Şeirlər - Müzəffər MƏZAHİM

 

Yenə Turana dönüb

 

Turan eşqiylə coşub könlümüz ümmana dönüb,

Bu şərəf-şan yolumuz indi gülüstana dönüb.

 

Uzun illər salınıb ayrı oğuz ellərimiz,

Tarixin zirzəmisi bizlərə zindana dönüb.

 

Güc alıb birliyimizdən törə şadlandı yenə,

O keçən günlərimiz gör neçə dastana dönüb.

 

Bir ocaq çatdı əzəl əcdadımız, şöləsi gur,

Sevgimizdən alıb atəş yeni ərkana dönüb.

 

Ulu türklər eləyiblər binədən Qafqazı yurd, 

Aralıqdan Xəzərə türk üçün ünvana dönüb.

 

Səpilib arzularım Türkün ipək yollarına,

O şərəf tariximiz dop-dolu karvana dönüb.

 

Huna, Göytürkə verib Tanrı öz alqışlarını,

Tanrıqut vəsfi alanlar ulu xaqana dönüb.

 

Ötükəndən Sibirə, Təbrizə, Dərbəndə qədər,

Dolanıbdır məramım Dəclədən Orhana dönüb.

 

Saldılar ayrı, Müzəffər, ulu Türk ellərini,

Birləşib xalq, şükür olsun, yenə Turana dönüb.

 

 

Pəncərəsindən

 

Seyr eylə bu düz aləmi kəm pəncərəsindən,

Şadlıq görünərmi bizə qəm pəncərəsindən?

 

Əvvəldə də ağlatdı bizi, sonda da dünya,

Yağmur tökülür ömrümə nəm pəncərəsindən.

 

Yox qaçmağa yer, gözlə, qəfildən gələcəkdir,

Son mehmanımız həm qapı, həm pəncərəsindən.

 

Vahid görünür hər iki dünya bizə, çünki,

Dünya sığışır gözlərə cəm pəncərəsindən.

 

Onsuz da fələk dərdə gülüb şadlanır, hətta,

Baxmaqdadı bu halıma dəm pəncərəsindən.

 

İstərsən əgər Tanrı, Müzəffər, səni görsün,

Əskik eləmə daima şəm pəncərəsindən.

 

 

Dost

 

Dostu sevgiylə, düz ilqarla salar sahmana dost,

Hər çətin işdə daim olmalıdır yan-yana dost.

 

Dərdini dərdi bilib dərdinə dərman eləyər,

Sən özün olsan əgər dost dediyin insana dost.

 

Dostu dar gündə ola yardıma hər an yürüyər,

Baxmaz əsla nə vara-dövlətə, nə imkana dost.

 

Qayəsi qayğı, məhəbbətdi, sədaqətdi müdam,

Bir kiçik xatirəni döndərəcək dastana dost.

 

Atalar doğru deyib, "Bayram olar dost gəlişi",

Son qoyar öz gəlişiylə hər uzun hicrana dost.

 

Dostların, sən də Müzəffər, əbədi qədrini bil,

Döndərər zərrə qədər yaxşılığı ümmana dost.

 

 

Düşməz

 

Ömrün niyə bəs bircə anı xoş günə düşməz? -

Xoş gün bu gidi dünya üçün düşgünə düşməz.

 

Ərk ilə açıb qəlbini mehman sorağında,

Bəxtin yolu bir gün kasıbın köşkünə düşməz.

 

Hər bir qarışı candan əzizdir ana yurdun,

Əlbəttə, Vətən aşiqi can eşqinə düşməz.

 

Allah da bezardır kasıbın ahu-zarından,

Tək bir duası qəbul üçün boş günə düşməz.

 

Çox etmə ümid sən də, Müzəffər, hələ bəxtə,

Çin arzuların yüzdə biri püşkünə düşməz.

 

 

Sevgisinə

 

Eyləyibdir dəli könlüm səni tac sevgisinə,

Kim verər vəsli üçün ömrünü bac sevgisinə?

 

Bu azardan hələ bir kimsə şəfa gözləməyib,

Hansı haqq aşiqinin olmuş əlac sevgisinə?

 

Qədərin oyunu bizi çəkdi soyuq ağuşuna,

Özü dərman elədi həsrəti ac sevgisinə.

 

Bu işin loğmanıyam, xəstə könül xirdarıyam,

Kim mənimtək eləyər yarın ilac sevgisinə?

 

Ömrünə müjdə Müzəffər kimi mehmanı gəlir,

Qəlbini darvazatək tayba-tay aç sevgisinə.

 

 

Cahana səs saldı

 

Gözəl muğam ustası,

Əməkdar artist Zakir Əliyevə

 

Səsində ruhumun ahəngi vardır,

Gah həzin dalğalar, gah "Cəngi" vardır,

Muğamdan, rənglərdən çələngi vardır,

Hazırdır ən çətin sınağa Zakir.

 

Gəzir pərdələrdə o dalğa-dalğa,

Dönür dinləyənin ürəyi dağa.

Hər kəs cuşa gəlib qalxır ayağa,

Çəkəndə "Segah"ı ayağa Zakir.

 

Zili ruhumuza dava-dərmandır,

Bəmi dərdə əlac, vəsəti candır,

Sənət dünyasında o bir ümmandır,

Duruluqda bənzər bulağa Zakir.

 

Elin sevgisidir rəhni, dayağı,

Vurulub muğama Məcnunsayağı,

Oxumaz heç zaman, yersiz, bayağı,

Sənətə həm nökər, həm ağa Zakir.

 

Duyulur səsinin zərrəsinəcən,

Ucalır "Çahargah" zirvəsinəcən.

Bu fani dünyanı unudur həmən,

Tutanda qavalı yanağa Zakir.

 

Cahana səs saldı Muğan övladı,

Qızıl fondumuza yazıldı adı,

Neçə sənətkarın oldu ustadı,

Neçə pöhrə əkdi bu bağa Zakir.

 

 

Neftçalam

 

Seyrin nə gözəldir, a mənim Neftçalam indi,

Cənnət görürəm bağçalı-bağlı neçə kəndi.

 

Hüsnün dəyişib oldu gülüstana bərabər,

Ellər şanını günbəgün artırdı sərasər.

 

Ümman Xəzərim ayna tutub hüsnünə, bir bax,

Zəhmətsevər ellər yaradıblar yeni növraq.

 

Hər il yeni qüdrətlə zəfər nəğməsi çaldın,

İnsanlarının əzmi ilə qalxdın, ucaldın.

 

Coşqun Xəzərin qoynuna Kür səndə atır can,

Gün burda çıxır taxtına, burdan ağarır dan.

 

Neftin yerin altında xəzinəndi, tükənməz!

Neftçi vüqarı şanlı buruqlar kimi enməz!

 

Şirvan da, Muğan da sənə ünvandı, məkandır,

Ceyranlarına kollu düzənlər də həyandır.

 

Bolluq çilənir çöllərinə hər səhərindən,

Şeh damcılayır dadlı turac nəğmələrindən.

 

Göllərdə, çayında, dənizində balığın bol,

Tarlanda, zəmində bərəkət, bağça-bağın bol.

 

Sən dəşti-Muğan incisi, Şirvanda çiçəksən,

Ölkəmdə günəştək əbədi yüksələcəksən!  

 

 

Burda

 

Torpağı qoruyub Vətən eylədi,

Ulu babaların hünəri burda.

Yazıldı tarixə, dastana döndü,

İgid oğulların təpəri burda.

 

Vətən sevgisidir müqəddəs duyğu,

İmandandır ona məhəbbət, sayğı,

Dərdinə məlhəmdir sədaqət, qayğı,

Eşqin azadlıqdır bəhəri burda.

 

Vətənə can verən şəhid ruhudur,

Analar yaralı mələr ahudur,

Sərgərdan küləklər ata ahıdır,

Yaralı ürəkdir dan yeri burda.

 

Bəxti ayaq üstə yatdı bu yurdun,

Başını qovğalar qatdı bu yurdun,

Otuz il günəşi batdı bu yurdun,

Daha ümid açır səhəri burda.

 

Bir əmrə bənd idi əsgərlərimiz,

Doldu igidlərlə səngərlərimiz,

Yurda sipər oldu ləşgərlərimiz,

Biz halal qazandıq zəfəri burda.

 

Üzərundən çəni, dumanı qovduq,

Əsarət gətirən zamanı qovduq,

Yaxşı ki, cəng edib yamanı qovduq,

Bəladan qurtardıq bəşəri burda.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!