Mən haqqın
yazan əliyəm...
Mən Tanrının müjdəçisi,
Haqqın çarpan ürəyiyəm.
İnsanlığın qibləgahı,
Bəşəriyyət gərəyiyəm.
Sözlə yoğrulub varlığım,
Zatımdadır yar-karlığım,
Özümdə öz güzarlığım...
Zamanda zaman dəmiyəm.
Abi-həyat cismimdədir,
"Lövhü-məhfuz" ismimdədir,
Adəm mənim qismimdədir...
Saf könüllər diləyiyəm.
Mən gəlmədim, göndərdilər,
Göydən yerə endirdilər,
Nə dedi onlar dedilər...
Mən onların mələyiyəm.
Yüküm yüklərdən ağırdır,
Dilim deməkdən yağırdır.
Qəlbim fağırdan fağırdır...
Haqqla nahaqq ələyiyəm.
Sorumluyam hər sorğuya,
Həm əyriyə, həm doğruya,
Haqqdan gələn hər ağrıya
Dözən dəlidən dəliyəm.
Qalanmışam oddan oda,
Yaşayıram yaddan yada,
Haqq üçün olmuşam fəda...
Mən Haqqın yazan əliyəm.
Yol göstərən yolçum oldu,
Mən elçiyə elçim oldu,
Hər vəhyi bir ölçüm oldu...
Onunçün haqq ələmiyəm.
Yaza-yaza ozan oldum,
Haqq sirrini yozan oldum,
Şərdən şəri pozan oldum.
İndi pirlər qələmiyəm...
İtdi həqiqətin
həqiqət anı...
Yenə cin atına minibdi dünya,
Yüyəni İblisin yedəyindədir.
Yenə qan püskürür başsız başçılar,
Bilmirsən, kim haqlı, kim divanədir.
Gözlər od saçanda itir ağıllar,
Beyinlər, ürəklər qəzəbə dustaq.
Dünya şairləri, söz adamları,
Dağılar dünyamız biganə qalsaq.
Dünya yaranmayıb topla, tüfənglə,
Dünyanı yaradan söz olub ancaq.
Sözün qüdrətindən, sözün gücündən
İblis də, şeytan da düşübdü qaçaq.
Bu dünya fəlakət burulğanına
O zaman düşdü ki, söz güllələndi.
Söz öldüyü gündən çaşdı ağıllar,
Dünya qana düşdü, qana bələndi.
İtdi həqiqətin həqiqət anı,
Dünyada top, tüfəng hakimi-mütləq.
Çaşan ağılları, coşan qanları
Kimlər yedəkləyib, kim oturdacaq?!
Sonu görünmür heç bu qan-qadanın,
Dəyişib yerini haqq ilə nahaqq.
Dünyaya düzəni gətirən ancaq
Şairlər olacaq, Tanrı olacaq...
Şükür dərgahına,
şükür, ay Allah
Şükür dərgahına, şükür, ay Allah,
Bu gecəm də keçdi ağrı-acısız.
Bu gün də səhəri açdım gülərüz,
Bu gün də Günəşi gördüm qayğısız.
Kaş, hər günüm belə xoş açılardı,
Görəydim dünyanın üzündə gülüş.
Böləydim hamıya sevgi payımdan,
Hamının bəxtinə düşəydi görüş
Pis-yaxşı bu ömür qismətimizdi,
Sevgiylə yaşamaq - başqa bir aləm.
Yaşayaq, güvənək, edək etibar...
Üzməsin ömrü, qoy nifrət, kədər, qəm,
Dünyaya gəlsək də sevgi oduyla,
Heyif ki, köçürük ağrı-acıyla.
Ancaq ən sağalmaz dərdi insanlıq
Sağaldıb eşq adlı bir ilacıyla.
Hər addım, hər nəfəs, hər gülüş səsi
İnsançün xoşbəxtlik möcüzəsidir.
Vaxtında qədrini bilmədik deyə
Bu dünya bizimçün qəm nəşəsidir.
Verdiyin bu ömrə, gününə şükür,
Onsuz da, bu dünya gəldi-gedərdi.
Nə qədər karvanlar köçsə də, dünya
Elə yaranışdan təzəcə-tərdir.
Bizi aldadsa da çox təzə-tərlər,
İnamla yaşadıq üzü sabaha.
Bir ömür içində neçə min kərə
Gah şeytana uyduq, gah da Allaha.
Yaşadıq, yaşatdıq dövrü, zamanı,
Hərə öz çiyninə düşən yük ilə.
Ümidlər, arzular qağayılar tək
Dalğalar qoynunda çırpınır hələ...
İnsan - kainat
İllərin qələmdaş dostum, ədəbiyyatşünas alim, tənqidçi Əbülfəz Əzimliyə
Bu gün mən soruşdum özüm-özümdən:
- Sənin yaşın çoxdur, ya kainatın?
Cavab çox çəkmədi, çox yubanmadı:
- Səndədir hər sirri küllü həyatın.
Sən də kainatsan, kainat da sən,
Sənin də ulduzlu aylı gecən var.
Dərin ümmanların, azman çayların,
Sonsuz asimanlı kəhkəşanın var.
Kainat lal-dinməz sükut içində,
Sənin söz dünyan var, sənin qələmin,
Kainat yaranıb bəlli biçimdə,
Səninsə öz dünyan, min bir aləmin...
Şairin söz yükü, sirdaş qələmi,
Kainat sirrindən alıb gücünü.
O sirrdir yaşadan sirli aləmi,
O sirrdir dəyişən hər an, hər günü.
Keçir sirr içində ömür günümüz,
Bilmirik bu andan sonrakı anı.
Nə qədər düşünüb, daşınsaq da biz,
Yola verəmmirik çox imtahanı.
Bir şair vaxtında, yerində demiş:
"Qəzavü-qədər var... qaçılan deyil.
İnsan öz sirrini açmayınca bil,
Kainatın sirri açılan deyil".
Hələ yol gəlirəm...
Mənə şeir yazmaq Tanrıdan gəlib,
Onunçün şerimdə Tanrı odu var.
Hər sözün başında, sözün sonunda
Adların gözəli Tanrı adı var.
Mən də yaranmışam ələmlə qoşa,
Ələmə çarəyçün gəlibdi qələm.
Qələmdən nur alıb küllü-kainat -
Kainat içində hər canlı aləm.
Yaradan Tanrıdır - yaranmışları
Mənə tapşırıb ki, sözə gətirəm.
Yerin, Göyün sirrin, sevincin, qəmin
Nəsildən-nəslə alıb ötürəm.
Onunçün qələmim Haqq nişanlıdır.
Ağa ağ deyibdi, qaraya qara.
Bir ömür yaşayıb başı dumanlı,
Nə şöhrətə varıb, nə də ki vara.
Bilib ki, hər nə var gəlib gedəndir,
Tək onun yazdığı pozuya gəlməz.
Qələmlə çalınan sözün zəfəri
Əbədi yaşardır, əbədi-ölməz.
Mənim ölməzliyim dönməzliyimdir,
Nə qədər keçilməz yollar var hələ.
Mən özüm seçmişəm Tanrının yolun
Bu yolun əzabın hey bilə-bilə...
Nə günüm gün olub, nə gecəm gecə,
Yanmışam ilahi eşqin odunda.
Açılıb dan üzü alatoranlı,
Yuxum ərşə qaçıb quş qanadında.
"Söz yükü - duz yükü" - deyib babalar,
Sözün duz yükünü bilənlər bilər.
Min daş-qaş içindən, min ləl içindən
Yüz ildə bir dəfə tapılar gövhər.
Mən gövhər yaratdım söz biçimində,
Duzu Tanrıdandı, mənası Haqdan.
Bir yol başlamışam bəzmi-əzəldən,
Hələ yol gəlirəm gör bir nə vaxtdan...
Ovqat təəssüratı...
Xəyallar, arzular sonsuz kainat,
İmkanım iynənin ucu boydadır.
Röyalar içində keçir ömür-gün -
Bir əlim Günəşdə, biri Aydadır.
Ümidlə açıram hər gün səhəri,
Hər doğan Günəşdə bir arzu, dilək.
Oxşayır ruhumu bir səhər mehi,
Bir də ki dağlardan əsilən külək.
Bu da bir ömürdü Tanrı payından
Bu paydan pay düşüb çox ömürlərə.
Yaşın axarından çox sirlər keçib...
Çox sirlər də qalıb ahıl günlərə.
Bir anlıq həvəsdi, bir anlıq səsdi
Bu yaşın ahəngi, bu yaşın rəngi.
İndi ömrüm-günüm soyuq nəfəsdi
Bir daha parlatmaz qızıl üzəngi.
İnsan təbiətin qan qardaşıdır,
Çox zaman bölüşür düşüncələrin.
Bəzən də həddini aşanda insan
Təbiət göstərir ona öz yerin.
Mən də təbiətin bir parçasıyam,
Odlu şimşəklərim, ildırımlarım...
Yazımda yazlığım, qışda qışlığım,
Dağımda dumanım, şaxta, qarlarım...
Çox az şeylər qalıb indi yadımda,
Zaman çox şeyləri alıb apardı.
Mənim gündoğandan gün batanadək
Qılınc, at oynadan günlərim vardı
İndi təbiəttək ahıllaşmışam,
Quruyub bulağım, çağlamır çayım.
Dəniztək bir udum yağışa həsrət,
Meşətək lal-dinməz, yox hay-harayım.
Əllərim qalıbdı gözümün üstə,
Gələn qaraltını seçməyim çətin.
Nəvələr oynayır dizimin üstə,
Bir də arazları keçməyim çətin.
Bəlkələr, gümanlar pərən-pərəndi,
İlgəyi açılmış təsbehlər kimi.
Mənə dost-tanışlar köçüb gediblər,
İndi dərd bölməyə axtarım kimi?..
Dəyəri dəyərə mindirir zaman,
Dəyərsiz ömür-gün izafi yükmüş.
Vaxtında gəlsək də bu dünyaya biz,
Vaxtında getməksə, daha böyükmüş...
Vəsiyyət
Mən öləndə yasımda
şəklimi assanız,
çərçivəsiz asın.
Çünki bütün ömrümü
çərçivə içində yaşamışam.
Çərçivə içində yaşaya-yaşaya
bilməmişəm azadlığın
nə dadını, tamını.
Heç ağlıma da gətirməmişəm
azadlığın şairlərə verdiyi ilhamını.
Bununçün də, siz allah,
şəklimi çərçivəsiz asın,
Qoyun heç olmazsa, şəklim
üçcə gün
dadını duysun azadlığın,
üçcə gün azad yaşasın!..
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!