Səni görüb cannan olan...
Səni görüb cannan olan
tapsa, səndə canı tapar.
Yerişindən, duruşundan
ədəbi, ərkanı tapar.
İstər min dərd, bəla gətir,
Qail olar sənə xətir.
Ötər səni sətir-sətir,
dərdinə dərmanı tapar.
Olmayıbdı, hətta qurban
bu ləzzətdə, dadda qurban.
Mən boyda, mən adda qurban
sən adda ünvanı tapar.
Baxan səmtə, yönə baxar,
baxar, dönə-dönə baxar.
Kafər belə sənə baxar,
səndə Yaradanı tapar...
Dərdimə şükür, İlahi...
Dünya yaman sıxır məni,
Çəkirəm fikir, İlahi...
Yıxanlarmı yıxır məni,
Yer-göymü çökür, İlahi?..
Bu tində, küncdə nə qədər,
Dözüm bu gücdə, nə qədər?
Ehtiyac səcdənə qədər
belimi bükür, İlahi...
Hərə bir adnan çıxarır,
Çörəyi oddan çıxarır.
Yoxluğun yaddan çıxarır,
Varlığın çəkir, İlahi...
Gün varmı, bu gündən betər,
Bu dumandan, çəndən betər?
Dərdli gördüm, məndən betər,
Dərdimə şükür, İlahi...
Heç bilmədik nə var göydə,
Ahlar qalxıb susar göydə.
Ya durmağı bacar, göydə,
Ya da ki, çəkil, İlahi...
Şansını bir də sına
Bir gün aşiq olasan
nur üzlü bir qadına.
Üç-beş aya bir kitab
bağlayasan adına.
Necə gözəl sevirsən,
sevilirsən, sanalar.
Ona hər gün yazdığın
şeiri qısqanalar.
Asılasan özündən,
özünə dar olasan.
Dilə-dişə düşəsən,
aləmə car olasan.
Yaşına irad tuta,
saçda dəni sevməyə.
Üzünə xoş baxmaya,
bir gün səni sevməyə.
Nə vaxt dinsən, hədd qoya,
araya sərhəd çəkə.
Sənə çəkdirsə, nə var,
özü də həsrət çəkə.
Ölümünə gün qala,
el gəlməmiş yasına
Ondan bir mesaj gələ:
"Şansını bir də sına..."
Yolu ürəyimin
üstdə gedirəm
Odur ən güclüsü dayaqlarımın,
Yolu ürəyimin üstdə gedirəm.
Xəbəri varmıdır ayaqlarımın
yolu ürəyimin üstdə gedirəm?
Göylərə şöhrətin başı tez dəyir,
Yanağa gözlərin yaşı tez dəyir.
Tikanı tez batır, daşı tez dəyir,
Yolu ürəyimin üstdə gedirəm.
Bu adam bir ömür barışda, deyin,
Haqq üçün savaşda, yarışda, deyin.
Qorxub-eləməsin qarışqa, deyin,
Yolu ürəyimin üstdə gedirəm.
Yerin qulağı var, eşidə bilir,
Beş gözəl sevmişəm, beşi də bilir.
Meşədə qurdu da, quşu da bilir
Yolu ürəyimin üstdə gedirəm.
Ömür bitəbitdə, gün batabatda,
Can hansı qatdadı, ruh hansı qatda...
Başqa yol qalmayıb Allahın altda,
Yolu ürəyimin üstdə gedirəm...
Başımda
Qalmasa da o dağların havası,
Qalır, ancaq qarı mənim başımda.
Gözlərində ağ çiçəkmi saçlarım,
Nə fırlanır arı mənim başımda?..
Ömür deyil, bu elə bir səfər ki,
Səfər boyu bitməyəcək bu şərqi.
Varı kimin, pulu kimin, nə fərqi,
İpi mənim, darı mənim başımda.
Darıxmışam, nə zaman ki kəm olub,
Məni elə mən eləyən qəm olub.
Kimlər kimin ətrafında cəm olub,
Lalı mənim, karı mənim başımda...
Adamların ölümü var, qeybi yox,
Bundan belə yaşamağın keyfi yox.
Oyunun var, oyna, qardaş, eybi yox,
Yarıyırsan, yarı mənim başımda...
Bürküsündə sıxıla kim, sıxa kim,
Sazağında yelçəkən kim, yuxa kim...
Kim qaldı ki, yenə qalxa, çıxa, kim,
Yermi qoydu Tanrı mənim başımda?..
Göz yaşlarım kimiydin...
Nədən Tanrıdan gələn
buta bilmədim səni?
Saydım bir dadlı bəla,
xəta, bilmədim səni...
Bu nə bəxtdi, qədərdi,
Nə becərdim, nə dərdim?!.
Vəsf eləyib döndərdim
bütə, bilmədim səni...
Səhvəm bilirdim nədə,
Öldüm, dirildim nədə...
Nə qala bildim, nə də
ötə bilmədim səni...
Bircəmdin, təkimiydin,
Qəlbimə hakimiydin.
Göz yaşlarım kimiydin,
Tuta bilmədim səni...
Adam ki var...
Əvvəl haqmış, sonra haqmış, son haqmış,
Yalan dedik, kələk dedik adına.
Günü, ayı imtahanmış, sınaqmış,
Xəlbir dedik, ələk dedik adına...
Seçən kimmiş, canım, kimmiş seçilən,
Topuqlara dəyən daşmış keçilən.
Doğulandan əynimizə biçilən
kəfən imiş, bələk dedik adına...
Sevgisi də elə bir cür həvəsdi,
Bilinmədi nə mövsümü, nə fəsli.
Sevdiyimiz ya Leyliydi, ya Əsli,
Huri dedik, Mələk dedik adına...
Adam ki var, bir quruca bədənmiş,
Torpaq belə göyərtmədi, nə dənmiş...
Güldürəndə Tanrı dedik, nədənmiş,
öldürəndə fələk dedik adına?
Daha nə fərqi var...
Qoşulub beləcə günün boşuna,
nə əldən-ayaqdan, haldan düşəsən...
Nə də qaxınc ola ömür başına
yaşayıb abırdan, ardan düşəsən...
Dünyada bəxtmi var, qara gəlməyən,
Tuş olub borana, qara, gəlməyən?..
Lap elə bir arzun kara gəlməyə,
Düşəsən, lap elə kardan düşəsən...
Nolar, sıxılasan, sıxılanda da,
Sıradan çıxasan, çıxılanda da.
Deyirəm, kaş elə yıxılanda da
çətindən yıxılıb, dardan düşəsən.
Özünlə davan da özündən düşə,
Yanğın da odundan, közündən düşə.
Ay özü-özünün gözündən düşən,
Daha nə fərqi var, hardan düşəsən?..
Gəlmir
Bir yaşlı həmkəndlimin mənə
ünvanladığı məktubundan təsirləndim...
Qalmayıb əvvəlki səsi-sorağı,
Ha qalxır, qırılır yarıda, gəlmir.
Hanı o əvvəlki bağçası, bağı,
Əvvəlki bəhəri, barı da gəlmir.
Yolçusuz bu yollar, yolaqlar batır,
Kəhrizlər quruyur, bulaqlar batır.
Sükut haray təpir, qulaqlar batır,
Eşitmir bu səsi, karı da, gəlmir.
Yerin gözəliydi, yerin göyçəyi,
Nə günə salmışıq görün, göyçəyi...
Şirədənmi düşüb gülü-çiçəyi,
Üstünə qonmağa arı da gəlmir?!
Dərədə quzusu, qurdu "yollaşıb",
Yamac keçəlləşib, zirvə çallaşıb.
Çəni yol itirib, dumanı çaşıb,
Nə vaxtdı, bu dağa sarı da gəlmir.
Çoxalıb tikanı, artıb qanqalı,
Çatan yox bir dikdə qoşa tonqalı.
Kimə baxırsansa, yarıcan qalıb,
Yarını gəzirlər, yarı da gəlmir...
Kimə dərdimizi açaq bu kənddən,
Baş alıb hayana qaçaq bu kənddən?
Ölüm də qaçaqdı, qaçaq, bu kənddən,
Arada gəlirdi... Arada gəlmir...
Mən adda biri var
daş tərəzidi...
Kim deyir, tək elə fikir çəkənəm,
Çəkir də gözümə gözüm şəklini.
Mən, həm də çox gözəl şəkil çəkənəm,
Çox gözəl çəkirəm sözün şəklini...
Gündüz gülər görüb surətimi də,
Aldanma, nə çəksəm, gecə çəkirəm.
İllərdi mən sənin həsrətini də
gülüm, bilirsən ki, necə çəkirəm...
Canımın bir gizli sirri yox artıq,
Vicdan dedikləri baş tərəzidi.
Dünyada mən adda biri yox artıq,
Mən adda biri var - daş tərəzidi...
Dərdi də tuturam dilə, çəkirəm,
Kənardan eşidib, duyanı olmur.
Vallah, ağrını da elə çəkirəm
bir qram o yanı, bu yanı olmur...
O necə gedişdi,
bu necə gəliş...
O necə gedişdi, bu necə gəliş,
Gərək elə gedən belə gəlməyə...
Tutub da yükünü dərddən, kədərdən,
çiynində dağ boyda şələ gəlməyə...
Satılıb getsən də, bahadan-baha,
Çevrilib dönsən də, şah oğlu, şaha,
Elə gələsən ki, dalınca daha
bəla arxasınca bəla gəlməyə...
Demirəm, çevrilib qula gələsən,
Gözlərin buludtək dola, gələsən.
Lap, elə əcəlin gələ, gələsən,
Baxasan... Ölümün gələ, gəlməyə...
Olub da belə car qayıtmayasan,
Çuğlaya boran, qar, qayıtmayasan.
Bu qədər tarimar qayıtmayasan,
nəyinsə tapıla, ələ gəlməyə...
Axtarma, nəyini qoymusan kəsir,
Bıçaq saplamağa kürək nə gəzir?..
Məndə o əvvəlki ürək nə gəzir
dilə tutulmağa, yola gəlməyə...
Dərd bilir, qəm bilir məni
Azı özündən az sayır,
kəmi də kəm bilir məni.
Bütövə bütövəm, bəlli,
cəm görüb, cəm bilir məni.
Altmışını ötdüm, dədə,
Günahkaram, haqqam nədə?
Bilməsin, kim bilməsə də,
dərd bilir, qəm bilir məni.
Mən damı, qəbri özünnən,
Hesabı, cəbri özünnən,
Daşlaşmış səbri özünnən
daha möhkəm bilir məni.
Nə qapılar qıfıllanır,
Nə rəqəmlər sıfırlanır...
Dünya başıma fırlanır,
Baxan da dəm bilir məni...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!