***
Bir qucaq yükdü ki, bu boyda ömür,
Gecdi, aradakı davaya baxma.
Gücünü itirib dualar, şükür,
Sən daha boş yerə havaya baxma.
İllər haray çəkən durna köçüdü,
Hicran söz hopmayan varaq kimidi.
Bəlkə boş tüfəngdi alın yazısı?!
Tale əlli qram araq kimidi.
Tez-tez əsiri ol sərt yuxuların,
Oyaq aşiqləri qəm basır, yeri.
Könül titrəyəndə can sərxoş olur,
Götür, nəyin varsa, nəm basır, yeri.
***
Hicran gözlərimdə çillə çıxardır,
Məni ayrılığın daşına çək, get...
Bu qədər yaxınkən necə ayrılaq?
Gözlə, gör, nə gəlir başına, çək, get.
Əlini boş yerə havaya dikmə,
Yuxuna qurd düşüb, ağlığı itib.
Necə sağollaşaq, bilmirəm, sən de,
Ruhumun əvvəlki çağlığı itib.
Qayıqlar yelkəni pərvanə sanır,
Biz elə qanatdıq dizi də, onda...
Yanağı üşüyən uşaqlar kimi,
Hicran üşüdərdi bizi də onda.
Beşdaş oynayardıq, küsərdik tez-tez,
Deyə bilmirdim ki, ləlinəm, ay qız...
Canı sənə görə qayadan atdım,
Sandım, biləcəksən dəlinəm, ay qız.
***
Acı bir qəmdi ki, sevda dediyin,
Daşın altındakı naxışa heyif...
Yenə güvə tutub taxta qapılar,
Gözlər yuxulusa, baxışa heyif...
Kimsə sənə görə özünü asıb,
Tez ol, qapını aç, gir, adam ölür.
Hər kətil üstündə yüz ayaq yeri,
Hər dar ağacında bir adam ölür...
Korun əsasını əlindən alma,
Gecə zülmət boyda, səhər böyükdü.
Çox kiçik adamdım kənddə-kəsəkdə,
İndi də kiçiyəm... şəhər böyükdü.
***
Gecə paltarında nə gözəldi Ay...
Ayın böyründəki, çək dəli, mənəm.
Hərdən düşünürəm: hamı dəlidi...
Sonra da görürəm, tək dəli mənəm.
Bir yerdə çəkdirdik bu qara şəkli,
Çətin yaddan çıxa pirdəki günah...
Qapıda dayanan toy maşınında
tərəzi daşı var, bir də ki, günah.
Adam aparırlar edam yerinə...
...Dünən ac quşlara dən verməmişəm.
Sən niyə bu canı sədəqə sandın?
Onu Allah verib, mən verməmişəm.
***
Qarşıda qaya var, külüngü atma,
Hicran hardan gəlir, bilən olmur ki.
Mən araq içmirəm, sərxoş sanırlar,
Üstümdən bu adı silən olmur ki.
Qonşuda hay-küy var, divar titrəyir,
Elə bil kiminsə dəvəsi ölüb.
Tətiyə dirənib titrək barmaqlar,
Tüfəngin açılmaq həvəsi ölüb.
Hər qızın üstündə bir Leyli haqqı,
Mən Məcnun bilmişəm, dədə, özümü.
Mən ya dərviş olum, ya eşq dəlisi,
Nə səni aldadım, nə də özümü.
Qayıt, gözlərimin hirsi soyusun,
Bura hansı yoldan keçirsən, bilək.
Mən də yaxındayam, şeytan da, buyur,
İndi hansımızı seçirsən? - bilək...
***
Mən dava adamı deyiləm, əsla,
Həyat gözlərimi kində çürüdür.
Kimsə ağı deyir elçi daşında,
O yazıq özünü tində çürüdür.
Bir dərin quyudu zavallı ürək,
Eşq canı yüz yerə qatlayar, vallah.
Hər dalğa qoynunda bir gəmi olsa,
Dəniz qısqanclıqdan çatlayar, vallah.
Köhnə dəyirmandı bu dam da, sanki,
Haqqın qapısında növbədi, adam.
Allahla aramda çəpər var hələ,
Bir-iki dualıq tövbədi adam...
***
Haram kif bağlamış boz daş kimidi,
Qələm günah çəkir kağıza indi.
Mənə daş atırlar ta, söz atanlar,
Mən də söz atıram ağıza indi...
Sənə də, mənə də daş atan bilmir
daşdan ya büt olur, ya qəbir daşı.
...Bu qız Tanrıya yox, şeytana çəkib,
Onu daşa döndər, a qəbir daşı!
Hər ölən adamın Əzrayıl xofu,
Hər uçan komanın daşı görünür...
Kimsə çıraq tutur kölgəm yazığa,
O da gözlərimə naşı görünür.
...Adamı adamdan quru çıxardıb,
Əcəlin altına yaş oturdurlar...
...Eh, nədən həmişə ölən adamın
Canının üstünə daş oturdurlar?!
Biz namaz qılırıq, günaha çıxır,
Nədən güvə tutmur dişimiz, Allah?
Bu qədər doğmaykən, bu qədər yadıq,
Bəlkə daş olmaqdı işimiz, Allah?!
***
Çox dedin, üç alma düşəcək göydən,
Başımı aldatdın nağılla, şeytan.
Sən məni nə üçün yoldan elədin;
Hansı ümid ilə, ağılla, şeytan?!
İndi nə Tanrı var içimdə, nə sən,
Özüm özüm ilə cəngə qalxmışam.
Ömrün bu yaşında gözdə yuxu yox,
Qəfil səndən gələn zəngə qalxmışam.
Sən belə əclafsan, sən belə alçaq,
Məndən götürdüyün imanı qaytar.
Gör, neçə gəmiyə qəm yükləmisən,
Mənə həsrət qalan limanı qaytar.
Allaha baxmağım zinadı, yoxsa?
Üzümün üstünə taxmağa üz yox.
Bəlkə Allah desəm, rəhm edər, bəlkə...
Məndə də yuxarı baxmağa üz yox.
Çoxdandı üstümə it hürür elə,
Məni it gününə salırlar, Allah.
...Bir dama sığmışdı Hikmət min ildi,
Onu da əlimdən alırlar, Allah.
***
Getdin, salamat get, o yol, o da sən,
Sanma deyəcəm ki, salamat qayıt...
Daha unutmusan məktub yazmağı,
Hərdən poçt qutuma salam at, qayıt.
Çoxdan pas bağlayıb poçt qutuları,
Hər məktub bir qəlbin başdaşıdı, eh...
Ürək vermədiyin bu adam o vaxt
Qapında o qədər daş daşıdı... eh.
Mən daha əvvəlki adam deyiləm,
Çox məni özünə palan elədin.
Gözümün üstündə yer verdim, qəfil
girdin, eşq bağımı talan elədin.
Bir ömür xərclədim bir sevda üçün,
Gördüm nə ürək var, nə də ki, sevgi.
Artıb gözlərimin acı əzabı,
Allah, gözlərimə zədə ki, sevgi...
Mən ta unudacam məktub yazmağı,
Balama deyəcəm, su şeiri oxu...
Tək bir xahişim var, nə vaxt darıxsan,
Götür telefonu, bu şeiri oxu.
***
Xalq şairi Ramiz Rövşənə
həsr edirəm
Həyat gec oxunan roman kimidi,
Hamı yorğun düşür oxucu kimi.
Hərə o romanın bir obrazıdı,
Ölüm ip əyirir, toxucu kimi.
Bir gün öləcəyik... bu qəmi boş ver,
Sən də bir məzarsan, mən də, gəl, vuraq.
Onsuz da, son anda tabut oluruq,
Ey mənə oxşayan bəndə, gəl, vuraq.
Sən qəliz romansan, oxucun çoxdu,
Bəlkə də həyatın yüz səhifədi...
Səni də titrədir ölmək qorxusu, -
Ölüm hər kitabda üz səhifədi.
Arxamca yük kimi dartdığım ömür
bəlkə əppək dolu tabaqdı, bilim.
Ən böyük romançı Allahdı, sənsən?
Hansınız mənimçün qabaqdı, bilim...
Gəmim sahildədi, sahil təlaşda,
Göyün də dənizə imanı yoxdu.
İndi deyəcəklər, söz oynadırdı...
Bu boyda şairin limanı yoxdu.
Gəl, bir az dərdləşək, zər tuta-tuta,
Arada hirslənək, arada susaq.
Həyat bir romandı - ağ-qara roman,
Ağda nərd oynayaq, qarada susaq...
***
Nədən, gözlərinin içində yenə
edam kötüyütək çatdayıb bu eşq?
Məni Leyli kimi sevmə, qadası,
Gör, neçə adamı qatdayıb bu eşq.
O, elə sevda ki, məzəmməti çox...
Kim fürsət tapdı ki, dadını bilsin?!
Onun tənəsində üşüyən adam
çətin ki, bu halda adını bilsin.
Eşq Allah xofudu, buna əmin ol,
Ömrü sevgi ilə başlayır hamı...
Mən nə vaxt demişəm, İsa Məsihəm?
Məni, bax, bu üzdən daşlayır hamı.
***
Özümə həsr edirəm
İki divanə tap, ləl uzadası...
Dünya səhv toxunmuş gəbədi, şair.
Bir sağ pəri qalıb əl uzadası,
Onun da gümanı həbədi, şair.
Sevda bağımıza at salıb kimsə,
Təlaşdan kəfənə qat salıb kimsə,
Edam kötüyünə çat salıb kimsə,
Çarmıx sənin üçün Kəbədi, şair.
Götür, qonşu qıza yaz: ...an da yoxdur,
O qızı bəxtinə yazan da yoxdur.
Şam yox, pərvanə yox, azan da yoxdur,
Çıxart xəyalından məbədi, şair.
Yönün bilmədiyin saraya girmə,
Sən ağ doğulmusan, qaraya girmə.
Əgər mağmınsansa, araya girmə,
Söz burda bir-iki təbədi, şair.
Həyat çoxu üçün zər daxmasıdı,
Hər ürək bir qızçün ər daxmasıdı...
Dünya günah dolu şər daxmasıdı,
Burda nə qalır ki, əbədi, şair?..
***
Aşiq dəli olar, divanə olar...
Sevgi günah deyil dində ki, qadın.
Bir köç adamıdı qapımı döyən,
Soruş, nə istəyir tindəki qadın.
Nə dinlə aram var, nə təsbeh ilə,
Elə hey üstümə ələm gətirdin...
Səndən bu tifilə eşq umacaqdım,
Kağız əvəzinə qələm gətirdin.
Qonşunun uşağı acından ölür;
Torpağa gec atıb dəni, bağışla.
Keşkə ərkim çata, Allaha deyəm: -
Mən hələ avamam, məni bağışla!
Eh, özgə kimdi ki, dərd anladırsan,
Adını köksümə dələcəm, gözlə.
Edam kötüyündə quş yuva qurub,
Cəllad rəhm eləsə, gələcəm, gözlə.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!