P.S. Hörmətli baş redaktor! Mən bu şeiri 2015-ci ildə yazmışam. Şeirdən də göründüyü kimi, mən həmişə Mirzə Cəlil, Üzeyir Hacıbəyov, Əli bəy Hüseynzadə və başqa millət fədailəri ilə bərabər tutduğum xalq yazıçısı Anara böyük ehtiram hissi bəsləmişəm. Onun ağır ürək əməliyyatına məruz qaldığını özünün yazdığı bir geniş və adamı sarsıdan məqalədən oxuyub mən də çox mütəəssir oldum. Fikirləşdim ki, bu şeiri çap etdirim, bu nadir ziyalımızın, yazıçımızın, ustadımızın ağrıları bir az azalsın. Allah onu qorusun!
Şöhrəti də, şanı da əsl şöhrət, şan edib,
Bu Vətəni bir az da o, Azərbaycan edib.
Bu torpağa, bu yurda tarix ərmağan edib
Anar - Dədə Qorqudu, Dədə Qorqud - Anarı,
Anar sevir bu yurdu, sevir bu yurd Anarı!
Obası, eli damır qələminin ucundan,
Gülür Üzeyir Danı qələminin ucundan.
Öpür insanlar, tanır qələminin ucundan,
Mirzə Cəlil veribmiş qələmini onamı?
"Uzun ömrün akkordu" çatasıdı sonamı?!
O, "Qəm pəncərəsi"ndə qəmləri güldürübdü,
O," Sübhün səfiri"ylə hökmünü bildiribdi.
Ölüm siyahısından Zauru sildiribdi,
Təhminəni xəstəlik üstələrkən ağlayıb,
Loğmanlartək sızlayıb, xəstələrtək ağlayıb.
Hərdən "Macal" eyləyib Haqla "Əlaqə" qursun,
İstəyib "Ağ liman"da Nuh gəmisitək dursun.
Hərdən də tələsib ki, Molla Nəsrəddin olsun,
Gülsün dərdlərimizə... açsın dərdlərimizi,
Ayırıb namərdləri, seçsin mərdlərimizi.
O da gəlib dünyaya Kərəm kimi yanmağa,
Başlayıb Nazim Hikmət eşqiylə odlanmağa.
Hazırdır Vətən üçün hər dərdə qatlanmağa,
Hazırdır bəşər üçün ürəyini verməyə,
Suyunu içirtməyə, çörəyini verməyə!
O, ən böyük fədakar o, ən sadiq, vəfadar,
Onu dünya tanıyır, o, Anardır, o, Anar!
Hər cür kindən, riyadan o, kənardır, o, kənar,
Şirin-şirin kəlamı, lətif-lətif sözü var,
Onda Füzuli yaşar, onda Cavid özü var!
Siz Anardan deyəndə dərdini yada salın,
Sabiri xatırlayın, Hadini yada salın.
Adımızı ucaldan adını yada salın,
Sətir-sətir Vətəndir, cümlə-cümlə Vətəndir,
Vətən cümlə Anardır, Anar cümlə Vətəndir!
Bir gözüdəyməli kəs elə baxır, ay aman,
Bütün gözmuncuqları sınacaqdır, sanırsan...
O, yazmadı, yaratdı "Göy muncuğu"nu zaman,
Yaratdı ki, balama, oğluma göz dəyməsin,
Vətənimə, xalqıma, yurduma göz dəyməsin!
Odur, yenə dalğındır, yəqin işindən gəlir,
Yox, Ağdamın, Şuşanın bağrı başından gəlir.
O, "Təbrizim-mənsizim" deyən kişidən gəlir,
O, Təbriz həsrətlinin yadigarı Anardır,
O, Gəncənin, Göyçayın Xan çinarı Anardır!
O, "Sənsiz"i yazanda dönüb hamı olubdu,
Yazıçılar evinin komandanı olubdu.
Allahı elə sevib, Allah onun olubdu,
Düşməni - möminlərin daşladığı şeytandı,
Çünki xalis soydandı, nəsildəndi, boydandı.
Mən Dədə Qorqud dedim, Anar dedim, bil, indi,
O ana kitabımdı, bu ana qələmimdi.
O yanan düşüncəmdi, bu yanan qələmimdi,
Hər sözü, hər fikiri məna, mətahımızdı,
Anar qılıncımızdı, qələm fatehimizdi!
Özü də yaxşı bilir, onu necə sevirəm,
Yelinə qanadlanıb, uca-uca sevirəm.
Mən uca olanları tutub uca, sevirəm,
Görüm ağız büzənin ağzı büzülə qalsın,
Canımızı üzməsin, canı üzülə qalsın!
Necə olmaq istəyir, heç axı olmayanlar,
İllah, bizim Anarın dırnağı olmayanlar.
Nə dahilik gəzirsiz, ey dahi olmayanlar,
Dahilik bu torpağı, yurdu sevə bilməkdir.
Kişi kimi ürəknən Anar deyə bilməkdir!
Bu, mənim Anarımdır, ona toxunmayın siz,
Məntək oxumasanız, onu oxumayın siz.
Yad tərəfə bu qədər belə yıxılmayın siz,
Gəlin bilək vaxtında doğmamızın qədrini,
Nə üçün belə böyük olmamızın qədrini.
Bu, mənim Anarımdır, başı uca, vüqarlı,
O, sənin Anarındır, ömrü-günü baharlı!
O, onun Anarıdır, sözü axar-baxarlı,
Tanı, bu "Keçən ilin son gecəsi" Anardır,
Qocaltdıqca zamanı, gəncləşəsi Anardır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!