Bəri - Şeir. Sübhan LƏTİF

 

Mənasız ömrümə məna gəldi, bax,

Eşqimi səninlə böləndən bəri.

Tanıdım eşqi mən, bildim o nədir

Səninçün yüz yol mən öləndən bəri.

 

Dünyanın halından lap bixəbərəm,

Ağlıma gəlməzdi belə sevərəm.

İntizar olsa da, çox bəxtəvərəm

Mən eşqin dadını biləndən bəri.

 

Dinləyib qəlbimin soraqlarını,

Yazıram eşqimin varaqlarını,

Vişnə çiçəyitək dodaqlarını

Büzüb, şirin-şirin güləndən bəri.

 

Lətifəm, könlümdə vardır birisi,

Mən onu sevəndən oldum dəlisi,

Dünyaya gözəlin gəlməz beləsi,

Məcnunam, səni mən sevəndən bəri.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!