Ürəyin salamat
bir yanı yoxdur
Tapmadım bu ömrün ağ tərəfini,
Hər gün əlləşirəm qarası ilə.
Ürəyin parası namərd əlində,
Bir ömrü çəkmişəm parası ilə.
İndi çağırsam da, duyanı yoxdur,
Daha məndən başqa həyanı yoxdur,
Ürəyin salamat bir yanı yoxdur,
Durub ağrı çəkim, harası ilə?!.
Hələ də sevgisi, sevinci haram,
Hələ bu dərdlərin yanında varam.
Mən özüm çəkəndə qarışdırıram,
İlahi, sən göndər, sırası ilə.
Tərsinə
Sənə yol gəlmirəm, səndən gedirəm,
Çəkilib araya pərdə, tərsinə.
Mələklər söyləyib sənə eşqimi,
Göydə düz oxunur, yerdə tərsinə.
Günlərdi, qarışıb qaralı, ağlı,
Bu ömrün nəyi var, uçub dağılır.
Qolları açıqdır, ayağı bağlı,
Gəl, bu viran ömrü gör də, tərsinə.
Yoruldu yollarda piyada ömür,
Çəkdi zillətini ziyada ömür,
Axırdan-əvvələ qayıda ömür,
Sonra da axıra, bir də tərsinə.
Yeriydi
Qaçdım arxasında, köçüm yetmədi,
Çölüm parçalandı, içim yetmədi,
Onsuz da pozmağa gücüm yetmədi,
Qismət yollarıydı, tale yeriydi.
Gözlərə gəlməyən röyasan, - dedi,
Tapmazsan, təzədən arasan, - dedi,
Cəmisi ikicə misrasan, - dedi.
Vallah, bir şirincə nalə yeriydi.
Yüz "şər"dən keçmişəm bu "şər"ə kimi,
Saldılar düşməzə-düşərə kimi...
Demədim... Yandırsın məhşərə kimi,
Dərdimi deməyin əla yeriydi.
Yıxır
Havalı ürəyin istisi, hanı?!.
Məni gözlədiyim bir muraz yıxır.
Özümüz yıxmışıq bu xanimanı,
Fələk dediyimiz vallah, az yıxır.
Beləmi yaradır insanın ağlı,
Səltənəti uçuq, taxtı dağılı?!
Olan ürəyimdir - qolları bağlı,
Olmayan küməmi nə taraz yıxır.
Dili yox, "neyçün"süz, "niyə"siz qalıb,
Bəlkə Yaradana deyəsiz... qalıb.
Bir halal sevgidir, yiyəsiz qalıb,
Məni qürur yıxır, onu naz yıxır.
Nəvəm Safiyaya
Səni gözləməyə yetdi də ömür,
Sirdi, möcüzədi olan, ay bala!
Ömrümün zamanı doldu, deyirdim,
İndi gözlərimdi dolan, ay bala!
Gəldin ürəyimə, gələn misratək,
Gözlərin nur topu, əllərin çiçək.
Sən başdan-ayağa şeirsən, mələk!
Gəzmirəm qafiyə-filan, ay bala!
Elə bu yazın da çiçəyi sənsən,
Şirini, məzəsi, göyçəyi sənsən.
Bu fani dünyanın gerçəyi sənsən,
Hər şey səndən sonra yalan, ay bala!
Gəldin, sən baharın gələn vaxtına,
Qurban, taleyinə, qurban, baxtına.
Sən məni çıxardın baba taxtına,
Anan da balamdı-balam, ay bala!
Bir azca
Göyçək tellərini oxşamaq hədər,
Yel olub üstündən əsəm bir azca.
Bir azca sevincsən, bir azca kədər,
Bir də Allah bilir, nəsən, bir azca.
Bizə qismət yazan haqdan küsmüşəm,
Dünyanı sevdiyim vaxtdan küsmüşəm.
Mən öz taleyimdən çoxdan küsmüşəm,
Necədi, səndən də küsəm bir azca...
Yüyürüm dumana, sisə deyirsən,
Mətləbi nə yaman qısa deyirsən...
Deməyə-deməyə nəsə deyirsən,
Nolar, deyə-deyə desən, bir azca.
Çiçək
Səngidi havası, sındı şüşəsi,
Həsrətin bülbülü yaxdı bax, çiçək!
Hərənin payına bir gül düşəsi,
Çəmənə çıxmışdıq baxtabaxt, çiçək!
Ətrin bir aləmdi, ömrün bir udum,
Bir udum havaya qaldı umudum.
Söylə, kimi sevim, kimi unudum?!
Çıxdığın tikanlı taxta bax, çiçək!
Onsuz da, bu zalım dünyada təksən,
Nə olar, bir çiçək ömrünü çəksən...
Qalsan, öz-özünə üzüləcəksən,
Üzülən ömrünə toxta bax, çiçək!
Vallah
Təcnis
O, mənə atmışdı qar topasını,
Mən atdım, dəymədi qar, qıza, vallah.
Əlimin içində qar od kimiydi,
Hələ görməmişdim qar qıza, vallah.
Kimində göz olur, məndə dil açdı,
Bu da bir oyunmuş, adı - dilaçdı.
Ürəyim birinci sənə dil açdı,
Açmadı baxışı qar qıza, vallah.
Kimmiş, buza oğlan, qara qız deyib?!
Qar buxaq, qar sinə, qar ağız deyib.
Bilmirəm, kim sənə qara qız deyib,
Vasif bənzədirdi Qarqıza, vallah.
Bir an bəs eyləyər
ayrılıqlara
Hələ də bilmirsən ölüyəm, sağam,
Hələ də görmürsən viran eşqimi.
Başının üstünə alovlar yağan,
Hələ ayaq üstə duran eşqimi.
Burdan o tərəfə başlayır hara...
Hicran dedikləri bitməz ki, bitməz.
Bir an bəs eyləyər ayrılıqlara,
Vüsala çatmağa bir ömür yetməz.
Hiss edə bilmədim yaş artdığını,
Mən hələ naşıyam, naşı, bilirəm.
Sən bilə bilməzsən yaşatdığını.
Mən nə yaşayıram... Yaxşı bilirəm.
Nəyin əsiriyəm, bir ömür... Nəyin?!
Bir qala qurmuşam ürək dağında.
Əzabı başqadı sevilməməyin,
Əzabı bambaşqa atılmağın da...
Hələ də bilmirsən ölüyəm, sağam,
Hələ də görmürsən viran eşqimi.
Başının üstünə alovlar yağan,
Hələ ayaq üstə duran eşqimi.
Solandı yanağın
yaş olan yeri
Ömrümdən ehtiyac keçdi, səngidi,
Qapandı dərdimin boşalan yeri.
Göz dağı - dağların ən nəhəngidi,
Bir də talelərin qış olan yeri.
Gördüm ağlamamış, ürək kiridi,
Onda yerin-göyün dərdi biriydi.
İlahi, dünyanın xoş bəxt yeridi
İlk eşqin ürəyə tuş olan yeri.
Həsrəti özümə gərək bilmişəm,
Onu duz bilmişəm, çörək bilmişəm.
Yanmaya-yanmaya ürək bilmişəm
Sinənin altında daş olan yeri.
Sevincdən daşındım, qəmdən daşındım,
Göz yumub-açınca yandım, yaşandım.
Torpağa su düşsə, yaşıllaşandı,
Solandı yanağın yaş olan yeri.
Bircə gözəli var
vur-tut, dünyanın
Nə dərd çək, nə həsrət, nə də ki ağla,
Neçə ki, səninəm, unut dünyanı.
Sən gəl, ürəyini buz kimi saxla,
Bircə gözəli var vur-tut, dünyanın.
Elə ki, üzünə yolları bağlı,
Dərdi sevincindən əzəl görünür.
Qəribə şey imiş insanın ağlı,
Sevdiyi hamıdan gözəl görünür.
Alnımı yandırar qəlbimin təri,
Gözümün yaşını əyləyə billəm.
Ürəyim tökülür səndən ötəri,
Məndən uzaqdasan, neyləyə billəm?!.
Canım, sevgi hara, unutmaq hara?!
Həsrəti gözümə sıxıram indi.
Məni qısqandığın gözəl qızlara
Çiynimin üstündən baxıram indi.
Nə dərd çək, nə həsrət, nə də ki ağla,
Neçə ki, səninəm, unut dünyanı.
Sən gəl, ürəyini buz kimi saxla,
Bircə gözəli var vur-tut, dünyanın.
Bu çiçək karıxıb
ömrün əlində
Zülümmü, əlini üstünə çəkmiş,
Bu nə dərd yüküdü... Gözlərin aydın.
Tanrı, bu çiçəyə ömür verməmiş,
Əvvəl taleyini düzüb-qoşaydın.
Qorxur ki, yerisə, yer çökə birdən,
Bu yandan, göylər də uça üstünə.
Tərpədə bilməyir ömrü yerindən,
Açılan qollar yox, qaça üstünə.
Görən, tezmi düşər güzarın bəri?!
Bir gör neyniyirsən... Bir düşün, Allah!
Tez götür üstündən bəd nəzərləri,
Əlinə keçməsin qurd-quşun, Allah!
Yandırır dağları, daşları ahı,
Yarəb, bundan betər pərişanmı var?
Bizə sən yazırsan bəxti, İlahi,
Sənin də işinə qarışanmı var?!.
Bir gör, neyniyirsən, sıxılır hava,
Sənin ki, fərmanın, əmrin əlində.
Getməyə yeri yox, qalmağa yuva,
Bu çiçək karıxıb ömrün əlində.
Dünyadan köçməyə
bir yer vədələş
Bu nə bəla idi, aldı başımı,
Mən axı, bu qədər naşı deyildim?!
Sənə yol gəlirdim, doğulan gündən,
Üç günün, beş günün işi deyildi.
Qəlbimə xal salıb gördün işini,
Demədin, ürək var o xalın altda.
Arada bir dəli sevgi üşüyür,
Hərəmiz bir əlin sığalı altda.
Biz nəyi sayırdıq, tale nə saydı,
Qəmimmi, yoxuydu, dərdmi azıydı?
Vədəsiz sevgilər doğulmasaydı,
Həsrət şeirləri yazılmazıydı.
Bu yerdə nə göy var, nə də ki, günəş,
Gedirəm, torpağa, daşa gedirəm.
Dünyadan köçməyə bir yer vədələş,
Bilim ki, səninlə qoşa gedirəm.
Bu dünya yar olmaz bizə, bilirəm,
Əllərim uzanmaz telinə qənşər.
Hələ yer üzündə gəzə bilirəm,
Gedim hazırlaşım ölümə qənşər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!