Sonet çələngi
Uzaq xatirələr közərir yenə,
İsinir ömrümün torpağı, daşı.
Nə yaman uzaqsan, ay uşaqlığım,
Götür bu ömrümü bir misra daşı.
Diksinir astaca ayaq səsimdən,
Cığır ləpir-ləpir açır gözünü.
Bulaqlar yüz ilin həsrətlisitək
Ələyir ovcuma ürək sözünü.
Yaddaş çəhlimidi bu dağ, bu dərə,
Söykənə-söykənə xatirələrə.
Sinəmdə uşaq tək yeriyir ağrı.
Bir ovuc payızam, bir ovuc qışam,
Ömrün kövşənində azıb qalmışam.
Tərpənir içimdə bir dağ cığırı.
***
Tərpənir içimdə bir dağ cığırı,
Ətri üzə vurur xatirələrin.
Bəyaz saçlarımın işığı altda,
Tozunu çırpıram ötən illərin.
Ömrümün əlçatmaz güneylərindən
Yamyaşıl təbəssüm qonur sözümə.
Hər bahar qaranquş qanadlarında,
Məktub yollayıram özüm-özümə.
Elə bil qürbətdən dönüb xəyalım,
Gəl, harda qalmısan, uşaq əhvalım? -
Gəl, ötək keçmişin uzaqlığından.
And olsun saçları yaşıl çəmənə,
Bir kəndçi uşağı əl edir mənə.
Ömrün süd qoxulu uzaqlığından.
Ömrün süd qoxulu uzaqlığından,
Xatirə çayları hönkürüb axır.
Taleyin ot basmış binələrindən
Bir səs qərib-qərib üzümə baxır.
Yamanca qarışıb yolların alnı,
Suallar bürüyüb dağı, dərəni.
Uşaq yaddaşımın əlindən tutub
Yamyaşıl bir sual aşır bərəni.
Külək göy çəmənin darayır saçın,
Sürüşüb alnından yaşıl yamacın.
Yetim uşaq kimi çəhlim çığırır.
Könül, bu harayın başına dolan,
Bəyaz saçlarımdan o tayda qalan.
Bir kəndçi uşağı məni çağırır.
***
Bir kəndçi uşağı məni çağırır,
Diksinir saçımın bəyaz işığı.
Hələ də qar basmış dağ yollarında
Ömrüm diyirlənir üzü aşağı.
Yüyürür yazdığım misralar boyu
Bir kənd uşağının kövrək nəvəsi.
Hər gecə boylanır yuxularımdan
Saçları ağarmış bir layla səsi.
O uşaq dünyanı tamam unudub,
Xiffətdən misralar sarısın udub.
Çox yollar adladı qarda, sazaqda,
Çətin gözlərini yaxamdan çəkə.
Yaza bilmədiyim misradı bəlkə,
Üşüyə-üşüyə baxır uzaqdan.
***
Üşüyə-üşüyə baxır uzaqdan,
Gözü doluxsunmuş bir dağ çəhlimi.
Ağzına su almış ocaq yerləri
Bir qara kösövlə sıxır əlimi.
Kaş yenə itirib qoyun-quzunu,
Bir kövrək xatirə isindirəydim.
Bir daş diyirlədib dərə uzunu
Dumanı, çiskini diksindirəydi.
Yamyaşıl nəğmələr çoxdan talanıb,
Bu ömrün suları elə bulanıb,
Uşaqlıq qoxumur ta göz yaşları.
Paslı kərəntinin ağzı kimidir,
Alnıma yazılmış yazı kimidir.
Üz-gözü mamırlı ocaq daşları.
***
Üz-gözü mamırlı ocaq daşları,
Bir yarpaq uşaqlıq hənirtisidir.
Gözləri tor görən ocaq yerinin,
Soyuq nəfəsi də ürək isidir.
Burda uşaqlığım bir itmiş əlik,
Saldığı cığırlar yetimdi indi.
Çəmən otlarına ilişib qalan
O yaşıl ilməli günlər mənimdi.
Allah, bu misramın dəymə könlünə,
Batırıb qələmi ocaq külünə.
Mələklər alnımı yenə yazırlar.
Xəyalım yüyürür dağlara sarı,
Yuxusu qarışmış kənd cığırları.
Mənim yaddaşımı daşa basırlar.
***
Mənim yaddaşımı daşa basırlar,
Qantəpər, cincilim, quzuqulağı.
Sükut yamacları elə isladıb,
Tutulub çəhlimin gözü, qulağı.
Uşaqlıq ömrümün gədiklərindən,
Keçir qoşa-qoşa körpə əliklər.
Bələnib baharın təbəssümünə,
Astaca qımışır göy əvəliklər.
Sükutun könlünü alın, dindirin,
Günəşi bir əlçim yerə endirin.
Üşüyür bir kəndin oyuncaqları.
Xəyal çəhlimləri haray qoparır,
Hələ yaddaşımda quzu otarır,
O, dəcəl, dəlisov kənd uşaqları.
***
O, dəcəl, dəlisov kənd uşaqları,
Çapır yaddaşımda qarğı atını.
Hələ də yamacda sərin çeşmələr
Saxlayıb ömrümün uşaq dadını.
O kəndi-kəsəyi tərk eləyəndə,
Dağların əlini öpüb çıxmışam.
Uşaq harayımı, uşaq səsimi
Yaşıl yamaclara səpib çıxmışam.
Dağlar ucalığın uca sözüdü,
Daşlar çiçəklərin körpə üzüdü.
Hər gün pıçıldadım mən bu tilsimi.
Yaddaş cığırları enir bulağa,
Geniş üfüqləri salamlamağa.
Ömrün dan yerinə atdım səsimi.
***
Ömrün dan yerinə atdım səsimi,
İllər çiliklənib yerə töküldü.
Durub əl elədim xatirələrə,
Varağın üzündə bir misra güldü.
Bir layla qoxusu dəydi burnuma,
Uzanan əllərim havada qaldı.
Kəndim, sənə sarı gələ bilmədim,
Yolum Qarabağda davada qaldı.
Hər otu, çiçəyi qədim sirr imiş,
Xırda çınqılı da ocaq, pir imiş.
Mən ocaq başında aldım dərsimi.
Kimsə yox bu ömrü isindirməyə,
Yollar göz yaşımı sevindirməyə.
Yığıb ətəyinə addım səsimi.
***
Yığıb ətəyinə addım səsimi
Görən hardan gəlir dağ cığırları?!
Bu bəyaz saçlını tanıyacaqmı
Ömrün süd qoxulu şirin çağları?
Əlləri qoynunda o ocaq yeri,
Görəsən dərdini kimə danışır?!
Əlli il uzaqda bir uşaq durub, -
Ağarmış saçında fələk qımışır.
Xətrinə kim dəyib yaşıl meşənin?
İndicə gördüm ki, böyük kövşənin
Həsrətdən üz-gözü qançırdı, qançır.
Ruhum yaşıllaşıb yurd həvəsindən,
Çiçəyi çırtlayıb addım səsindən.
Cığırlar muştuluq almağa qaçır.
***
Cığırlar muştuluq almağa qaçır,
Külək bir xəbərin əlindən tutub.
Yenə gülümsəyir ocaq yerləri,
Həsrət bu xəbərdən sarısın udub.
Salam, a kənd yolu, gözlərini aç,
Saqqalı ağarmış bir uşaq gəlib.
Qəlbində təzə-tər arzularıyla,
Sükür, sənin salamına üzüağ gəlib.
Sürtdüm üz-gözünə acı hicranı,
Tanıya bilmədim gicitkanı,-
Kimdən öyrənib bu şirin dilləri?!
Bir möhlət istədim alın yazımdan,
Pozdum fəsilləri yaş kağızımdan.
Toz kimi əynimdən çırpdım illəri.
***
Toz kimi əynimdən çırpdım illəri,
Yaddaşım bir yarpaq üşüdü, keçdi.
Yamacda yüyürən bir dağ cığırı,
Sinəmin altında tövşüdü, keçdi.
Əyilib çeşmənin gözündən öpdüm,
Könlü qubarlandı xatirələrin.
Mənim əllərimin taqəti yoxdu,
Dur, sil göz yaşını bu sətirlərin.
Bir uşaq içimdən kövrəlib baxır,
Bağrımın başında ildırım çaxır,
Basıbdı ömrümü həsrət selləri.
Öpüb göz üstünə qoydum xətrini,
Səpdi saçlarıma layla ətrini.
Anamın nağıla dönmüş əlləri.
***
Anamın nağıla dönmüş əlləri,
Hər gecə oxşayır yuxularımı.
Hələ yadımdadır bir lal çəhlimin,
Alnında basdırdım qorxularımı.
Həsrəti üzündə yol gedən cığır,
Necəsən, ömrümün köhnə tanışı?
Yaxın gəl səninlə birgə dinləyim, -
Mamırlı daşlarda sükut danışır.
Ətəyi kəsilib ətəklərin də,
Uşaq harayımın ətəklərində.
Ehtiyac hələ də dişini qıcır.
Bax, gülür gözləri ta yaddaşın da,
Kövrək duyğularım bulaq başında
Xatirələr dolu bir süfrə açır.
***
Xatirələr dolu bir süfrə açır,
Gözü misra-misra doluxsunan yurd.
Yamacda kişnəyir tənha bir cığır,
Gecə yuxusunda qurd ulayıb, qurd.
Əlli il yol gələn xınalı səbrim,
Soruş bulaqların necədir halı.
Ağrılar köksünü elə yandırıb,
Hələ də qaradır lalənin xalı.
Yaddaş çöllərində nələr var, nələr,
Açıb yaxasını dağlar, dərələr,
Ruhum bulaq-bulaq söz dərir yenə.
Gəl, uyu ömrümün qucaq yerində,
Gözləri qaralmış ocaq yerində
Uzaq xatirələr közərir yenə.
***
Uzaq xatirələr közərir yenə,
Tərpənir içimdə bir dağ cığırı.
Ömrün süd qoxulu uzaqlığından
Bir kəndçi uşağı məni çağırır.
Üşüyə-üşüyə baxır uzaqdan
Üz-gözü mamırlı ocaq daşları.
Mənim yaddaşımı daşa basırlar,
O, dəcəl, dəlisov kənd uşaqları.
Ömrün dan yerinə atdım səsimi,
Yığıb ətəyinə addım səsimi,
Cığırlar muştuluq almağa qaçır.
Toz kimi əynimdən cırpdı illəri,
Anamın nağıla dönmüş əlləri.
Xatirələr dolu bir süfrə açır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!