündən asan tənhalıqdan,

Boynumda dəyirman daşı kimi fırlanıb

məni boğan haqsızlıqdan...

Qaçmaq istəyirəm...

İllərlə yerdə qalıb yanı göyərmiş arzulardan,

Mənə qucaq açan bulud-bulud xəyallardan

Qaçmaq istəyirəm...

Ürəyimi uçuran yad baxışlı hisslərdən,

Mənə yalan sevgi bağışlayıb

üzümə "yaxşı" deyən pislərdən,

Ürəyində saxtalıq yaşadıb

Üzündə saflıq gəzdirmək istəyənlərdən...

Qaçmaq istəyirəm...

Qəlb oğrularından,

talanmış ürəklərə min sifətlə yer tapıb

girmək istəyənlərdən,

Özünü dəryada hiss edib köpək balıq kimi,

bir anda səni udmaq,

Onsuz da, qırılmış arzularını,

incilərini yenidən darmadağın edib

səni tale burulğanında

            qərq etmək istəyənlərdən...

Qaçmaq istəyirəm...

Yad fikirli, özgə baxışlı doğmalardan,

İçini qurd kimi gəmirən,

            iblis niyyətli kabuslardan,

Səni dərk etməkdən,

            anlamaq dərəcəsindən uzaq,

könül evimə kül üfürənlərdən

Qaçmaq istəyirəm, qaçmaq...

Arxamca gəlməyin,

            ey ürəyi üzülmüş ümidlərim,

Arxamca gəlməyin, ey yolda-irizdə

Düşüb-itən dərdi-sərim.

Qoyun bir az dincəlim...

 

Bayquş yuxular

 

Yadımda nənəmin bir sözü qalıb,

Deyirdi, bayquşun səsi gələndə,

O yerdən bir ölü çıxar, ay bala.

Bir uşaq marağı olardı məndə,

O gecə yatmazdım mən də, az qala...

 

Eyvanda oturub qalardım elə,

Dinləyib bayquşun səsin sübhədək.

Axır yazıq nənəm gələrdi dilə,

O yerdə məni də tutardı əsnək...

 

Bir də oyanardım günorta vaxtı,

Baxırdım hər bir şey öz yerindədi.

Təkcə nənəminsə, boş qalıb taxtı,

Soranda dedilər, yas yerindədi.

 

Bayquşun əlləri boş qayıtmayıb,

Bir ölü aparıb, demə, o gecə.

Mənimtək bəlkə də çoxu yatmayıb,

Alıbdı bir damcı çimir, o gecə.

 

Daha bayquşların səsi kəsilib,

Ortaya çıxıbdı yuxu bayquşlar.

İnsanın ömrünə qənim kəsilib

Bayquş adamlarla bayquş yuxular.

 

Halın necədi?

 

Gör nə vaxtdı görüşmürük, əzizim,

Nə var, nə yox, söylə, halın necədi?

Sənsiz keçən günlərimi sel yuyur,

Mənsiz keçən qeylü-qalın necədi?

 

İncələnib ürəyimin telləri,

Həsrətimin ayağı yalın qalıb.

Səndə mənim nəyim qalıb, bilmirəm,

Məndə sənin bir azca gülün qalıb.

 

Ətrin qalıb hər qurumuş ləçəkdə,

Xatirələr dağıdıb-didir məni.

Dur, qarşıla, qapında dayanmışam,

Son gəlişdi, bir azca dindir məni.

 

Baxışlarım qonağındı hər gecə,

Ümidlərim od tutub yanır indi.

Mənim ürəyimdə qoyduğun sevgi

tək sənin başına dolanır indi.

 

Bir yorğun yolçuyam

 

Taleyin yolları çox yorur məni,

Seçə də bilmirəm ağı-qaradan.

Dünyaya gələndən dərd yumağıyam,

Neynirdi yaradıb məni Yaradan?!

 

Dərdlərin ilməsin ha sökürəmsə,

Deyən yox, hansını istəsən, seç, get.

Allaha üz tutub yüz arzu dilə,

Tale sən deyəni demirsə, keç, get.

 

Bu dünya mənimçün bir qəm yuxusu,

Alıb qucağında yelləyir məni.

Deyəsən, yerin də açıq yaxası,

Şum edib min yerdən belləyir məni.

 

Çatdıra bilmirəm fikirlərimi,

Qalıram yer ilə göy arasında.

Kağız da, qələm də durub qəsdimə,

Məni bişirirlər söz yarasında.

 

Bir yorğun yolçuyam, xurcunumsa boş,

Əlimdə balaca söz çomağım var.

Mənim kipriyimdə tale yüklü daş,

Mənim can çuxamda dərd yamağım var.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!