Anam azad Azərbaycan - Fikrət QOCA

Şeir

Anam azad Azərbaycan

Özünə də, dostlara da

gün ağladı.

Bakı, Tbilisi, Ceyhanla

Dostlarına bel bağladı.

Odlar oğlu öz yaratmaq həvəsiylə,

Yanar odlu nəfəsiylə

Kəmər çəkdi,

Avropanı qucaqladı.

Qədim ipək yoluna da

Can verdi, can!

Mənim anam Azərbaycan.

(bəziləri deyinsə də)

Yeni dəblə geyinsə də

Qədim ipək yoludur bu.

Bu yol deyil,

Millətlərin, ölkələrin

Bir-birini qucaqlayan

qoludur bu.

Bu yol gedir gələcəyə,

Qan-qadasız bir sabaha.

Yolumuzu Çin səddi də kəsmir daha.

Dostluq bütün qapıları açır bizə.

Dostluq varsa,

Ehtiyac yox artıq sözə.

Bəd əllərdə od - Yanğındır,

Dost əlində od - Ocaqdı.

Yolu kəsmək -

Dostluq üçün uzadılan

Qolu kəsmək olacaqdı.

Sən alovdan yoğrulmusan

Məhəbbətdən doğulmusan.

Anam gözəl adının da

Təməli - "Can" - Azərbaycan!

Mehriban ana ruhuna

Canım qurban

Azərbaycan!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!